Dünya İqtisadi Forumunun İsveçrənin Davos şəhərində keçirilən illik toplantısı qlobal siyasi və iqtisadi gündəmin müəyyənləşdirdiyi əsas platformalardan biri kimi bu il də diqqət mərkəzində oldu. Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər və "Euronews" televiziyasına verdiyi müsahibə ölkəmizin beynəlxalq mövqeyini, regional və qlobal proseslərə baxışını aydın şəkildə ortaya qoydu.
Davosda keçirilən builki forumda rekord sayda dövlət və hökumət başçısının iştirakı tədbirin qlobal nüfuzunun artdığını bir daha təsdiqləyir. Belə ki, bu il Davos Dünya İqtisadi Forumu 130-dan çox ölkədən 3000-ə yaxın nümayəndəni bir araya gətirib. Forumun əsas mövzusu "A Spirit of Dialogue" ("Dialoq ruhu") kimi müəyyən edilib. Geosiyasi, iqtisadi və texnoloji parçalanmanın dərinləşdiyi bir dövrdə dialoqun vacibliyini ön plana çıxaran bu mövzu Azərbaycanın xarici siyasət prioritetləri ilə səsləşir.
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda "Euronews" televiziyasına verdiyi müsahibə isə Azərbaycanın regional deyil, qlobal miqyasda tanınan, təqdir edilən dövlət olduğunu bir daha nümayiş etdirdi.
Bu gün biz beynəlxalq münasibətlərin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə yaşayırıq. Təəssüf ki, dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi fundamental prinsiplərin hamı tərəfindən birmənalı qəbul olunmaması müasir beynəlxalq sistemin əsas problemlərindəndir. Bu reallıq Azərbaycan üçün xüsusilə tanışdır. Məhz beynəlxalq hüquqa ikili standartlarla yanaşma nəticəsində ölkəmizin ərazilərinin iyirmi faizi otuz ilə yaxın Ermənistanın işğalı altında qaldı. Lakin Azərbaycan bütün haqsızlıqlara rəğmən öz mövqeyindən geri çəkilmədi, bu ədalətsizliyə də beynəlxalq hüquq çərçivəsində son qoydu, BMT tərəfindən tanınmış ərazilərini işğaldan azad etdi. Prezident İlham Əliyevin "Euronews"a müsahibəsində əsas mesajlarından biri də məhz beynəlxalq hüquq normalarının hamı üçün eyni dərəcədə işləməsinin vacibliyi oldu. Dövlətimizin başçısı qeyd etdi ki, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür: "Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu".
Müsahibədə xüsusilə diqqət çəkən məqamlardan biri də Cənubi Qafqazda yeni formalaşan sülh mühiti ilə bağlıdır. Azərbaycanın xarici siyasətinin əsas məqsədi sülh şəraitində yaşamaqdır. Təəssüf ki, XX əsrin sonlarında müstəqilliyinə qovuşan respublikamız uzun illər buna nail ola bilməmişdi. 1990-cı illərdə, SSRİ-nin dağıldığı, ittifaqa daxil olan respublikaların azadlığa çıxdığı, öz müqəddəratlarını müəyyən etmək hüququ qazandığı bir vaxtda Azərbaycan Ermənistanla münaqişəyə cəlb olundu. Birinci Qarabağ müharibəsi baş verdi. Qarabağ və Şərqi Zəngəzur ərazilərimiz Ermənistan tərəfindən qəsb edildi. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, gücü sayəsində münaqişəyə son qoyuldu. 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatı səbəbindən başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Qalib Azərbaycan dövləti Ermənistanla sülh sazişinin imzalanmasının da təşəbbüskarı oldu. Artıq bu istiqamətdə məqsədyönlü addımlar atılmaqdadır.
Dövlətimizin başçısı "Euronews" televiziyasına müsahibəsində Cənubi Qafqazda yaranmış reallıqlara da toxundu. Bildirdi ki, bu gün Cənubi Qafqaz həmçinin yeni inkişaf mərhələsinə daxil olur: "Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir". Prezident İlham Əliyev bu gün Azərbaycan ilə Ermənistan arasında artıq əməkdaşlığa çevrilən münasibətlərdən də bəhs etdi və ölkəmizin bu məsələ ilə bağlı məqsədini açıqladı: "Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur".
Cənubi Qafqazda sülhün uğurla, addım-addım irəliləməsi, bütün regiona sirayət etməsi dünyada sevindirici hal kimi dəyərləndirilməlidir. Ancaq Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən narahat olan xarici dairələrin fəaliyyəti təəssüf doğurur. Sözügedən müsahibədə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi birtərəfli və qərəzli qərarların beynəlxalq hüquqa zidd olduğu vurğulandı. Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı uzun illərdir davam edən qərəzli mövqeyinə münasibətini açıq və prinsipial şəkildə ifadə etdi. Dövlətimizin başçısı bildirdi ki, artıq uzun illərdir biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq, biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik: "Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı "təcavüzkar mövqedə" olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır".
Prezident İlham Əliyevin Davosda "Euronews" televiziyasına verdiyi müsahibə göstərdi ki, Azərbaycan yeni beynəlxalq reallıqlar fonunda öz strateji xəttini milli maraqlara əsaslanaraq müəyyənləşdirib. Güc amilinin ön plana çıxdığı bir dövrdə ölkəmiz beynəlxalq hüquqa sadiqliyini qoruyaraq, balanslaşdırılmış xarici siyasət yürüdür. Bu yanaşma Azərbaycanın regional sabitliyə və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin əsasını təşkil edir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"