11 Yanvar 2022 00:58
2809
SİYASƏT
A- A+

7 səfər, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüş

 

Prezident İlham Əliyevin ötən il xarici ölkələrə səfərləri Azərbaycan diplomatiyasının növbəti nailiyyətləri oldu

 

2021-ci il Azərbaycan üçün bütün sahələrlə yanaşı, xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu oldu.

Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirdi, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Ötən il ərzində Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, çoxşaxəli və qətiyyətli olduğunu təsdiq edir. Bu səfərlər həm də ondan xəbər verdi ki, Vətən müharibəsində qazanılan Zəfər ötən il Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsində böyük rol oynayıb.

 

Prezident İlham Əliyevin siyasi-diplomatik uğuru

 

Prezident İlham Əliyev ötən il ilk xarici səfərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya etdi. İşgüzar xarakter daşıyan bu səfərdə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüş keçirildi.

Görüşün keçirilməsi Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin hüquqi-siyasi təsdiqi olan 10 noyabr Bəyanatında yer alan məsələlərdən irəli gələn prioritetlərlə bağlı idi.

Moskvadakı görüşün yekunu ilə bağlı üçtərəfli Bəyanat imzalandı. İqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Bu sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı bir daha təsdiqlədi və  kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən etdi. Moskvada imzalanan növbəti bəyanat Prezident İlham Əliyevin  uğuru və siyasi-diplomatik qələbəsi oldu.

Bu səfər zamanı həm də Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü keçirildi. Qeyd edildi ki, Azərbaycan-Rusiya münasibətləri son illərdə sürətlə inkişaf edib. Xüsusən, iki ölkənin prezidenti arasında olan dostluq münasibətləri, onların siyasi iradəsi və birgə səyləri bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bunun nəticəsidir ki, ildən-ilə yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası  münasibətlər hazırda strateji səviyyəyə yüksəlib. Ötən il yanvarın 11-də keçirilən görüş zamanı da hər iki dövlət başçısı əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparmışdılar.

 

Azərbaycanla Rusiya vahid mövqedən çıxış edirlər

 

Prezident İlham Əliyev 2021-ci il ərzində növbəti xarici səfərini də iyul ayının 2-də Rusiya Federasiyasına edib. Bu işgüzar səfər bir daha Azərbaycanla bu ölkə arasında siyasi-iqtisadi münasibətlərin qonşuluq və dostluq prinsiplərinə söykənərək daha da dərinləşdiyini göstərdi. Belə ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə var və prezidentlərin Moskva görüşündə bu istiqamətdə  postpandemiya dövrünün yaradacağı imkanları da nəzərdən keçirildi.

Təbii ki, bu səfərin ən mühüm məqamı iki dövlət başçısının Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsinin növbəti dəfə öz təsdiqini tapmasıdır. Bir daha məlum oldu ki, hər iki dövlət başçısı bəyanatla nəzərdə tutulmuş razılaşmaların, həmçinin bütün kommunikasiyaların, o cümlədən  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin  - Zəngəzur dəhlizinin açılması məsələsində vahid mövqedən çıxış edir və bəyanatın müddəalarının yerinə yetirilməsində qətiyyət nümayiş etdirirlər.

Ermənistanda 2020-ci il 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən qüvvələrin mövcudluğu məlumdur. Prezident İlham Əliyevin Moskvada Rusiyanın dövlət başçısı ilə keçirdiyi görüş bir daha təsdiqlədi ki, regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar edilməsində, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmayan həmin qüvvələrin cəhdləri heç bir nəticə verməyəcək.

Bu səfər zamanı Azərbaycan və Rusiya prezidentləri səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələr apardılar ki, bu da iki dövlət başçısı arasında şəxsi münasibətlərin, Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir.

 

İlham Əliyev türk dünyasına Zəfər sevinci bəxş etdi

 

Noyabrın 11-də Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə səfər edib. Qeyd edək ki, İstanbulda noyabrın 12-də keçirilən Türk Şurasının Zirvə Görüşü mühüm hadisələrlə əlamətdar oldu: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi keçirildi, şuranın adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qərarlar qəbul olundu. VIII Zirvə görüşünün ən mühüm hadisəsi isə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu.

Prezident İlham Əliyev bu mükafata Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Vətən savaşındakı qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Ermənistanın işğal siyasətinə son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar və əməkdaşlıq imkanları yaradıb.

Türk Dünyasının Ali Ordenini təltif edərkən “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” - deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki: “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”. Türkiyə Prezidenti xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyinin və bərabərliyinin genişləndirilməsinin, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəsi olmuşdur.

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın  nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür.

Türk Şurasının Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.

