ABŞ-nin bəyanatları xarici siyasət kursunda köklü dəyişiklikdən xəbər verir
"ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra etmiş Riçard Qrenelin "Amerikanın səsi" və "Azadlıq radiosu"nun fəaliyyətlərinin dayandırılmasına dair bəyanatının ardınca İlon Maskın analoji təşəbbüsü Vaşinqtonun xarici siyasət kursunda köklü dəyişiklik etmək planlarından xəbər verir. Sirr deyil ki, İlon Mask maliyyə imkanları ilə yanaşı, Tramp iqtidarında önəmli mövqe tutan və həlledici qərar vermək sahiblərindən sayılan şəxslərdəndir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Donald Trampın özünün USAID-in bağlanmasına dair çağırışları fonunda Maskın da "Amerikanın səsi" və "Azadlıq radiosu"nu hədəfə alması təsadüf hesab edilməməlidir. Məlumdur ki, hər iki radio soyuq müharibənin əsas alətlərindən biri kimi uzun illər ərzində Qərb qütbünün, daha konkret desək, ABŞ-nin maraqlarının informasiya mühitində əsas təminatçılarından biri kimi çıxış edib. Soyuq müharibə başa çatdıqdan sonra isə hər iki media resursunun əsas potensialı insan hüquqları və azadlıqları, o cümlədən demokratiya və digər ümumbəşəri dəyərlər pərdəsi altında ayrı-ayrı dövlətlərin, xüsusən müstəqilliklərini yeni əldə etmiş ölkələrin daxili işlərinə müdaxilə etmək üçün zəmin hazırlamaq olub. Üstəlik, bu proseslərdə adıçəkilən media resursları beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri bir qayda olaraq ikinci plana keçirərək, daha çox Qərb imperializminin maraqlarında ehtiva olunan ikili standartlara əsaslanıb. "Məsələn, Azərbaycana münasibətdə istər qərbi azərbaycanlıların ötən əsrin 80-ci illərinin sonundan etibarən Ermənistanda dövlət səviyyəsində həyata keçirilən etnik təmizləmə siyasəti çərçivəsində öz ata-baba yurdlarından qovulması, istərsə də Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törədilən soyqırımı və ölkəmizin ərazilərinin 20 faizindən artığının işğala məruz qalması hər iki radio tərəfindən yalnız və yalnız Qərbin, o cümlədən xristian təəssübkeşliyinin maraqları çərçivəsində şərh edilib. Ermənistanın dövlət siyasəti çərçivəsində didərgin salınmış bir milyondan artıq insanın məruz qaldığı məhrumiyyətlərə və ağır həyat şəraitinə birmənalı şəkildə göz yuman hər iki media resursunun Azərbaycanda Qərbin 5-ci kolonu funksiyasını yerinə yetirən ayrı-ayrı şəxslərin "müdafiə"sinə qalxması və onları qətiyyətlə dünyaya "siyasi məhbus" kimi tanıtmağa cəhd etməsi, həmçinin Gürcüstanda Qərbin təsirlərini azaltmağa çalışan qanunvericilik layihələrinin qəbulu zamanı, habelə xalqın iradəsinin ifadəsi olan parlament seçkilərində pozucu və təxribatçı çağırışlara yer verməsi hər iki radionun əsl simasını ən azı Cənubi Qafqaz regionu üçün bir daha ifşa etmiş oldu", - deyə o əlavə edib.
