24 May 2024 08:00
1346
SİYASƏT
A- A+
21 İLİN 100 GÜNÜ

21 İLİN 100 GÜNÜ

 

Yeni seçilmiş prezidentin fəaliyyətinin ilk yüz gününün qeyd edilməsi dünyada qəbul olunmuş ənənədir.
Müasir və demokratik dövlət olan Azərbaycan da bu qaydaya daim əməl edir.
Bu gün - mayın 24-də cənab İlham Əliyevin beşinci dəfə Azərbaycan Prezidenti kimi and içib səlahiyyətlərinin icrasına başlamasının ilk yüz günü tamam olur.
Beşinci prezidentliyin yüz günü əvvəlkilərdən nə ilə fərqlənmiş və hansı vacib addımlarla yadda qalmışdır?
Ötən dövrdə görülən işlərə birlikdə nəzər salaq.
***
Vəfasız ömür Ulu Öndər Heydər Əliyevə müstəqil Azərbaycanın inkişafı və qarşıda duran problemlərin uğurlu həlli ilə bağlı nəzərdə tutduğu bütün planları sonadək yerinə yetirməyə imkan vermədi.
Ulu Öndər Azərbaycan xalqına son müraciətini edərək əbədiyyətə qovuşdu.
Azərbaycan vətəndaşları Ümummilli Liderinin müqəddəs vəsiyyətinə böyük hörmət və ehtiramla yanaşdı.
Siyasi varisi cənab İlham Əliyevə etimad və etibarını göstərən Ulu Öndər Heydər Əliyev öz müraciətində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ümummilli Liderimiz İlham Əliyevin istedad, qabiliyyət və bacarığını da bir cümləsində yığcam şəkildə əks etdirmişdi: 
"O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".
Azərbaycan xalqı ilk dəfə 2003-cü il prezident seçkilərində cənab İlham Əliyevə etimad göstərərək onu dövlət başçısı seçdi.
Yanılmadığının, əksinə, çox doğru seçim etdiyinin fərqində oldu!

Cavan dövlət başçısının ölkəyə uğurlu, müdrik və uzaqgörən rəhbərliyindən məmnun qalaraq sonradan daha dörd dəfə yüksək etimad göstərdi.
Ötən dövrdə Prezident İlham Əliyev möcüzə və xariqələr yaradaraq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi, xalqın rifahını əsaslı şəkildə yüksəltməklə arzularını gerçəkləşdirdi, dövlətin qarşısında duran birnömrəli problemi uğurla həll etdi.
***
İlham Əliyev ilk prezidentliyinə başlayanda ölkədə həllini gözləyən problemlər mövcud idi.
Doğrudur, Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhvolmadan, iki dəfə dövlət çevrilişinə cəhddən, xaos və anarxiya bataqlığından qurtarmış, ölkənin gələcək inkişafını təmin edəcək "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuş, möhkəm və dönməz sabitlik yaratmışdı.
Lakin hələ neftdən gələn gəlirlər büdcəyə daxil olmadığından bir sıra çətinliklər də yaşanırdı:
* Məcburi köçkünlərin əksəriyyəti hələ də çadır şəhərciklərində yaşayırdı;
* Ölkə ərazisində qazlaşdırma aşağı səviyyədə idi, elektrik enerjisi  regionlara fasilələrlə verilir, bu səbəbdən məişətdə və kənd təsərrüfatı məhsulları istehsalında çətinliklər yaşanırdı;
* Sahibkarlığın inkişafı hələ yeni başladığından regionlarda dolanışıq problemləri qalırdı, insanlar doğma kəndlərini tərk edərək paytaxta axışırdılar;
* Ölkə üzrə işsizlik və yoxsulluq mövcud idi;
* Respublika və yerli əhəmiyyətli yollar dağılmış, infrastruktur köhnəlmişdi;
* Transmilli layihələri reallaşdırmaq üçün beynəlxalq qurumlar qəbuledilməz şərtlərlə kredit ayırmaq yolunu tutduqlarından müəyyən çətinliklər yaşanırdı;
* Ən əsası, Ermənistanın qeyri-konstruktiv mövqeyi və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, münaqişənin sonsuzadək uzadılması cəhdləri orduya böyük məbləğdə vəsait ayrılmasını zəruri edirdi;
* Ölkə daxilində də, beynəlxalq sahədə də təxirəsalınmaz həllini gözləyən problemlər vardı!
