Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva: "Mənim üçün zaman keçməyib, elə Anarın şəhid olduğu o anda qalmışam"
...Dünya zülmətə boyanmışdı. Hərdən üzünü göstərib yoxa çıxan gümüşü ayın qabağını kəsən və aralarında qovğa aparan qapqara buludlar lap alçaqda qəzəblə çarpışır, sonra isə zülüm-zülüm ağlayırdılar.
Qarayüklü ağ buludlar sonsuzadək uzanıb gedən üzümlükdə insan qaraltısına bənzəyən adda-budda dirəklərin birinə kürəyini söykəyərək ölümlə həyat arasında yaşam savaşı verən gənc oğlan üçün göz yaşları tökürdülər...
Anlar bir-birini qovur, gənc isə gecə kimi qara saçlarından, üz-gözündən süzülərək al qırmızı qanına qarışaraq torpağa hopan yağış damlalarının gətirdiyi rahatlıq hissi ilə gözlərini yumurdu... Getdikcə susuzluqdan alışıb-yanan ürəyi sərinləyir, özündə qəribə bir yüngüllük hiss edirdi...
Amma bayaqdan bəri qulaqlarında səslənən "Ata, bizi qoyub getmə!.." yanıqlı harayı isə heç dinmək bilmirdi...
Beləcə, könlündə intizar, qulağında balalarının səsi, qəlbində ana Vətənin azadlığından doğan toxtaqlıqla daha bir igid oğul əbədiyyətə qovuşurdu...
2020-ci il oktyabrın 21-i - "Şuşanın açarı" sayılan yüksəkliyin Kəlbəcər elinin cəsur oğlu polkovnik-leytenant Anar Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqla azad olunduğu gün idi...
Bitməyən bu iztirab məni öldürəcək,
sevgilim
Sən ordasan, mən burdayam,
ayrılıq zor sevgilim!
Qəlbim sənə məzar olsun, sevgilim!
Göz yaşlarım sənin üçün yağış olsun,
sevgilim!..
"Yoxluğu ilə ürəyimizə elə bir dağ çəkdi ki..."
O gecə Vüsalə yuxuda Anarı bir əkin sahəsində başdan-ayağa suyun, palçığın içində köməksiz vəziyyətdə görmüşdü. O hər nə qədər röya olduğunu bilsə belə, yuxunun yaratdığı ağır auradan, vahimədən, dəhşətli hisslərdən qurtula bilmirdi. Gün boyu elə hey fikri də, ruhu da Anarın yanında dolaşırdı. Öz-özünə təskinlik verirdi. Axı cəmi üç gün əvvəl - oktyabrın 18-də danışmışdılar, Anar ona hər şeyin qaydasında olduğunu demişdi. Hər zaman olduğu kimi, indi də ömür-gün yoldaşını inandıra bilmişdi ki, od-alovun içində olsa da, ona heç nə olmaz...
"Anar mənim həyat müəllimim olub, amma heç zaman mənə öyrətməyib ki, hərbçidir, bir gün gedib qayıtmamaq da var... O heç vaxt məni buna hazırlamayıb. Bəlkə də ömür boyu məni o sıxıntı içərisində saxlamamaq üçün belə edib... Bilmirəm...
Anar çox ailəcanlı idi, uşaqları ilə nəfəs alırdı. Hərbçilik çətin peşədir. Amma o nə qədər çətinlik çəksə belə, bunu büruzə vermirdi. İstəmirdi ki, az da olsa nəyəsə görə narahatlıq keçirək. Amma bir gün yoxluğu ilə ürəyimizə elə bir dağ çəkdi ki, göynərtisi heç zaman getməyəcək, yarası heç zaman sağalmayacaq, gözlərimizdəki yaş heç zaman qurumayacaq..."
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevadır "Zəriflərin dünyası"nda...
