BMT Təhlükəsizlik Şurasının Ermənistanın uydurma iddialarına rədd cavabını verməsi bir daha Azərbaycanın haqlı mövqedə olduğunu təsdiqlədi. Bu, sözün həqiqi mənasında, İlham Əliyev diplomatiyasının növbəti təntənəsi, Hayastanın isə daha bir fiaskosudur.
Təhlükəsizlik Şurasının iclası bir daha təsdiq etdi ki, Azərbaycan Vətən müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni reallıqlar yaradıb və bu düzəni pozmaq, praktik olaraq, mümkünsüzdür. İndi diktə edən tərəf Azərbaycandır.
BMT Təhlükəsizlik Şurasının bu iclasında tərs şillə təkcə Ermənistana dəymədi. Azərbaycana qarşı hər zaman qərəzli mövqedə olan və BMT-nin ölkəmizin əleyhinə hansısa qətnamə qəbul etməsi üçün dəridən-qabıqdan çıxan Hayastanın böyük "bacısı" Fransa ilə həmin iclasda yenə də ikiüzlü, qeyri-səmimi mövqe nümayiş etdirən Amerika Birləşmiş Ştatlarının əsl mahiyyətini bir daha nümayiş etdirdi. İclasda ABŞ nümayəndəsinin reallıqdan uzaq, anlaşılmaz və ənənəvi ikili mövqe nümayiş etdirməsi, əslində, Ağ Evin yalnız ölkəmizə qarşı deyil, ümumilikdə, ədalətə qarşı çıxmasının növbəti rəzil göstəricisi hesab edilməlidir.
Ağ Evin hədəfində Azərbaycanın müstəqil siyasətidir
Fransanı haradasa başa düşmək olar. Çünki bu ölkə hər zaman ermənipərəst mövqeyini gizlətməyib və Azərbaycana qarşı istənilən çirkin kampaniyanın təşkilində iştirak edib. Lakin heç vaxt istəyinə nail ola bilməyib.
Amma ABŞ-nin məhz sözügedən məsələdə sərgilədiyi mövqe heç başa düşülən deyil. Çünki ABŞ Prezidenti Co Baydenin son iki ildə İlham Əliyevə göndərdiyi məktublardakı fikirləri, Ağ Evin dövlət katibi Blinkenin 7 ayda 6 dəfə İlham Əliyevlə apardığı telefon danışıqlarında səsləndirdiyi sözlərlə bu ölkənin BMT-də sərgilədiyi mövqe tamamilə bir-birini təkzib edir.
Azərbaycan Avrasiyada həyata keçirdiyi enerji siyasətində, beynəlxalq təhlükəsizliyin təminatında hər zaman ABŞ-ni özünə etibarlı tərəfdaş sayıb və hər zaman bu prosesdə səmimi olub. Eləcə də rəsmi Vaşinqton Azərbaycanı sözdə yaxın müttəfiq elan edib. Lakin Ağ Ev bütün zamanlarda qeyri-səmimi olmaqla, sözdə Azərbaycanı dəstəkləsə də, "saman altından su yeridib" desək yanılmarıq.
Tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ daim Ermənistan-Azərbaycan münaqişəsinin həllinə süni maneələr yaradıb, "tormozlayıcı amillər" formalaşdırıb. Qarabağdakı separatçı rejimə açıq dəstək verib, maliyyə yardımları ayırıb.
Azərbaycanda hər zaman "inqilab", "çevriliş" cəhdlərinin dəstəkçisi, əsas maliyyə sponsoru olub. Qlobal miqyasda antiazərbaycançı şəbəkənin maliyyə, ideya dəstəkçisi kimi fəaliyyət göstərib. Azərbaycanda "QHT" adı ilə fəaliyyət göstərən destruktiv qüvvələrə mütəmadi olaraq qanunlara əsaslanan yox, Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərməyi təşviq edib. Zaman-zaman Azərbaycanda daxili sabitliyi pozmaq, gərginləşdirmək ABŞ-nin sanki Qafqaz siyasətinin əsas ana xətti olub.
