25 Yanvar 2023 02:48
502
SİYASƏT
A- A+

AVROPA PULRAMENTİ

 

Mayası rüşvətlə yoğrulan Avropa Parlamentinin erməni sevgisi

 

Allah Üzeyir bəyə rəhmət eləsin!
Məşədi İbad adlı ("O olmasın, bu olsun") elə bir komediya yazıb ki, bütün dövrlər üçün aktualdır.
Əsərdə bəyin üzəçıxma mərasimindəki yeyib-içmək məclisinin isə tayı-bərabəri yoxdur!
Hərə özü bildiyi kimi Məşədi İbadı tərifləyir, vəsf edir, sağlığına badə qaldırır.
Tostların birində Rüstəm bəyin gözünün ağı-qarası bircə qızının Məşədi İbad kimi qoca baqqala niyə ərə verməsinin "səbəbi" də açıqlanır!
Sən demə, Rüstəm bəy Məşədi ilə onun puluna, malına, dövlətinə görə yox, "həqiqi müsəlman"lığına görə qohum olmaq istəyir.
Çünki Məşədi İbad məclisdəkilər kimi araq yox, çay içir.
***
İndi gəlirik Avropa Parlamentinin erməni sevgisinə.
Onun erməni aşiqliyi nədən qaynaqlanır və niyə cidd-cəhdlə Ermənistanı dayanmadan müdafiə edir!
Bəlkə Ermənistan həqiqəti söyləyən dövlətdir?
Amma erməni yalanı bütün dünyada məşhurdur, bu millət tarixindən tutmuş mədəniyyətinə, dininə-kilsəsinə, çarlığına, "böyük Ermənistan" mifinə qədər hər şeyini uydurub, saxtalaşdırıb!
Bəlkə Ermənistanın ərazisi işğala məruz qalmışdı?
Amma 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini vəhşicəsinə dağıtdığını, tarixi və dini abidələrimizi yerlə bir etdiyini, hətta qəbiristanlıqlarda törətdiyi vandallıqları bütün dünya gördü və bildi!
Bəlkə erməni fağır, məzlum, yazıq millət olduğundan ona canları yanır? 
Amma fağır, məzlum, yazıq millət Xocalıdakı soyqırımı törətməzdi, uşaqları, qocaları, qadınları öldürməzdi, girov götürərək başlarına olmazın müsibətləri açmazdı, Qarabağ ərazisində milyonlarla ölüm tələsi olan mina "əkməzdi".
Bəlkə Ermənistanın mövqeyi və əməlləri beynəlxalq hüquqa, konvensiyalara uyğundur?
Amma Azərbaycan ərazilərinin işğalından dərhal sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi (və yerinə yetirmədiyi) 4 məlum qətnamə (Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxması barədə) həqiqətin və beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu sübuta yetirir!
Bəlkə Ermənistan Laçın yolundan yalnız humanitar məqsədlərlə istifadə edir?
Amma aşkara çıxarılan və sübuta yetirilən faktlar göstərir ki, 44 günlük müharibə qurtararaq üçtərəfli Bəyanat imzalandıqdan sonra Ermənistan Laçın yolu ilə 2021-ci il istehsalı olan minalar gətirərək Azərbaycan ərazilərində basdırıb, Qarabağa ağır texnika, silah-sursat, terrorçu daşıyıb, Azərbaycanın təbii sərvətlərinin talanını davam etdirərək bu yolla aparıb.
Bəlkə həqiqətən Azərbaycan Xankəndi-Laçın yolunu bağlayıb? 
Amma hər gün Xankəndi-Laçın yolundan çəkilərək Azərbaycanın və dünyanın bir çox ölkəsindəki televiziya kanallarında nümayiş etdirilən süjetlərdən açıq-aydın görünür ki, Xankəndi-Laçın yolu humanitar yüklər, mülki vətəndaşlar, sülhməramlı qüvvələrin və Qızıl Xaç Cəmiyyətinin maşınları üçün daim açıqdır və qeyri-hərbi yüklər daim sərbəst şəkildə keçib gedir!
Bəs onda əsl səbəb nədir?
***
Avropa Parlamentində rüşvətlə iş görməyə vərdiş etmiş o qədər deputat var ki, qurumun başı bu tipli qalmaqallardan ayılmır ki, həqiqəti görə və qiymətləndirə bilsin!
