Bu, 473 sahibkarlıq subyektinə verilmiş 571 investisiya təşviqi sənədi hesabına mümkün olur
Ölkədə müntəzəm olaraq dövrün çağırışlarına uyğun təkmilləşdirilən qanunvericilik bazası, aparılan iqtisadi islahatlar sahibkarlığın inkişafını da sürətləndirir. Bunun üzərinə dövlət tərəfindən fürsət düşdükcə verilən hər cür dəstəyi də gəlsək, onda özəl sektorun ölkə iqtisadiyyatının etibarlı güvənc yerinə çevrilməsinin əsl səbəbi aydın olur.
Dövlətin özəl sektora dəstəyi isə səngimir. İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Prezidentin "İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli fərmanı, 20 aprel 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası" və investisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı 20 dekabr 2022-ci il tarixli fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılaraq təkmilləşdirilmiş və müvafiq meyarlara uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır. İnvestisiya təşviqi mexanizminə edilmiş son dəyişikliklərə əsasən, investisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, müvafiq ərazilərdə (Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda) həyata keçiriləcək layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə həyata keçiriləcək strateji layihələrə verilir. Yeni mexanizmdə müəyyən edilmiş meyarlara ekoloji baxımdan əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunmuş və turizm istiqamətli fəaliyyət sahələri genişləndirilmişdir.
Yeni mexanizm əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəlmişdir. İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə mənfəət və ya gəlir vergisinin 50 faizindən, torpaq və əmlak vergisindən tam, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad olması daxildir.
Ümumilikdə cari ilin 1 aprel tarixinədək ölkə üzrə 473 sahibkarlıq subyektinə 571 investisiya təşviqi sənədi verilmişdir. İnvestisiya təşviqi sənədi təqdim olunan layihələrin reallaşması nəticəsində yerli istehsala 5,5 milyard manatdan artıq investisiyanın yatırılacağı, 37,7 mindən çox iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 14 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 86 faizi regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 60,6 faizi sənaye, 35,9 faizi kənd təsərrüfatı, 1,9 faizi logistika, 1,6 faizi turizm sahələrində icra olunacaq layihələri əhatə edir. Xatırladaq ki, 2022-ci il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunmuşdur. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 664,6 milyon manat investisiyanın yatırılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
İnvestisiya təşviqi sənədi verilmiş 400-dən artıq layihə artıq fəaliyyətə başlamışdır. Digər layihələrin qurulması üzrə işlər davam edir. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları dünyanın müxtəlif ölkələrinə (MDB, Avropa, ərəb ölkələri və s.) ixrac olunur.
Dövlət tərəfindən cari il aprelin 1-dək investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara (437 sahibkarlıq subyekti) 881,3 milyon dollar dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 5228 təsdiqedici sənəd verilmişdir. Sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 221,1 milyon dollar məbləğində güzəşt əldə edilmişdir.
Rüstəm KAMAL,
"Azərbaycan"