№ 78
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 310 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1561 (Cild I); 2024, № 6 (II kitab), maddə 738) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur, məxfi);
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur, məxfi).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.
4. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 14 ” “ mart ” 2025-ci il