Ümumiyyətlə, heç vaxt ABŞ-nin dünyada daimi strateji tərəfdaşı, davamlı dostu olmayıb. Yalnız Amerikanın öz maraqları olub və bunun üçün istənilən vasitələrə əl atılıb.
Bütün bunlar onu göstərir ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, regionda sülhün bərqərar olunması istiqamətində ortaya qoyduğu mövqeyə davamlı dəstəyini bəyan edən Ağ Ev yenə də erməni lobbisi ilə iş birliyindədir.
Sözü və əməli heç vaxt üst-üstə düşməyən ABŞ ənənəsinə sadiq qalaraq yenə də ikili oyun oynayır. Son günlərdə rəsmi dairələrə yaxın "Vaşinqton post" qəzetində Azərbaycana qarşı ardıcıl materialların verilməsi bunun əyani sübutudur. Bu qəzet qısa müddət ərzində ölkəmizlə bağlı sifariş əsasında iki qərəzli məqalə dərc edib. Yəni Ağ Ev "Vaşinqton post" və bu kimi KİV-lər vasitəsi ilə Azərbaycanın müstəqil siyasətinə təsir göstərməyə çalışır. Bu konteksdə bir məqam yada düşür. Onilliklər öncə soyuq müharibə zamanı ABŞ ilə SSRİ arasında ideoloji-informasiya zəminində aparılan müharibədə sovetlərin üslubunu, dəst-xətini indi Ağ Ev davam etdirir.
Digər tərəfdən, Dövlət Departamentinin hər il açıqladığı dünyada dini azadlıqların vəziyyətinə dair hesabatlarında Azərbaycanla bağlı həqiqətdən uzaq iddialar öz əksini tapır. Bunun açıq-aşkar qərəzli mövqe olduğu hər kəsə bəllidir. Çünki həmin "hesabatlarda" heç vaxt erməni barbarlığından bir cümlə belə yer almır. Bütün bunlar Ağ Evin "ağ yalanlarının və "qara oyun"larının göstəricisidir.
Amma Azərbaycanla təmaslar zamanı ABŞ rəsmiləri belə təsəvvür formalaşdırmağa çalışırlar ki, bu ölkədə antiazərbaycançı mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Əslində isə, belə deyil. Görünən odur ki, bütün bunlar bir mərkəzdən idarə olunur.
ABŞ Ukraynanı da aldadıb yarıyolda qoydu
Bu gün ABŞ bütün dünyaya "demokratiya" yaymaq iddiasında olsa da, bu iddianın ziddiyyətli bir tarixə sahib olduğunu qeyd etmək yerinə düşər. Çünki ABŞ-nin İraq, Əfqanıstan, Liviya, Suriya kimi ölkələrə "bəxş etdiyi" "demokratiya" uzun illər məhz dünyanın gözü qarşısında baş verib. Üstəlik, ABŞ hər zaman bu demokratiyanı güc hesabına yaymağı özünə rəva bilib. Sadaladığımız bütün hallarda ABŞ-nin iddia etdiyi demokratiyadan əvvəl onun ordusu okeanın bu tayına gəlib.
ABŞ-nin yaymağa çalışdığı demokratiya hər dəfə on, yüz minlərlə insanın ölümü və xaosla nəticələnib. Ən sadə halda isə ABŞ "demokratiya" adı altında dünyada bir çox çevriliş cəhdinin arxasında dayanan əsas fiqur olub.
Ağ Evin məkrli oyunları yalnız bunlarla yekunlaşmır. Dövlətlərin daxili işlərinə qarışmaqla ara qızışdırır, müharibə ocaqları yaradır və minlərlə günahsız insanların qətlə yetirilməsinə baiskar olur.
