İstər ayrı-ayrı fərdlərin, istərsə də bütövlükdə xalqların və cəmiyyətlərin inkişaf təcrübəsindən hər kəsin öyrənməli olduğu çox mühüm bir dərs var: tarixboyu o fərdlər, xalqlar və cəmiyyətlər can atdıqları hədəflərə yetişə bilirlər ki, addım-addım qazandıqları nəticələrin miqyasından asılı olmayaraq tutduqları yoldan dönməsinlər. Əldə edilmiş nailiyyətləri qorumağı və yeniləri daha da möhkəmləndirərək genişləndirməyi bacarsınlar, eyni zamanda hərəkətlərini daim yenilənən vaxtın çağırışlarına uyğunlaşdıra bilsinlər.
Ulu Öndərin dövlətçilik məktəbinin mahir yetirməsi
Tələskənlik, gözlənilən nəticənin mövcud şəraitin imkan verdiyindən daha tez əldə olunması istəyi insanın fitrətindədir. Bəzən bu istəyin təsiri ilə yanlış istiqamətlərə yönələn, müvəqqəti və dayanıqsız uğurların ani parıltısında yolunu tez-tez dəyişərək səhv qərarlar verib əsas niyyətindən uzaq düşən fərd və toplumlar da olur. Amma əgər söhbət əsl inkişaf və tərəqqidən gedirsə, bunun yolu dəyişməzdir: seçilmiş yola sadiqlik, ardıcıllıq, məqsədyönlülük, yaranmış fürsətlərə çevik reaksiya.
Müstəqil dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ilin oktyabrından bəri ölkəmizin və xalqımızın həyatına gətirdiyi tarixi nailiyyətlərin təməlində də məhz bu amil durur. Cənab İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixinin mahiyyətcə yeni bir dövrünün lideridir. 2003-cü ilin oktyabrında xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən o, ölkənin gələcək taleyinə görə məsuliyyəti Ümummilli Lider Heydər Əliyevin ardıcılı kimi öz üzərinə götürmüşdü. Ölkəyə rəhbərlik missiyasını Ulu Öndərin dövlətçilik məktəbinin mahir yetirməsinin davam etdirməsi ictimaiyyətin sosial sifarişi idi. Müstəqilliyimizin ilk illərində, Azərbaycanın ağır böhranla, parçalanma təhlükəsi ilə üz-üzə qaldığı vaxtda Ümummilli Lideri təkidlə ölkə rəhbərliyinə çağıraraq bu müdrik dövlət adamının liderliyi ilə respublikanın xilasına, rəvan inkişaf yoluna çıxmasına nail olan xalq qısa müddətdə müstəqil, hüquqi dövlət quruculuğu istiqamətində əldə edilmiş nəticələrin qorunmasını istəyirdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun onun cismani yoxluğu dövründə də davam etdirilməsi arzusunda idi. Bu arzunu gerçəkləşdirəcək Liderin məhz cənab İlham Əliyev olması isə ilk növbədə Ümummilli Liderin ona böyük inam və güvənindən irəli gəlirdi.
Cənab İlham Əliyevin onun bütün gözləntilərini doğruldacağına, Azərbaycanın ideallarından heç zaman geri çəkilməyəcəyinə, xalqı addım-addım milli hədəflərə doğru aparacağına Ulu Öndər Heydər Əliyev tam əmin idi. Bu əminlik ən parlaq formada böyük strateqin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində də öz əksini tapmışdı: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Müasir mətbuatımız bəzən bu müraciətin yalnız müəyyən hissəsinə diqqət yetirir, onun ümumi məzmunu lazımi şəkildə təhlilə cəlb edilmir, halbuki həmin müraciət bütün məzmunu ilə son dərəcə mükəmməl bir sənəd olaraq müstəqil dövlətimizin bu tarixə qədər keçib gəldiyi yola strateji baxış, əldə edilən nailiyyətlərlə gəlib çatdığı mərhələnin dəyərləndirilməsi və gələcəyə bələdçidir. Eyni zamanda 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti kimi ölkənin, xalqın gələcəyinə görə məsuliyyəti üzərinə götürərkən yeni strateji dövrdə cənab İlham Əliyevə qarşısında duran tarixi missiyanı dəqiq təsəvvür etməyə bu sənəd böyük kömək göstərir.
Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi iki dövrün nailiyyətləri sayəsində xalqımız yeni minilliyin əvvəllərində dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutmuş, dünyaya inteqrasiya proseslərini sürətləndirmiş, ən qabaqcıl beynəlxalq təcrübələri, özünü doğrultmuş sivil dəyərləri cəmiyyət həyatının müxtəlif sahələrində genişləndirməyə başlamışdı. Demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərinə sadiqliklə Azərbaycan beynəlxalq nüfuzunu getdikcə gücləndirir, dünyanın, regionun, bizi əhatə edən xarici aləmin əsas strateji və qlobal məsələləri ilə bağlı qərarlarda ölkəmizin mötəbər rəyi mütləq nəzərə alınırdı. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanın sosial-iqtisadi həyatı yeni dövrə transformasiya olunur, ölkə iqtisadiyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, müxtəlif sənaye sahələrində modernləşmə prosesləri genişlənir, gəlirlər yüksəlir, tədricən açılan yeni iş yerləri, maaş və təqaüdlərdəki mütəmadi artımlarla insanlarımızın maddi-rifah halı getdikcə yaxşılaşırdı.
Azərbaycanda ordu quruculuğu prosesləri də uğurla davam etdirilir, qabaqcıl təcrübə və texnologiyalarla ölkəmizin müdafiə qabiliyyəti getdikcə artır, əsgər və zabitlərimizin döyüş ruhu yüksəlir, gənclərimiz hərbi xidmətlərini həvəslə, Vətənə böyük sevgi hissi ilə yerinə yetirirdilər.
Qədirbilən xalqımız bütün bu nəticələrin nə qədər böyük fədakarlıqlar, gərgin zəhmət bahasına əldə olunduğunu yaxşı bilirdi. Azərbaycanın nailiyyətlərini əngəlləmək niyyətilə üzərimizə yönələn daxili və xarici təhdidlər, təxribatlar, önümüzə qoyulan maneələr, Ümummilli Liderin xalqla çiyin-çiyinə bütün bunları inkişaf yolumuzdan kənar etmək üçün hansı əziyyətlərə sinə gərdiyi hər kəsə yaxşı məlum idi.
Ona görə də Azərbaycan vətəndaşları cənab İlham Əliyevdən ilk növbədə bu strateji inkişaf xəttinin davam etdirilməsini, dövlətimizin, xalqımızın addım-addım öz hədəflərinə doğru aparılmasını gözləyirdilər. Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın azadlığı, illərdən bəri ölkəmizin inkişafını, ümumən regionun təhlükəsizliyini və rifahını təhdid edən işğal faktının, müharibə şəraitinin aradan qaldırılması, məcburi köçkünlərimizin doğma yurdlara dönüşü, təbii ki, bu hədəflərin önündə gəlirdi.
Hər bir azərbaycanlının Prezidenti
Cənab İlham Əliyev mövcud şəraitə adekvat yanaşmaları, düzgün və məqsədyönlü qərarları, eyni zamanda müasir dünyanın çağırışlarına uyğun addımları ilə ona olan inamı doğrultdu. Dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyi qorudu, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətini daha da inkişaf etdirərək özünün də ilk andiçmə mərasimində bəyan etdiyi kimi, hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu. Azərbaycan Prezdenti hər bir dövlətin, cəmiyyətin həyat qayəsini təşkil edən ölkə iqtisadiyyatını yeni strateji dövrdə yeni bir səviyyəyə yüksəltdi.
