İran terrorunun növbəti hədəfi Azərbaycanın diplomatik korpusu oldu
Vətən müharibəsindəki qələbəmizi, torpaqlarımızın azad olunmasını həzm edə bilməyən, Araz çayı sahilində uğursuz hərbi təlimlər keçirib Azərbaycanı təhdid edən İrandan bunu da gördük: dünən səhər saatlarında Tehrandakı səfirliyimiz terror hücumuna məruz qaldı. Hücum zamanı səfirliyimizin mühafizə xidmətinin rəhbəri baş leytenant Orxan Əsgərov qətlə yetirildi. İki nəfər mühafizə əməkdaşı isə yaralanıb.
Bu, Azərbaycan dövlətinə qarşı edilən silahlı basqındır
Səfirlik mənsub olduğu ölkənin suveren ərazisidir. Səfirliyin ərazisi, binası, o cümlədən diplomatik missiya həyata keçirən əməkdaşlar toxunulmazdırlar. Beynəlxalq qanunvericiliyə, 1961-ci il aprelin 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının konfransında qəbul edilmiş Vyana Konvensiyasına əsasən, səfirlik yerləşdiyi dövlət tərəfindən qorunur. Azərbaycan bu konvensiyaya 1992-ci ildə qoşulub. Konvensiyanın 22-ci maddəsinə əsasən, diplomatik nümayəndəliklərin binaları toxunulmazdır. Nümayəndəlikləri hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin istənilən formada pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün hər cür lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.
Bu mənada dünən İranın paytaxtı Tehranda səfirliyimizə edilən xain hücum elə Azərbaycana qarşı terror törətmək deməkdir. Və ya bu hadisə elə Azərbaycan dövlətinə hücum etmək deməkdir. Çünki səfirlik ərazisi Azərbaycan dövlətinin suveren ərazisidir.
Vyana Konvensiyasına əsasən İran dövləti Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməyə borclu idi. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bildirilir ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.
Amma görünən odur ki, İran səfirliyimizin mühafizəsini təmin etməyib və "kalaşnikov" avtomatı ilə silahlanmış şəxs səhər saatlarında bu terror hadisəsini törədib. Prezident İlham Əliyev tviterdə etdiyi paylaşımda Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb. Dövlət başçısının qeyd etdiyi kimi, diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir! Birinci vitse-prezident Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edərək baş leytenant Orxan Əsgərovun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdı. Radikal dəstə səfirliyin binasına daxil olaraq binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndirmişdilər.
Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və səfirliklərimizin fəaliyyətə başlamasından sonra birinci dəfədir ki, Azərbaycanın səfirliyinə insan ölümü ilə nəticələnən hücum edilir.
İranın terror çağırışlarının nəticəsi
Bu hadisə İranda baş verdi. O İran ki, mənəvi dəyərləri bölüşdüyünü iddia etdiyi Azərbaycana qarşı Vətən müharibəsindən sonra hərbi təhdidlərə başlayıb. Ermənistanın 30 ilə yaxın işğalı dövründə bir dəfə də olsun Azərbaycanla sərhəddə hərbi təlim keçirməyən İran Vətən müharibəsindən ötən qısa müddət ərzində Azərbaycanla yaxınlıqda düz 3 dəfə hərbi təlim keçirib. Sonuncu təlimdə isə hətta tanklarla Araz çayının keçilməsini məşq edib.
İranın dini nümayəndələri, generalları uzun müddətdir Zəngəzur dəhlizini özlərinin qırmızı cizgisi elan edərək və regionda sərhəd dəyişikliklərinə imkan verməyəcəklərini bildirərək, Azərbaycana qarşı çağırışlar edir, hədyanlar səsləndirirlər. O cümlədən İran İnqilab Keşikçiləri Korpusunun rəsmi sosial media kanalında da yayılmış bir videoçarx vasitəsilə Azərbaycan təhdid olunmuşdu. İranın televiziya və radioları isə az qala bütün fəaliyyətlərini Azərbaycanla mübarizə üzərində qurublar.
