10 Fevral 2026 21:48
596
SİYASƏT
A- A+
Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya 

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya 


Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:

1.İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər;

2. 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər;

3. Regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər;

4. Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar;

5. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər.

Bölmə I: Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Transxəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkə daxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Əsrin Müqaviləsi, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər. Bu məqsədlə:

1.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;

2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq niyyətindədirlər;

3.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər;

4.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;

5.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.

Bölmə II: İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur

1. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır;

2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər;

3.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığını inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;

4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda, kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycan Respublikasında özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla, rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər;

5. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalını təşviq etməyə, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etməyə və kommersiyalaşmanı sürətləndirməyə yönəlmiş birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektor-əsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılmasını araşdırmaq niyyətindədirlər;

6. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları inkişafda olan texnologiyaların, platformaların və biznes təcrübələrinin tətbiqində uğurlu təcrübələri bölüşmək və texniki yardım göstərmək, dəstəkləyici tənzimləyici mühitə əsaslanaraq Azərbaycan Respublikasında istedadların inkişafı və bacarıqlı texnoloji işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək və transsərhəd və Transxəzər rəqəmsal bağlantılar üçün sərmayələri təşviq etmək niyyətindədirlər;

7. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Azərbaycan Respublikasında rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqatı, inkişafı, kommersiyalaşmanı, texnologiyanın mühafizəsini və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsini dəstəkləmək məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq etmək niyyətindədirlər.

Bölmə III: Təhlükəsizlik Əməkdaşlığı

Cənubi Qafqazda sülh Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır və Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar, Azərbaycan qüvvələrinin beynəlxalq və regional təhlükəsizliyi irəlilətmək üçün Birləşmiş Ştatlar və koalisiya tərəfdaşları ilə birlikdə xidmət etdiyini nəzərə almaqla, Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir.

1.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər;

2.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər;

3.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;

4.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Bölmə IV: İnstitusional Çərçivə və tətbiq

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiyadan irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edərək, mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə işçi qrupları yarada bilərlər.

Müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı olaraq müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər.

 

Azərbaycan Respublikası                      Amerika Birləşmiş Ştatları

Hökuməti adından                                 Hökuməti adından

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!