21 May 2025 08:00
1234
SİYASƏT
A- A+
Azərbaycan Konstitusiyası - qüdrətli dövlətin və firavan həyatın təminatçısı

Azərbaycan Konstitusiyası - qüdrətli dövlətin və firavan həyatın təminatçısı


Bu il biz Azərbaycan dövlətçiliyi və xalqı üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünü qeyd edəcəyik. 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu ümumxalq səsverməsi ilə qəbul olundu. 5 il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bütün Azərbaycan ərazisində suveren hüquqlarımızı tam bərpa etdi. 

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən, xalqımız 18  oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etmişdir. Müstəqilliyimiz elə çətin və mürəkkəb bir vəziyyətdə bərpa olunmuşdur ki, biz bu tarixi hadisənin sevincini yaşaya bilməmişdik. Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Azərbaycandakı vəziyyəti, onun mürəkkəbliyini və çətinliyini çox görürdü. O, çox yaxşı anlayırdı ki, öz həyatını böyük təhlükəyə atır. Lakin buna baxmayaraq, bu dahi insan şərəfli tarixi missiyanı öz üzərinə götürdü. Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən, daxili separatizmdən, iqtisadi və siyasi böhrandan xilas etdi. Cəmiyyətin bütün təbəqələri əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Onun başladığı siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev çox böyük əzmlə, qətiyyətli siyasi iradə göstərərək ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Azərbaycan XXI əsrdə öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən dövlət olaraq tarixə düşdü. 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun artırılması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Heydər Əliyevin tarixi xidmətlərindən biri də ilk Konstitusiyanın hazırlanması idi. Ulu Öndər deyirdi: "Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq". 

Məlumdur ki, Konstitusiya dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyətlərin bölgüsü və digər demokratik dəyərləri özündə ehtiva edərək, həmçinin olduqca mühüm ideoloji funksiyanı yerinə yetirir. Bu baxımdan 1991-ci ildə ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu üçün mühüm amillərdən biri demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi idi. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, xaos və vahid siyasi iradənin mövcud olmaması bu mürəkkəb və məsuliyyətli vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi. Məhz belə çətin tarixi dövrdə xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə insanları milli dövlətçilik ideyası ətrafında birləşdirməyə nail oldu. Bununla da dövlət və cəmiyyət həyatının bir çox sahəsini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. O zamanlar ölkədə mövcud olan qanunvericilik sistemi hüquqi və demokratik dövlət ideyasının tələblərinə, qanunun aliliyinin təmin olunmasına uyğun olmamaqla, insan hüquq və azadlıqlarının müdafiəsinə kifayət qədər təminat vermirdi. Bu səbəbdən də öncə qanunvericilik sahəsində köklü islahatların aparılması artıq bir zərurətə çevrilmişdir. Əlbəttə ki, bu islahatları ölkənin Əsas Qanununu qəbul etmədən reallaşdırmaq qeyri-mümkün idi. Məhz bu səbəbdən qarşıda duran ən vacib məsələlərdən biri məhz yeni Konstitusiya layihəsinin hazırlanması idi.

Beləliklə, Milli Məclisin 2 may 1995-ci il tarixli qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq olundu. Ulu Öndər Konstitusiya layihəsini hazırlayan komissiyanın fəaliyyət göstərdiyi zaman Əsas Qanunun layihəsinə dair öz dəyərli fikirlərini bildirib və tövsiyələrini verib, hər bir müddəanı şəxsən nəzərdən keçirərək onun qəbul olunmasını təmin etmək üçün böyük əmək sərf etmişdir. Beləliklə, yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilib, 27 noyabr 1995-ci ildən isə qüvvəyə minib.

 Qeyd etmək lazımdır ki, Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu müddəa birbaşa onun göstəricisidir ki, insan amili, onun hüquq və azadlıqları ölkə Konstitusiyasının əsas diqqət mərkəzində dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Həmin sənədin 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bu bir daha ailə institutunun dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin sübutudur. Dövlətimizin əsas sənədində ümumbəşəri dəyərlərlə milli dəyərlər harmoniya şəklində təqdim olunur. Yəni biz qanunun aliliyi prinsipinə və milli adət-ənənələrimizə eyni münasibət bəsləyirik. Konstitusiyanın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 

Digər tərəfdən isə valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Yəni valideynə hörmət, qayğı bu, bizim mədəniyyətimizdir. Bu sənədin müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ilə ailə üzvlərinin digər hüquq və vəzifələri təsbit olunmuşdur. Həmin məcəllənin 29-cu maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. 

"Ailə bizim cəmiyyətimizin əsas sütunudur" - Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır. Ailə yalnız bioloji bağlarla deyil, mənəvi dəyərlərlə, sevgi, qayğı və qarşılıqlı anlayışla formalaşan bir sistemdir. Xüsusilə uşaqların və gənclərin düzgün yetişməsində valideynlərin rolu əvəzolunmazdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin ailə siyasətinin prioritet istiqamətlərini bir daha təsdiqləyir. Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Uşaqların sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi üçün ailədə və məktəbdə aldıqları tərbiyə həlledici rol oynayır. Bununla yanaşı, cəmiyyətin ümumi mənəvi mühiti də bu prosesə birbaşa təsir göstərir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu məsələ daim diqqət mərkəzində saxlanmalı və müvafiq qurumlar üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. 

Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar və digər) təsbit olunmuşdur. Milli qanunvericiliyin əsasını təşkil edən Konstitusiyada qadın və kişilərin bərabər hüquqları təmin edilir. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında", 2000-cı ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" (2006-cı il), "Məişət zorakılığının qarşısının alınması haqqında" (2010-cu il) Azərbaycan Respublikası qanunları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. 2011-ci ildə Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. 2014-cü ildə tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir (Qanun 1 iyun 2015-ci ildən qüvvəyə minib). Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda bir çox stereotipin qırılmasına səbəb olmuşdur. 

Xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi önəmli məsələlərdən biri idi. Ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Ulu Öndərin imzaladığı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunu xüsusilə qeyd etmək lazımdır. Həmçinin Konstitusiyanın qəbul olunması uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, ailə mühitində böyüməsi, hüquqlarının müdafiəsi istiqamətində güclü qanunvericilik bazasının formalaşmasına səbəb oldu. 

Əlbəttə ki, ölkədə hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, eyni zamanda ictimai münasibətlər inkişaf etdikcə Konstitusiyanın da müəyyən müddəalarının təkmilləşdirilməsi, müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Məhz belə zərurətdən irəli gələrək 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26  sentyabr 2016-cı ildə keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra mühüm əlavələr və dəyişikliklər edilib. Müasir çağırışları və yenilikləri özündə ehtiva edən Konstitusiya islahatları demokratik dəyərlərin bərqərar olması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ölkəmizdə gedən demokratikləşmə proseslərinin daha da dərinləşməsi kimi məqsədlərə xidmət edir. Xüsusilə vurğulamaq lazımdır ki, bu islahatlar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində də öz müsbət nəticələrini vermişdir. Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilmişdir. Əvvəllər onların sayı 674 idi. Eyni zamanda qadağan edilən bu peşə, vəzifə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfədir. Həmçinin ölkə üzrə qadınların orta əməkhaqqının kişilərin orta əməkhaqqına daha yüksək templə yaxınlaşması təmin ediləcəkdir. Və statistik göstəricilərdən də bunu görmək mümükündür. 2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2023-cü ildə isə 68,8 faizini təşkil etmişdir. Bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliyə əsasən, qadınlarla yanaşı, kişilər də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının tətbiqində gender bərabərliyinin təmin olunması həm də vətəndaşlarımızın konstitusion hüquqlarının müdafiəsi deməkdir. 2009-cu ildən Əmək Məcəlləsinə edilən dəyişikliyə görə, ataların övladı dünyaya gəldiyi zaman 2 həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur. Qeyd edim ki, bu məzuniyyətin ödənişli əsaslarla verilməsi ilə bağlı müzakirələr aparılır. 

