Dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş özbək xalqının həyatında 1991-ci il dönüş mərhələsi oldu. SSRİ-nin çöküşü ilə özbək xalqı özünün müstəqil dövlətçiliyini bərpa etdi. Qısa zaman kəsiyində həyatın müxtəlif sahələrində məqsədyönlü və səmərəli islahatlar nəticəsində Özbəkistan Respublikası nəinki Orta Asiya ölkələri arasında, eyni zamanda beynəlxalq münasibətlər sistemində özünəməxsus söz sahibinə çevrildi.
Sovet dövründə əsasən aqrar ölkə olan Özbəkistan bu gün sənaye cəhətdən də dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlməkdədir. Məhsuldar qüvvələrin böyük potensialına malik olan bu qədim türk yurdu yüksəliş dövrünü yaşamaqdadır. Təsadüfi deyil ki, Özbəkistan iqtisadiyyatı bu ilin birinci yarısında yüksək artım dinamikasını qoruyub saxlamış və qeyri-sabit xarici mühitdə baş verən dəyişikliklərə davamlı olmuşdur.
2022-ci ildə əhalisinin sayı 36 milyon nəfər olan özbəkistanda ümumi daxili məhsulun həcmi 80, 4 milyard dollar təşkil etmişdir. Belə ki, əhalinin adambaşına düşən ümumi daxili məhsul 2.255 dollar olmuşdur. 2023-cü ilin ilk 6 ayı ərzində ölkədə ümumi daxili məhsul 5,6 % artıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə (5,4%) çoxdur.
Özbək iqtisadiyyatı 2023-cü ilin birinci rübünün yekunlarına görə 5,5% artıb. Xarici ticarət dövriyyəsi isə bu ilin ilk 3 ayı ğrzində 11,9 % yüksəlib. Həmçinin bu ilin yanvar-iyun ayları ərzində xarici ticarət dövriyyəsinin həcmi 19,4 % artaraq 29,2 milyard dollaradək yüksəlmişdir. İxracatın həcmi 23 % artaraq 12,1 milyard dollara çatmış, idxalat isə 17 % artaraq 17 milyard dollar təşkil etmişdir.
20 dekabr 2022-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Məclisə (parlamentə) illik müraciətində hökumətin 2023-cü il üçün planları barədə məlumat verdi. Orada cari ildə hakimiyyət orqanlarının fəaliyyətinin altı prioritet istiqaməti açıqland: 1) dövlət idarəetmə sistemində islahatların aparılması;2) Xalqın maraqları diqqət mərkəzində olan "sosial dövlətin" qurulması; 3) insan hüquqlarının və azadlıqlarının müdafiəsinin dövlətin konstitusiya öhdəliyi kimi müəyyən edilməsi;4) su və torpaq ehtiyatları daxil olmaqla təbii resursların mühafizəsinin gücləndirilməsi;5) azad bazar mexanizmlərinin tətbiqi yolu ilə işgüzar mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin və xüsusi mülkiyyətin toxunulmazlığının təmin edilməsi, habelə sahibkarlığın dəstəklənməsi;6) investisiyaların cəlb edilməsi və iri dövlət müəssisələrinin və banklarının özəlləşdirilməsi.
Son illər Özbəkistanda cəsarətli sosial və iqtisadi islahatlar həyata keçirilir. Bununla belə, hökumət özəl sektorun davamlı artımını və yeni iş yerlərinin yaradılmasını təmin etmək üçün hələ uzun bir yol qət etməlidir.Xüsusilə, dövlət müəssisələrinin üstün rolunu daha da azaltmaq və iqtisadiyyatın əsas sektorlarında rəqabəti stimullaşdırmaq lazımdır. Bu tədbirlər ölkədə dayanıqlı bazar iqtisadiyyatının formalaşmasına töhfə verəcəkdir.
Özbəkistan dövləti iqtisadi dirçəliş yolunu davam etdirmək üçün sülhsevər xarici siyasət xətti yeridir. Türk dünyasının bir hissəsi olan bu respublika nəinki qonşu ölkələrlə, o cümlədən Avropa və Asiyanın inkişaf etmiş dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan bir münasibət saxlayır. Bu cəhətdən Özbəkistanın siyasi rəhbərliyi qardaş Azərbaycanla bütün sahələrdə əlaqələrini yüksələn xətlə inkişaf etdirir.
Eyni kökə malik olan, ortaq tarixi, dini və mədəniyyəti bölüşən iki dost və qardaş xalqlar arasında əlaqələrin tarixi qədim dövrlərə gedib çıxır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulsa da hər ötən il yeni-yeni uğurlarla yadda qalmışdır. İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, iqtisadi, ictimai və digər sahələrində fəal iştirak edirlər.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edildi.
Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə dövlət idi ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmurdu və Azərbaycanı dəstəkləyirdi”. Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən ilk Mərkəzi Asiya ölkəsi olub.
İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Məlundur ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir.Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətləri də həlledici rol oynayır.2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısı Özbəkistana üç dəfə səfər edib.
Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
Prezident İlham Əliyev 2022-ci il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirilib. Həmin il Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanının Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfəri türkdilli dövlətlər arasındakı dostluq və qardaşlığın daha da inkişafına təkan verdi.
Prezident İlham Əliyevbu il iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib müzakirələr aparmışdır. Eyni zamanda belə bir cəhətə diqqət yetirmək lazımdır ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etməyi olduqca əhəmiyyətliaddım oldu.
Siyasi müzakirələr bitdikdən sonra avqustun 23-də Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfər etməsi region ölkələrinə və beynəlxalq birliyə ciddi mesaj idi. Şavkat Mirziyoyevin ölkəmizə səfəri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından olduqca mühüm tarixi hadisədir.
Hazırda Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və TürkDövlətləri Təşkilatı Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub.
İqtisadi əlaqələr də gündən-günə genişlənməkdədir. Bu çərçivədə Hökumətlərarası Birgə Komissiya fəaliyyət göstərir.Bu il avqustun 1-də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur.Həmçinin 2023-cü ilin 26 iyul tarixində “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC ilə “Azərenerji” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub.
Ötən il iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 181,2 milyon dollara çatıb ki, bu da 52.4 faiz artım deməkdir.2023-cü ilin 7 ayı ərzində isə iki ölkə arasında ticarət dövriyyəsi 143,9 mln. dolları təşkil edib, ixrac 81,2 mln. dollar, idxal 62,7 mln. dollar təşkil edib.
Azərbaycan kapitalının iştirakı ilə Özbəkistanda 203 müəssisə fəaliyyət göstərir, onlardan 66-sı birgə müəssisədir.2023-cü ilin fevralında iki ölkə arasında nizamnamə kapitalı 500 milyon dollar olan İnvestisiya Fondu yaradıb.Bu fondun iki ölkə arasında iqtisadi əməkdaşlığn güclənməsinə böyük töhfəsi olacaq.
Mədəni əlaqələr də inkişaf əsrlər boyu inkişaf edərək indiki səviyyəsinə yüksəlmişdir. Qarşılıqlı mədəni təsirin nəticəsində dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə almışdır.Bakı şəhərlərində dahi Əlişir Nəvainin abidəsinin ucaldılması, küçələriən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi də olduqca xoş təsir bağışlayır.
Hələ 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. Bu il avqustun 23-də isə Özbəkistan Prezidenti özü bu məktəbin təntənəli surətdə açılışında iştirak etdi.
Özbəklər Azərbaycan mahnılarını çox sevirlər. 2022-ci ilin avqust 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni təqdim edilib.Habelə Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostlik” ordeni ilə təltif ediliblər.
Həmçinin ötən il il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Bununla birlikdə sərgilər təşkil olunub. İki qardaş ölkə arasında gediş-gəliş, turizm əlaqələri də artmaqdadır. Bu məqsədlə Bakıdan Daşkənd, Səmərqənd, Urganç və Fərqanəyə həftədə 15 birbaşa uçuş həyata keçirilir. Sevindirici haldır ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev səfəri zamanı Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər.
Göründüyü kimi, Azərbaycan və Özbəkistan həyatın müxtəlif sahələrində əməkdaşlığı daha da genişləndirirlər. Artıq strateji xarakter alan bu əməkdaşlıq bütövlükdə türk dünyasının birliyinin güclənməsinə mühüm töhfə verir. Əminliklə demək olar ki, Azərbaycan-Özbəkistan əməkdaşlığı Orta Asiyada və Cənubi Qafqazda sülh və əmin-amanlığa xidmət edəcək, iqtisadi tərəqqiyə təkan verəcəkdir.
Atamoğlan Məmmədli,
BDU-nun dosenti