Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.8-ci maddəsinə uyğun olaraq, iş icazəsinin formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən (müddəti uzadılan) iş icazələrinin elektron qaydada tərtib edilməsini və işəgötürənə təqdim edilməsini təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.11-1-ci bəndindən ", onların dublikatlarını və əlavələrini" sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"nin 10.4-1-ci bəndində "icazəsi blankının fərdi olaraq doldurulması, verilməsi" sözləri "icazəsinin elektron qaydada tərtib olunması, işəgötürənə təqdim edilməsi" sözləri ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I) 5.3-cü bəndində "maddələrində, 51.8-ci maddəsinin ikinci cümləsində" sözləri ", 51.8-ci" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2024-cü il