Azərbaycan iqtisadiyyatında kiçik və orta biznesin inkişafı neftdənkənar sahənin genişlənməsi, məşğulluğun artırılması və sahibkarlıq mühitinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin icraçı qurumlarından biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.
Agentlik sahibkarlara informasiya və məsləhət xidmətləri göstərmək, biznes layihələrinin inkişafına dəstək vermək, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, eləcə də innovativ təşəbbüsləri təşviq etməklə ölkədə rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına zəmin yaradır. KOBİA həmçinin yeni bizneslərin yaranmasına, mövcud müəssisələrin dayanıqlı inkişafına, ixrac potensialının artırılmasına və regionlarda sahibkarlığın genişlənməsinə xidmət edir. Bu baxımdan agentliyin həyata keçirdiyi proqramlar və göstərdiyi xidmətlər Azərbaycanda kiçik və orta biznes ekosisteminin inkişafında mühüm rol oynayır. Məlumdur ki, hazırda güclü iqtisadiyyat iri sənaye müəssisələri ilə yanaşı, həm də çevik, innovativ, rəqabətqabiliyyətli kiçik və orta biznes subyektləri ilə formalaşır. Azərbaycan son illər bu istiqamətdə ardıcıl islahatlar keçirərək, sahibkarlığın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib.
Həmin siyasətin həyata keçirilməsində KOBİA xüsusi yer tutur. Agentlik fəaliyyətə başladığı gündən etibarən sahibkarların dövlət qurumları ilə əlaqələrinin asanlaşdırılması, biznes təşəbbüslərinin dəstəklənməsi, hüquqi və məsləhət xidmətlərinin göstərilməsi, innovativ layihələrin tətbiqinin genişləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. KOBİA qısa müddətdə sahibkarların etibarlı tərəfdaşına çevrilərək dövlət dəstəyi mexanizmlərinin daha əlçatan və səmərəli tətbiqinə dəstək olub.
KOBİA-nın fəaliyyətinin real nəticələri aydın şəkildə sahibkarlara göstərilən xidmətlərin statistik göstəricilərində əks olunur. Cari ilin birinci yarısında KOB evlərinin fəaliyyəti bu baxımdan diqqətçəkən rəqəmlərlə yadda qalıb. KOBİA-nın məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında KOB evləri sahibkarlara 312 mindən çox xidmət göstərərək, biznes ictimaiyyətinin əsas dəstək ünvanlarından biri olduğunu təsdiqləyib. Göstərilən xidmətlərin böyük hissəsi Bakı və Yevlax KOB evlərinin payına düşsə də, Gəncə, Şuşa və Xaçmaz KOB evləri, həmçinin Xudat xidmət mərkəzi də sahibkarlara operativ xidmət göstərilməsi istiqamətində fəal rol oynayıb. Bu xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən təqdim edilib.
Bu gün Azərbaycanda minlərlə sahibkar öz biznesini qurarkən və ya inkişaf etdirərkən KOBİA-nın təqdim etdiyi xidmətlərdən faydalanır. Agentliyin fəaliyyəti təkcə maliyyə və təşkilati dəstəklə məhdudlaşmır. O, sahibkarlıq düşüncəsinin formalaşmasına, gənclərin biznesə marağının artırılmasına, qadın sahibkarlığının inkşafına dəstək verilməsi və regionlarda iqtisadi fəallığın genişlənməsinə də təsir göstərir. Bu mənada KOBİA ölkənin iqtisadi inkişaf strategiyasında sahibkarla dövlət arasında etibarlı körpü rolunu oynayan mühüm dövlət mexanizmi kimi çıxış edir.
Təbii ki, KOBİA-nın fəaliyyəti təkcə statistik göstəricilər və həyata keçirilən layihələrdən ibarət deyil. Qurum minlərlə insanın reallaşan biznes ideyaları, yaradılan yeni müəssisələr, açılan iş yerləri və güclənən sahibkarlıq mühiti ilə real nəticələri ortaya qoyur. Azərbaycanın iqtisadi inkişaf modelində özəl sektorun rolunun getdikcə artdığı bir dövrdə agentliyin fəaliyyəti həm bu günün, həm də gələcəyin iqtisadi prioritetləri sırasında xüsusi əhəmiyyət kəsb edir. Onun həyata keçirdiyi layihələr göstərir ki, sahibkarlığa verilən dəstək iqtisadi göstəricilərin yaxşılaşmasına və cəmiyyətin sosial rifahının yüksəlməsinə xidmət edir. Agentliyin təşəbbüsləri regionlarda biznes fəallığının artmasına, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edir. Bu isə öz növbəsində neftdənkənar sahənin inkişafını sürətləndirir, iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişaf hədəflərinə nail olunmasına əlavə imkanlar yaradır.
KOBİA-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın uğurlu sahibkarlıq dəstəyi modelinin beynəlxalq müstəvidə tanıdılması və qabaqcıl təcrübələrin qarşılıqlı mübadiləsinin təmin edilməsidir. Son illər formalaşdırılan KOB evi modeli xarici tərəfdaşların diqqətini cəlb edərək, sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi baxımından nümunəvi yanaşma kimi təqdim olunur. KOBİA-nın məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində 2026-cı ilin ilk yarısında bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətləri Azərbaycanda fəaliyyət göstərən KOB evləri ilə tanış olublar. Ruanda, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Asiya İnkişaf Bankı (AİB), Afrika Biznes Şurası və digər qurumların nümayəndələrinə KOB evi modelinin fəaliyyəti, dövlət və özəl sektor xidmətlərinin vahid platformada təşkili barədə ətraflı məlumat verilib, bu təcrübənin digər ölkələrdə tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
KOBİA beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, sahibkarlıq düşüncəsinin gənc nəsil arasında formalaşdırılmasına da xüsusi diqqət yetirir. Bu məqsədlə ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbələrin biznes mühiti ilə yaxından tanışlığı, nəzəri biliklərinin praktiki təcrübə ilə tamamlanması istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və digər təhsil müəssisələrinin nümayəndələri KOB evlərini ziyarət edərək burada yaradılan imkanlarla tanış olublar. Görüşlər zamanı gənclərə KOB evlərinin fəaliyyəti, sahibkarlara göstərilən xidmətlər, biznesə başlama yolları, dövlət dəstəyi mexanizmləri və yeni təşəbbüslərin reallaşdırılması imkanları barədə məlumat verilib. Bu cür görüşlər gələcək sahibkarların formalaşmasında, onların biznes ekosistemi haqqında daha geniş təsəvvür əldə etməsində əsaslı rol oynayır.
İndi KOBİA öz qapılarını xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinə açan və sahibkarlara dəstək göstərən qurum kimi, həm də biznes təşəbbüslərini hərəkətə gətirən, yeni ideyaların reallaşmasına imkan yaradan bir platformadır. Bu zamana qədər görülən işlər onu deməyə əminlik yaradır ki, qarşıdakı dövrdə də kiçik və orta biznesin iqtisadiyyatdakı rolunun xeyli dərəcədə artacağı, KOBİA-nın isə bu prosesdə sahibkarların etibarlı tərəfdaşı kimi fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"