Ulu Öndər Heydər Əliyev bütün bu problemlərin həlli üçün münbit zəmin, etibarlı bünövrə formalaşdırdı. 
Yeni seçilmiş Prezident cənab İlham Əliyev isə Ulu Öndərin əsasını qoyduğu yolla bütün bu istiqamətlərdə fəaliyyət göstərməyi, özü də ən qısa müddətdə, ən yüksək nəticələr qazanmağı bacardı!
Sözün həqiqi mənasında ölkəyə rəhbərliyi dövründə görünməmiş möcüzələr yaratdı!

***
* Ən əvvəl Azərbaycanı yenidən tikib-quraraq tarixinin ən qüdrətli dövlətinə, Cənubi Qafqazda söz sahibinə, dünyada özünəməxsus yeri və sözü olan yüksək siyasi nüfuzlu məmləkətə çevirdi;
* Daim müstəqil, dövləti və milli maraqlara əsaslanan siyasət yürütdü;
* Ölkənin sürətli və davamlı yüksəlişini təmin etdi, Azərbaycanın yeni inkişaf modelini yaratdı;
* Daxili imkanlar hesabına transmilli layihələrin gerçəkləşdirilməsinə nail oldu;
* "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərini işə saldı, dünya okeanına birbaşa çıxışı olmayan Azərbaycanı beynəlxalq logistika mərkəzinə, Avropa ilə Asiya qitələri arasında səmərəli tranzit körpüsünə çevirdi;
* Ölkənin yol infrastrukturunu yenilədi, elektrik enerjisi ilə təminatını qaydaya saldı, qazlaşdırmanı 95 faizdən yuxarı qaldırdı, Azərbaycanı Avropanın təbii qazla təchizatında iştirak edən etibarlı tərəfdaşa çevirdi;
* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edərək uğurla həyata keçirilməsinə, nəticədə işsizliyin və yoxsulluğun beş faizədək endirilməsinə nail oldu;
* Hücum diplomatiyasından hücum taktikasına keçməklə beynəlxalq qurum və təşkilatlarda fəaliyyət gücləndirildi, dövlətlərarası ikitərəfli əməkdaşlığa diqqət yüksəldilərək Azərbaycana dost olan dövlətlərin sayı artırıldı, ölkəmiz beynəlxalq tədbirlərin fəal iştirakçısına, hətta təşkilatçılarından birinə çevrildi;
* Ən böyük diqqət, vəsait və imkan ordu quruculuğuna, yeni metodla tərbiyələndirilmiş gənclər hesabına xüsusi təyinatlılar və Komando qüvvələrinin hazırlanmasına, ən yeni silahlarla təchiz edilmiş qüdrətli ordu yaradılmasına səfərbər olundu və möhtəşəm nəticə qazanıldı!
Bütün bu uğur və nailiyyətlərin əsasında həm də cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sədaqəti, Azərbaycan xalqını və dövlətini daim bu yolla qələbədən-qələbəyə aparması, xalqın möhkəm milli birliyini yaratması dururdu!
***
İlham Əliyevin gərgin, çoxcəhətli, səmərəli, milli maraqları yüksək səviyyədə təmin edən və ölkə vətəndaşlarının sosial rifahını yüksəldən fəaliyyətindən məmnun qalan seçicilərin 93 faizdən çoxu 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində yenidən ona səs verməklə növbəti dövrdə də ölkə rəhbəri seçdilər!
