"Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir". Bütün ömrünü Azərbaycanın bu gününə, uğurlu gələcəyinə həsr edən fenomen şəxsiyyət Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Ümummilli Lider Heydər Əliyev məhz Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin böyüklüyünə söykənərək əminliklə qeyd etmişdir ki, nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!
Böyük siyasi iradə, Vətən sevgisi, tükənməz dövlət idarəçiliyi istedadı
Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tarixin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onun keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Dahi rəhbərin həmin illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək gördüyü işlərdən bəhs edərkən azərbaycanlı gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi xüsusi qeyd edilir. Ümummilli Lider bildirirdi ki, indi bizim təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədimiz Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək vətəndaş olsun. Gərək dövlətinə, ənənələrinə, xalqına sadiq vətəndaş olsun. Ulu Öndər həmçinin bu çağırışı edirdi ki, cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Keçmiş Sovet İttifaqı dövründə Ulu Öndər Heydər Əliyev milli kimliyin qorunmasına, ana dilində təhsilin inkişafına böyük sərmayə yatırırdı. Dünya klassiklərinin və elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində günün tələblərinə uyğun bədii və elmi əsərlərin nəşri, Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu alması azərbaycançılıq ideologiyasının inkişafına və təbliğinə xidmət edən mühüm addımlar oldu.
Müstəqilliyin bərpasına gedən yol
Ulu Öndər Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, Azərbaycanın müstəqilliyin bərpasına gedən yol məhz Naxçıvandan başlamışdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır.
Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci ildə Ümummilli Liderin sərəncamına uyğun olaraq 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atıldı, təşəbbüslər irəli sürüldü.
Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması da Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi ilə bağlıdır. Partiyanın yaradılması ilə ölkəmizdə müasir siyasi sistem formalaşdırıldı.
Xilaskarlıq missiyası
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illəri çağdaş tariximizə xaos, anarxiya, özbaşınalıq dövrü kimi yazılıb. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı. Bu qayıdış Azərbaycanın hazırkı Zəfərli günlərinin, qürurlu anlarının əsası oldu. Həmin vaxtdan başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı böyük təhlükələrdən, faciələrdən xilas etdi, yeni Azərbaycan quruldu, bu günümüz üçün möhkəm təməl formalaşdı. Ulu Öndər hakimiyyətə qayıdışının ilk günündən sabitliyin yaradılmasının vacibliyini bildirdi və belə bir çağırışı diqqətə çatdırdı ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq olmaz. Məhz dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bu mühüm addım elə həmin ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasını da şərtləndirdi. Ümummilli Lider dünya təcrübəsinə əsaslanaraq belə bir çağırış edirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələrindən olan, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi istiqamətində addımlar atıldı.
Dövlət quruculuğu
Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ümummilli Liderin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" çağırışı bu gün də öz aktuallığını qoruyur. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını qarşıya əsas hədəf kimi qoydu. Dahi rəhbərin hakimiyyətə qayıdışının ilk günündən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdı. Ümummilli Lider demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olmasına - insan hüquqlarının qorunmasına, müstəqil, azad mətbuatın formalaşdırılmasına, çoxpartiyalı sistemin yaradılmasına, demokratik, beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə və sair kimi demokratik dəyərlərin qorunmasına xüsusi diqqət yönəltdi və ölkəmizdə demokratik təsisatların yaradılması üçün yüksək şərait yaradıldı.
Müstəqilliyin qarantı olan ordu formalaşdırıldı
Atılan bütün addımlar bir məqsədə xidmət edirdi - Azərbaycan daha da qüdrətlənsin, beynəlxalq nüfuzu, iqtisadi qüdrəti artsın, müstəqilliyimizin qarantı olan ordumuzda peşəkarlıq, döyüş ruhu yüksəlsin. Ümummilli Lider bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Məhz müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmamasının nəticəsi idi ki, torpaqlarımız işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda fərarilik baş alıb gedirdi. Ümummilli Lider Heydər Əliyevin hələ sovet dönənimdə - 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olundu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində və Qarabağda həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri zamanı şanlı zəfərləri ilə sübuta yetirdi.
Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, tərəqqi dövrü kimi daxil olub. Bu illərdə dahi şəxsiyyətin yaratdığı möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını təmin etdi. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, dünyaya Günəş kimi doğdu.
Ulu Öndər dünənin, bu günün və gələcəyin partiyasını yaratdı
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu Öndər Heydər Əliyev dünənin, bu günün və gələcəyin partiyasını yaratdı. Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı. Azərbaycanın taleyini düşünən, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Dahi şəxsiyyətin bu müraciətə cavabı Azərbaycanın bugünkü inkişafının əsası oldu. Məhz bu reallıqlara söykənərək Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2021-ci ildə keçirilən Zəfər ruhlu VII Qurultayında bildirmişdir: "Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox… O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi." Dövlət başçısı belə bir əminliyi də ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.
2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana möhtəşəm uğurlar qazandırır
Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Onlardan ən mühümü 2003-cü ilin 1 oktyabr tarixində xalqa tarixi müraciəti oldu. Bu müraciət Heydər Əliyev siyasətinin uğurlu davamının əsasına çevrildi. Ümummilli Lider həmin tarixi müraciətdə bildirirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Bu yolun davamı Ümummilli Liderin arzularının gerçəkliyə çevrilməsi ilə xarakterizə olunur.
Möhtəşəm uğurlarımızın miqyasını təsəvvür etmək üçün son 21 ildən artıq dövrün reallıqlarına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın qarşısında dayanan vəzifələrdən bəhs edərkən böyük əminliklə bildirdi ki, onları həyata keçirmək üçün ən başlıcası Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu əminlik də ifadə olundu ki, Ümummilli Liderin əsəri olan müasir müstəqil Azərbaycanı inkişaf etdirəcək, zənginləşdirəcək, zəfərlərə doğru aparacağıq. Günümüzün reallıqları bu vədlərin hər birinin uğurla yerinə yetirildiyinin təsdiqidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan ordumuz nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Dünya bir daha gördü ki, güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu.
Uğurlarla zəngin illər
Tarixi Zəfərimizdən ötən 5 il mühüm uğurlarla zəngindir. 2023-cü il çağdaş tariximizə suverenliyimizin tam bərpası ili kimi yazıldı. Həmin ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Prezident İlham Əliyevin sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elan edildi.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməlin, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir ki, hazırda Azərbaycan hər günü tarixinə uğur səhifəsi kimi yazır. Bunun üçün son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir. Ötən il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili", bu il isə "Konstitusiya və Suverenlik İli" elan edildi. Azərbaycan ötən il COP29 tədbirinə yüksək səviyyədə evsahibliyi edib uğurlu nəticələrə imza atmaqla iqlim diplomatiyasında dönüş nöqtəsi yaratdı. Dünyanı Bakıya toplayan COP29 ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı oldu.
COP29-un ardınca Azərbaycanın növbəti uğuru ötən ilin dekabr ayında D-8 təşkilatına üzv qəbul olunması oldu. Bu mühüm hadisə də bir daha ölkəmizin nüfuzunu dünyaya nümayiş etdirdi.
Bu ilin əvvəli isə Azərbaycanda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində bələdiyyə seçkilərinin keçirilməsi ilə yadda qaldı. Ötən ilin fevral ayında bütün ölkə ərazisində prezident, sentyabrında isə parlament seçkiləri keçirilmişdi. Hər üç seçki kampaniyası ölkəmizdə mövcud ab-havanı əks etdirir. Yeni dövrün başlanğıcı olan 7 fevral 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini şərtləndirir.
Bu il zəfərlərlə dolu çağdaş tariximizə "Konstitusiya və Suverenlik İli" kimi yazılacaq. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü reallıqlarına yol açdı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Prezident İlham Əliyevin cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, imzaladığı bu sərəncam, eyni zamanda təsdiqlənən Tədbirlər Planı Azərbaycanın bu illər ərzində keçdiyi inkişaf yolunun təqdimatı olacaq.
Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri misilsizdir
Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu işlərin, ən əsası Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Fondun missiyası çoxşaxəlidir. Heydər Əliyev Fondu Azərbaycanın hərtərəfli inkişafına dəstəyini reallaşdırdığı mühüm layihələri ilə təsdiqləyir. Bu gün missiyasına sadiq qalan Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpasını yüksək səviyyədə həyata keçirir.
Son illərin uğurları sırasında idarəçilik sistemində təkmilləşmənin həyata keçirilməsi diqqətləri xüsusilə cəlb edir. Bu baxımdan, dövrün çağırışlarına uyğun olaraq Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını, 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini xüsusi qeyd etməliyik. Bu mühüm addım Azərbaycanın həyatında yeni bir mərhələnin əsası kimi dəyərləndirildi. Bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri əsasında qalib, bütövləşən Azərbaycan möhtəşəm uğurları, tarixi ədalətə söykənərək imza atdığı zəfərləri ilə dünyanın diqqətindədir.
Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Hər günün tariximizə uğur səhifəsi kimi yazılması uğurlarımızın miqyasının nə qədər böyük olduğunu nümayiş etdirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!
Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı