2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikası Milli Məclisi seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqinə
dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun Qərarı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov
(məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibləri Fəraid Əliyev və Vüqar
Zeynalovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov, sədr müavini Rövzət Qasımov, katibləri Arifə Muxtarova və
Mikayıl Rəhimov, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova,
Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov,
Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev və İlkin Şahbazovun,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov və həmin kafedranın
müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülşən Cəbinin,
mütəxəssislər Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Gülnar Əhmədovanın iştirakı
ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya
icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının Milli Məclisinə
2020-ci il fevralın 9-da keçirilmiş seçkilərin nəticələrinə dair konstitusiya işinə
baxdı.
Hakimlər R.İsmayılov və R.Qvaladzenin məruzələrini,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını,
ekspertlər N.Şükürov və G.Cəbinin, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın rəylərini
dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra - Konstitusiya) 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin
1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci çağırış Azərbaycan
Respublikasının Milli Məclisi (bundan sonra - Milli Məclis) buraxılmış, Milli Məclisə
növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmiş və həmin gün seçkilər
keçirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi) 171.2-ci
maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra
- Mərkəzi Seçki Komissiyası) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki
komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə
birlikdə) yoxlayır, 24 saat müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra - Konstitusiya Məhkəməsi) təqdim edir.
Konstitusiyanın 86-cı maddəsinə görə, Milli
Məclis deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş
qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
"Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra - "Konstitusiya Məhkəməsi haqqında” Qanun)
54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, Milli Məclis deputatlarının seçkilərinin
nəticələrinin yoxlanılması və təsdiq edilməsi qaydaları Seçki Məcəlləsi ilə müəyyən
edilir. Bu qaydalara uyğun olaraq Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası
tərəfindən təqdim olunmuş sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri
cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır (Seçki Məcəlləsinin
171.3-cü maddəsi).
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə
müvafiq olaraq, Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-da keçirilmiş Milli
Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması
üçün səsvermənin ümumi yekunları haqqında protokolunu və dairə seçki komissiyalarının
protokollarını onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə
təqdim etmişdir.
2020-ci il fevralın 9-da keçirilmiş Milli
Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna
əsasən:
1. Seçki siyahılarına daxil edilmiş seçicilərin
ümumi sayı - 5 359 015 (beş milyon üç yüz əlli doqquz min on beş);
2. Səsvermədə iştirak edən seçicilərin sayı
- 2 510 135 (iki milyon beş yüz on min yüz otuz beş);
3. Dairə seçki komissiyalarının sayı -
125 (bir yüz iyirmi beş);
4. Dairə seçki komissiyaları tərəfindən təqdim
edilmiş protokolların sayı - 125 (bir yüz iyirmi beş);
5. Mərkəzi Seçki Komissiyası protokolunun
tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı
- 121 (bir yüz iyirmi bir);
6. Səsvermənin nəticələri etibarsız hesab
edilmiş seçki dairələrinin sayı - 4 (dörd);
7. Səsvermənin baş tutmadığı seçki dairələrinin
sayı - 0 (sıfır);
8. Səsvermənin nəticələri etibarsız hesab
edilmiş seçki məntəqələrinin sayı - 328 (üç yüz iyirmi səkkiz) olmuşdur.
Mərkəzi Seçki Komissiyasının səsvermənin
ümumi yekunlarına dair 2020-ci il 25 fevral tarixli protokoluna əsasən 125 seçki
dairəsindən 121 seçki dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş
və həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının 2020-ci il
13 fevral tarixli 23/132, 23/133, 23/134 və 23/135 saylı qərarları ilə 80 saylı
İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai
birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız hesab edilmişdir.
Bundan başqa, Konstitusiya Məhkəməsinə təqdim
edilmiş materiallardan göründüyü kimi, Mərkəzi Seçki Komissiyası tərəfindən qanun
pozuntuları ilə bağlı daxil olmuş şikayət və müraciətlər üzrə araşdırmalar aparılmış,
müxtəlif məlumat mənbələri, o cümlədən veb-kamera görüntüləri və digər materiallar
əsasında 328 seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması
müəyyən edilmiş və həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab
edilmişdir.
Materiallardan o da görünür ki, 2020-ci il
fevralın 9-da Milli Məclisə seçkilərin hazırlanması, keçirilməsi və nəticələrinin
müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlar səbəbindən ümumilikdə
87 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmışdır.
Seçki
Məcəlləsinin 100.12-ci maddəsinə əsasən, seçki komissiyasının protokolu seçki komissiyasının
həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici
səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin
28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə
yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya
18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Konstitusiya Məhkəməsinə təqdim edilmiş səsvermənin
ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli
protokolundan göründüyü kimi, bu sənədi Mərkəzi Seçki Komissiyasının 17 həlledici
səs hüquqlu üzvlərindən 17-si imzalamışdır.
Konstitusiya Məhkəməsi Seçki Məcəlləsinin
171.3-cü və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinin tələblərinə
uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin Seçki
Məcəlləsinə uyğunluğunun yoxlanılması üçün ekspert və mütəxəssisləri cəlb etmiş,
Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apelyasiya məhkəmələrindən, Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və
Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin
pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.
Ekspert qismində cəlb edilmiş Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti N.Şükürov
və həmin kafedranın müəllimi G.Cəbinin rəylərindən göründüyü kimi, Mərkəzi Seçki
Komissiyasının yekun protokoluna əlavə edilmiş dairə seçki komissiyalarının protokollarına
Seçki Məcəlləsinin 100.2, 107.2 və 107.3-cü maddələrində göstərilmiş bütün məlumatlar
daxil edilmiş, Mərkəzi Seçki Komissiyasının yekun protokolu isə Seçki Məcəlləsinin
108.2-ci maddəsinə uyğun olaraq dairə seçki komissiyalarının protokollarında olan
bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.
Protokolların karandaşla yazılması və həmin
protokollara hər hansı düzəlişlərin edilməsi müəyyən olunmamışdır.
Beləliklə, ekspertlərin rəyindən göründüyü
kimi, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə
dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona
əlavə olunmuş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci
maddələrinin tələblərinə uyğundur.
Mütəxəssislər Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın rəyinə əsasən, Mərkəzi
Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş 121 dairə seçki komissiyasının
protokolları Seçki Məcəlləsinin 100.2 və 107.3-cü maddələrinin tələblərinə tam cavab
verir. Həmin protokollar Seçki Məcəlləsinin 107.2-ci maddəsinə müvafiq olaraq məntəqə
seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi
əsasında tərtib edilmişdir.
Mərkəzi Seçki Komissiyasının yekun protokolu
Seçki Məcəlləsinin 108.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir.
Dairə seçki komissiyaları protokolların,
Mərkəzi Seçki Komissiyası isə yekun protokolun hesablanmasını düzgün aparmışlar.
Həmin sənədlərdə nöqsanlar, səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar
edilməmişdir.
Mütəxəssislərin rəyinə əsasən 2020-ci il
fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə dair Mərkəzi Seçki Komissiyası
tərəfindən təqdim olunmuş 121 dairə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin
100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə tam uyğun tərtib
edilmişdir.
Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il
3 mart tarixli 5d-64/2020 və 2020-ci il 4 mart tarixli 5d-66/2020 saylı məktublarından
göründüyü kimi, seçki günündən sonra məhkəməyə 72 ərizə daxil olmuş, onlardan
13 iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilmiş, 16 iş üzrə iddia mümkün sayılmamış,
2 iş üzrə iddia qismən təmin edilmiş, lakin bu dairə seçki komissiyalarının ümumi
nəticələrinə təsir göstərməmiş və 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməmişdir.
Sumqayıt Apelyasiya Məhkəməsinin 2020-ci
il 3 mart tarixli 02110/2020 saylı məktubunda göstərilmişdir ki, həmin məhkəmədə
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bağlı 20 işə baxılmış, 12 iş üzrə iddia
təmin edilməmiş, 7 iş üzrə iddialar mümkün sayılmamış və 1 iş aidiyyəti üzrə göndərilmişdir.
Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il
3 və 4 mart tarixli 31-15/2020 saylı məktublarına əsasən məhkəmənin icraatında Mərkəzi
Seçki Komissiyasının qərarları ilə bağlı 19 işə baxılmış, onlardan 15 iş üzrə iddia
təmin edilməmiş, 4 iddia isə mümkün sayılmamışdır.
Şirvan Apelyasiya Məhkəməsinin 2020-ci il
3 mart tarixli 6dx-87/2020 saylı məktubundan məlum olduğu kimi, bu məhkəməyə Mərkəzi
Seçki Komissiyasının qərarlarından 21 ərizə daxil olmuş, 16 iddia təmin edilməmiş,
4 iddia mümkün sayılmamış və 1 iddia aidiyyəti üzrə göndərilmişdir.
Şəki Apelyasiya Məhkəməsinin 2020-ci il
3 mart tarixli 26/255, 2020-ci il 4 mart tarixli 26/260 və 26/268 saylı məktublarından
göründüyü kimi, həmin məhkəməyə Milli Məclisə seçkilərlə bağlı 18 ərizə daxil olmuş,
15 iş üzrə iddia təmin edilməmiş, 3 iş üzrə iddia mümkün sayılmamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
2020-ci il 2 mart tarixli 20-03/22 saylı məktubuna əsasən, Milli Məclisə 2020-ci
il fevralın 9-da keçirilmiş seçkilərlə bağlı 1 işə baxılmış, iddia təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
2020-ci il 4 mart tarixli 2-124/20 saylı məktubundan görünür ki, həmin məhkəmə tərəfindən
78 işə baxılmış, onlardan 64 iş üzrə apelyasiya instansiyası məhkəmələrinin qərar
və qərardadları dəyişdirilmədən saxlanılmış, 3 iş üzrə məhkəmə qərarları ləğv edilmiş
və yenidən işlərə baxılarkən iddialar təmin edilməmiş və ya mümkün sayılmamış,
9 iş üzrə kasasiya şikayəti mümkün sayılmamış, 2 iş isə geri qaytarılmışdır.
Azərbaycan Respublikası Prokurorluğunun
2020-ci il 27 fevral tarixli 04xid1490 saylı məktubundan göründüyü kimi, 2020-ci
il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı seçki hüququnun və seçki
prosesinin pozulması ilə əlaqədar cəmi 67 müraciət daxil olmuş, həmin müraciətlər
aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.
Beləliklə, məhkəmələr tərəfindən təqdim olunmuş
məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmələrdə müraciətlər əsasında
baxılmış işlər 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi
yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna heç bir təsir göstərməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, 2020-ci il fevralın 9-da keçirilmiş
Milli Məclisə seçkilərin ümumi yekunlarına dair
Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona
əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci
maddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri təsdiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının
86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, "Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini
rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu
və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2,
100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə
2020-ci il fevralın 9-da keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı Babək-Kəngərli-Naxçıvan,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı Ordubad-Culfa,
8 saylı Binəqədi
birinci,
9 saylı Binəqədi
ikinci,
10 saylı Binəqədi
üçüncü,
11 saylı Qaradağ,
12 saylı Qaradağ-Binəqədi-Yasamal,
13 saylı Xəzər-Pirallahı,
14 saylı Xəzər,
15 saylı Yasamal
birinci,
16 saylı Yasamal
ikinci,
17 saylı Yasamal
üçüncü,
18 saylı Nərimanov-Nizami,
19 saylı Nərimanov
birinci,
20 saylı Nərimanov
ikinci,
21 saylı Nəsimi
birinci,
22 saylı Nəsimi
ikinci,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami
birinci,
25 saylı Nizami
ikinci,
26 saylı Sabunçu
birinci,
27 saylı Sabunçu
ikinci,
28 saylı Sabunçu
üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı
birinci,
31 saylı Suraxanı
ikinci,
32 saylı Suraxanı
üçüncü,
34 saylı Xətai
ikinci,
36 saylı Xətai
dördüncü,
37 saylı Nizami
birinci (Gəncə),
38 saylı Nizami
ikinci (Gəncə),
39 saylı Kəpəz
birinci (Gəncə),
40 saylı Kəpəz
ikinci (Gəncə),
41 saylı Sumqayıt
birinci,
42 saylı Sumqayıt
ikinci,
43 saylı Sumqayıt
üçüncü,
44 saylı Sumqayıt-Xızı,
45 saylı Abşeron,
46 saylı Şirvan,
47 saylı Mingəçevir,
48 saylı Yevlax,
49 saylı Yevlax-Mingəçevir,
50 saylı Abşeron-Qobustan,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı Quba-Qusar,
54 saylı Şabran-Siyəzən,
55 saylı Xaçmaz
şəhər,
56 saylı Xaçmaz
kənd,
57 saylı Kürdəmir,
58 saylı Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad
birinci,
64 saylı Sabirabad
ikinci,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad
şəhər,
68 saylı Cəlilabad
kənd,
69 saylı Cəlilabad-Masallı-Biləsuvar,
70 saylı Masallı
şəhər,
71 saylı Masallı
kənd,
72 saylı Yardımlı-Masallı,
73 saylı Lənkəran
şəhər,
75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik,
79 saylı İmişli,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı Ağcabədi-Füzuli,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı Göyçay-Ağdaş,
90 saylı Ağdaş,
91 saylı Ucar,
92 saylı Zərdab-Ucar,
93 saylı Bərdə
şəhər,
94 saylı Bərdə
kənd,
95 saylı Tərtər,
96 saylı Goranboy-Naftalan,
97 saylı Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir
şəhər,
99 saylı Şəmkir
kənd,
100 saylı
Şəmkir-Daşkəsən,
101 saylı
Göygöl-Daşkəsən,
102 saylı
Samux-Şəmkir,
103 saylı
Gədəbəy,
104 saylı
Gədəbəy-Tovuz,
105 saylı
Tovuz,
106 saylı
Tovuz-Qazax-Ağstafa,
107 saylı
Qazax,
108 saylı
Ağstafa,
109 saylı
Balakən,
110 saylı
Zaqatala,
111 saylı
Zaqatala-Balakən,
112 saylı
Qax,
113 saylı
Şəki şəhər,
114 saylı
Şəki kənd birinci,
115 saylı
Şəki kənd ikinci,
116 saylı
Qəbələ,
117 saylı
Oğuz-Qəbələ,
118 saylı
Ağdam şəhər,
119 saylı
Ağdam kənd,
120 saylı
Cəbrayıl-Qubadlı,
121 saylı
Laçın,
122 saylı
Xankəndi,
123 saylı
Kəlbəcər,
124 saylı
Şuşa-Ağdam-Xocalı-Xocavənd,
125 saylı
Zəngilan-Qubadlı
seçki dairələri
üzrə seçkilərin nəticələri təsdiq edilsin.
3. Qərar elan
olunduğu andan qüvvəyə minir.
4. Qərar
"Azərbaycan”, "Respublika”, "Xalq qəzeti”, "Bakinski raboçi” qəzetlərində və "Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna
bilməz.
Sədr Fərhad Abdullayev
Bakı şəhəri,
5 mart 2020-ci il