Azərbaycanın vətəndaş cəmiyyətlərinin təmsilçilərinin BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində həyata keçirdikləri beynəlxalq fəaliyyətlər uğurla başa çatıb.
Bu barədə AZƏRTAC-a “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva məlumat verib.
Qeyd edək ki, həmin beynəlxalqa tədbirdə onunla yanaşı ictimai birliyin idarə heyətinin üzvü, rəqəmsal məzmun yaradıcısı Günay Həsənova da iştirak edib.
İctimai Birliyin sədri bildirib ki, sessiya çərçivəsində təşkil olunan konfransda və gender bərabərliyi və qadınların informasiyaya çıxışı mövzusunda keçirilən çoxsaylı müzakirələrdə yaxından iştirak edən Azərbaycan nümayəndələri ictimai birliyin missiyasına uyğun olaraq diqqəti mədəniyyətin və mədəni əlaqələrin roluna yönəldiblər.
Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri müxtəlif panel müzakirələrdə və ümumi debatlarda çıxış edərək qadınların cəmiyyətimizdə rolu, yaradıcı qadınların sosial təsiri və mədəniyyət vasitəsilə hüquqi maarifləndirmə sahəsində əldə edilən təcrübəni dünyanın müxtəlif ölkələrindən gələn həmkarları ilə bölüşüblər.
Layihə çərçivəsində sessiyada iştirak edən bir sıra nüfuzlu beynəlxalq QHT təmsilçiləri ilə ikitərəfli müzakirələr aparılıb, Azərbaycanda vətəndaş cəmiyyətlərinin fəaliyyəti barədə onlara məlumat verilib.
Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq memorandumlarının imzalanması, birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunması Nyu-Yorkda keçirilən görüşlərin uğurlu nəticələrindən biridir.
Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi sədrinin Nyu-Yorka səfərini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib.