Qədim sivilizasiyaların beşiyi olan Yaponiya özünəməxsus tarixə və mədəniyyətə malik olan gözəl və füsunkar bir ölkədir. Burada söhbət insanları sadə, dövlət rəmzləri də sadə və mənalı olan bir ölkədən gedir. Belə ki, yapon bayrağındakı ağ rəng dürüstlük və saflığı, qırmızı dairə isə ölkənin şərqindən, okean arxasından doğan günəşi təmsil edir.
Bu ölkə həm də çoxlu adası ilə diqqəti cəlb edir. Tanrı bu xalqın təbii qidasını yetərincə verib. Məlumata görə, yapon adalarının sahil sularında plankton və molyuskalardan tutmuş balinayadək 3492 növ canlı yaşayır. Bu da öz əksini çeşidli və dadlı ənənəvi yapon mətbəxində tapmışdır.
Bu gün Yaponiya deyəndə gözlərimiz önündə müasir texnologiyaların tətbiqi ilə istehsal olunan elektron cihazlar, sənaye və məişət avadanlıqları, cidd-cəhdlə mühafizə olunan ətraf mühit canlanır. Ərazisinin 70 faizə yaxını meşə olmasına baxmayaraq, hər il ölkədə yemək zamanı istifadə olunan 8 milyard yaponca "haşi" adlanan ağac çubuqlar xaricdən gətirilir. Çünki yaponların öz meşələrini qırmağa əlləri gəlmir.
Yaponlar da Azərbaycan xalqı kimi inkişafsevər və zəhmətkeş xalqdır. Yaponiya iqtisadiyyatı XXI yüzilliyə dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından biri kimi qədəm qoymuşdur. O, iqtisadi inkişafın Şərqi Asiya modelinin nümayəndəsidir. Yaponiya ümumi daxili məhsulun həcminə görə ABŞ, Çin və Almaniyadan sonra dünyada dördüncü yerdədir. Ölkənin qızıl ehtiyatı ötən ilin dekabrına olan məlumata görə, təqribən 846 ton olmuşdur.
Yapon modeli sənaye investisiyalarına uzunmüddətli diqqət, sənaye və maliyyə bölmələri arasında sıx əlaqə ilə xarakterizə olunur. Onun fərqli xüsusiyyəti nizamlı çoxsəviyyəli inteqrasiya sistemidir. Bu ölkə iqtisadi gücünə görə dünyada ABŞ-dən sonra ikinci yerdədir. Üstəlik, Yaponiya iqtisadi inkişafı dəstəkləmək üçün böyük bazaya - yüksək texnologiyaya, sosial sabitliyə və böyük miqdarda şəxsi mülkiyyətə sahib olan nadir bir diyardır. Təsadüfi deyil ki, Yaponiyanın keyfiyyətə nəzarət və davamlı təkmilləşdirməyə (kaizen) diqqət yetirməsi onun beynəlxalq rəqabət qabiliyyətini daha da artırmışdır.
Yaponiya çox yüksək həyat standartına malikdir, burada uzun ömürlü insanların sayı başqa ölkələrlə müqayisədə daha çoxdur və uşaq ölümünə görə üçüncü yerdə qərar tutub. Ölkə həm də G20 birliyinin bir hissəsidir. Ölkədə proqram tərtibatçıları, kibertəhlükəsizlik mütəxəssisləri, məlumat təhlilçiləri və süni intellekt mühəndisləri daha çox tələb olunan mütəxəssislər sayılır. Yapon şirkətləri sürətlə dəyişən rəqəmsal dünyaya uyğunlaşmalarına kömək edə biləcək mütəxəssisləri də fəal şəkildə axtarırlar.
Dünyanın qabaqcıl iqtisadi nəhənglərindən biri olan Yaponiya Cənubi Qafqazın aparıcı dövləti olan, geoiqtisadi əhəmiyyətə malik Azərbaycan ilə əməkdaşlığa ciddi önəm verir. Bu iki ölkə arasında əlaqələr tarixi İpək yolunun çiçəkləndiyi erkən orta əsrlər dövrünə gedib çıxır. Hər iki xalq öz növbəsində dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişdir. Demək olar ki, tarixin bütün dövrlərində qarşılıqlı münasibətlər artıb-azalan xətlə davam etmişdir. Lakin sovet dönəmində bu əlaqələr birbaşa həyata keçirilməmiş və onun dağılmasından sonra müstəqillik əldə etmiş Azərbaycan ilə Yaponiya arasında birbaşa münasibətlər qurulmuşdur.