Cənab İlham Əliyev beşinci prezidentliyinə qalib dövlət başçısı, Müzəffər Ali Baş Komandan, ikiəsrlik Qarabağ münaqişəsini zəfərlə həll edərək xalqının ümummilli ideyasını gerçəkləşdirən rəhbər kimi qədəm qoydu!
Son 20 ilin ən mühüm və vacib məsələsi işğal altındakı torpaqları düşməndən təmizləmək, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etmək idi.
Cənab İlham Əliyev bunu böyük məharətlə, incə və uzaqgörən siyasət yürütməklə, "dəmir yumruğ"u ilə həll etdi!
Artıq yüz gününü başa çatdırdığınız yeni dövrdə qarşıda duran ən mühüm vəzifə isə otuzillik işğalın ağır nəticələrini aradan qaldırmaq, müasir tipli yeni yaşayış məntəqələri yaradaraq doğma torpaqlarından uzun müddət aralı düşmüş insanları tezliklə geriyə qaytarmaqdır!
Yeni dünya nizamının formalaşması ilə bağlı gedən ağrılı proseslər, Cənubi Qafqaza məkrli oyunların və xəbis niyyətlərin yol tapması xarici siyasətə də mühüm diqqət yetirilməsini zəruri edir.
Prezidentin fəaliyyətə başlamasının ilk yüz günündə hər iki istiqamətdə gərgin və səmərəli fəaliyyətin, uğurlu nəticələrin şahidi oluruq!
***
Cənab İlham Əliyev Azərbaycana beşinci rəhbərliyinə, eyni zamanda prezidentliyinin ilk yüz gününə andiçmə mərasimi ilə başladı.
14 fevral 2024-cü ildə Milli Məclisdə keçirilən təntənəli inaqurasiya mərasimində söylədiyi proqram xarakterli çıxışında ötən iyirmi ildə görülən işlərə yekun vurmaqla yanaşı, yeni dövrün başlıca xüsusiyyətləri, qarşıdakı əsas hədəflər və yerinə yetiriləcək vəzifələr, habelə onlara çatmaq yolları barədə xalqa ətraflı məlumat verdi.
Şübhəsiz, ötən dövrün başlıca yekunu və qarşıdakı zaman kəsiyində yerinə yetiriləsi vəzifələrin mahiyyəti yeni reallıqların yaranmasından - Azərbaycan xalqının milli ideyasının həyata keçirilərək ərazi bütövlüyünün və suverenliyinin bərpasından qaynaqlanır.
Cənab İlham Əliyev ilk növbədə prezidentliyinin iyirmi ili ərzində qazanılan uğur və nailiyyətlərin başlıca səbəbini qeyd etdi:
"2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır".
Dövlət başçısı daha sonra xalqın milli ideyasının gerçəkləşdirilməsinə toxundu:
"Verdiyim vədlər arasında təbii ki, ilk növbədə ölkəmizin ərazi bütövlüyünün bərpası idi... Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik".
Mövcud reallıqlar, yeni dövrün çağırışlarını və müstəqil dövlətimizin qarşısında duran mühüm vəzifələri xatırladan cənab İlham Əliyev prezidentliyinin yeni dövründə görüləcək işlər, aparılacaq islahatlar və nəzərdə tutulan yeniliklər barədə də dolğun məlumat verdi:
"İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm".
Prezident İlham Əliyevin hazırkı dövr üçün müəyyən etdiyi yeni hədəfləri qısa şəkildə bir daha xatırladırıq:
* Güclü Azərbaycan həmişə hədəfdə olub və bundan sonra da ölkənin iqtisadi qüdrətinin artırılmasına, siyasi nüfuzunun yüksəldilməsinə, dostlarının və müttəfiqlərinin sayının çoxalmasına xüsusi diqqət yetiriləcəkdir.
* Növbəti dövrdə də Silahlı Qüvvələr daim gücləndiriləcək, ən müasir silahlarla təmin ediləcək, müntəzəm şəkildə təlimlər keçiriləcək, bu məqsədlə büdcədən kifayət qədər vəsait ayrılacaqdır.
* İşğaldan azad edilmiş torpaqlara keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması üçün Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul olunaraq sürətlə reallaşdırılır. Odur ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilərək cənnətə çevrilməsi prosesi prioritet vəzifələr sırasında mühüm yer tutur.
* Milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq, möhkəm əqidəli və heç bir zərərli təsirlərə uymayan gənc nəslin yetişdirilməsi yenə diqqət mərkəzində dayanacaqdır. Bununla əlaqədar sağlam Azərbaycan ailəsinin qorunması da yeni hədəflər sırasındadır.
* Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt dövrün əsas çağırışlarındandır. Bu sahədə kadr hazırlığı aktual məsələlərdəndir.
* Qeyri-neft sektorunun inkişafı, "yaşıl enerji" istehsalı və ixracı aktual olaraq qalır.
* İdeoloji işin gücləndirilməsi, vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsinin müntəzəm aparılması diqqət mərkəzində olacaqdır.
* Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri kimi müəyyənləşdirdiyi və gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş azərbaycançılıq məfkurəsi də dövlətin böyük əhəmiyyət verdiyi vəzifələr sırasındadır.
* Yeni dövrdə Azərbaycanın xarici siyasəti yenə də aydın, açıq və fəal olmaqda davam edəcəkdir.
* Prezidentimizin müəyyənləşdirdiyi ən mühüm hədəflərdən biri Azərbaycanın yerinin türk dövlətləri ailəsində olmasıdır: "Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir".
Cənab İlham Əliyevin yüzgünlük fəaliyyətində artıq bütün bu istiqamətlər üzrə səmərəli işlər görüldüyünün şahidiyik.
***
Əvvəlcə ötən 100 gün ərzində baş verən çoxsaylı hadisələrdən üçünü xüsusi vurğulamaq istərdik.
Azərbaycan çox mühüm beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını keçirməyə hazırlaşır.
Belə bir mühüm tədbirin ölkəmizdə keçirilməsi hər şeydən əvvəl Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, dünyadakı mövqeyinin və hörmətinin, habelə ekoloji təmizliyə və təbiətin zərərli tullantılardan qorunmasına verdiyi dəyərli töhfələrin nəticəsidir.
Dünya dövlətlərinin əksəriyyəti tədbirdə iştirak edəcəyini bildirir, ölkəmizə kömək və dəstəyini ifadə edir.
COP29-a geniş və səmərəli hazırlıq işləri görülür, bu sahədəki təcrübə öyrənilir və tədbirin gedişində Azərbaycanın dünyaya təqdimi istiqamətində mühüm yeniliklərin olacağı, iştirakçıların sayında yeni rekorda imza atılacağı proqnozlaşdırılır.
İkinci mühüm hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində baş verən irəliləyişdir.
Artıq Azərbaycan vasitəçilərsiz, birbaşa danışıqlarla istəyinə nail olmuş, Almatı görüşündən sonra Ermənistan dörd kəndimizi qaytaracağını bildirərək hazırlıq işlərinə başlamış, sərhəddə delimitasiya və demarkasiya prosesinə start verilmişdir.
Dövlət başçısı cənab İlham Əliyev Cənubi Qafqaza burun soxmağa, burada ikinci Ukrayna yaratmağa can atanlara sonuncu və qəti xəbərdarlığını etmişdir:
"Hamı bizimlə hesablaşmalıdır!"

Ən nəhayət, bütün bədbin proqnozlara rəğmən Rusiya sülhməramlı kontingenti də sülh və əmin-amanlıq şəraitində Qarabağı tərk etmişdir. Bu, iki dövlət başçısının yüksəksəviyyəli razılığı əsasında baş tutmuşdur!
