Ölkəmiz neokolonializm əleyhinə mübarizədə qətiyyətli mövqe tutub
Azərbaycan dünyada Fransa kolonializminə qarşı mübarizənin simvoluna çevrilib. Azadlığı uğrunda mübarəzə aparan kanak xalqı sülhün, ədalətin və ədalət uğrunda mübarizənin rəmzi kimi Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağını ucaldıb. Heç şübhəsiz ki, kanakların bu jesti illərdən bəri müstəmləkəçilik əleyhinə mübarizə aparan Afrika xalqlarının haqq səsini dünyaya çatdıran Azərbaycana verdikləri dəyərdir.
Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib. Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb. Konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak ediblər.
Sakit okeanın cənub-qərb hissəsində adalar qrupundan ibarət olan bu dövlət 1853-cü ildən Fransanın tabeliyində yaşayır. 250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir.
XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa bu adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər adanın yerli sakinlərini istismar etməklə kifayətlənməyən Fransa qatı cinayət törətmiş məhkumları da bu adaya sürgün edib. Qızıl, bürünc, xrom, nikel, dəmir və sair filizləri ilə zəngin olan ada XX əsrdə Fransa tərəfindən istismar edilməyə başladı.
İstismara və zülmə dözməyən Yeni Kaledoniya sakinləri keçən əsrin 80-ci illərindən etibarən Fransa müstəmləkəçiliyindən canlarını qurtarmaq məqsədilə azadlıqları uğrunda mübarizəyə qalxdılar. 1987-ci ildə adada müstəqilliklə bağlı ilk referendum keçirildi. Referendum müstəqillik tərəfdarları tərəfindən boykot edildiyindən səsvermədə seçicilərin cəmi 59 faizi iştirak etdi, seçki məntəqələrinə gələnlərin isə yalnız 1,7 faizi müstəqilliyə səs verdi.
1998-ci ildə Numea sazişi imzalanıb, bu sazişə görə, 20 ildən sonra ada sakinləri iki il fərqlə üç müstəqillik referendumunu keçirmək hüququ qazanıblar. Sazişdə nəzərdə tutulan ilk referendum 2018-ci il noyabrın 4-də keçirilib. Bu səsvermə "dövlət səlahiyyətlərinin Yeni Kaledoniyaya verilməsi, tam məsuliyyət daşıyan beynəlxalq status, habelə vətəndaşlığın təşkili" ilə bağlı olub.
İkinci müstəqillik referendumu 4 oktyabr 2020-ci ildə keçirilib. 2021-ci ilin dekabrında isə üçüncü və yekun referendum keçirilib, bu referendumda 95 faiz Fransadan ayrılmağa qarşı çıxıb.
Adanın demoqrafik tərkibi süni surətdə dəyişdirilərək aborigenlərin sayı azalıb. Yeni Kaledoniyaya köçən "gəlmə"lərin sayı artıb. Faktiki olaraq adada hakimiyyət də onların əlindədir. İstər-istəməz bu da seçkilərə öz təsirini göstərir.
Onu da qeyd edək ki, ada sakinlərinin müstəqillik uğrunda mübarizələri hər dəfə Fransa hökuməti tərəfindən amansızlıqla yatırılıb. 2020-ci ildə Fransa hökuməti yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri edib. Bu da əhalinin qəzəbinə səbəb olub. Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində keçirilən etiraz aksiyaları 140 nəfərin həbs edilməsi, 3 nəfərin ölümü ilə nəticələndi. Fransa hakimiyyəti Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində komendant saatı tətbiq edərək, kütləvi tədbirləri qadağan etdi.
Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etiraz edən əhali aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırmışdılar. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Fransanın XXI əsrdə apardığı müstəmləkəçilik siyasətini kəskin tənqid edərək, öz azadlığı uğrunda mübarizə aparan xalqların yanında olacağını bəyan edib. Təsadüfi deyil ki, dövlətimizin başçısı 2024-cü ildə yerli telekanallara verdiyi müsahibəsində qəti olaraq qeyd etmişdir ki, Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq. Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.
Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə yanvarın 23-24-də Kanakidə təşkil olunan konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə onlayn qatılıb. BTQ-nin rəhbəri Abbas Abbasov konqresdə videoformatda çıxış edib. O, çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini bildirib.
Elşən QƏNİYEV,
"Azərbaycan"