Yaponiya Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıdı. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il sentyabrın 7-də quruldu. Yaponiyanın Azərbaycandakı səfirliyi 2000-ci il yanvarın 21-də açıldı. Azərbaycanın Tokiodakı səfirliyi isə 2005-ci il oktyabrın 12-dən fəaliyyət göstərir.
Dövlət və hökumət başçıları arasında yaranmış və müsbət məcrada inkişaf edən siyasi münasibətlər möhkəm özüllər üzərində inkişaf etdirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli siyasi münasibətlər yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev bu münasibətləri daha yüksək səviyyəyə qaldırmışdır. Onun xüsusilə Yaponiya imperatorları Əlahəzrət Akihito və Naruhito ilə şəxsi münasibətlərinin yaxşı olması da iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına özünün müsbət təsirini göstərmişdir. Siyasi münasibətlərin yaxşı olması həyatın digər sahələrində də əməkdaşlığın inkişafına geniş imkanlar açmışdır.
Hər iki ölkənin parlamentlərində Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupu və Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası mövcuddur. Həmçinin Azərbaycan və Yaponiyanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr son zamanlar müntəzəm xarakter almışdır. Bu məqsədlə keçirilən iclaslar zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılır.
Yaponiyanın məşhur "Mitsui", "Sumitomo" və "Marubeyni-İtoçu Stil" şirkətləri Azərbaycanda neft kəmərinin tikintisində bilavasitə iştirak ediblər. Onların avadanlıq göndərilməsinə dair imzaladıqları müqavilələrin ümumi dəyəri 400 milyon dollar təşkil etmişdir. Ümumiyyətlə, Yaponiya tərəfi Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb ki, bunun da 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib. Belə ki qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir.
Yaponiya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı Azərbaycanda yeni infrastuktur sahələrin yaradılması, neft-qaz sənayesinin inkişafı üzrə layihələrin həyata keçirilməsi məqsədilə 1996-cı ildən etibarən bu işlərə uzunmüddətli kreditlər ayırmışdır. Bu bank STAR neft emalı kompleksinin tikintisi layihəsinə də maliyyə vəsaiti ayırmışdır.
Azərbaycanda fəaliyyət göstərən və əsasən kənd təsərrüfatı sahələrindəki layihələri maliyyələşdirən digər bir yapon şirkəti "Tet International Development" MMC indiyədək Azərbaycanda tütünçülüyün inkişafına 30 milyon dollardan çox sərmayə qoyub. Bu şirkətin ölkəmizdə dörd zavodu fəaliyyət göstərir ki, onlarda da 2200-ə yaxın işçi çalışır. Təqdirəlayiq haldır ki, bu şirkət hər il öz qazancının bir faizini ölkəmizdə xeyriyyəçilik məqsədlərinə sərf edir.
Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar və digər sahələrdə də əməkdaşlıq inkişaf edir. Bu məqsədlə 2024-cü ilin aprelində Azərbaycanın iqtisadiyyat naziri ilə Yaponiyanın ölkəmizdəki səfiri, təcrübəli diplomat Katsuya Vatanabe arasında keçirilmiş görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən yapon şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir. Artıq iki ölkə arasında əməkdaşlıqda rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı prioritet məsələlər hesab olunur.
Yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlar hesab olunurlar. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Yaponiya şirkətləri Azərbaycan məhsullarının yapon bazarlarında satışını reallaşdırıblar. Bu sahədə məhsulların keyfiyyətinə və ekoloji cəhətdən saflığına ciddi fikir verilir.
Həmçinin son zamanlar Azərbaycan və Yaponiya şirkətləri bərpaolunan enerji mənbələri layihələrini və "yaşıl hidrogen" istehsalını müzakirə ediblər. Bakıda Dövlət Toxum Fondu ilə Yaponiyanın "Dentsu Group" və "Kaneko Seeds" şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə olunub. "Dentsu Group" Yaponiyanın ən böyük investisiya, "Kaneko seeds" isə yüksək keyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrufatı məhsulları, effektiv və səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrufatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır.
Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı sahələrinə sərmayə yatıran "TET International Development Co. Ltd." şirkəti işğaldan azad edilmiş Qarabağda yenidənqurma işlərinə sərmayə qoyuluşu ilə bağlı Tokioda təqdimat keçirib. Sevindirici haldır ki, yapon şirkətlərinin nümayəndələri Azərbaycanın müxtəlif bölgələrində olarkən kənd təsərrüfatı məhsullarının keyfiyyətindən heyranlıq duyduqlarını bildirmişlər.
Azərbaycanın zəfərlə başa vurduğu 44 günlük müharibədən az sonra yapon şirkətlərindən biri azad olunmuş ərazilərin "yaşıl enerji" zonasının baş planını hazırladı. Tək Qarabağ bölgəsində deyil, hazırda Naxçıvan Muxtar Respublikasında da energetika sahəsində yapon şirkətləri ilə müxtəlif layihələr həyata keçirilməkdədir.
Turizm sahəsində əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları 2024-cü il aprelin 19-da Azərbaycan Dövlət Turizm Agentliyi və Yaponiyanın Azərbaycandakı səfirliyi arasında keçirilən görüşdə müzakirə olunub. Müzakirələr zamanı qarşılıqlı turist səfərlərinin təşviq edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Hazırda Yaponiyanın humanitar təşkilatları ölkəmizdə təhsil, incəsənət, səhiyyə, kənd təsərrüfatı və digər sosial sahələrdə müxtəlif layihələr həyata keçirirlər. 2024-cü ilin iyun ayında Tokio şəhərində Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib.
Təhsil sahəsində əlaqələrin ən başlıca xüsusiyyəti Yaponiyanın Azərbaycanda fəaliyyət göstərmiş bütün səfirlərinin tez-tez təhsil ocaqlarına baş çəkmələri olmuşdur. Bu gün qəti inamla deyə bilərik ki, Yaponiya Azərbaycanda təhsil ocaqlarının tikintisi və bərpası sahəsində təmənnasız yardıma görə də birinci yerdə durur. Belə bir xeyriyyəçilik missiyasını davam etdirən səfir Vatanabe Katsuya ötən il oktyabrın 17-də Bakı şəhər 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirmiş və faydalı müzakirələr aparmışdır. O, həmçinin bu il fevralın 5-də İsmayıllı rayonuna da işgüzar səfər etmişdir.
Təhsil sahəsində əlaqələrdə müsbət təcrübələr əldə olunmuşdur. Azərbaycan vətəndaşı olan tələbələrə Yaponiyada tədqiqatçı, magistr, doktor pillələri üzrə tam ödənişsiz təhsil almaq imkanı verən MEXT (Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi) təqaüd proqramını həyata keçirir. 2025-ci ildə elmi-tədqiqat üzrə təhsilin müxtəlif pillələrini nəzərdə tutan Yaponiya Dövlət Təqaüd proqramı bu ilin aprelindən 2027-ci ilin martınadək olan dövrü əhatə edəcək. Proqram iştirakçıları olan azərbaycanlı gənclər Yaponiyaya gediş və qayıdış üçün aviabiletlərin və təhsil haqqından azadolma güzəştlərinə malik olmaqla yanaşı hər ay 1.000 dollar da təqaüd alacaqlar.
İkitərəfli münasibətlərdə hər iki ölkənin müxtəlif şəhərləri və regionları arasında birbaşa əlaqələr də xüsusi yer tutur. Qardaşlaşmış şəhərlər təcrübəsi də öz müsbət bəhrəsini verir. Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri, Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş münasibətlər, həmçinin Ağdam və Hirosima, Qarabağın mədəniyyət beşiyi olan Şuşa ilə Okayama şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində davam edən fəaliyyət buna misaldır. Hirosimadan gələn nümayəndə heyətini Ağdam şəhərinin xarabalıqları dəhşətə salmışdı.
Azərbaycan və Yaponiya xalqlarının taleyində oxşar cəhətlər çoxdur. Əsas odur ki, hər iki xalq qurub-yaratmaq, firavan və sakit yaşamaq, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək əzmindədir. Yaponiya dünyada ən çox dini və dünyəvi bayramlara, mərasimlərə malik olan iki xalqdan biridir. Bu ölkənin həyatında hər il fevralın 23-də bayram edilən Əlahəzrət İmperator Naruhitonun doğum günü milli bayram hesab olunur. Yapon xalqı hər il bu bayramı ölkənin daxili və xarici həyatında, o cümlədən dost Azərbaycan ilə münasibətlərində qazandığı böyük uğurlarla qeyd edəcəkdir.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti