ABŞ-nin Beynəlxalq Dini Azadlıqlar Komissiyası - USCIRF iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək. Dinləmələrdə "erməni mədəni irsinin məhv edilməsi" məsələsinə də baxılacağı açıqlanıb. Açıqlamada Azərbaycanın "erməni mədəni irsi"ni məhv etdiyi, "Dağlıq Qarabağ"dakı dini obyektlərin təhlükə altında olduğu ilə bağlı ölkəmiz əleyhinə ittihamlar irəli sürülüb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə bildirib ki, komissiyanın yaydığı uydurma iddia və ittihamlarla dolu bəyanatı qəbuledilməzdir. O qeyd edib ki, ABŞ-nin Beynəlxalq Dini Azadlıqlar Komissiyası tərəfindən ölkəmizə qarşı irəli sürülən iddialar uydurma, saxta və əsassızdır: "Qarabağda erməni irsi, ümumiyyətlə, yoxdur. Komissiyanın uydurma qarayaxma kampaniyası, heç bir əsası olmayan böhtanları ölkəmizə qarşı qərəzdən qaynaqlanır. Erməni lobbisi və onların təsirində olan qüvvələr Azərbaycanın müstəqil siyasətini, dünyada artan nüfuzunu, tarixi zəfərini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini həzm edə bilmirlər. Buna görə də müxtəlif platformalardan istifadə edərək anti-Azərbaycan kampaniyası həyata keçirirlər. Amma bu dəfə uydurduqları yalan acı təəssüf doğurur. Dünyada dini dözümlülük və tolerantlıq məkanı kimi tanınan Azərbaycana qarşı bu sahədə iddia irəli sürmək ən yumşaq halda qərəzdir, riyakarlıqdır".
Siyasətçi xatırladıb ki, bu ilin yanvar ayının 25-də Prezident İlham Əliyev ölkəmizdəki dini qurumlara maliyyə yardımı ayrılması barədə sərəncam imzalayıb. "Həmin sərəncama əsasən, 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Sefarad yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna və Alban-Udi xristian dini icmasına, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fonduna xeyli vəsait ayrılıb. Təkcə bu sərəncam Amerikanın erməni dairələrlə işbirliyində olan Beynəlxalq Dini Azadlıqlar Komissiyasının iddialarının qərəzli olduğunu sübut etməyə kifayətdir".
V.Rəhimzadə sonda vurğulayıb: "Keçmiş işğal illərində Qarabağ və Şərqi Zəngəzurdakı islam dininə aid abidələri dağıdan, Qafqaz alban irsinə qarşı saxtakarlıq edən işğalçı Ermənistan olub. Beynəlxalq Dini Azadlıqlar Komissiyası bunları niyə araşdırmır? Ona görə də bu qurumun iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Anti-Azərbaycan dairələrin yalan iddiaları, kampaniyaları ölkəmizin müstəqil siyasətinə təsir edə bilməz".
Ə.QABİLQIZI,
"Azərbaycan"