İkinci Dünya müharibəsi ümumxalq xarakteri daşıyırdı. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı Sovet İttifaqı kimi ucsuz-bucaqsız bir ölkəni başdan-başa bürümüşdü. Azərbaycan da faşizmlə mübarizəyə qalxmışdı. Xalqımızın müharibədə iştirakı təkcə igid oğullarının odlu cəbhələrdə göstərdiyi qəhrəmanlıqla bitmirdi. Azərbaycanın özü də bir cəbhəyə çevrilmişdi - arxa cəbhəyə.
Azərbaycan həm birbaşa döyüş meydanında vuruşur, həm arxa cəbhədə işləyir, çalışır, əmək qələbələri qazanırdı. Cəbhəyə göndərilən Bakı neftinin əhəmiyyətinin isə qiyməti, misli-bərabəri yox idi. Marşal Georgi Jukov deyirdi ki, Bakı neftçiləri cəbhəyə və ölkəyə, düşmən üzərində qələbəyə kifayət qədər yüksək keyfiyyətli yanacaq vermişlər.
Müharibə Azərbaycandan uzaqlarda, SSRİ-nin şimal-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitlerin əsas məqsədlərindən biri neft Bakısını ələ keçirmək idi. Faşistlər Qafqaza hücuma başlayanda feldmarşal Manşteyn demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq".
Elə bu böyük iştaha ilə də Hitlerin ad günü üçün bişirilən tortun üstündə Bakı şəhəri və Xəzər dənizi təsvir edilmişdi. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planı) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə olunmuşdu. Bu plana əsasən, Qafqaz beş işğal rayonuna bölünməli və bunların sırasında Azərbaycana xüsusi önəm verilməli idi. "Ost" planına görə, Bakının 1941-ci il sentyabr ayının sonuna qədər işğal olunması nəzərdə tutulmuşdu. Faşistlər Bakını işğal edib onun neftini alman şirkətlərinin sərəncamına vermək məqsədini qarşıya qoymuşdular. Onlar hətta əvvəlcədən Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. 16 iyul 1941-ci ildə Hitler hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək.
Faşistlər Bakını tuta bilmədilər. Çünki Hitlerin bu mənfur planının puç olması üçün Azərbaycan bütün varlığı ilə çalışdı, vuruşdu, mübarizə apardı. Tanınmış həmyerlimiz Nikolay Baybakovun dediyi kimi: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".
O illərdə Azərbaycanın bütün iqtisadiyyatı müharibənin tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qədər uzadılmışdı, məzuniyyətlər ləğv edilmişdi. Ərzaq və çoxişlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olunurdu. Cəbhələrdə döyüşən əsgərlərin yerini istehsalatda qadınlar və yeniyetmələr, hətta qocalar tutmuşdular. Müharibənin ilk ilində təkcə neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.
Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. O zaman SSRİ-nin əsas duru yanacaq - neft bazası olan Bakının rolu xeyli artmışdı. Belə ki, müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 80-90 faizini verirdi. Motorlu hərbi texnika, demək olar ki, Bakının verdiyi yanacaqla işləyirdi. Başqa sözlə, 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Ümumiyyətlə, bu şəhər döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda "Katyuşa" raketi, "Şpakin" pulemyotu istehsal edilirdi. "Yak-3" qırıcı təyyarələri yığılırdı. Burada 130-dan çox silah və onların hissələri hazırlanırdı.
Marşal Andrey Qreçko yazmışdı: "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksəkkeyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".
O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Azərbaycanın məşhur kimyaçı alimi Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Təsadüfi deyil ki, azərbaycanlı alim SSRİ Dövlət mükafatı aldı və onun adı döyüş maşınları və mühərrikləri icad edən İlyuşinlə, Yakovlevlə, Lavoçkinlə, Mikulinlə yanaşı çəkildi.
Marşal Konstantin Rokossovski demişdi: "Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır".
Neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. "Pravda" qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki "Azərbaycan bu gün" adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.
Azərbaycan neftçiləri təkcə əmək meydanında hünər göstərməklə kifayətlənmirdilər. Onların qəlbi bütün ölkə ilə birlikdə döyünürdü. Məsələn, Leninqrad (indi Sankt-Peterburq) blokadasında qalan insanlara yazırdılar ki, Azərbaycan neftçiləri daim sizinlədir.
Azərbaycan xalqının müharibə illərindəki fədakarlığından danışarkən Ümummilli Lider Heydər Əliyev demişdir: "Bugünkü və gələcək tarix Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanlarımız, neft sənayesində çalışan və tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirlər".
O illərdə Azərbaycan neftçiləri çətin şəraitdə işləyirdilər. Bununla belə, neft hasilatını əvvəlki illərə nisbətən qat-qat artırmağa nail olmuşdular. Müharibənin təkcə birinci ilində Bakı ölkəyə 23,5 milyon ton neft və 2,6 milyon kubmetr təbii qaz vermişdi. Bakı mədənlərində ovaxtadək belə göstəricilərə nail olunmamışdı.
Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını "yer anbarları"na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.
Təsadüfi deyil ki, 9 May günü hər il Azərbaycanda təntənə ilə qeyd edilir. O acı olaylar da yaddan çıxmır ki, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü öz hakimiyyəti dövründə bu bayramı ləğv etmişdi. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu günə yenidən önəm verdi və indi rəsmi bayramlar sırasında qeyd olunur. İstər bayram günündə, istərsə digər vaxtlarda faşizm üzərində qələbə üçün Azərbaycan neftçilərinin verdiyi töhfə daim yada salınır.
Bakı nefti olmadan 1941-1945-ci illər müharibəsində SSRİ faşizmə qalib gələ birlərdimi? Cavab bütün dünyaya aydındır. Bu sualı dünyanın görkəmli şəxsiyyətləri öz güclü məntiqlərinin süzgəcindən keçirərək, demək olar ki, eyni cür cavablandırıblar. Məsələn, uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edib ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.
Ulu Öndər 25 fevral 2003-cü ildə "Şərq-Qərb" enerji dəhlizi reallıqdır" mövzusunda Vaşinqtonda keçirilən beynəlxalq konfransdakı nitqində demişdi: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə və Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".
Digər bir çıxışında isə Ulu Öndər demişdir: "Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi".
Prezident İlham Əliyev 11 oktyabr 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycanın İkinci Dünya müharibəsindəki qələbəyə töhfəsini bir daha vurğulamışdır: "Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində "Xəzər dənizi" sözləri yazılmış bir oyuq, həmin oyuqda "Bakı" adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb "Bakı" sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı".
Ən yeni tariximizi də xatırlayaraq qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı igid oğullar döyüş meydanında hünər göstərərkən Azərbaycan xalqının arxa cəbhədə əli işdən-gücdən soyumurdu. Hamı dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdi. Hamı qəlbən, ruhən döyüşən ordunun yanında idi. Bir "dəmir yumruğ"a dönmüşdü Azərbaycan. Zəfərimizin hərəkətverici qüvvəsi, rəhni, səbəbi də bax, bu idi!
Flora SADIQLI,
"Azərbaycan"