Qərar № 43/217
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 80 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə qeydə alınmış namizəd Muxtarlı Qələndər Şəmil oğlu 11 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçki günü adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 31/146 saylı Qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsi, dairə seçki komissiyasına verdiyi şikayətdə göstərilən pozuntulara əsasən seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Ərizəçi araşdırmada iştirak edəcəyini bildirsə də, araşdırmaya gəlməmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Müraciət etmiş deputatlığa qeydə alınmış namizəd Q.Ş.Muxtarlı müraciətində vəkil edilmiş şəxslərinin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin adından tərtib olunmuş aktlara istinad edərək səsvermə günü 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bir çox seçki məntəqələrinə seçicilərin toplu halda gəldiklərini, müşahidəçilərin səsvermə prosesini izləməsinə şəraitin yaradılmamasını, seçicilərin seçki məntəqəsinə daxil olan zaman sənədlərinin yoxlanılmadığını, seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnmədiyini, 2, 30 və 31 saylı seçki məntəqələrində digər seçki məntəqələrinin ərazilərində yaşayan seçicilərin səs verdiyini, seçki qutusuna topa bülletenlərin atıldığını və seçki məntəqələrində səslərin düzgün hesablanmadığını göstərmişdir.
Ərizəçi müraciətinə mübahisələndirilən seçki məntəqələri üzrə 32 akt və 1 ədəd elektron məlumat daşıyıcısı əlavə etmişdir.
İddia edilən pozuntularla əlaqədar olaraq namizəd Q.Ş.Muxtarlının şikayəti 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, araşdırmanın nəticəsi olaraq dairə seçki komissiyasının hazırda namizəd tərəfindən mübahisələndirilən 9 sentyabr 2024-cü il tarixli 31/146 saylı qərarı ilə müraciət əsassız olduğundan təmin edilməmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma namizəd Q.Ş.Muxtarlının təqdim etdiyi materialları və dairə seçki komissiyasından alınan sənədləri tam əhatə etmişdir.
Tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini öz təşəbbüsü ilə müşahidə etmiş, həmçinin müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizədlər tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Eyni zamanda namizəd Q.Muxtarlı tərəfindən müxtəlif seçki məntəqələrinə təyin edilmiş məşvərətçi səs hüquqlu üzvlər səsvermə günü seçki məntəqələrində qanun pozuntularına yol verilməməsi barədə aktları öz imzaları ilə təsdiq etmişlər.
Şikayətçi tərəfindən araşdırmaya təqdim olunmuş 89 videogörüntüyə baxış keçirilmiş, həmin görüntülərin 69-nun 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə aid olmadığı müəyyən edilmişdir. 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə aid olan görüntülərdə seçicilərin iradəsinə bu və ya digər formada təsir edə biləcək hallar müşahidə olunmamışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, namizəd Q.Ş.Muxtarlının səsvermə günü baş verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış və Seçki Məcəlləsinə uyğun olaraq əsaslandırılmış qərar qəbul etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
Beləliklə, araşdırma ilə namizəd Q.Ş.Muxtarlının müraciətinin təmin edilməsi üçün hüquqi əsaslar olmadığından müraciət təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə qeydə alınmış namizəd Muxtarlı Qələndər Şəmil oğlunun 11 sentyabr 2024-cü il tarixli 80 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 31/146 saylı Qərarı dəyişdirilmədən saxlanılslın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.09.2024