26 Yanvar 2023 00:58
357
SİYASƏT
A- A+

Avropa Parlamentinin qətnaməsi sülhə yox, qarşıdurmaya yol açır

 

Avropa Parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnaməsi birmənalı olaraq reallıqlardan uzaq, heç bir hüquqi əsası olmayan, avantürizmə, münaqişələrə, qarşıdurmalara yol açan bir sənəddir. Azərbaycanın guya Ermənistana hərbi təcavüz etdiyini, Laçın yolunu bağlamaqla Qarabağ ermənilərini blokadada saxladığını iddia edən qətnamə tamamilə ermənipərəst notlar üzərində bəstələnib və bilavasitə Avropa Parlamentini oyuncağa çevirən Fransanın təkidi, təşəbbüsü ilə hazırlanmışdır.
Bu gün heç kimə sirr deyil ki, Avropa Parlamenti irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi ilə tanınır və hadisələrə daha çox milli baxımdan qiymət verilir.
Digər tərəfdən, AP çirkab içindədir, korrupsiya yuvasına çevrilmişdir. Parlamentin vitse-prezidenti, Yunanıstandan olan deputat Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiyada hallanması və əksər deputatların faktlara ikili standartlardan yanaşmaları, böhtan, şantaj yolu tutmaları bunun əyani nümunəsidir.
Hadisələr göstərir ki, Fransa prezidenti Makron Avropa Parlamentini bir alətə çevirmiş və ondan öz çirkin məqsədləri üçün istifadə etməkdədir. Ermənistan isə bu prosesdə bir oyuncaqdır. Cənubi Qafqazda üstünlük qazanmaq, Rusiyanı sıxışdırıb aradan çıxarmaq, dünyaya öz varlığını sübut etmək niyyətində olan Makron və əlaltıları dərk etmirlər ki, onların çirkin planları, avantürist əməlləri dövlətlərə və xalqlara, Qafqazda təhlükəsizliyin təmin edilməsinə, əsasən də Ermənistana yaxşı heç nə vəd etmir. Makron-Paşinyan "bacılığı" və bu birliyin ardınca gedənlərin tutduğu yol, əslində, yeni müharibələrə hesablanmışdır.
Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü yada salmaması, 30 il işğal altında qalan torpaqların, dağıdılan şəhər və kəndlərin, tarixi, dini, mədəni abidələrin taleyini dilə gətirməməsi, illərlə yüz minlərlə qaçqın və məcburi köçkünün həyatını nəzərə almaması bəşəriyyətə, beynəlxalq hüquq normalarına, parlamentarizmə ən böyük xəyanətdir.
Qətnamədə humanitar fəlakətdən geniş söz açan AP əsl humanitar fəlakətin Vətən müharibəsindən sonra yaşandığını nədənsə görmək istəmir və erməni təcavüzkarları tərəfindən minalanmış sahələrdə minaya düşərək həlak olan 300-dən çox insanın faciəsinin fərqində deyildir.
Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində, çıxışlarında, görüşlərdə haqlı olaraq bəzi parlamentlərin, siyasətçilərin, dövlət rəhbərlərinin Azərbaycan barədə səsləndirdikləri həqiqətə uyğun olmayan fikirləri, xülya, reallıqlara əsaslanmayan sənədləri quru kağız parçası adlandırmaqla bərabər sülhə sadiqliyini bəyan etmişdir. Bildirmişdir ki, bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sahəsində uğur qazana bilərik.        
Azərbaycan-Ermənistan münasibətləri yalnız və yalnız Azərbaycan-Rusiya-Ermənistan dövlətlərinin rəhbərlərinin qəbul etdikləri sənədlər, bəyanatlar çərçivəsində həll edilməlidir.
Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə uzunmüddətli müşahidə missiyası göndərmək niyyəti, Avropa Parlamentinin qəbul etdiyi saxta qətnamələr sülhün təmin edilməsinə deyil, əksinə, Cənubi Qafqazda münaqişələrin, müharibələrin alovlandırılmasına xidmət edir.     
Avropanın və Qərbin, Makron kimi avantürist siyasətçilərin girovuna çevrilən Paşinyan hakimiyyəti bunu yaxşı dərk etsə də, onlar öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün hər cür xəyanətə, çirkin əməllərə əl atır və erməni xalqını yeni bəlalara, uçuruma sürükləyirlər. Bu yolda itirən isə Azərbaycan yox, Ermənistan olacaqdır.

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video