Cənab İlham Əliyev Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətini xalqımızın müqəddəs dəyəri kimi qorudu, onun müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etdi. Xalqımızı ən böyük hədəfimiz olan torpaqlarımızın azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda həlledici savaşa hazırladı. Ümummilli Liderin dövlətçilik məktəbindən əxz olunmuş zəngin təcrübə ilə Azərbaycan Prezidenti fərqində idi ki, xalqın bir çox taleyüklü probleminin həllinə, o cümlədən ölkənin ərazi bütövlüyünə yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə nail olmaq mümkündür.
Cənab İlham Əliyev ölkənin iqtisadi tərəqqisini demokratik inkişaf prosesləri ilə paralel apardı. İqtisadi müstəqilliklə heç kimin asılılığında olmayan Azərbaycanın əsl müstəqillik statusunu yeni sosial-iqtisadi nailiyyətlərlə daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti ölkəmizin dayanıqlı, ardıcıl inkişafına nail oldu. Təbii resurslardan əldə olunan gəlirləri müasir dövrün normalarına uyğun infrastruktur quruculuğuna yönəltdi. Azərbaycanın ən ucqar kəndlərində də müasir infrastruktur formalaşdırıldı. Bu illərdə ölkəmizin şəhər və kəndlərində yüzlərlə yeni məktəb, tibb müəssisələri, digər sosial infrastruktur obyektləri əhalinin istifadəsinə verildi. Ən uzaq yaşayış məntəqələrinə də abad yollar çəkildi. Regionlarımız inkişaf axarına qovuşdu. Bu məqsədlə qəbul edilmiş dövlət proqramları uğur qazandıqca Azərbaycan əyalətlərinin siması yeniləndi. Bölgələrimizin tarazlı inkişafı təmin edildi.
Dövlət rəhbərimizin ölkənin təbii sərvətlərinin insan kapitalına çevrilməsi çağırışı ilə təhsil, innovasiyalar, yeni texnologiyaların tətbiqi cəmiyyət həyatında ən aktual məsələlərdən birinə çevrildi. Azərbaycan insanlarının təhsillə, yeni texnoloji həlləri, innovasiyaları mənimsəməklə özünüinkişafa marağı artdı. Ölkəmizdə modernləşmə prosesləri sürətləndi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi genişləndi. Bu inkişaf proseslərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Respublikamızın Birinci vitse-prezidenti özünün çoxşaxəli fəaliyyəti ilə müxtəlif sahələr üzrə dövlət siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verir.
Cənab İlham Əliyev ölkəmizin beynəlxalq miqyasda mövqelərinin gücləndirilməsi üçün bütün mümkün fürsətləri reallığa çevirdi. Bu 20 il müddətində dövlətimizin təşəbbüsü və fəal iştirakı ilə əsası qoyulmuş bütün qlobal layihələr uğur qazandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Azərbaycan dünyanın əsas enerji-kommunikasiya mərkəzlərindən birinə çevrildi. Yaradılan logistika imkanları dünya iqtisadiyyatı üçün ölkəmizin önəmini daha da artırdı. Azərbaycan regionun lider dövləti kimi bölgədə əsas söz sahibinə çevrildi. Ölkəmiz daha da yüksələn beynəlxalq nüfuzu, proseslərə təsir imkanları ilə qlobal təşkilatlardakı fəaliyyətini daha da genişləndirdi. Qlobal miqyaslı bir çox məsələdə təşəbbüsü öz üzərinə götürdü. Azərbaycan dövlətinin son onilliklərdə BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsindəki uğurlu fəaliyyəti, Avropa İttifaqı və digər institutlarla güclənən tərəfdaşlıqları, müxtəlif dünya dövlətləri ilə qurduğu ikitərəfli faydalı əlaqələr cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir.
Bu illərdə Azərbaycan qlobal səviyyədə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi, verilmiş sözlərə, əldə edilmiş razılaşmalara sadiqliklə bütün tərəfdaşların inamını qorudu, uğurlu layihələrlə hər kəs üçün qarşılıqlı faydalar, yüksək perspektivli əməkdaşlıq imkanları yaratdı.
