Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib.
AKTİ-dən verilən məlumata görə, ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəmanların şərəfli xatirəsinə ehtiram ifadəsi olaraq Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Həmçinin, İttifaqın təşkilatçılığı, Azərbaycan Könüllülərinin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar həqiqətləri” mövzusunda görüş keçirilib. Görüşdə rejissor, ssenarist və yazıçı Vahid Mustafayev qonaq qismində iştirak edib. Görüş zamanı 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, xalqımızın mübarizə əzmi və milli yaddaşda tutduğu əvəzsiz yer barədə ətraflı fikir mübadiləsi aparılıb. Vahid Mustafayev öz yaradıcılıq təcrübəsindən nümunələr təqdim edərək, 20 Yanvar həqiqətlərinin gələcək nəsillərə düzgün və obyektiv şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Əməkdar jurnalist, yazıçı-publisist Rafiq Səməndər və 20 Yanvar hadisələrinin canlı şahidi olan Nazim Ələkbərov ilə “20 Yanvar şahidlərin gözü ilə” mövzusunda görüş keçirilib. Görüş zamanı həmin faciəli gecənin real mənzərəsi birbaşa şahidlərin xatirələri əsasında könüllü gənclərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun tanklarından biri Nazim Ələkbərovun avtomobilinin üzərindən keçib və o, 20 Yanvar faciəsinin dəhşətlərini birbaşa yaşayan canlı şahidlərdən biri olub. Rafiq Səməndər isə 20 Yanvar hadisələrindən sonra şəhid ailələrini bir-bir ziyarət etdiyini, yaşanan ağrı və dəhşətləri qələmə aldığını və bu şahidlik əsasında “Şəhidlər” adlı kitabın ərsəyə gəldiyini bildirib. Vurğulanıb ki, bu cür görüşlər və yaradılan əsərlər 20 Yanvar həqiqətlərinin qorunması, tarixi yaddaşın yaşadılması və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
20 Yanvar Azərbaycan xalqının tarixinə təkcə faciə kimi deyil, eyni zamanda fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, lakin bunun müqabilində əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə, cəsurluq və milli ruhun sarsılmazlığını nümayiş etdirdi. Bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı bir millət olaraq haqq-ədaləti bərqərar etməyə, öz ləyaqətini və şərəfini qorumağa qadirdir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə açılsa da, şəhidlərimizin qanı ilə yazıldı və məhz buna görə də əbədi oldu.
Bu gün həmin tarixi irs müasir Azərbaycan gəncliyi üçün böyük mənəvi dayaq və məsuliyyətdir. 20 Yanvar şəhidləri gənclərə vətəni sevməyin, azadlığın və müstəqilliyin hansı bədəllər bahasına qazanıldığını xatırladır, onları milli dəyərlərə sədaqət, vətənpərvərlik və fəal vətəndaş mövqeyi ruhunda yetişdirir. Gənclər bu şanlı və ağrılı tarixi yaddaşdan güc alaraq, Azərbaycanın bu gününü və gələcəyini qurmaq missiyasını layiqincə davam etdirirlər.