24 Sentyabr 2026 09:30
901
CƏMİYYƏT
A- A+
Alban və Ərdəbil irsi Azərbaycana qaytarılmalıdır: Matenadaran və Moskva arxivlərində əsir qalan tariximiz

Alban və Ərdəbil irsi Azərbaycana qaytarılmalıdır: Matenadaran və Moskva arxivlərində əsir qalan tariximiz


XIX əsrin birinci rübündə Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı nəticəsində Azərbaycanın siyasi və sosial-mədəni sistemi zorakı şəkildə dağıdılmağa başlandı. Bu proses Azərbaycanın dövlətçilik və mədəniyyət yaddaşının sistemli şəkildə təcrid olunması ilə müşayiət olundu. Ərazilərin hərbi-inzibati ilhaqı ilə yanaşı, xalqın tarixi varisliyini və mədəni dəyərlərini təsbit edən yazılı korpus - kitabxanalar, dövlət sənədləri və unikal əlyazma fondları da hədəfə alındı. Beləliklə, torpaqların işğalı qiymətli əlyazmaların institusional müsadirəsi və tarixi yaddaşın yadlaşdırılması layihəsi ilə tamamlandı.

Bu proses Azərbaycan tarixinin yalnız müsəlman-türk dövrü ilə məhdudlaşmırdı. Hədəf bütövlükdə Azərbaycanın islamaqədərki çoxəsrlik irsini, xüsusilə Qafqaz Albaniyasının zəngin yazılı və dini-siyasi irsini əhatə edirdi. 1836-cı ildə çar I Nikolayın fərmanı ilə müstəqil Alban Həvari Kilsəsinin ləğv edilərək Eçmiədzin erməni katolikosluğunun tabeliyinə verilməsi nəticəsində Qafqaz Albaniyasının yüzilliklər boyu formalaşmış kitabxanaları, fərmanları, qədim alban dilindəki ilkin mətnləri və sinod arxivləri Eçmiədzinə daşındı. Bu akt alban irsinin qəsdən qriqoriyanlaşdırılmasına, əlyazmaların təhrif və ya məhv edilməsinə, nəticədə isə Azərbaycan xalqının qədim xristian dövrü mədəni və tarixi varisliyinin silinməsinə yol açdı.

Digər tərəfdən, oxşar mədəni soyğunçuluq müsəlman-türk irsinə qarşı da tətbiq edildi. 1828-ci ildə Şeyx Səfiəddin türbəsində yerləşən zəngin Ərdəbil kitabxanası rus qoşunları tərəfindən qarət olunaraq ən nadir əlyazmaları və xəzinələri ilə birlikdə Sankt-Peterburqa daşındı.

Bu əlyazmaların, arxivlərin və nadir kitab fondlarının müsadirə edilərək Azərbaycandan çıxarılması son dərəcə dağıdıcı ideoloji nəticələrə yol açdı. Əldə edilən sənədlər və ilkin mənbələr təhrif olunaraq süni və saxta erməni tarixşünaslığının qurulması üçün zəminə çevrildi, alban kilsəsinin zəngin xristian irsi saxtalaşdırılaraq erməniləşdirildi. Eyni zamanda yerli yazılı qaynaqların sistemli şəkildə yox edilməsi imperialist maraqlara xidmət edən saxta konseptlərin - xüsusilə azərbaycanlıları öz tarixi torpaqlarında gəlmə kimi qələmə verən zərərli "Altay nəzəriyyəsi"nin - rəsmi tarix kimi təqdim edilməsinə şərait yaratdı. Nəticədə, xalqımızın minilliklərə dayanan avtoxton kökləri arxa plana atılaraq, zəngin tarixi yaddaşımız təhrif olunmuş şəkildə saxtalaşdırıldı.

Təəssüf ki, Azərbaycanın xristian tarixi-mədəni dəyərlərinə qarşı yeridilən bu mənəvi soyqırımı siyasəti, rus işğalından sonra türk-müsəlman dövrü irsimizdən və onun ən zəngin xəzinələrindən biri olan Ərdəbildəki Şeyx Səfiəddin kitabxanasından da yan keçmədi. Müsadirə edilərək Rusiyaya daşınan bu fond eyni məqsədyönlü siyasətin tərkib hissəsi idi.

Hələ XIX əsrin əvvəllərində rus şərqşünasları Azərbaycan kitabxanalarında olduqca nadir və qiymətli əlyazmaların qorunduğundan xəbərdar idilər və bu xəzinənin ələ keçirilməsinə xüsusi maraq göstərirdilər. Tədqiqatçı İ.K.Yenikolopov "Qriboyedovun həyatı" adlı əsərində qeyd edir ki, 1827-ci ildə şərqşünas Senkovski Rusiya ordusunun baş qərargah rəisi qraf Dibiçə "İran kitabxanalarında saxlanılan nadir Şərq əlyazmalarının əldə edilməsi haqqında" xüsusi layihə təqdim etmişdi. Qraf Dibiç isə bu layihəni Qafqazın baş komandanı Paskeviçə göndərərək məsələni diqqətdə saxlamağı, göstərilən əlyazmaların axtarılıb tapılmasını və qiymətli əsərlərin yerinin müəyyənləşdirilməsini birbaşa A.S.Qriboyedova tapşırmağı xahiş etmişdi.

