BVF bu il ölkəmizdə qeyri-neft sektoru hesabına ÜDM istehsalının 2 faizdən çox artacağını proqnozlaşdırıb
2026-cı ildə Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi transformasiya, enerji bazarlarındakı dəyişkənlik və regional geosiyasi proseslərin təsiri altında inkişafını davam etdirir. Son illər müşahidə olunan struktur dəyişiklikləri göstərir ki, ölkə iqtisadi modeli tədricən ənənəvi xammal ixracatına əsaslanan sistemdən daha şaxələndirilmiş və dayanıqlı formaya keçid mərhələsindədir. Ona görə də 2026-cı ili makroiqtisadi sabitliyin qorunması və islahatların dərinləşdirilməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirmək olar.
Müasir mərhələdə iqtisadi artımın xarakteri təkcə enerji gəlirlərinin dinamikası ilə deyil, eyni zamanda neftdənkənar sahənin genişlənməsi və daxili investisiya mühitinin keyfiyyəti ilə müəyyən olunur. Dövlətin prioritetləri sırasında fiskal intizamın qorunması (yəni büdcə xərclərinin və borcların nəzarətdə saxlanılması, gəlir və xərclər arasında tarazlığın təmin edilməsi), inflyasiya risklərinin idarə edilməsi və biznes mühitinin liberallaşdırılması xüsusi yer tutur. Paralel olaraq rəqəmsallaşma, "yaşıl enerji" keçidi və nəqliyyat-logistika imkanlarının artırılması iqtisadiyyatın uzunmüddətli rəqabət qabiliyyətini formalaşdıran əsas istiqamətlər kimi çıxış edir.
Bu baxımdan Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il üzrə qiymətləndirməsi ölkə iqtisadiyyatının mövcud vəziyyətinə və perspektivlərinə dair mühüm nəticələri ortaya qoyur. Xanım Anna Bordonun rəhbərlik etdiyi BVF missiyası 4-17 fevral 2026-cı il tarixlərində Bakıya səfər edərək ölkənin maliyyə inkişafını, iqtisadi perspektivlərini və risklərini nəzərdən keçirib. Qurumun 2026-cı il üzrə son hesabatı göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf yoluna qədəm qoyub və qlobal çağırışlara çevik cavab vermək qabiliyyətini nümayiş etdirir. Hesabatdakı rəqəmlər ondan xəbər verir ki, Azərbaycan artıq yalnız enerji sektoruna deyil, eyni zamanda texnologiya, sənaye və digər perspektivli sahələrə əsaslanan daha rəngarəng və dayanıqlı iqtisadi modelə keçib. BVF proqnozlarına görə, 2026-cı ildə neftdənkənar sahənin fəallığı nəticəsində ÜDM artımı 2,1 faizə çatacaq. Eyni zamanda həyata keçirilən "ağıllı" pul-kredit siyasəti inflyasiyanı ilin sonunda 5 faizə, gələn il isə 4 faizə qədər endirməyi mümkün edir. Bu, sadəcə, statistik rəqəm deyil, əhalinin gündəlik rifahını qorumaq, biznes mühitini daha proqnozlaşdırıla bilən və stabil etmək baxımından böyük əhəmiyyət daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə qeyd edir ki, BVF-nin 2026-cı il proqnozları Azərbaycanın maliyyə-bank sektorunda sabitlik və hədəflənmiş artım dövrünün başladığını təsdiqləyir. Xüsusilə kreditləşmədəki dinamika iqtisadiyyatın qeyri-neft-qaz sahələrinə maliyyə resurslarının əlçatanlığını təmin edir və sahibkarlığın inkişafını dəstəkləyir. 2026-cı ildən başlayaraq, özəl sektora kredit qoyuluşu hər il təxminən 9 faiz artacaq. Bu da o deməkdir ki, sahibkarlar və şirkətlər banklardan maliyyə götürməkdə çətinlik çəkməyəcək, kredit həcmi nizamlı və proqnozlaşdırıla bilən şəkildə genişlənəcək. Nəticədə biznesin inkişafı üçün əlverişli şərait yaradılır. Bu, təbii ki, sadəcə, rəqəm deyil, biznes mühitinə proqnozlaşdırıla bilən maliyyə fonu yaradır, daxili investisiyaların fəallaşmasına yol açır və ölkənin iqtisadi dinamikasını gücləndirir.
Mərkəzi Bankın 2026-cı il üçün müəyyən etdiyi pul-kredit siyasəti ölkənin iqtisadi "qan dövranı"nı sağlam saxlamağa yönəlib. Manatla pul bazasının 8,5 faiz, geniş pul kütləsinin isə 7,8 faiz artacağı proqnozu göstərir ki, bazarda həm biznes strukturları, həm də vətəndaşlar şəxsi əməliyyatlarını rahat apara biləcək qədər pul mövcud olacaq. Ölçülü və balanslaşdırılmış artım tempi inflyasiya təzyiqi yaratmadan bazara kifayət qədər pul axını təmin edir. Xüsusi diqqətçəkən məqam ondan ibarətdir ki, ümumi geniş pul kütləsi cəmi 6,2 faiz artacaq. Manatla olan pul kütləsi daha sürətlə artır (7,8 faiz), ümumi kütlənin daha yavaş artması isə iqtisadiyyatın xarici valyutadan, əsasən də dollardan uzaqlaşdığını göstərir. Bu, dedollarizasiya adlanan prosesdir. Yəni insanlar və biznes strukturları artıq vəsaitlərini dollar yox, manatla saxlamağa üstünlük verirlər.
Mərkəzi Bankın bu "qızıl orta" yanaşması sayəsində bazarda izafi pul yaranmır, dövriyyədəki manatın dəyəri qorunur. Nəticədə həm qiymət sabitliyi təmin olunur, həm də manatın alıcılıq qabiliyyəti güclənir. Beləliklə, manat iqtisadiyyatın etibarlı lövbəri kimi fəaliyyətini davam etdirir. Nicat Hacızadənin sözlərinə görə, milli valyutanın dollara qarşı sabitliyi fonunda manatın nominal effektiv məzənnəsində müşahidə olunan yüngül ucuzlaşma iqtisadiyyat üçün yeni imkanlar açır. Bu proses qlobal valyuta bazarlarındakı dəyişikliklər, xüsusilə dollar indeksinin hərəkətləri ilə sıx bağlıdır: "Dolların beynəlxalq bazarlardakı dəyişkənliyi fonunda manat sabit qalmaqla, ticarət tərəfdaşlarımızın valyutalarına qarşı daha rəqabətqabiliyyətli vəziyyətə gəlir. Nəticədə yerli istehsalçılar xarici bazarlarda mövqeyini gücləndirir və "Made in Azerbaijan" məhsulları xarici alıcılar üçün daha əlçatan olur".
İqtisadiyyatın rəqabət qabiliyyətini artıran digər vacib amil real effektiv məzənnənin (REM) müsbət tendensiyasıdır. Bu meyil ölkədə inflyasiyanın ticarət tərəfdaşları ilə müqayisədə daha aşağı və sabit olmasından irəli gəlir. BVF-nin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda inflyasiya 5 faizə qədər enəcək. Bu, o deməkdir ki, ölkədə xərclər nəzarətdə saxlanılır. Anna Bordonun açıqlamaları isə gələcək illər üçün iqtisadi proqnozları daha dəqiq görməyə imkan verir: "2027-ci ilin sonuna qədər inflyasiyanın 4 faizə düşəcəyi proqnozlaşdırılır. Cari hesab balansının 2026-27-ci illərdə də müsbət qalacağı gözlənilir. Mərkəzi Bank və ARDNF-in birləşmiş ehtiyatlarının artması davam edəcək. Perspektiv üçün risklər ümumilikdə balanslaşdırılmış olaraq qalır".
Beləliklə, 2026-cı il üçün proqnozlar əsas verir deyək ki, Azərbaycan makroiqtisadi sabitliyi qorumaqla yanaşı, xarici investorların dəstəklədiyi yeni inkişaf modelinə uğurla inteqrasiya edir. Neftdənkənar sahəyə keçid yaxın illərdə daha dayanıqlı, inklüziv və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması üçün möhkəm zəmin yaradır.
Züleyxa ƏLİYEVA.
"Azərbaycan"