13 Fevral 2026 09:10
601
Səhiyyə
A- A+
Ağ xalatın məsuliyyəti

Ağ xalatın məsuliyyəti


İnsanın arzuları uşaqlıq illərinin saf, təmiz dünyasında doğulur və o, böyüdükcə taleyinə çevrilir. Ağ xalat geyinmək, insanların sağlamlığının keşiyində dayanmaq, bir ürəyin yenidən döyünməsinə, bir gözün yenidən ümidlə açılmasına səbəb olmaq arzusu adi bir peşə seçimi deyil, ilahi bir missiyadır. 

İnsana ömrü Allah bəxş edir, lakin o ömrün sağlam, ağrısız davam etməsi üçün çalışan məhz həkimlərdir. Təsadüfi deyil ki, xəstə həkimin şəfqət dolu münasibətindən həyat eşqi, gülümsər baxışından təsəlli, qayğıkeş sözlərindən güc alır. Elə anlar olur ki, bir həkimin səmimi rəftarı, əlini xəstənin çiyninə qoyaraq dediyi "hər şey yaxşı olacaq" kəlməsi ən təsirli dərmandan da güclü olur. Bəzən saatlarla, bəzən də günlərlə ağır xəstənin başı üstündə dayanan, yorğunluğunu həyata qaytardığı xəstənin baxışlarında unudan həkim, əslində, təkcə müalicə etmir, mərhəmətli, qayğıkeş rəftarı ilə xəstənin ürəyində  ümid çırağı yandırır. Xəstə düşdüyü mərəz ilə uzun mübarizədən sonra gözlərini açanda ilk gördüyü onu müalicə edən həkimin sevincdən parıldayan qayğılı gözləri olur. Və o an həkimin gülümsər, işıqsaçan baxışı xəstənin qəlbinə süzülərək ona sanki yenidən yaşamaq haqqı qazandırır. 

Belə bir müqəddəs yolun yolçusu olan gənc həkimin hekayəsi isə təkcə bir insanın peşə seçimi deyil, uşaqlıq arzularının gerçəkləşməsidir. Həmin həkim Xanım Əliyevadır. O, Gəncədə dünyaya göz açıb. Orta təhsilini isə Bakı şəhərindəki 3 saylı tam orta məktəbdə alıb. Təhsil aldığı illərdə dərslərinə məsuliyyətlə yanaşan, xüsusilə biologiya və insan anatomiyasına böyük maraq göstərən Xanım Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub. Universiteti başa vuran Xanım Əliyeva Şüa diaqnostikası üzrə internaturanı tamamlayandan sonra həkim kimi fəaliyyətə başlayıb.

Xanım həkimlə çalışdığı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Şüa diaqnostika şöbəsində görüşdük. Xəstəxananın dəhlizinə daxil olan kimi ilk diqqəti çəkən məqam otağının qarşısındakı uzun növbə oldu. Bu növbə bir həkimə olan etimadın və inamın sübutu idi. Növbə gözləyən insanların söhbətlərindən "Xanım həkim diqqətlidir, hər şeyi ətraflı izah edir, xəstəyə doğması kimi yanaşır" sözlərini eşitdik. Onlar həkimin bilik və bacarığından, dəqiq diaqnoz qoymaq qabiliyyətindən, ən əsası isə xəstəyə göstərdiyi qayğıkeş münasibətindən razılıqla danışırdılar. Bu məmnunluq səmimi idi, süni təşəkkür ifadəsi yox, insanın içindən gələn minnətdarlıq idi. Bu etimadı gənc bir həkimin qısa zamanda qazandığı ən böyük uğur kimi qəbul etmək olar.

Xanım Əliyeva 2023-cü ildən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Şüa diaqnostika şöbəsinin müdiri və həkim-radioloqudur. O, Azərbaycan və Avropa Radioloqları cəmiyyətlərinin, AFERG-in, ASVXM-in və Woman Health Centerin həqiqi üzvüdür. Deyir ki, bu cəmiyyətlərdə iştirakı ona beynəlxalq təcrübəni izləmək, yeni diaqnostik yanaşmaları öyrənmək və onları gündəlik tibbi praktikada tətbiq etmək imkanı verir.

Xanım Əliyeva öz üzərində çalışmağı, tibb elminin son yeniliklərini öyrənib tətbiq etməyi çox sevir. Elmi fəaliyyətə xüsusi önəm verən həkim iki elmi tezisin müəllifidir. Bu haqda danışarkən deyir: "I Milli Süd Vəzi Xəstəlikləri Konqresində Süd vəzi xərçəngi, Yarımçıq Doğulmuş Körpələr Gününə və Uşaqlıq boynu xərçəngi ayına həsr olunmuş maarifləndirici seminarlarda təlimçi-spiker kimi iştirak etmişəm, çünki bu mövzular cəmiyyət üçün həyati əhəmiyyət daşıyır".

Onun fəaliyyətində TƏBİB-in xətti ilə 10 rayonda aparılan 1500-dən çox səyyar mammoqrafiya müayinəsinin nəticələrinin raporlanması xüsusi yer tutur. Gənc həkim vurğulayır: "Bu, statistik rəqəm kimi görünsə də, əslində, minlərlə qadının taleyi, minlərlə ailənin gələcəyi deməkdir. Burada əsas məqsəd xəstəliklərin erkən mərhələdə aşkarlanmasına töhfə vermək və qadınların sağlam gələcəyinə dəstək olmaqdır". 

Müasir dövrdə tibbin yalnız xəstəxana divarları ilə məhdudlaşmadığını deyən Xanım Əliyeva sosial şəbəkələrdən də fəal istifadə edir. Onun fikrincə, məlumatlı pasiyent - sağlam cəmiyyət deməkdir. O, erkən diaqnostikanın əhəmiyyətini xüsusilə qabardır və vurğulayır ki, vaxtında aparılan müayinə bir çox xəstəliyin tam sağalmasına imkan yaradır. Hamiləlik dövründə müayinələrin əhəmiyyətinə xüsusi diqqət çəkən radioloqun sözlərinə görə, bu mərhələdə aparılan diaqnostika təkcə dölün deyil, ananın da sağlamlığını tam şəkildə qiymətləndirməlidir. "Sağlam ana - sağlam övlad deməkdir", - deyə o bildirir.

Söhbətimizin sonunda isə onun həkimlik fəlsəfəsi aydın şəkildə formalaşır: "Mənim üçün həkimlik, sadəcə, bir peşə deyil, həm də həyatdakı missiyamdır. Yaxşı həkim olmağın sirri pasiyentlə empatiya qurmaq, hər zaman əlçatan olmaq və durmadan öz üzərində çalışmaqdır. Radiologiya tibbin görən gözüdür və düzgün diaqnoz müalicənin yarısıdır".

Xanım Əliyevanın sözlərində həm peşəkar əminlik, həm də daxili məsuliyyət hissi var. Hiss olunur ki, qarşıdakı illərdə də o, seçdiyi bu müqəddəs yolun yolçusu kimi xalqına faydalı olmağı özünə borc biləcək.

Bu gün Hacıqabul xəstəxanasının dəhlizində növbə gözləyən insanlar üçün Xanım həkim, sadəcə, bir radioloq deyil, həm də ümidin ünvanıdır. Xanım həkim üçün ağ xalat məsuliyyət, şəfqət və insan həyatı deməkdir. Həkimlik onun üçün peşə yox,  vicdan məsələsidir. Və belə vicdanla çalışan həkimlərin olduğu cəmiyyətdə sağlam gələcəyə inam daha möhkəm olur. Xanım Əliyeva seçdiyi bu müqəddəs peşənin bir həqiqətini də hər gün fəaliyyəti ilə sübut edir: insan həyatına toxunan həkim əlləri, əslində, gələcəyə işıq yandırır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir – Məhkumlar cəriməni necə ödəyəcəklər?  

12:58
13 Fevral

Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir

12:56
13 Fevral

Özəl tibb müəssisələri də onkoloji xidmət göstərəcək  

12:53
13 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək, arabir güclənən külək əsəcək  

12:52
13 Fevral

WUF13-lə əlaqədar vergi güzəştləri tətbiq olunacaq 

12:51
13 Fevral

Parlament minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi təsdiqlədi  

12:50
13 Fevral

Rusiya Çinə ixrac etdiyi neftin həcmini rekord həddə çatdırıb  

12:43
13 Fevral

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qəbələdə vətəndaşlarla görüşüb  

12:39
13 Fevral

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilib  

12:28
13 Fevral

Ötən ay dünyada elektomobil satışları 3 faiz azalıb  

12:17
13 Fevral

Amerikalı ekspert: Cey. Di. Vensin Bakıya səfəri Trampın xarici siyasət doktrinasının yeni mərhələsi hesab olunur

11:49
13 Fevral

Venesuelanın müvəqqəti Prezidenti: Maduro hələ də ölkənin qanuni lideridir  

11:43
13 Fevral

Milli Məclisin sədri: ABŞ-nin dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır  

11:33
13 Fevral

UEFA “Qarabağ”a Avropa Liqasındakı çıxışına görə 8 milyon avroya yaxın ödəniş edib  

11:27
13 Fevral

Belarus Prezidenti Lukaşenko Silahlı Qüvvələrin döyüş hazırlığını yoxlayıb

11:23
13 Fevral

“Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının təsnifat oyunlarından əldə etdiyi gəlir açıqlanıb  

11:18
13 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir  

11:13
13 Fevral

Ekspert: Süni intellekt üzrə data mərkəzləri kibertəhlükəsizlik və startap ekosistemi üçün yeni imkanlar açır

11:12
13 Fevral

UEFA ötən mövsüm AFFA-ya 11 milyon avrodan çox vəsait ayırıb

10:57
13 Fevral

Ötən gün 58 cinayətin açılması təmin edilib

10:51
13 Fevral

BMT-nin hesabatı: Keçən il Suriyanın keçid dövrü Prezidentinə üç sui-qəsd cəhdi olub

10:47
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!