Bu işə böyük əhəmiyyət verən Qriboyedov uzun axtarışdan sonra istəyinə nail oldu. Şeyx Səfi məqbərəsində qiymətli əlyazmaların saxlandığını bilən Qriboyedov nə cür olur-olsun bu xəzinənin ələ keçirilməsinə çalışırdı. Bu dövrdə Rusiya və Qacarlar arasında müharibə davam edirdi. Ərdəbili işğal etmək və orada olan kitabxananı ələ keçirmək Qarabağda olan xüsusi qoşun dəstəsinə həvalə olunmuşdu. Bu dəstəyə general Suxotelin başçılıq edirdi.

1828-ci il yanvarın 25-də general Suxotelin Ərdəbilə daxil oldu və Şeyx Səfi məqbərəsində olan ən qiymətli əlyazmaları qənimət kimi müsadirə etdi. Fevralın əvvəllərində ələ keçirilən əlyazmalar iki piyada alayının mühafizəsi altında furqonlarda Tiflisə göndərildi. Peterburq Kitabxanasına göndərilməzdən əvvəl Tiflisdə əlyazmaların siyahısı tərtib edildi. 

Bu kitablar o dövrdə Peterburq İmperator İctimai Kitabxanasına (indiki M.E.Saltıkov-Şedrin adına Rusiya Milli Kitabxanasına) verilmişdi.

Rusiyaya aparılan kitabların dəqiq sayı məlum olmasa da, tədqiqatçılar bu kitabların ən azı 114 cilddən ibarət olduğu qənaətindədirlər. Ərdəbildə qalan kitablar isə 1935-ci ildə (80 sandıq kitab) Tehrana aparılmışdır. Bu kitablar bu gün Tehranda "Muzeyi-İran-Bastan"da saxlanılır.

Türkiyə Cümhuriyyəti Başbakanlık Osmanlı Arxivində (BOA) saxlanan və XVIII əsrdə tərtib olunmuş bir sənəddə Ərdəbil kitabxanasında 744 cilddən ibarət kitabın siyahısı verilmişdir. Bu kitablar içərisində Quran və təfsir (582 cild), dini elmlər (6 cild), tarix (27 cild), ədəbiyyat və divan (20 cild), maliyyə-təsərrüfat kitabları (91 cild), ümumi əsərlər (18 cild) yer alır.

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Milli Kitabxanasında saxlanılan bu kitabların bəzilərinin mikrofilminin İrana verilməsi haqqında razılıq əldə olunmuşdur.

Həqiqi tarixi keçmişimizin, etnomədəni kimliyimizin və suveren elmi narrativlərimizin bərpası bu gün həm Rusiya Federasiyası, həm də beynəlxalq elmi təşkilatlar (xüsusilə UNESCO, Beynəlxalq Arxivlər Şurası kimi qurumlar) qarşısında hüquqi, diplomatik və akademik müstəvidə prinsipial tələblərin irəli sürülməsini zəruri edir. Bu kontekstdə, İrəvandakı Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutunda (Matenadaran) saxlanılan və qriqoryanlaşdırma yolu ilə mənimsənilmiş Qafqaz Albaniyasına məxsus yazılı abidələrə, eləcə də Rusiya Milli Kitabxanasının qapalı xüsusi fondlarında saxlanılan Ərdəbil Şeyx Səfiəddin xəzinəsinin əlyazma irsinə azərbaycanlı tədqiqatçıların maneəsiz çıxışı təmin olunmalı və bu əsərlərin Azərbaycana gətirilməsi istiqamətində ciddi tədbirlər görülməlidir. 

Azərbaycanın minilliklərə dayanan tarixi varisliyinin elmi əsaslarla təkzibolunmaz şəkildə sübuta yetirilməsi, imperialist və revanşist mərkəzlər tərəfindən uydurulmuş konseptlərin aradan qaldırılması məhz uzun illərdir əsir saxlanılan bu fundamental ilkin mənbələrin dərindən araşdırılmasından və qlobal elmi dövriyyəyə inteqrasiyasından birbaşa asılıdır.


Mübariz AĞALARLI,

AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

İşğaldan azad olunmuş ərazilərə növbəti köç yola salınıb

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində mümkün səyləri həyata keçirir

10:35
23 Oktyabr

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

10:30
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

10:23
23 Oktyabr

Neft sızması nəticəsində BƏƏ-nin bəzi çimərlikləri bağlanıb

10:18
23 Oktyabr

Saxarov mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə verilib

10:14
23 Oktyabr

Birjalarda neft bahalaşıb 

10:10
23 Oktyabr

Yasamal və Abşeron rayonlarının bəzi ərazilərində işıq olmayacaq

10:07
23 Oktyabr

Bu gün Beynəlxalq Qar Bəbiri Günüdür

10:00
23 Oktyabr

Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub

09:40
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!