Cənab İlham Əliyevin digər dediklərinin də həyata keçiriləcəyinə kimsədə şübhə yoxdur!
Nə dostlarda, nə də dost olmayanlarda!

İndi isə Qarabağın, Şərqi Zəngəzurun cənnətə çevrilməsi və "yaşıl enerji" istehsalının nizama salınmasında məqsədyönlü, mütəşəkkil və sürətli işlər davam edir!
***
Azərbaycan Prezidenti cənab İlham Əliyev ənənəvi iş üslubuna sadiq qalaraq yenə də gərgin, sıx qrafiklə fəaliyyət göstərir, çoxsaylı qəbullar və görüşlər keçirir, səfərlərə çıxır, ölkə daxilində və beynəlxalq miqyasda baş tutan qlobal məsələlərə həsr olunmuş konfranslarda iştirak və çıxışlar edir.
İlk yüz gündə görülən işlərin sayı o qədər çox və həcmi o qədər böyükdür ki, hər biri haqqında geniş danışmaq sadəcə  mümkün deyil.
Odur ki, ən mühüm görüş, səfər, hadisələr və uğurlar barədə qısa faktları sadalamaqla kifayətlənəcəyik.
***
Prezident İlham Əliyev ötən 100 gün müddətində dörd xarici səfər edib və bir sıra vacib görüşlər keçirib.
*16-17-fevral, Almaniyaya işgüzar səfər:
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münxendə İlham Əliyev və Nikol Paşinyan arasında görüş olub.
Münxendə Prezident İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən, ABŞ-nin Dövlət katibi Entoni Blinken, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin Prezidenti İsxak Hersoq ilə də görüşüb.
*18-19 fevral, Türkiyəyə rəsmi səfər: 
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, iki ölkə arasında yeni mühüm sənədlər imzalanıb. 
* 25-26 fevral, Almaniyaya işgüzar səfər: 
Səfər zamanı İlham Əliyev Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüş keçirib. 
Prezident İlham Əliyev Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.
* Aprelin 22-də Rusiyaya işgüzar səfər: 
Səfər zamanı İlham Əliyev Vladimir Putinlə görüşüb.
***
Bir sıra dövlət və hökumət 
başçıları, beynəlxalq təşkilat 
rəhbərləri isə Azərbaycanın 
qonağı olublar:

* Martın 1-də Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayı qəbul edib. 
* Martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya gəlib. 
* Martın 12-də prezidentlər Füzuli və Şuşaya səfər ediblər.
Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
* Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfər edib.
* Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberq Bakıya səfərə gəlib.
* Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana səfərə gəlib.
* Aprelin 24-25-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəmizə səfərə gəlib, prezidentlər Füzulidə, Ağdamda olublar. 
* Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycana səfər edib. 
* Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycana səfər edib.
* Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edib. Prezidentlər yeni sənədlər imzalayıb, həmçinin Füzulidə  və Şuşada olublar. 
* Mayın 19-da Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüb.
Sonra Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.
"Xudafərin" və "Qız Qalası" hidroqovşaqları işə salınıb.
* Mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkəmizə dövlət səfəri edib. 
Prezidentlər arasında təkbətək və geniş tərkibdə görüş keçirilib, onlar mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçıları "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" və daha 6 mühüm sənəd imzalayıblar.
***
Bakıda bir sıra mühüm beynəlxalq konfranslar keçirilib, dövlət başçısı həmin tədbirlərdə iştirak və çıxış edib:
* Martın 1-də Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib.
Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.
* Martın 14-dən 16-dək Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.
XI Qlobal Bakı Forumuna bir çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.
*Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib.
30 ölkədən 64 iştirakçının qatıldığı forumda Prezident İlham Əliyev diplomatların çoxsaylı suallarını cavablandırıb. 
* Mayın 1-3-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bakıdakı tədbirlər Ağdamda xüsusi sessiya ilə yekunlaşıb.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. 
***
Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunmaqdadır.
Uzun illər boyu yurd həsrəti çəkənlər dövlət tərəfindən tikilib təmir olunmuş evlərə köçərək fərəh və sevinc dolu günlərini yaşamağa başlayırlar.

Dövlət başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə vaxtaşırı Qarabağa və Şərqi Zəngəzura səfərlər edir, bərpa və quruculuq işlərini şəxsi nəzarətində saxlayır, yeni yaşayış məntəqələrinin yeni sakinləri ilə görüşərək həmsöhbət olurlar.
İNDİYƏDƏK:
Laçın şəhərinə - 62 ailə, 211 nəfər;
Laçın rayonunun Zabux kəndinə - 10 ailə, 26 nəfər;
Füzuli şəhərinə - 295 ailə, 1163 nəfər;
Şuşa şəhərinə - 58 ailə, 224 nəfər;
Laçın rayonunun Sus kəndinə - 20 ailə, 75 nəfər qayıtmışdır.
Ötən yüz gündə ümumilikdə 17 köç baş tutmuş, 445 ailə (1699 nəfər) ata-baba torpaqlarına qayıtmışdır!
Diqqəti cəlb edən ən mühüm məqamlardan biri də odur ki, cənab İlham Əliyev budəfəki prezidentliyinə həm də regional və qlobal miqyasda baş verən proseslərə daha sərt və kəskin münasibətini açıq şəkildə nümayiş etdirməklə başlayıb.

Xüsusən də Cənubi Qafqaza burun soxmaq istəyənlərə, bizə ağıl öyrətməyə can atanlara və ölkəmizə qarşı düşmən mövqe sərgiləyənlərə qarşı:
"Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik", - deyə cənab İlham Əliyev Şuşadan məlum ünvanlara açıq mesajını verib!
Həm də özünəgüvəni açıq şəkildə ortaya qoymaqla:
"Burada söz sahibi bizik. Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar".
Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko isə ölkəmizin və onun rəhbəri cənab İlham Əliyevin Qafqazdakı mövqeyi və missiyasının əsl mahiyyətini açıq mətnlə bəyan etdi:
"Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil. Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız".
***
Adətən təyyarə əvvəl yerdə sürət yığıb, sonra göyə qalxır.
Müstəqil Azərbaycanımız da müasir, güclü, iti sürətli təyyarəyə bənzəyir.
O, nəzərdə tutduğu hədəfə müəyyən etdiyi saatda və dəqiqədə çatmaq, hətta bu zamanı qabaqlamaq imkanındadır.
İyirmi il əvvəl qarşıya qoyduğu məqsədə uyğun yol xəritəsini dəqiqləşdirərək uzaq bir səfərə çıxmışdır.
Sürətini artıraraq qanadlarını geniş açmış, nəzərdə tutduğu bir çox hava limanına uğurlu "enişlər" etmişdir.
Bu gün "Azərbaycan" adlı nəhəng təyyarə yenidən göyün ənginliklərinə yüksəlir.
Artıq onu yeni vəzifələr, yeni hədəflər, yeni "limanlar" gözləyir!
"Təyyarə"nin sükanı arxasında isə yenə də xalqın sevib seçdiyi, etimad və etibarını daim doğrultduğu müdrik, uzaqgörən və vədinə sadiq kapitan - əvəzolunmaz dövlət başçısı cənab İlham Əliyevdir!
Sükan etibarlı əllərdədir!
İnanırıq ki, bu "təyyarə" ötən 20 ildə və təhlilini verdiyimiz son yüz gündə olduğu kimi, qarşıdakı yeddi ildə də Azərbaycan xalqını arzularına, bəxtəvər günlərinə çatdıracaqdır! 
Yolun açıq və uğurlu, arzu və istəklərin çin olsun, doğma, qalib Azərbaycanımız!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!