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu, Ata vəsiyyətini yerinə yetirdi
Ölkəmizə rəhbərliyi dövründə cənab İlham Əliyev ordu quruculuğu siyasətini uğurla davam etdirdi. Azərbaycanın sosial-iqtisadi nailiyyətləri bu istiqamətdə işlərin geniş miqyasda aparılmasına imkan verdi. Dövlətimiz gələcəyə baxaraq, mövcud imkanlardan istifadə edərək özünün müdafiə sənayesini formalaşdırdı. Həmçinin Azərbaycanın silah istehsal edən bir çox ölkə ilə uğurlu diplomatik əlaqələri, qlobal silah istehsalçıları ilə qarşılıqlı güvənə əsaslanan münasibətləri ordumuzun ən müasir silahlarla təchiz edilməsinə şərait yaratdı. Azərbaycan Prezidentinin müasir ordu quruculuğu istiqamətində atdığı məqsədyönlü addımlar, həyata keçirdiyi kompleks tədbirlər qısa zamanda ordumuzu dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı. Ölkəmizdə ənənələri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi təhsil sistemi daha da təkmilləşdirildi. Ali Baş Komandanın təşəbbüsü və dəstəyi sayəsində minlərlə gənc hərbçimiz qardaş Türkiyənin və dünyanın bir çox qabaqcıl dövlətinin əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb olundu. Bununla onların peşəkarlıq səviyyəsi daha da yüksəldi.
Prezident İlham Əliyev Azərbaycanda ölkəmizin dövlətçilik dəyərlərinə canı, qanı ilə bağlı vətənpərvər nəsil yetişdirdi. Öz qətiyyəti, Vətən sevgisi, prinsipiallığı ilə onlara örnək yaratdı. Bu nəslin təmsilçiləri 44 günlük Vətən müharibəsində böyük bir tarix yazdılar. Qəhrəman oğullarımız uzun illər ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş, müdafiə xətləri yaratmış düşməni cəmi 44 gün içində darmadağın edərək torpaqlarımızdan qovdular. Ermənistanın illərlə öz ordusu haqqında uydurduğu saxta mifləri havaya uçurdular. Əzəli-əbədi yurdlarımızda dövlət bayrağımızı ucaltdılar. Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev bu qələbə ilə regionda yeni rellıqlar yaratdı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız son 5 əsrdə ilk dəfə olaraq qəsb edilmiş torpaqlarımızı geri almağa müvəffəq oldu.
Bu qələbə ilə, əldə edilən bu yüksək nəticə ilə Azərbaycanın tarix boyu yaşamış ən böyük dövlət adamlarının, düşüncə sahiblərinin arzusu reallaşdı. Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu, Ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsindəki zəfər cənab Prezident İlham Əliyevin müdrik siyasətinin, güclü siyasi iradəsinin, qətiyyətinin təcəssümü oldu. Bu Qələbə hər bir azərbaycanlının bu gün və gələcəkdə qürur duyacağı ən böyük hadisə kimi tariximizə həkk olundu.
Cənab İlham Əliyev ordumuzun gücü ilə Ermənistanı hərb meydanında məğlub etdiyi kimi, strateji baxışı, qətiyyəti, müdrikliyi ilə diplomatiya məkanında da məğlubiyyətə uğratdı. Beynəlxalq aləm Azərbaycanın qələbəsini qeyd-şərtsiz qəbul etdi. İlk növbədə ona görə ki, bu, haqqın qələbəsi idi. İşğalçı Ermənistanın öz hərbi birləşmələrini ərazilərimizdən çıxarması barədə BMT-nin illərdən bəri havadan asılı qalmış qətnamələrinin icrasına Azərbaycan ordumuzun gücü ilə nail oldu. Beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdi. Azərbaycanın bu qələbəsi ona görə qəbul edildi ki, ölkəmiz uzun illər ərzində ordumuzu gücləndirdiyi kimi, diplomatik arenalarda da mövqelərimizi möhkəmləndirdi. Haqlı olduğumuzu beynəlxalq hüquq normaları çərçivəsində hər kəsə sübut etdi, uzun illərdən bəri Ermənistanın havadarları kimi ölkəmizə qarşı ikili standartlardan çıxış edən bir çox beynəlxalq təşkilatı fakt qarşısında qoydu.