Elə qəhrəman şəhidin doğum günü ərəfəsində gözyaşları içərisində Anarlı-Anarsız günlərindən danışır, onunla birlikdə yaşadığı acılı-şirinli 14 illik həyat gündəliyini vərəqləyir. Ömrünün bahar çağında yarından əbədi ayrılan, gənc yaşında qara saçlarına qəmdən bəyaz çələng hörülən Vüsalə xanım Anarın yoxluğundan duyduğu ağrı-acılı hisslərlə gah göz yaşlarına boğulur, gah səsi titrəyir, gah da fikirləri yarımçıq qırılır...
"Anarsızlığa dözmək çox çətindir. Elə bağlı idik ki, bir-birimizə... Bilirsiniz, belə dərdin heç bir təsəllisi olmur. Yalnız Allahın səbri, övladlarımın varlığı, bir də Anarın bu cür qəhrəman olmasının qürurudur məni yaşadan. Çünki, qəhrəmanlığın, şəhidliyin nə zirvə olduğunu bilirəm".
Qəhrəmanlıq salnaməsi
Bu gün Anar Əliyevin günüdür - doğum günüdür...
1980-ci il avqustun 28-də Kəlbəcərdə ziyalı ailəsində dünyaya göz açıb... Kəlbəcərin ilk sakinlərindən olan "Kalvavəllər" - Kərbəlayi Vəlinin nəslinin nümayəndəsi olan Anarın atası Vaqif Əliyev və anası Səkinə Bayramova müəllimdirlər. Buna görə də o kiçik olarkən valideynlərinin iş yeri ilə əlaqədar Ağdərə rayonunun Göyarx kəndinə köçüb, 1988-ci ilə qədər orada rusdilli kənd məktəbində təhsil alıb. Həmin il Qarabağda məlum hadisələr başlayanda ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçüb və Anar təhsilini burada davam etdirib. 1997-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirərək həmin il Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olunub. 2001-ci ildə hərbi məktəbi "qoşun kəşfiyyatı" ixtisası üzrə bitirib və həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi olub.
Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Ali Hərbi Akademiyasında təhsilini davam etdirib. Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilib. 2018-ci ildə Naxçıvanda baş tutan Günnüt əməliyyatının ən fəal və cəsur iştirakçılarından olan Anar Əliyev əməliyyatda xüsusi fərqləndiyinə görə "Şücaətə görə" medalı ilə təltif olunub.
Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri olub. Savaşın Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənib. Anar Əliyevin rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın qəhrəmanlığı sayəsində 14 oktyabrda Füzuli və Xocavəndin birlikdə 6 kəndi azad edilib. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətlərində irəliləyərək polkovnik Tehran Mənsimovun qrupuna yol açıb. Anar Əliyevin rəhbərliyi altında Qubadlı istiqamətində üzərində xaç olan strateji yüksəklik də azad edilib.
Polkovnik-leytenantın komandirlik etdiyi briqadanın da iştirak etdiyi əməliyyatlar nəticəsində, 21 oktyabrda Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilib. Həmin tarixdə Xüsusi Təyinatlı Qüvvələrin Komandanlığı tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə "772 metr" yüksəkliyinin, Xocavəndin Tuğ kəndinin azad edilməsi tapşırılıb.
Şuşaya yolumuzu qanı bahasına açdı
Həmin gün Anar Əliyevin rəhbərlik etdiyi dəstə məharətlə, gözə çarpmadan, həm da qarşıya çıxan düşmən qüvvələrini məhv edə-edə irəliləyib tapşırıq verilən yerin yaxınlığındakı üzüm bağına girir. Bu vaxt qarşıdakı "dot"dan gələn ani səs peşəkar kəşfiyyatçı qulağından yayınmır. O, heyətdən 8-9 nəfər götürərək təhlükəli yeri yoxlamağa gedir. Səngərə ilk girən Anar Əliyev qəfil düşmən əsgəri ilə üz-üzə gəlir və onunla əlbəyaxa döyüşə çıxır. Bu zaman açılan atəş nəticəsində çiynindən ağır yaralanmasına baxmayaraq, düşmənə aman verməyib onu məhv edir...