Bütün bunları edən müsəlman İranıdır. İslam qaydalarını dövlət siyasəti edən, amma bir dəfə də olsun Qarabağdakı məscidlərin Ermənistan tərəfindən dağıdılmasına etirazını bildirməyən İran. O İran ki, işğal dövründə məscidlərimizdə donuz saxlayan Ermənistanla bu gün ən yaxın tərəfdaş olub, ermənilərin təhlükəsizliyini özünün priorieti elan edib. O İran ki, İslam dinini, müsəlmanların inanclarını təhqir edənləri bir neçə gün əvvəl Tehranda məscidlərə aparıb.
Və dünən respublikamızın Tehrandakı səfirliyinə olunan terrorçu hücum adını islam respublikası qoyan İranın siyasi və dini dairələrinin, hərbçilərinin, kütləvi-informasiya vasitələrinin uzun müddətdir ki, onunla eyni dini inancları bölüşən Azərbaycan əleyhinə etdikləri çağırışların məntiqi nəticəsidir.
"Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Müsəlman" qiyafəsində islam düşməninə qucaq açanlar
Terroru dövlət siyasətinə çevirən, müxtəlif ölkələrdə öz maraqları üçün bu fəaliyyəti həyata keçirən İran hadisənin günahını başqalarında, başqa ünvanlarda axtarmağa cəhd göstərir. Hətta hadisə baş verdikdən sonra İran polisi cinayəti məişət hadisəsi kimi qələmə verməyə çalışdı, bunu törədənin hadisə yerinə uşaqla gəldiyini iddia etdi. Bu ölkənin Xarici İşlər Nazirliyi isə bəyan etdi ki, araşdırmaların nəticələri bu hərəkətin arxasında şəxsi motivlərin dayandığını göstərir.
Amma elə yayılan videokadrlardan da görünür ki, terrorçu idarə etdiyi avtomobillə təkbaşına gəlir. Binanın qarşısındakı İran polisi isə avtomatlı şəxsi dayandırmaq üçün cəhd belə göstərmir, postunu tərk etmir. Üstəlik, hücum edənin davranışları göstərir ki, onun hədəfi məhz Azərbaycan səfirliyi və Azərbaycan vətəndaşları olub. Səfirliyimizin digər mühafizəçisi qəhrəmancasına silahlı şəxsi zərərsizləşdirməsəydi, kim bilir, daha hansı faciələr baş verəcəkdi…
İran tərəfinin hadisənin motivləri barədə nə uydurmasından asılı olmayaraq səfirliyimizə edilən terrorçu hücum birmənalı şəkildə Azərbaycana qarşı İranda həyata keçirilən terror aktıdır. Bu hadisə İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin göstəricisidir. Eyni zamanda bu hadisə İranın müsəlman dünyasına hücumu, islam həmrəyliyinə vurduğu zərbədir.
Onilliklər boyu müxtəlif dövlətlərə və xalqlara qarşı düşmənçilik siyasəti yürüdən Tehran özünün qanlı cinayətlərinin sırasına birini də əlavə etdi. Bu dəfə isə hədəfi onunla eyni dini dəyərləri bölüşən Azərbaycan oldu. Qonşuluğunda güclü Azərbaycan dövlətinin olması ilə barışa bilməyən, müsəlman qiyafəsinə girib islam düşməninə qucaq açan, öz vətəndaşlarını belə terrora məruz qoyan bir rejimdən ancaq və ancaq belə riyakarlıqlar gözləmək olar.
Dünən İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və səfirliyimizə edilən silahlı hücumla bağlı dövlətimizin tələbləri onun diqqətinə çatdırılıb. Azərbaycan dövləti güclüdür və hansısa təhdidlərlə onu öz yolundan döndərmək mümkün deyil. Azərbaycan bütün təhdidlərin qarşısını aldığı, işğal altında olan torpaqlarını azad etdiyi kimi, regiondakı bütün prioritetlərini də qətiyyətlə təmin edəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"