Siyasətçi qeyd edib ki, hər iki radio, xüsusən ABŞ-də demokratların iqtidarı dövründə çiçəklənmə dövrü yaşamış və Soros bağlantısı olan digər qurumlarla, o cümlədən Beynəlxalq İnkişaf Agentliyi olan USAID ilə oxşar tezislər əsasında analoji məqsədlər uğrunda vahid "iş planı"na malik olub. Lakin əvvəllər bu və ya digər formada effektiv olan və ABŞ-nin maraqları ilə üst-üstə düşən bu fəaliyyət metodunun son zamanlar effekt verməməsi, əksinə, Birləşmiş Ştatların dünyanın ayrı-ayrı coğrafiyalarında mövqeyinin qəti formada zəifləməsinə gətirib çıxarması Vaşinqtondan proseslərə yeni baxış zərurəti meydana çıxarıb. Bu mənada, kifayət qədər qlobal ambisiyalara malik, o cümlədən Kanada, Qrenlandiya kimi ərazilərə açıq formada iddia irəli sürən, dünyada Amerikanın hakim mövqeyinin tam bərqərar olunmasına çalışan Tramp kimi siyasətçinin USAID ilə yanaşı, "Amerikanın səsi" və "Azadlıq radiosu"ndan imtina etməsi təsadüf sayıla bilməz. İlon Maskın da açıqladığı kimi, hər il milyard dollardan artıq vəsaitin xərcləndiyi hər iki resurs nəinki ABŞ-nin milli maraqlarının daha effektiv təmininə səbəb olur, əksinə, Vaşinqtonla tərəfdaşlığın etibarsız və güvənilir olmayan əməkdaşlıq kimi imicinin formalaşmasına gətirib çıxarıb. Təbii ki, proseslərin müşahidə olunan gedişatı Azərbaycan üçün sürpriz olmadı, çünki hələ 2023-cü ilin yayında Prezident İlham Əliyev "China Media Group" şirkətinə müsahibəsində, əslində, bu kimi media orqanlarının əsl mahiyyətini ifşa etmiş, onların "beynəlxalq insan haqları təsisatları"nın fəaliyyətlərinin təməlində ümumbəşəri dəyərlərin yox, hansı amillərin dayandığını açıq şəkildə bildirmiş, onlar kimdən sifariş alırlarsa, həmin sifarişə uyğun fəaliyyət göstərdiklərini bəyan etmişdi. Həqiqətən də, Azərbaycanın Vətən müharibəsində beynəlxalq hüquqla tanınan ərazilərini işğaldan azad etməsi fonunda ölkəmizə qarşı həyata keçirilən böhtan və qarayaxma kampaniyası çərçivəsində adıçəkilən resurslar xüsusi fəallıq göstərib, neytral mövqedə qərarlaşdığını iddia edərək işğalçı və işğala məruz qalan arasında paritet yaratmağa çalışıb.
Deputat vurğulayıb ki, sonrakı dövrdə isə Azərbaycanın separatizmlə mübarizəsi, ələlxüsus bu mübarizənin şanlı və həlledici səhifəsi olan antiterror tədbirlərində qələbəsinin ardınca səhifələrində "Qarabağdan olan qaçqınlar", "qovulan ermənilər", "məhrumiyyətə məruz qalan Qarabağ erməniləri" kimi çoxsaylı humanizm çalarları ilə pərdələnmiş ifadələrə yer verməklə, habelə USAID-in rəhbəri Samanta Pauer, o cümlədən Fransanın ayrı-ayrı rəsmilərinin işğal, təcavüz və separatizmi müdafiə edən bəyanatlarını xüsusi həvəslə tirajlamaqla hər iki media resursu açıq münaqişə tərəfi kimi davranıb: "Eyni zamanda hər iki radionun Cənubi Qafqazda vətəndaş cəmiyyəti institutları üzərində təsir rıçaqlarına sahib olmaq istiqamətində planlı fəaliyyəti, xüsusən Qərblə bağlı və oradan maliyyələşən qeyri-hökumət təşkilatlarının informasiya ruporuna çevrilməsi hər ikisinin Qərb imperializminin xalqın iradə ifadəsini həyata keçirən müstəqil hakimiyyətlərin deyil, marionetlərin iqtidara daşınması planında önəmli rol oynadıqlarını göstərirdi. Lakin dünyanın bir çox coğrafiyasında olduğu kimi, Cənubi Qafqazda da bu strategiyanın uğur qazanmaması, Azərbaycanın hərbi-siyasi qələbələri ilə, o cümlədən informasiya hücumlarını tam şəkildə neytrallaşdıra bilməsi, habelə Gürcüstanın proseslərin ilkin mərhələsində qalib ayrılması reallıqları bir daha gün üzünə çıxartdı. Lakin Sorosun ciddi dayaqlarının mövcud olduğu demokratlar iqtidarı, xüsusən Bayden administrasiyası ötən dövr ərzində bu mexanizmin ayrılmaz tərkib hissəsi və korrupsiya ortağı kimi çıxış etdiyi üçün prosesləri görməzdən gəldi".
B.Məhərrəmov bildirib ki, Tramp hakimiyyəti isə sələflərindən fərqli olaraq məsələyə göz yummaq niyyətində deyil və gördü ki, ABŞ-nin milli maraqlarının ənənəvi soyuq müharibə dövrünə xas üsullarla təmin edilməsi faydadan çox zərər verir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"