Lakin bu, Anar Əliyevin Vətən müharibəsində sonuncu qəhrəmanlıq döyüşü olur... Əvvəlcə, sağ qolundan, sonra isə gözündən yaralanır. Bu zaman leytenant Adil Əfəndiyev ona ilk tibbi yardım göstərir, lakin yaxınlıqda olan düşmənin açdığı intensiv atəş və atılan əl qumbarasından aldıqları ağır yaralar nəticəsində polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev şəhid olurlar.
Qəhrəman döyüşçü Anar Əliyev qanı, canı bahasına olsa da "Şuşanın açarı" sayılan yüksəkliyi azad etmişdi və onun şəhadətindən sonra iki gün ərzində də döyüş yoldaşları çarpışaraq həmin yüksəkliyi düşmənə verməmiş, əllərində saxlayaraq Azərbaycan Ordusunun Şuşaya Zəfər yolunu açmışdılar...
25 oktyabr 2020-ci ildə II Fəxri xiyabanda torpağa tapşırılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri şəhid Anar Əliyev ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Vətən müharibəsi başlayana qədər Anar Əliyev fərdi usta dərəcəsinə layiq görülüb və 11 medalla təltif olunub. Prezidentin sərəncamına əsasən, Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə Anar Əliyevin adı verilib.
Əl-ələ tutub yanaşı gəzən,
Gözüylə baxışıb sevənlər də var.
"Səni sevirəm"- deyib, qızılgül verən,
Sadəcə sözlərdə sevənlər də var...
Xoşbəxtlik anları
...2006-cı ilin yağışlı bir payız günündə Anarla Vüsalə çal-çağırlı toyla ömürlərini birləşdirmişdilər. Düz 14 il xoşbəxtliklə dolu bir həyat yaşamışdılar. Tanrı onlara bir qız, bir oğul payı vermişdi. Qızlarına Nigar, oğlanlarına Əli adı vermişdilər. Onlar acılı-şirinli həyat yolunda daim bir-birlərinə dəstək olmuş, çətinlikləri də birlikdə dəf etmişdilər. Hələ nişanlı vaxtlarından Anar Vüsaləyə, necə deyərlər, zabit xanımı olmağın təlimini keçmişdi, amma bircə dəfə də olsun ona ayrılıqdan bəhs etməmişdi Günnüt əməliyyatına, Vətən müharibəsinə yola düşəndə də heç nə deməmişdi...
- Anar Günnüt əməliyyatı zamanı 3-4 ay evə gəlmədi. Bircə dəfə gəldi, onda da bizi Bərdəyə anamgilə göndərdi. Yalnız sonradan Günnüt əməliyyatı haqqında bilmişdik. Çünki, o heç vaxt işi ilə bağlı evdə danışmırdı. Xüsusi təyinatlı kəşfiyyatçı idi və vəzifəsinə uyğun xasiyyəti var idi. Dövlət sirrini heç kimlə bölüşməzdi.
Sentyabrın 27-si Əlinin ad günüdür. 2020-ci ildə sentyabrın 26-da Anar evə gəlib dedi ki, "gedək Əlinin ad gününü qeyd edək". Getdik, qeyd elədik, səhər saat 5-də Anar evdən çıxdı. Sonra isə televiziyada müharibənin başlandığını eşitdim. O, Naxçıvanda sərhədboyu xidmətdə idi. Çox darıxırdı ki, gedib müharibədə iştirak etsin. Əvvəlki gəlişlərində çox gərgin, kədərli idi, çünki müharibədən dostlarının şəhidlik xəbərini almışdı, gözlərində yaş, kədər var idi. Amma qəribə idi ki, sonuncu dəfə - oktyabrın 11-də evə gələndə çox sevincli idi, düşündüm ki, yəqin müharibə qurtarıb, ya başqa nəsə bir şey olub. O isə dedi ki, "yox, ola bilsin ki, biz də müharibəyə qatıldıq. Amma hələ dəqiq heç nə yoxdur, axşam evə gələcəm".
Küçədə onu maşın gözləyirdi. Nigarı öpdü, mənimlə görüşdü, Əli həyətdə oynayırdı, dedi onu da görüb gedəcəm işə... Demə, o bizimlə vidalaşmağa gəlibmiş. Anar həyətə düşdü, mən də eyvandan soruşdum ki, "Əlini gördün?" Cavab vermədi, üzünü çevirib baxmadan maşına oturub getdi. İndi düşünürəm ki, Anar o anda kövrəlib, mən görməyim deyə dönüb arxaya baxmamışdı...
Əli ilə son dəfə görüşə bilməməyi hələ də qəlbimdə yara kimi qalıb...
Anar axşam evə gəlmədi, zəngləşəndə dedi ki, müharibəyə gedirəm.
Oktyabrın 12-si axşam artıq o, Füzuli istiqamətində döyüşdə idi. Telefonla danışanda dedi ki, "sabahdan mənə zəng çatmayacaq, narahat olma, özüm imkan olan kimi zəng edəcəyəm". Xeyir-dua verdim, dedim, "səni qələbə ilə gözləyirik".
Biz telefonda halallaşdıq, amma yenə də ağlıma əbədi ayrılıq gəlmədi...
Son dəfə oktyabrın 18-i danışdıq...
Döyüşlərin ən şiddətli çağında, hər an ölümlə üz-üzə olsa da mənimlə elə toxtaq, ruh yüksəkliyi ilə danışdı ki, bunun Anarla son danışığımız olacağını ağlımın ucundan belə keçirmədim... Cəmi üç gün sonra, oktyabrın 21-də isə...
Anar şəhid oldu...
Son vida
Oktyabrın 22-də Vüsalə eşidir ki, Anar yaralanıb və onu hospitalda görmək üçün Naxçıvandan yola düşür. Oktyabrın 25-də səhər tezdən hospitalın həyətinə daxil olanda isə gördüyü mənzərədən dünya gözündə qaralır...
- Baxdım ki, həyətin ortasına bir tabut qoyulub, üstündə Anarın şəkli... Sonra nə olduğunu xatırlamıram... Handan-hana özümə gələndə düşündüm ki, yox, tabutun içərisindəki Anar ola bilməz...
İnanmasam belə, ürəyimdə dəhşətli hiss var idi. Həmin zaman bir anlıq arxaya çevrilib uşaqların necə hönkürtü ilə ağladıqlarını gördüm. Sanki onlar o tabutun içərisində ataları olduğunu bilirdilər və qəbul etmiş bir şəkildə ağlayırdılar. Mən isə çarəsizcə onlara baxırdım, nə sarıla bilirdim, nə də o anda onlara təsəlli verəcək halda idim...
O anda yaşadığım hissləri dilə gətirmək mümkün deyil. Atalarının məzara qoyulması, basdırılması o iki uşağın gözlərinin qarşısında baş verdi... Bilirsiniz, bütün bunlara dözmək dəhşətdir... Sadəcə, elə o iki uşağa görə yaşamağa çalışıram...
Bakıdan Tərtərə getdik. Həmin zaman müharibənin ən dəhşətli vaxtları idi, Bərdəyə, Tərtərə çatanda gördüm ki, uzaqdan Qarabağın üzərində topun, güllənin tüstüsü qara bulud kimi yığışıb. O qara buludların içərisində bir topa var idi ki, sanki başında papaq, əlində silah bir əsgər dayanmışdı.
Qeyri-ixtiyari ona baxdım və fikirləşdim ki, o, Anardır, bizə baxır...
O gəlmədi...
Uşaqları ovuda bilmirdim, Anarı istəyirdilər. Elə hey ağlayır, atalarına görə darıxdıqlarını, onu görmək istədiklərini deyirdilər. Soruşurdular ki, "atamız hara getdi, nə vaxt qayıdacaq?" Bu sualların hər biri ürəyimə xəncər kimi saplanırdı. Onların qarşısında çox çarəsiz, aciz idim... Bir gün Nigarla Əliyə dedim ki, atanız indi cənnətdədir və o, heç bir zaman bizə dönməyəcək. İzah etdim ki, biz bu gün necə bir dünyada yaşayırıqsa, atan da oradadır və bizi gözləyir...
Xeyli vaxt inanmadım ki, Anar şəhid olub, elə bilirdim ki, gələcək. Amma zaman keçdi, o gəlmədi... Deyirlər, zaman yaraları sağaldır, amma bu belə deyil, sadəcə zamanla artıq onun gəlməyəcəyini bilirsən və onun olmadığı bir həyata öyrəşməyə çalışırsan. Mənim üçün zaman keçməyib, elə Anarın şəhid olduğu o anda qalmışam. Sadəcə xatirələrlə özümü ovuduram...
Naxçıvanda olanda Anar axşam işdən evə gəlirdi bir yerə yığışıb o zamanlar yayımlanan türk serialı "Diriliş Ərtoğrul"a maraqla baxırdıq. Ümumiyyətlə, tarixi, qəhrəmanlıq filmlərini, seriallarını çox sevirdi...
2020-ci ilin yayında Anar məzuniyyətdə idi. Bir gün təsadüfən "Qəmərim" adlı mahnını eşitdi, çox xoşuna gəldi və dedi ki, bu, nə gözəl mahnıdır. Özü də ağırtəbiətli olduğu üçün həmişə asta-asta oynayardı. Dedi ki, indən belə toylarda bu mahnını çaldırıb oynayarıq. Əslində heç belə şeyləri sevən insan deyildi, amma həmin gün dedi ki, dur, oynayaq. İkimiz o mahnıya aram-aram qarşılıqlı xeyli oynadıq...
O günün xatirəsi indi də gözlərimin önündədir. Anardan sonra hansısa toyda bir daha qol qaldırmayacam. Amma bir gün övladlarımın toyu olanda yəqin ki, elə həmin o mahnıya qol qaldıraram, Anarın yerinə də...
Anar işi ilə bağlı nə qədər gərgin, yorğun olsa da, zamanını uşaqları ilə keçirir, onların dərsləri ilə maraqlanırdı. Övladları ilə bağlı arzuları çox idi. Onların universitetə qəbul olunduğu günləri görməyi çox istəyirdi. Təəssüf ki, bu arzularının yerinə yetdiyi günləri görməyə ömrü yetmədi...
İnşallah atalarının arzularını övladları layiqincə yerinə yetirər və Anarın da ruhu şad olar.
"Biz atamı zəfərlə gözləyirdik, Zəfər gəldi, o isə..."
"Bəzən deyirlər ki, insan biri üçün darıxanda burnunun ucu göynəyir, mən indi onu yaşayıram, atam üçün burnumun ucu çox göynəyir. Onun səsi üçün çox darıxıram. İlk zamanlar düşünürdüm ki, bəlkə qapıdan içəri girər, deyər ki, "sağam". Amma illər keçdi, atam gəlmədi..."
Bu ürəkdağlayan sözləri qəhrəman şəhidin qızı Nigar söyləyir:
- Müharibə dövründə atamla bircə dəfə oktyabrın 15-də danışdım. Tapşırdı ki, özündən, qardaşından muğayat ol, dərslərini yaxşı oxu. Biz atamı zəfərlə gözləyirdik, Zəfər gəldi, o isə...
Onun gəlməsi ilə bağlı beynimdə o qədər fikirlər, planlar var idi ki... Amma hamısı ürəyimdə qaldı... İnşaalah onun arzularını yerinə yetirəcəm, atama layiqli bir övlad olacam".
Əli isə atası ilə bağlı xatirələrini belə dilə gətirir: "Atam məni gəzdirirdi, bir yerdə əylənirdik, onunla üzməyə gedirdik. Şahmat oynamağı da mənə öyrətmişdi, bir yerdə çoxlu oynayırdıq. İndi atam bəzən yuxularıma gəlir, qarşımda oturur. Amma mən ona söz deyirəm, o sadəcə baxır, heç nə demir..."
Həsrət xəzanı, köksündə əsən,
Qışı bahar tək, sevənlər də var.
Pərvanə tək şəmində, yanaraq sönən,
Cənnətdə qovuşub, sevənlər də var...
"Bir gün əbədi görüşəcəyik..."
Anar ilk dəfə Vüsalənin görüşünə qızılgüllə gəlmiş, öz ülvi hisslərini ona bu ətirli gül vasitəsilə bildirmişdi. İndi Vüsalə onun məzarını ziyarətə ancaq qızıl güllərlə gəlir. Göz yaşları içərisində Anarın ruhu ilə söhbətləşir... Atalarına övladlarının uğurlarından danışır...
Sonra tənha, könlüpərişan halda evinə dönür. Anarın divar boyu sıralanmış şəkilləri ilə ağlaya-ağla dərdləşir: "Bir ömür sənsizliyə məhkumuq. Bu bizim üçün ağır imtahandır. Bəzən düşünürəm ki, sənsizlik bir imtahan olsa da, sən həm də Allahdan bizə ən böyük mükafatsan. Axıb gedən illərə çarəsizcə baxıram. Keçmişə, sənli xoş günlərə boylanaraq, çox uzaqlarda şirin xatirələrin sədasını eşidirəm. Amma geriyə yox, irəliyə doğru addımlamalıyam. Yollar insanı çox yorur və hiss edirsən ki, yaşın yox, ruhun qocalıb. İnsanı yaşı deyil, yaşadıqları qocaldır. Bəzən yaşadıqları, bəzən də yaşaya bilmədikləri...
Taqətsiz olsam da, adına layiq şəkildə ayaqda durmağa çalışıram. Bəzən ayaqda durarkən, özümü unutsam da, gücümü itirmirəm. Ruhun mənə güc verir sanki... Amma buna nə qədər dözə bilərəm, onu özüm də bilmirəm.... Bir şeyi bilirəm. Önümdə uzanan ağrılı yolların sonunda "cənnət" görünür... Hərdən yuxuma qonaq ol. Ruhunla işıqlandır qaranlıq dünyamı. Dərdləşmək istəyirəm. Nigardan, Əlidən danışmaq istəyirəm. Sənin üçün çox darıxırlar. Nə isə... Səni çox incitməyim... Səninlə qürur duyuruq. Qəlbimizdə yaşayırsan, Anar! "Hələlik" deyirəm sənə, çünki bir gün əbədi görüşəcəyik..."
Beləcə, axşam düşür, səhər açılır... Günlər bir-birini əvəz edir...
Amma gənc qadının ürəyindəki o nisgil, həsrət, hicran sızıltısı bir an da olsun səngimir...
Qəhrəman şəhidin həyat yoldaşı Vüsalə Əliyeva deyir ki, hər zaman Anar Əliyevdə Vətənə, bayrağa qarşı böyük sevgi olub. Bu uğurda gözünü qırpmadan canını fəda edib. Şəhidlik zirvəsinə ucalıb: "Bu gün torpaqlarımız Anar Əliyev kimi minlərlə qəhrəmanın hesabına azaddır və bir şəhid xanımı kimi bunlarla qürur duyur, fəxr edirəm".
Amma o da gerçəklikdir ki, bir həyat yoldaşı, ana olaraq çəkdiyi iztirablar, ağrı-acılar bir ömür boyu Vüsalənin ürəyində dağ kimi qalacaq. Keçirdiyi sarsıntılar, mənəvi əzablar gözlərində yaşa, dilində qüssəli şeirə çevriləcək...
Bu dünyanın yükünü çəkənlər üçün,
Yoxluğa, əzaba dözənlər üçün,
"Ölüm ayrılıq deyil", deyənlər üçün,
Cismiylə deyil, ruhuyla sevənlər üçün,
Əbədiyyətə qədər sevənlər də var,
Səninlə mən kimi, sevənlər də var...
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Şeirlər Vüsalə Əliyevanındır