Bunu təkcə Ukraynanın timsalında aydın görmək mümkündür. Hər kəsə bəllidir ki, illərlə Ukraynanı müharibəyə sürükləyən, təhrik edən Ağ Ev sonunda istəyinə çatdı. Ukrayna kimi bir ölkəni böyük qanlı oyuna salaraq kənardan tamaşa etməyə başladı. Müharibədən öncə Ukraynaya vədlər verərək ona hərbi, siyasi və maliyyə dəstəyi göstərəcəyini desə də, sözünə tam əməl etmədi. Az qala hər gün milyardlarla dollar həcmində yardım ayrılacağı bəyan edilir, amma bu pullar hara gedir, necə xərclənir, heç kimin xəbəri yoxdur. Ukrayna müharibəyə başladıqdan sonra quru bəyanatlar verərək ona yalnız sözdə "dəstək" verməyə başladı. Kiyevin zəruri silah-sursat haqqında müraciətləri sanki eşidilmir, məsələ mümkün qədər uzadılır. Elə vəziyyət yaradılıb ki, münaqişə tərəfləri ölü nöqtədə qarşı-qarşıya dayanıblar, insan itkisinin sayı-hesabı yoxdur, müharibənin sonu isə, ümumiyyətlə, görünmür. Ukrayna iqtisadiyyatı çöküb, şəhərlər, kəndlər yer üzündən silinib, xalq dəhşətli faciəyə məruz qalıb, on minlərlə insan həlak olub, yüz minlərlə insan yaralanıb. Ukrayna xalqı bundan sonra uzun onilliklər müharibənin acı nəticəsini yaşayacaq. ABŞ vəd etdiyi real yardımı ləngitməklə, oyun oynamaqla Ukraynanın dövlətçiliyini məhv edir, ona tarixinin ən ağır günlərini yaşadır. Bu, ABŞ-nin dost saydığı ölkəyə göstərdiyi münasibətin real təzahürüdür. Öz dostuna belə münasibət göstərən ölkənin digərlərinə qarşı niyyəti nə ola bilər ki?!
"Azadlıq ixracı" pərdəsi altında qanlı ssenarilər
Digərləri dedikdə, Ağ Evin "azadlıq ixracı" pərdəsi altında Afrikaya, şərq-müsəlman dünyasına gətirdiyi savaşı göstərə bilərik. Bu ölkənin "demokratikləşmə dalğası"nın əslində yeni ekspansiya hərəkatı və müasir müstəmləkəçilik siyasəti olduğunu bilmək üçün hansısa xüsusi araşdırmalara da lüzum yoxdur.
Ümumilikdə, son 30 il ərzində ABŞ başqa ölkələrin ərazisində 20-dən çox hərbi əməliyyatda iştirak edib, tez-tez öz müharibə prinsiplərini və çoxsaylı beynəlxalq müqavilələri pozub. ABŞ qüvvələri ən azı üç ölkədə dövlətçiliyi tamamilə məhv edib, bu dövlətin sayəsində ən azı 10 ölkə suverenliyini itirib, bir milyondan çox mülki şəxs öldürülüb, on milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb. ABŞ-nin Əfqanıstandakı 20 illik hərbi mövcudluğu ölkəni fəlakətli vəziyyətə salıb, İraqı faktiki olaraq parçalayıb, Suriyanı təhrik etdiyi vətəndaş müharibəsi böyük dağıntılar və insan itkiləri ilə nəticələnib, Ukraynanı Rusiya ilə üz-üzə qoyub və nəticədə Avropanın mərkəzində dəhşətli müharibəyə yol açıb.
Latın Amerikasında, Afrikada və Yaxın Şərqdə müstəqil siyasət yürüdən dövlətləri vətəndaş qarşıdurması və qanlı toqquşma arenasına çevirən ABŞ bu gün də eyni ssenarini davam etdirir. Həyata keçirilən hərbi təcavüzün, hakimiyyət çevrilişlərinin, vətəndaş qarşıdurmalarının, iqtisadi və sosial fəlakətin nəticəsində, vaxtilə sabit və normal inkişaf edən İraq, Suriya, Misir, Yəmən və digər dövlətlər yaşamaq üçün təhlükəli ərazilərə çevrildilər, bu ölkələrin yüz minlərlə sakini isə anarxiya, xaos və ölüm təhdidindən yaxa qurtarmaq üçün inkişaf etmiş Avropaya pənah aparmağa başladı. Ancaq burada da onlar sərt miqrasiya siyasəti, güclü dini və milli ayrı-seçkilik təzahürləri ilə üzləşdilər. Miqrasiya dalğası guya kütləvi qırğın silahının olduğu, amma heç nə tapılmadığı İraqa hərbi təcavüz kimi ağılsız ideyanın nəticəsi idi. Həm də bu, Liviyada, sonra isə Suriyada "qayda-qanun" yaratmaq kimi cəhdlərin reallaşdırılması nəticəsində baş verdi və bunun sayəsində həmin ölkələrin ərazisində terrorçu rejimlər yarandı. Bunlar, əlbəttə ki, ABŞ-nin "demokratikləşmə siyasətinin" ağır nəticələridir.
ABŞ-nin Əfqanıstandakı 20 illik hərbi mövcudluğu ölkəni fəlakətli vəziyyətə salması ilə nəticələndi. Öz siyasi sistemini Əfqanıstana tətbiq etməyə çalışan rəsmi Vaşinqtonun bu cəhdi uğursuz oldu. Çünki ABŞ qoşunlarının 20 illik mövcudluğu heç bir nəticə vermədi və işğalından əvvəl ölkəyə nəzarət edən radikal qüvvələr yenidən hakimiyyətə qayıtdı. BMT-nin məlumatına görə, hazırda dünyada ən ciddi ərzaq böhranı məhz Əfqanıstanda müşahidə olunur, bu ölkədə 23 milyondan çox insanın yardıma ehtiyacı var. Əfqan əhalisinin 95 faizindən çoxunun kifayət qədər qidası yoxdur. Belə vəziyyət həm də Amerikanın bu ölkədəki varlığının nəticəsidir. Keçmiş SSRİ-dən fərqli olaraq, ABŞ Mərkəzi Asiya ölkələrində mülki infrastrukturun inkişafı ilə heç vaxt məşğul olmayıb, yalnız hərbi və siyasi amillərə diqqət yetirib.
ABŞ-nin Yaxın Şərq və Mərkəzi Asiyada törətdiyi cinayətlərə diqqət yetirsək, yetərincə dəhşətli faktlar göstərə bilərik. Məhz ABŞ hərbçilərinin kimyəvi silahdan, xüsusən də ağ fosfordan və tükənmiş urandan istifadə etməsi nəticəsində İraq əhalisinə böyük genetik ziyan dəyib.
Çoxsaylı araşdırmalara görə, 2004-cü ildə ABŞ-nin bombaladığı İraqın Fəllucə şəhərində uşaq ölümü, xərçəng və leykemiyanın kəskin artması, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların bildirdiyi göstəriciləri üstələyir. Ağ fosfordan əlavə, ABŞ İraqda zənginləşmiş urandan, hərbi mühəndislərin mərminin nüfuzunu əhəmiyyətli dərəcədə artırdığı (şualanma təxminən 4,5 milyard il yarım ömrünə malik olduğuna iddia edilir) radioaktiv elementdən geniş istifadə edib. ABŞ ordusunun məlumatına görə, İraqda mülki obyektlərə 29166 raket və bomba zərbəsi endirilib.
Son məlumatlara əsasən, təkcə 2023-cü ilin fevral ayında İraqda müxtəlif terror aktları nəticəsində ən azı 52 mülki şəxs güllələnib və ya öldürülüb. Əlbəttə ki, bütün bunlar müharibənin izləridir.
Yaxın Şərq insan haqları qruplarının açıqladığı hesabata görə, ABŞ-nin Liviyada rejim dəyişikliyi uğrunda apardığı səkkiz aylıq müharibədə hərbi cinayətlər törətdiyinə dair güclü dəlillər var. 2011-ci il avqustun 9-da ABŞ hərbi qüvvələri Liviya paytaxtı yaxınlığında yerləşən Majer kəndinə endirdiyi zərbələr nəticəsində 33-ü uşaq olmaqla azı 85 mülki şəxs həlak olub.