Hətta son illərdə baş verən qalmaqallı faktları yan-yana düzəndə əmin olursan ki, burada pulsuz iş keçmir!
Məsələ çox sadədir: pul erməni diasporunda, rüşvətxor deputat isə Avropa Parlamentində!
Vəssalam-şüttəmam!
Nəticədə 18 yanvar tipli qətnamələr meydana çıxır…
Rüşvətlə çıxarılan qətnamələrin isə heç bir gücü və dəyəri olmaz!
Həm də Azərbaycan çoxdan Avropa Parlamentinin qərəzli və qeyri-obyektiv, saxta qətnamələrini boş kağız hesab edir.
***
Avropa Parlamentinin erməni məhəbbəti təkcə onun korrupsiya yuvasına çevrilməsindən, ötən ay Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin simasında adının milyonlarla dollarlıq rüşvət qalmaqalında hallanmasından qaynaqlanmır, üstəlik, irqçi, islamafob, Azərbaycanafob, türkofob mahiyyətindən, fəaliyyətinin əsasında ikili standartların dayanmasından irəli gəlir.
"Konyak diplomatiyası"ndan yetərincə bəhrələnən bu qurum cari ilin 18 yanvarında qəbul etdiyi reallıqdan tam uzaq, böhtan və yalan informasiyaya söykənən qətnaməsində hətta Azərbaycanın guya Ermənistana "hərbi təcavüz etdiyini" belə utanmadan söyləyir.
Çoxdan tarixin zibilliyinə atılmış "Madrid prinsipləri"nə istinadlar edir.
Avropa Parlamenti reallıq və obyektivlik hissini itirdiyindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilmədiyini, Ermənistanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırdığını, Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının tam çıxarılmadığını, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmadığını, hələ də işğal altında qalan 8 Azərbaycan kəndinin qaytarılmadığını, Vətən müharibəsindən sonra mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının öldüyünü və ya ömürlük əlilə çevrildiyini qəsdən unudaraq əməldə erməni dəyirmanına su tökür.
***
Ermənistanın özünün belə unutduğu "Madrid prinsipləri"ni Avropa Parlamentinin xortlatmaq istəyinin mənası nədir?
Otuz illik işğal dövründə yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, yaşayış məntəqələrinin yerləyeksan edildiyi, təbii sərvətlərin talan edildiyi dövrdə susan, yalnız "növbətçi ifadələr" işlədilən bir neçə qətnamə qəbulu ilə kifayətlənən Avropa Parlamenti bu gün tərəflər arasında sülhə deyil, erməni revanşizminin çiçəkləndirilməsinə xidmət edən təhrikçi qətnamələr "istehsalı" ilə məşğuldur!
Erməni məhəbbəti Avropa parlamentarilərinin gözlərini o qədər tutub ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan əməkdaşlıq müqavilələrini, Azərbaycanın Avropanın təbii qazla təchizatındakı səmərəli, daha doğrusu, xilaskar fəaliyyətini belə görmür, yaxud görmək istəmir!
Yel qayadan nə aparar?
Belə qətnamələrin mənasızlığını və əhəmiyyətsizliyini qüdrətli Azərbaycan və onun möhtəşəm ordusu dəfələrlə sübut edib!
Bu da olsun növbəti yalan, qərəzli, gerçəyə əsaslanmayan adi kağızlardan biri!
Azərbaycan onsuz da öz istəyinə nail olacaq, öz ərazisində yurisdiksiyasını bərpa edəcək, vətəndaşlarının Qarabağ və Şərqi Zəngəzurda, hətta Qərbi Azərbaycanda belə xoşbəxt yaşayışına nail olacaqdır!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video