Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə çıxışı
regional əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin
möhkəmlənməsi, dost və tərəfdaş ölkələrlə əlaqələrinin genişlənməsi, iqtisadi
imkanlarının regional və qlobal miqyasda daha səmərəli reallaşdırılması dövlətimizin
xarici siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan Mərkəzi Asiya ölkələri
ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Tarixi bağlılıq, ortaq mədəni
dəyərlər, qarşılıqlı etimad və iqtisadi maraqlar üzərində qurulan əməkdaşlıq bu
gün yeni məzmun qazanaraq strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birinə
çevrilir.
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində
keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət
görüşü bu əməkdaşlığın gələcək inkişafı baxımından əlamətdar hadisə oldu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı regional
inteqrasiyanın dərinləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi,
nəqliyyat-logistika imkanlarının artırılması, enerji təhlükəsizliyi və birgə
investisiya fəaliyyətinin gücləndirilməsi kimi mühüm məsələləri əhatə etdi.
Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın
regionda artan rolunu, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa
verdiyi önəmi və mövcud potensialın konkret layihələr vasitəsilə
reallaşdırılması niyyətini aydın şəkildə ifadə edir. Türkmənbaşı görüşü bir
daha göstərdi ki, müasir beynəlxalq münasibətlərdə dövlətlərin dayanıqlı
inkişafı, iqtisadi təhlükəsizliyi və rəqabət qabiliyyəti qarşılıqlı tərəfdaşlığın,
ortaq təşəbbüslərin və uzlaşdırılmış fəaliyyətin genişləndirilməsindən əhəmiyyətli
dərəcədə asılıdır.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu
Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ölkəmizin
xarici siyasət tarixində mühüm hadisədir. Bu qərar Azərbaycanın region dövlətləri
ilə münasibətlərinin inkişaf səviyyəsini, qarşılıqlı etimadın möhkəmliyini və əməkdaşlıq
imkanlarının genişliyini əks etdirir.
Prezident İlham Əliyev Türkmənbaşı görüşündə bu tarixi qərarı
yekdilliklə dəstəkləyən həmkarlarına bir daha təşəkkürünü bildirdi, Azərbaycanın
formatda tamhüquqlu iştirakının təşəbbüskarı kimi Türkmənistanın və şəxsən
Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi qeyd etdi. Dövlət başçısının bu
münasibəti regional əməkdaşlığın yalnız iqtisadi maraqlara deyil, həm də
qarşılıqlı hörmətə, etimada və dostluq ənənələrinə söykəndiyini göstərir.
Azərbaycanın bu formata qoşulması Xəzər dənizinin hər iki
sahilində yerləşən dövlətlər arasında əlaqələrin daha sistemli və genişmiqyaslı
inkişafı üçün yeni imkanlar yaradıb. Coğrafi mövqe, nəqliyyat infrastrukturu,
enerji resursları, istehsal potensialı və beynəlxalq bazarlara çıxış imkanları
ölkəmizi Mərkəzi Asiya ilə Avropa arasında əməkdaşlığın mühüm iştirakçılarından
birinə çevirir.
Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında
yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması
və iqtisadi əlaqələrin genişlənməsi bu əməkdaşlığın real nəticələrini nümayiş
etdirir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ötən il Azərbaycanın
Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Mərkəzi
Asiya ölkələrinin kapitalı ilə Azərbaycanda 400-dən çox şirkət fəaliyyət göstərir.
Bu göstəricilər əlaqələrin artıq siyasi dialoq çərçivəsini aşaraq iqtisadi həyatın
müxtəlif sahələrini əhatə etdiyini təsdiqləyir.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də Azərbaycanın
azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin iştirakıdır. Özbəkistanın
Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi, Qazaxıstanın Kurmanqazı adına
Uşaq Yaradıcılıq Mərkəzini yaratması, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb
tikməsi dostluq münasibətlərinin konkret təzahürüdür. Bu layihələr xalqlarımız
arasında mənəvi bağlılığın, qarşılıqlı dəstəyin və ortaq gələcəyə inamın ifadəsidir.
Beləliklə, Azərbaycanın Məşvərət formatında tamhüquqlu
iştirakı regional əməkdaşlığın coğrafiyasını və imkanlarını genişləndirən mühüm
amildir. Bu iştirak ölkəmizin siyasi, iqtisadi və nəqliyyat potensialının ümumi
regional məqsədlərə yönəldilməsi, dövlətlər arasında əlaqələrin daha səmərəli
mexanizmlər əsasında inkişaf etdirilməsi üçün yeni perspektivlər açır.
Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə
investisiya fondları yaradıb
Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə diqqət yetirdiyi
əsas məsələlərdən biri iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi və
birgə investisiya imkanlarından daha fəal istifadə olunması idi. Dövlət başçısı
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları
yaratdığını, bu fondların hər birinin kapitalının yüz milyonlarla dollar təşkil
etdiyini bildirdi.
Bu fakt əməkdaşlığın iqtisadi məzmununun genişləndirilməsi
baxımından xüsusi əhəmiyyət daşıyır. Birgə investisiya fondları yalnız maliyyə
resurslarının birləşdirilməsi vasitəsi deyil, həm də ortaq iqtisadi maraqların
formalaşdırılması, istehsal əlaqələrinin dərinləşdirilməsi, yeni müəssisələrin
yaradılması və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün mühüm
mexanizmdir.
Prezident İlham Əliyev çıxışında mühüm bir prinsipə diqqət çəkdi:
dövlətlər yalnız qarşılıqlı ticarətin artırılması ilə kifayətlənməməli, eyni
zamanda birlikdə investisiya yatırmalı, məhsul istehsal etməli və xarici
bazarlara birgə çıxmalıdırlar. Bu yanaşma iqtisadi əməkdaşlığın keyfiyyətcə
yeni mərhələyə keçirilməsini nəzərdə tutur.
Əməkdaşlığın gələcək istiqamətləri sırasında sənaye
kooperasiyasının genişləndirilməsi, istehsal müəssisələrinin yaradılması,
müasir texnologiyaların tətbiqi, logistika imkanlarının inkişafı və birgə məhsulların
beynəlxalq bazarlara çıxarılması xüsusi yer tutur. Bu istiqamətlər üzrə layihələrin
reallaşdırılması həm iqtisadi əlaqələrin davamlılığını təmin edə, həm də
iştirakçı dövlətlərin istehsal və ixrac potensialının artmasına töhfə verə bilər.
Azərbaycanın sənaye, enerji, nəqliyyat və logistika sahələrində
topladığı təcrübə Mərkəzi Asiya ölkələrinin mövcud imkanları ilə birləşdirildikdə
qarşılıqlı faydalı nəticələr əldə etmək üçün geniş zəmin yaranır. Burada əsas məqsəd
yalnız ticarət dövriyyəsinin artırılması deyil, əlavə dəyər yaradan istehsal zəncirlərinin
qurulması, yeni iş yerlərinin yaradılması və regional iqtisadiyyatların rəqabət
qabiliyyətinin gücləndirilməsidir.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq da bu iqtisadi
modelin ayrılmaz hissəsidir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya arasında
mühüm əlaqələndirici rol oynayır. Dəniz limanlarının, dəmir yollarının,
avtomobil yollarının və hava limanlarının imkanlarının genişləndirilməsi
regionun beynəlxalq nəqliyyat sistemində mövqeyini gücləndirir.
Orta Dəhlizin əhəmiyyətinin artması bu baxımdan xüsusi qeyd
edilməlidir. Prezident İlham Əliyevin çıxışında bildirildiyi kimi, ötən il bu
marşrut üzrə daşınan tranzit yüklərin həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz
ayında isə əlavə olaraq təxminən 20 faiz artıb. Bu dinamika nəqliyyat
marşrutlarının səmərəliliyinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi
və daşımaların rəqabət qabiliyyətinin artırılması üçün yeni imkanlar yaradır.
Rəqəmsal bağlantı layihələri, o cümlədən Xəzərin dibi ilə
fiber-optik kabellərin çəkilməsi istiqamətində görülən işlər də regional əməkdaşlığın
müasir tələblərə uyğun inkişafına xidmət edir. Rəqəmsal infrastrukturun genişlənməsi
informasiya mübadiləsini sürətləndirməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində
yeni əməkdaşlıq imkanları formalaşdırır.
Enerji sahəsi də Azərbaycanla Mərkəzi Asiya ölkələri
arasında əlaqələrin strateji istiqamətlərindəndir. Türkmənistan və Qazaxıstan
neftinin Azərbaycan ərazisi vasitəsilə daşınması, enerji resurslarının beynəlxalq
bazarlara çatdırılması və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi
qarşılıqlı maraqların mühüm nümunələridir. Azərbaycan, Qazaxıstan və Özbəkistan
arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər isə gələcək
enerji əməkdaşlığının yeni perspektivlərini müəyyənləşdirir.