Bu ilin sentyabr ayında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağda erməni separatçılarının cəmi 23 saat davam edən antiterror tədbirləri ilə darmadağın və tərk-silah edilmələri göstərdi ki, Azərbaycan Prezidenti dövlətimizi, xalqımızı yalnız qələbədən-qələbəyə aparır.
Bu tarixi hərbi-siyasi hadisə ilə Prezident İlham Əliyev 2 əsr əvvələ gedib çıxan saxta erməni iddialarının üstündən birdəfəlik xətt çəkdi, "miatsum" ideologiyası tarixə gömüldü. Bununla Prezident İlham Əliyev bir çox böyük güclərin, dünya erməniliyinin regionda öz oyunlarını qurmaqdan ötrü əsrlər əvvəldən ortaya qoyduqları erməni layihəsini iflasa uğratdı.
Ümumiyyətlə, son 3 ildə dövlətimizin öz ərazi bütövlüyünün təmin edilməsi uğrunda qazandığı nailiyyətləri təhlil etdikcə, bütün bunların nöqtəsinə qədər necə müdrikliklə, zərgər dəqiqliyi ilə reallaşdırıldığını görürük. Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin, Şuşa şəhərinin hərbi əməliyyatlar nəticəsində azad edilməsi, Şuşanın azadlığından sonra faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalan düşmənin Ağdam, Kəlbəcər, Laçın rayonlarından döyüşsüz çıxarılması, Laçın yoluna alternativ yeni yolun çəkilişinin ardınca Laçın şəhərinin, rayonun Zabux və Sus kəndlərinin boşaldılması, 2023-cü ilin aprel ayında Azərbaycanın Laçın yolunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradaraq ərazi bütövlüyünə nail olunması, Ermənistanla dövlət sərhədindəki mövqelərdə möhkəmlənərək strateji üstünlüyün təmin edilməsi və ən nəhayət, qısamüddətli antiterror əməliyyatı ilə Qarabağdakı kriminal xuntanın ömrünə son qoyulması, Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazilərində dövlət suverenliyimizin bərpa edilməsi, dünənə qədər Azərbaycanı təhdid edən separatçıların əsas liderlərinin qandallanaraq mühakimə üçün Bakıya gətirilməsi bütün bu işlərin necə diqqət və səbirlə, bir o qədər də sarsılmaz qətiyyətlə aparıldığını nümayiş etdirir.
Bir məsələni də xüsusilə qeyd etməliyik ki, Azərbaycan istər Vətən müharibəsinə hazırlıq dövründə, istər müharibə zamanı, istərsə də hərbi əməliyyatlar başa çatandan sonra ölkəmizə qarşı yönələ biləcək hər hansı pozuntuya yol vermədi. Düşmənin hərbi təxribatlarına cavab zərbələrini belə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları çərçivəsində, hərbi konvensiyalara uyğun şəkildə, mülki əhaliyə heç bir xətər toxundurmadan, yalnız legitim hərbi obyektləri hədəf seçərək endirdi. Azərbaycan innovativ silahlarla XXI əsrin müharibəsini apardı.
Bu yerdə cənab İlham Əliyevin 2003-cü il oktyabrın 31-də Prezident kimi ilk andiçmə mərasimində dediyi sözləri xatırlamaq istəyirəm. Həmin andiçmədə möhtərəm Prezident artıq keçmişdə qalmış Qarabağ problemi barədə demişdi: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Bəli, cənab İlham Əliyev necə demişdisə, elə də etdi. Azərbaycan torpaqlarının işğal altında qalmasına, ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma torpaqlarımız işğaldan azad edildi.
Sözünə imzası qədər dəyər verən Prezident
Tarixi Zəfərimizdən - düşməndən təmizlənmiş doğma yurd yerlərimizdəki vəziyyət gün işığına çıxandan sonra ermənilərin təxminən 30 il ərzində bu torpaqlarda həyata keçirdikləri inanılmaz vandalizm cinayətləri bütün dünyaya sərgiləndi. Uzun illər ərzində müəyyən təəssübkeşliklərlə beynəlxalq aləmdə ermənilərin müdafiəçiləri mövqeyində duranlar belə bu reallıq qarşısında utanıb susmaqdan başqa yol görmədilər. Vandalizm mənzərəsi göstərirdi ki, ermənilər uzun illər ərzində bu ərazilərdə azərbaycanlıların min bir əziyyətlə qurub yaratdıqlarını söküb satmaqdan başqa bir iş görməyiblər. Özlərini heç zaman bu torpaqların sahibi saymayıblar, bir gün torpağın əsl sahibinin gələcəyinə, onları xaraba qoyduqları yurdlarımızdan qovacağına əmin olublar. Azərbaycan özlərini uzun illərdir sivil xalq kimi təqdim etməyə çalışan ermənilərin əsl simasını dünyaya sərgilədi.
Bu gün Azərbaycan dövləti daha bir nümunə göstərir, ermənilərin xaraba qoyduqları rayonlarımızı, kəndlərimizi öz maliyyə imkanları hesabına yenidən qurur, dirçəldib abadlaşdırır, bu yerlərə həyat gətirir. Cəmi 3 ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işlərinin miqyası həqiqətən də əzəmətlidir. "Zəfər yolu"nun, Füzuli və Zəngilan beynəlxalq hava limanlarının, elektrik yarımstansiyalarının, su-elektrik stansiyalarının inşası, Füzuli və Laçın şəhərlərinin, Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinin sakinlərinin doğma yurdlarına dönüşü, hazırda onlarca müxtəlif infrastruktur layihəsinin icra edilməsi Böyük qayıdışın nə qədər sürətli olduğunu göstərir. Azərbaycan Prezidenti bununla kimin regionda inkişafa, tərəqqiyə, insanların rifahına, kimin dağıdıcılığa, qəsbkarlığa, yeni insan faciələrinə xidmət etdiyini bəşəriyyət önündə sübuta yetirir.
Eyni zamanda Azərbaycanın Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistanla apardığı danışıqlar, bütün məsələlərin insan itkilərinə yol vermədən, ölkələrin bir-birinin ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində yoluna qoyulması üçün qarşı tərəfə verdiyi imkanlar Prezident İlham Əliyevin sülh prinsiplərinə nə qədər sadiq olduğunu sülh imkanlarını ən son perspektivə qədər dəyərləndirdiyini göstərir.
Prezident İlham Əliyevin hər bir vətəndaşımız üçün təmin etdiyi hüquqlar, cəmiyyətimizdə əsrlərdən bəri mövcud olan multikulturalizm, fərqli mədəniyyətlərə hörmət ənənələrinin qorunması Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin də ölkəmizdə problemsiz yaşayıb dövlətimizin sosial-iqtisadi imkanlarından faydalanmasına şərait yaradır. Bunun özü də cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi strategiyaya daxildir. Şərqlə Qərbin təmas məkanı olan Azərbaycan dövləti ötən onilliklər ərzində həyata keçirdiyi siyasətlə, dünyaya təlqin etdiyi multikulturalizm dəyərləri ilə sübuta yetirib ki, bütün bunlar sadəcə bəyanat deyil, hər sözünə imzası qədər dəyər verən qətiyyətli Liderin təqdim etdiyi reallıqlardır.
Azərbaycan Prezidenti özünün də bəyan etdiyi kimi, nəyi necə, nə vaxt edəcəyini yaxşı bilən mahir strateq, zəmanəmizin ən parlaq liderlərindən biri, dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş rəhbərdir. Cənab İlham Əliyevin imza atdığı bugünkü nailiyyətlər Azərbaycanın gələcəkdəki daha böyük uğurları üçün möhkəm təməllər formalaşdırır.
Ziyafət ƏSGƏROV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri