Ölkəmizin təşəbbüsü ilə Bakıda Qlobal Cənub QHT Platformasının təsis olunması müstəsna tarixi əhəmiyyət daşıyır
"Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır.
Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik".
Aprelin 28-də Bakıda "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı forumun iştirakçılarına müraciətində Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün qlobal xarakter daşıyan məsələlərin həllində aktiv rol oynayan və onların aradan qaldırılması üçün fəal dəstək göstərən Azərbaycan dünya miqyaslı problemlərin həllində dialoq yolunun mümkünlüyünü daim təbliğ edir. Qlobal Şimalla Qlobal Cənub arasında yaranmış uçurumların aradan qaldırılmasının dövrümüzün təxirəsalınmaz çağırışı olduğuna diqqət çəkən ölkəmiz eyni zamanda bu iki nəhəng qütb arasındakı münasibətlərin sağlam, dayanıqlı, ən əsası etimada əsaslanan təməllər üzərində möhkəmlənməsi üçün əməli fəaliyyət göstərir.
Bu baxımdan sivilizasiyalararası dialoqların baş tutduğu unikal ünvan kimi tanınan Bakıda dünya əhalisinin təxminən 80 faizə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən forumda Qlobal Cənub QHT Platformasının təsis olunması müstəsna tarixi əhəmiyyət kəsb etdi.
Liderlik nümunəsi
Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdəiki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatına əlamətdar hadisə kimi yazılan bu nəhəng platformanın məhz Azərbaycanın təşəbbüsü ilə təsis olunması həm də ölkəmizə olan beynəlxalq etimadın təzahürü kimi diqqət çəkdi.
Ötən ilin noyabrında - COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu bu platformanın yaradılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüsün qısa müddətdə beynəlxalq rezonans doğurması sayəsində COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Vurğulayaq ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə qlobal dəstək qazanıb.
Son dörd il ərzində Azərbaycanın dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) uğurla sədrlik etməsi də ölkəmizə olan qlobal etimada təkan verib. Bu hərəkata sədrliyinin COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir zamanla üst-üstə düşməsinə baxmayaraq, Azərbaycanın həmin çətin dövrdə də QH sədrliyi qismində mühüm beynəlxalq təşəbbüslərlə çıxış etməsi, qlobal problemdən həmrəylik sayəsində çıxmaq üçün effektiv təkliflər irəli sürməsi və onların üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənməsi sayəsində bu dünya miqyaslı bəladan birgə çıxış üçün geniş imkanlar yaranıb.
Eyni zamanda ölkəmizin müvəffəqiyyətlə evsahibliyi etdiyi beynəlxalq iqlim sammiti olan COP29-da bəşəriyyət adına mühüm qərarların qəbul olunması və nailiyyətlərin qazanılması da beynəlxalq ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb.
COP29-da Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı və iqlimlə bağlı digər vacib qərarlar qəbul edildi.
Bütün bu dünya miqyaslı uğurların fonunda Azərbaycan dövlətinə yaranan böyük rəğbət özünü həm də Qlobal Cənub QHT Platformasının meydana gəlmə təşəbbüsünün yekdilliklə qəbul olunması ilə bir daha göstərdi.
Forumda çıxış edən SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya Prezidentinin qızı Charlene Ruto bildirdi ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf məqsədləri istiqamətində öz səylərini ortaya qoyub: "Azərbaycan Qlobal Cənubu daim təşviq edir və Qlobal Şimalla dialoqun inkişafına töhfə verir".
Özbəkistan parlament komitəsinin, "Yüksəliş" hərəkatının sədri Bobur Bekmurodovun sözlərinə görə, bu forumun məhz Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafa verdiyi dəstəyin sübutudur: "Azərbaycan Prezidentinin bu sahədə nümayiş etdirdiyi liderlik və irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün də nümunə olmalıdır".
"Azərbaycana hər zaman güvənə bilərsiniz!"
Azərbaycan XXI əsrdə hələ də bəzi ölkələr tərəfindən sürdürülən neokolonializm siyasətinə qarşı beynəlxalq fəaliyyət göstərir. 2023-cü ildə paytaxtımızda yaradılan Bakı Təşəbbüs Qrupu bu istiqamətdə mühüm platformadır və müstəmləkəçilikdən əziyyət çəkən xalqlar azadlıq səslərini dünyaya çatdırmaq üçün onun ətrafında sıx birləşiblər.
Sözügedən forumun iştirakçılarına müraciətində "Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir", - deyən Prezident İlham Əliyev inandığını söyləyib ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb: "Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik".
Dövləti başçısı onu da bəyan edib ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir: "İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik...
...Azərbaycana hər zaman güvənə bilərsiniz!"
Göründüyü kimi, dünyanın yeni çağırışlarına adekvat reaksiya verən və qlobal məsələlərin aradan qaldırılması üçün mühüm təşəbbüslər irəli sürən Azərbaycan ədalətli dünya nizamına yön verən ölkə olaraq həm də hər zaman əməli fəaliyyəti ilə beynəlxalq problemlərin çözülməsi işinə mühüm töhfələr bəxş edir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"