Bütün bunlar göstərir ki, birgə investisiya fondları, nəqliyyat
infrastrukturu, enerji layihələri və rəqəmsal bağlantılar bir-birini tamamlayan
istiqamətlərdir. Onların əlaqələndirilmiş şəkildə inkişafı region dövlətlərinin
iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə və beynəlxalq
bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yaradır.
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşündə imzalanan sənədlər
Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən görüşün mühüm
nəticələrindən biri dövlət başçılarının bir sıra sənədləri imzalaması oldu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti
Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının
8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi
Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı
imzaladılar.
Bu sənədlər dövlətlər arasında məsləhətləşmələrin və əməkdaşlığın
institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Birgə
Bəyanat dövlət başçılarının ortaq yanaşmalarını və regional əməkdaşlığın əsas
istiqamətlərinə dair mövqelərini ifadə edir. Məşvərət görüşünün tənzimləyici sənədləri
ilə bağlı qərar isə formatın təşkilati-hüquqi əsaslarının müəyyənləşdirilməsi
baxımından əhəmiyyətlidir.
Müasir beynəlxalq münasibətlər şəraitində regional əməkdaşlığın
davamlılığı yalnız siyasi iradədən deyil, həm də razılaşdırılmış fəaliyyət
mexanizmlərindən, qarşılıqlı öhdəliklərin ardıcıl icrasından və konkret nəticələrə
yönəlmiş təşəbbüslərdən asılıdır. Bu baxımdan Türkmənbaşı görüşündə imzalanan sənədlər
dövlətlər arasında dialoqun davam etdirilməsi və əməkdaşlığın sistemli şəkildə
inkişaf etdirilməsi üçün mühüm zəmin yaradır.
Görüşün əhəmiyyəti imzalanan sənədlərlə məhdudlaşmır. Dövlət
başçılarının bir araya gəlməsi regional təhlükəsizlik, siyasi sabitlik,
iqtisadi inkişaf və nəqliyyat bağlantıları kimi məsələlərin müzakirəsi üçün də
mühüm platformadır. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, sülh,
təhlükəsizlik və siyasi-iqtisadi sabitlik əldə olunan nəticələrin əsasını təşkil
edir və əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin
inkişafı Türk dünyasında əməkdaşlığın genişlənməsi, Xəzər hövzəsində iqtisadi əlaqələrin
möhkəmlənməsi və Avrasiya məkanında nəqliyyat-logistika marşrutlarının inkişafı
baxımından da əhəmiyyətlidir. Bu əməkdaşlıq dövlətlərin milli maraqlarına uyğun
olaraq, qarşılıqlı fayda, suverenliyə hörmət və bərabərhüquqlu tərəfdaşlıq
prinsipləri əsasında inkişaf edir.
Türkmənbaşı görüşü bir daha təsdiqlədi ki, Azərbaycanın
regional əməkdaşlıq siyasəti konkret iqtisadi layihələr, genişlənən nəqliyyat əlaqələri,
enerji tərəfdaşlığı və siyasi dialoq vasitəsilə məzmun qazanır. Ölkəmizin Mərkəzi
Asiya dövlətləri ilə münasibətlərinin dərinləşməsi həm milli iqtisadiyyatımızın
imkanlarının genişləndirilməsi, həm də regionun beynəlxalq iqtisadi sistemlə əlaqələrinin
gücləndirilməsi baxımından yeni perspektivlər açır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin 8-ci Məşvərət
görüşündə səsləndirdiyi fikirlər əməkdaşlığın gələcək inkişafı üçün aydın
istiqamətlər müəyyənləşdirir: siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı
investisiyaların artırılması, birgə istehsalın genişləndirilməsi, nəqliyyat dəhlizlərinin
səmərəliliyinin yüksəldilməsi və enerji sahəsində yeni imkanların
reallaşdırılması. Bu istiqamətlər üzrə ardıcıl fəaliyyət Azərbaycanla Mərkəzi
Asiya dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional
iqtisadi əlaqələrin dərinləşməsinə və xalqlarımızın rifahına xidmət edə bilər.
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri