04 Oktyabr 2022 01:31
1815
SİYASƏT
A- A+

Avropa İlham Əliyevin qlobal liderliyini etiraf etdi

 

Qitə ölkələrinin rəhbərləri Azərbaycan Prezidentinin  enerji təhlükəsizliyi ilə bağlı qətiyyətli fəaliyyətini yüksək qiymətləndirirlər

 

Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfəri, Sofiyada keçirilən görüşlər, o cümlədən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi bir daha Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrinin strateji məzmun daşıdığını göstərdi. Bu səfərin, danışıqların və görüşlərin növbəti dəfə təsdiq etdiyi başqa bir gerçəklik isə Avropanın İlham Əliyevin liderliyini qəbul etməsi oldu. 

 

Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır

 

Bu gün Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Ona görə bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünyanın böyük siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər. 
Azərbaycanın regional və qlobal miqyasda uğurlarını şərtləndirən əsas səbəb ölkə rəhbərliyinin yürütdüyü siyasətdir. Bu siyasətin müstəqil olması, yalnız və yalnız xalqın və dövlətin maraqlarına xidmət etməsi güclü Azərbaycan dövlətini xarakterizə edən əsas məqam kimi çıxış edir. Sentyabrın əvvəllərində İtaliyanın Çernobbio şəhərində keçirilən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda forumda Prezident İlham Əliyev bununla bağlı demişdi: "Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik".
Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı Azərbaycanla bağlı söylənən fikirlər bir daha ölkəmizin qlobal nüfuzunu təsdiq edən mühüm məqamlardır. Məsələn, İlham Əliyevlə geniş tərkibdə görüşdə Bolqarıstan Prezidenti Rumen Radev deyir: "Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək".
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Prezident İlham Əliyevlə görüşdə Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke də Azərbaycanla ölkəsi arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluğunu ifadə edib. Baş nazir müxtəlif sahələrdə geniş gündəlik əsasında əlaqələrin daha da inkişafı üçün böyük imkanların olduğunu bildirib, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.

 

"Dostumuz İlham Əliyevin iştirakı olmasaydı..."

 

Təbii ki, bütün bunları şərtlərindən əsas amil Prezident İlham Əliyevin yürütdüyü siyasətdir. Gərgin qlobal beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır. Təsadüfi deyil ki, dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. 
Serbiya Prezidenti Aleksandar Vuçiçin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində dediyi sözlər bu baxımdan Prezident İlham Əliyevin Avropada qəbul edilən lider olduğunu təsdiq edir. "Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim" - deyə Aleksandar Vuçiç bildirib.
Qeyd edək ki, "Cənub qaz dəhlizi"nin gerçəkləşməsi ilk gündən Prezident İlham Əliyevin siyasi iradəsinə bağlı olub. Azərbaycan dövləti bütün maraqlı siyasi və iqtisadi tərəfləri bu layihə ətrafında qətiyyətlə birləşdirdi, ölkəmizin təşəbbüsləri Avropa İttifaqı tərəfindən dəstəkləndi. Bu enerji infrastrukturunun ərsəyə gətirilməsi zamanı Azərbaycanın etibarlı tərəfdaş kimi qarşıda duran vəzifələri vaxtında icra etməsi isə daim Avropanın diqqətini çəkib. "Cənub qaz dəhlizi"nin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. Bəlkə də bəzilərinə illər öncə bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Lakin ilk növbədə İlham Əliyevin müdrikliyi və siyasi iradəsi bu layihənin hər bir mərhələsinin uğurla tamamalanmasını təmin edib.
Bu baxımdan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi deyilən digər fikirlər də Prezident İlham Əliyevin fəaliyyətinə verilən yüksək qiymətdir. "Nəhayət ki, 10 ildən çox bundan əvvəl Prezident Pırvanovla əldə edilən razılaşmaya sadiq qalan Prezident Əliyevin simasında özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var", - deyə Bolqarıstan Prezidenti Rumen Radev bildirib.
Ulu Öndər Heydər Əliyevin başladığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını təmin edib.  Müstəqil siyasət yürüdən beynəlxalq birliyin fəal üzvü, aktual qlobal müzakirələrin fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyində aparıcı dövlətlərdən biridir. Vətən müharibəsindəki qələbə isə respublikamızın beynəlxalq nüfuzunu daha da artıran tarixi amil oldu. Bütün bunları təmin edən Prezident İlham Əliyev beynəlxalq miqyasda, bütün siyasi dairələrdə ehtiramla qəbul olunan dövlət başçısı və siyasi liderdir. Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfəri və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi deyilənləri bir daha təsdiq edən siyasi hadisələr oldu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video