Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) 2014-cü il üçün fəaliyyət planındakı hədəflər çərçivəsində nəzərdə tutulan “Açıq qapılar” tədbirini keçirib.
Mərasimi açan AKB-nin icraçı direktoru Florian Sengstschmid bildirib ki, tədbirin əsas məqsədi iştirakçıları AKB-nin işi, məqsəd və hədəfləri ilə daha yaxından tanış etmək, onun indiyədək gördüyü işləri və gələcək planlarını təqdim etmək, üzvlərini tanıtmaqdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən söz açıb. Diqqətə çatdırıb ki, turizm hər bir ölkənin iqtisadiyyatının bir hissəsidir. 2011-ci ildə isə bu dövlət səviyyəsinə çatdırılıb. Ümumi inkişaf göstərir ki, Azərbaycan dünya səviyyəsində ən məşhur müxtəlif beynəlxalq tədbirlər keçirir.
Natiq Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə böyük önəm verildiyini deyib. Diqqətə çatdırıb ki, təkcə Bakı ilə məhdudlaşmaq kifayət deyil, regionların da turizm imkanlarından istifadə etmək lazımdır və bu istiqamətdə müvafiq işlər bundan sonra da davam edəcək.
Nazir Azərbaycan dövləti tərəfindən turizmin inkişafına, eləcə də Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə hər zaman dəstək göstəriləcəyini vurğulayıb.
Mərasim AKB-yə üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətləri, Azərbaycanın biznes turizmi sahəsində çalışan müxtəlif şirkət və firmaları bir araya gətirib.
Tədbirdə, həmçinin büroya üzv olmaq istəyən şirkət və mehmanxanalara, eləcə də biznes turizmi bazarının digər iştirakçılarına üzvlüyün açacağı imkanlar təqdim olunub.