Əlbəttə ki, qadınların kişilərlə bərabər iştirakçılığı üçün həm evdə, həm də iş yerlərində təhlükəsiz şərait olmalıdır. Onların gender əsaslı zorakılığa və məişət zorakılığına məruz qalmaması üçün müvafiq normativ-hüquqi aktlar qəbul edilib, fəaliyyət planı və qaydalar təsdiqlənib. Nəticədə zorakılığın bu və digər formasından zərərçəkmiş şəxsin hüquqlarının müdafiəsi gücləndirildi; zərərçəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edildi; zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyalar sərtləşdirildi; qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin müddəti artırıldı; məişət zorakılığından zərərçəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizmi yaradıldı; zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha da gücləndirildi. Azərbaycanda nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halı aradan qaldırıldı, həmçinin yetkinlik yaşına çatmayanlarla qeyri-rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yaradan valideynlər, qəyyumlar barəsində sanksiyalar sərtləşdirildi. Qanun bu il iyulun 1-dən qüvvəyə minəcəkdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün uşaq hüquqlarının müdafiəsi sahəsində əsaslı nailiyyətlər əldə olunmuşdur. Uşaq hüquqlarının müdafiəsinə dair çox güclü qanunvericilik bazası mövcuddur. Və bu sahədə davamlı islahatlar aparılır. Uşaqlarımız üçün ədalətli, inklüziv imkanlar yaradılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın uşaqların hərtərəfli inkişafı istiqamətində gördüyü çox önəmli və genişmiqyaslı işləri xüsusilə qeyd etmək lazımdır. Cəmiyyət inkişaf etdikcə təbii ki, tələblər dəyişir, yeni çağırışlar meydana gəlir. "Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır" - ölkə Prezidentinin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. 2018-ci ildə qəbul edilmiş və 2020-ci ildə qüvvəyə minmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun bu sahədə böyük əhəmiyyət kəsb edir. Uşaqların zərərli təsirlərdən müdafiə olunması istiqamətində qanunvericilik bazası mövcuddur. "Uşaq hüquqları haqqında", "Telekommunikasiya haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarını və digər müvafiq hüquqi-normativ aktları misal göstərə bilərik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 oktyabr 2019-cu il tarixdə "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Bu konvensiya daha çox "Lansarote Konvensiyası" kimi tanınır. Bundan sonra milli qanunvericiliyə bir sıra mühüm dəyişikliklər və uyğunlaşdırmalar edildi. Eləcə də "Övladlığa götürmə" ilə bağlı aparılan islahatlar, "Himayədar ailə" institutunun hüquqi bazasının yaradılması da mühüm dəyişikliklərdir. 

 Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişdir. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə ölkəmizi, mədəniyyətimizi, tariximizi, mədəni irsimizi yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ edir. Biz inanırıq ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.


Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasında iştirak edir

14:35
18 İyun

Ağdamın Kəngərli kəndində daha 40 ailəyə evlərinin açarları təqdim olunub  

14:34
18 İyun

Azərbaycanın və Belarusun müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər  

14:33
18 İyun

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi məlum olub

14:32
18 İyun

“TRT Haber” Kahramanmaraşın “Azərbaycan” məhəlləsi barədə reportaj yayımlayıb

14:30
18 İyun

Türkiyədən olan nümayəndə: Məhkəmə-hüquq sistemi qlobal sınaqla qarşı-qarşıyadır

14:28
18 İyun

Prezident İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul edib

13:49
18 İyun

Media: Tramp Rusiya neftinin qiymətinin aşağı salınması əleyhinədir

13:48
18 İyun

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib

13:46
18 İyun

Türkiyəli deputat: QDİƏT PA-nın 65-ci plenar sessiyası əməkdaşlığımızın inkişafına mühüm töhfə verəcək  

13:44
18 İyun

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB  

13:41
18 İyun

Azərbaycan ŞƏT-in İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub  

13:39
18 İyun

Bakıda keçiriləcək UFC turniri İdman TV-də canlı yayımlanacaq

13:21
18 İyun

SBSTA-nın sədri: Azərbaycanın zəngin təcrübəsi və uğurlu diplomatiyası SB62 gündəliyinin təsdiqlənməsində vəziyyəti müsbətə doğru dəyişdi  

13:17
18 İyun

Hərbi qulluqçularımız Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edirlər

13:15
18 İyun

Sabah hava əsasən yağmursuz olacaq

13:14
18 İyun

Nazir müavini: İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb

12:55
18 İyun

BSTDB-nin vitse-prezidenti: Qarşılıqlı dəstək regional sabitliyin və inkişafın təməlidir

12:55
18 İyun

Tramp: ABŞ İranın hava məkanına tam nəzarət edir

12:49
18 İyun

IRNA agentliyi: İran Tehran yaxınlığında İsrailin F-35 təyyarəsini vurub  

12:44
18 İyun

DİN: Ötən gün bank hesablarından 14 min manata yaxın vəsait oğurlanıb

12:23
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!