Bu səfər zamanı Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovla ayrıca görüşü keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, investisiyalar, energetika, nəqliyyat və digər sahələrdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

 

Soçi görüşü Azərbaycanın qətiyyətli mövqeyinin təmin olunması ilə nəticələndi

 

Noyabrın 26-da Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfər etdi. Həmin gün də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi.

Görüşün əsas müzakirə mövzusu 2020-ci il noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdıraraq dedi: “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”.

 Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Eyni zamanda Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından bəhs etdi və bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı.  Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki,  Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

Soçi görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Azərbaycan üçün mühüm olan həm də odur ki, ötən ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

 

İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər

 

Noyabrın 28-də Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfər etdi. Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə respublikamızın münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.

Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, Vətən müharibəsində qazanılan Zəfər, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, bölgədə yaranan yeni reallıqlar, habelə respublikamızın pandemiya ilə qlobal mübarizəyə töhfələri barədə məlumat verdi. Zəngəzur dəhlizinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, İƏT-ə üzv ölkələr bundan istifadə edəcəklər.

Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin əhəmiyyətindən danışdı, bunun bölgədə normallaşdırma səylərini gücləndirəcəyini vurğuladı. Pakistan Prezidenti Arif Alvi də Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdırdı. “Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm” -deyə Prezident Arif Alvi bildirib.

Türkmənistana səfəri zamanı Prezident İlham Əliyevlə bu ölkənin Prezidenti Qurbanqulu Berdiməhəmmədov,  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Seyid İbrahim Rəisi, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi arasında görüşlər keçirildi.

 

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir

 

2021-ci il dekabrın 13-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər etdi. Mötəbər beynəlxalq təşkilat olan Avropa İttifaqı (Aİ) ilə də Azərbaycanın əlaqələrində son illərdə çox ciddi irəliləyişlər baş verib. Azərbaycanla Aİ arasında bir çox istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıq mövcuddur. 

Dekabrın 14-də Prezident İlham Əliyevlə Aİ Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüşdə də əlaqələrin uğurla inkişaf etdiyi qeyd edildi. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlandı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi.

Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı da ölkəmizlə Aİ arasında əlaqələrə yeni stimul verib. Dekabrın 15-də Brüsseldə keçirilən Aİ-nin Şərq Tərəfdaşlığının VI Sammitində çıxış edən Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Aİ-nin 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.

 Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurur. Nəinki  qurur, o cümlədən inkişaf etdirir, keyfiyyətcə yeni mərhələyə qaldırır. Prezident İlham Əliyevin Belçikaya işgüzar səfəri göstərdi ki, Aİ ilə yanaşı, Azərbaycanın NATO ilə də əlaqələri milli maraqlarımıza uyğun şəkildə genişlənir.

 

NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

 

Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında keçirilən görüşdə də bu, bir daha bəyan olundu. NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli tərəfdaşı olduğunu dedi və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir. Diqqətə çatdırıldı ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər. Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də Alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu dedi.

Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı ilə əməkdaşlığının vacibliyi vurğulandı. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirakı, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırıldı. Eyni zamanda Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olundu. Ölkəmizin NATO-nun “Qətiyyətli dəstək” missiyasının həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr də təqdir edildi.

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirildi. İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən “Qətiyyətli dəstək” missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparıldı.

NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. Bu mövqenin NATO-nun sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edildi. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın “Qətiyyətli dəstək” missiyasındakı rolu xüsusi vurğulandı. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edildi. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirildi.

Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verdi. Dövlətimizin başçısı qeyd etdi ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyi və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu diqqətə çatdırıldı. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edildi.

 

Azərbaycanın növbəti diplomatik uğuru

 

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü də keçirildi. Bu növbəti üçtərəfli görüş bir daha respublikamızın öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini göstərdi. Görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyətidir.

Aİ Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsinə dair bəyanatı da Azərbaycanın maraqlarını ehtiva etdi. Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.

Bəyanatda səslənən bütün fikirlər Aİ-nin təşəbbüsü ilə keçirilmiş Brüssel görüşündə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirdi. O cümlədən bu bəyanat Ermənistanı bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyillərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını təsdiqləyir. Aİ Şurasının Prezidenti “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə etmədi, Minsk qrupunun adını çəkmədi. Bu da bir daha təsdiq edir ki, Aİ Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür.

Dekabrın 15-də isə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Brüsselə səfəri zamanı Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu ilə də görüşüb.

Prezident İlham Əliyev 2021-ci ildə son xarici səfərini Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə edib.

Beləliklə, 2021-ci ildə Prezident İlham Əliyev 7 dəfə xarici səfər edib: 4 dəfə Rusiyaya, 1 dəfə Türkiyəyə, 1 dəfə Türkmənistana və 1 dəfə Belçikaya. Bu səfərlər zamanı Prezident İlham Əliyev 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Aİ, NATO) 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb. Bu səfərlər və görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video