Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin “Aqronomluq” ixtisasına qəbul olan, şəhid Xalid Həsənin anası Maya Quliyeva ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı rektor Zəfər Qurbanov şəhid anasını ali məktəbə qəbul olunması münasibətilə təbrik edib, ona təhsil həyatında uğurlar arzulayıb. Bildirib ki, şəhid ailələrinin övladlarının və ailə üzvlərinin təhsil və inkişaf imkanlarının dəstəklənməsi ADAU üçün xüsusi əhəmiyyət daşıyır.
Rektor qeyd edib ki, şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onların Vətən qarşısındakı fədakarlığı gənc nəslin təhsilinə, elmə və dövlətə sədaqət ruhunda yetişməsinə mühüm örnəkdir.
Zəfər Qurbanov tələbənin ADAU ailəsinə qoşulmasının əlamətdar hadisə olduğunu vurğulayaraq, universitetdə onun keyfiyyətli təhsil alması, öz ixtisası üzrə bilik və bacarıqlarını inkişaf etdirməsi üçün yaradılan imkanlardan səmərəli yararlanacağına əminliyini ifadə edib.
Maya Quliyeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. O, övladının arzusunun və adının yaşadılmasının, onun ali təhsil almasının ailəsi üçün böyük qürur olduğunu qeyd edib.
Görüşdə tələbənin təhsil prosesi ilə bağlı qarşıdakı mərhələlər, universitetdə yaradılan imkanlar və onun gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, şəhid Xalid Mahmud oğlu Həsən 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Xalid Həsən Vətən müharibəsi zamanı Kəlbəcər-Şuşa yolu istiqamətində, Ağdərə ərazisində şəhid olub. O, ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və digər medallarla təltif edilib.