Dünyanın bəlası Ağ Ev öz vətəndaşlarının da qatilidir
Etiraf edilməlidir ki, ABŞ təkcə "dostlarına" qarşı belə münasibət göstərmir. Elə öz xalqına, öz ölkəsinin insanlarına qarşı da rasizm siyasətini həyata keçirir. Bunu real faktlar da sübut edir. Son onilliklərdə Ağ Evin yürütdüyü siyasətə görə ABŞ dünyada azadlıq anlayışının jandarmı kimi qəbul olunur. Özünü bəzən "ədalət carçısı" kimi təqdim etməyə çalışan bu ölkədə demokratiya anlayışı onsuz da möhkəm zəminə əsaslanmırdı. Hətta bir çox mütəxəssislər hesab edirlər ki, ABŞ-nin müstəqillik tarixində "demokratiya" - xalqın hakimiyyəti, deyə bir anlayış ümumiyyətlə, mövcud olmayıb.
Amerika statistik nəşrlərinin rəsmi məlumatlarına görə, ABŞ-də cinayət nisbəti son illərdə durmadan artır. Yalnız 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. Eyni zamanda yerli ekspertlər yaxın illərdə kriminal vəziyyətin ciddi şəkildə yaxşılaşacağını proqnozlaşdırmırlar.
FTB-nin məlumatına görə, ABŞ şəhərlərində zorakılıq cinayətləri son on ildə orta hesabla 12 faiz artıb. Adam öldürmə, zorlama və ağır hücumlar isə 25 faiz artıb. 2010-cu ildən 2020-ci ilə qədər ABŞ-ın kiçik şəhərlərində (100.000 ilə 249.999 arasında əhali) adamöldürmə nisbəti orta hesabla 80 faizdən çox artıb, adəti üzrə isə kiçik şəhərlər daha təhlükəsiz şəhərlər sayılırdı. Yerli cinayətkarlığın artım templərinin statistikası həm də onu göstərir ki, ABŞ-də qaradərililərə, digər etnik mənsubiyyətlərə və dinlərə qarşı irqi qərəzdən qaynaqlanan cinayətlərin göstəricisi durmadan yüksəlir. Ancaq bir il ərzində bu növ cinayət halları 100 faiz çoxalıb. Qətillərin yarıdan çoxu antisemitizm və islamafob təzahürlü olub. Hesabatda göstərilir ki, irqi motivli nifrət cinayətlərinin ən çox sayı - təxminən 2,233-ü afroamerikalılara qarşı qərəzli münasibətdən irəli gəlir.
Göründüyü kimi, ABŞ başqaları ilə yanaşı, öz ölkəsinin insanlarının da qatilidir.
Azərbaycana nəyisə diktə edə bilən qüvvə yoxdur
Ancaq bu ölkədən fərqli olaraq bu gün Azərbaycandakı daxili sabitlik, ölkəmizin artan nüfuzu dünya dövlətlərinin, xüsusən də böyük investorların ölkəmizə olan diqqətini daha da artırır. Bütün bu reallıqları şərtləndirən isə İlham Əliyevin humanizm prinsiplərinə əsaslanan siyasətidir. Məhz Azərbaycan Prezidentinin yürütdüyü tam müstəqil siyasət ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Azərbaycanın geosiyasi nüfuzu getdikcə yüksəlməkdədir. Tarixinin ən qüdrətli Azərbaycanına qarşı aparılan məkrli oyunların, qarayaxma kampaniyalarının səbəbi də məhz budur. Azərbaycanı sevməyən, uğurlarını həzm edə bilməyən qüvvələr daim bu çirkinliklərə əl atıblar. Lakin onların heç bir effekti olmayıb. Çünki bu gün İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycan istənilən "hücumun" qarşısını almağa qadirdir və ölkəmizlə hədə-qorxu, təhdid dili ilə danışmaq qeyri-mümkündür. Elə İlham Əliyevin dediyi kimi, "Bu gün dünyada elə bir qüvvə yoxdur ki, hanısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki mən Prezidentəm, belə qüvvə olmayacaqdır".
Bu, İlham Əliyev qətiyyəti, Azərbaycanın dəyişməz mövqeyidir.
"Azərbaycan" qəzeti redaksiyası