Qərar № 41/205
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Bulud Ərzulla Əşrəf oğlu 9 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 22/80 saylı Qərarını mübahisələndirmiş, seçki dairəsinin bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciət etmiş deputatlığa qeydə alınmış namizəd Ə.Ə.Bulud müraciətində səsvermə günü 31 saylı Suraxanı ikinci seçki dairəsinin 4, 5, 6, 7, 9, 12, 32 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şəraitin yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atıldığını, mübahisələndirilən qərarın əsaslandırılmadığını iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 13 akt və elektron məlumat daşıyıcısı əlavə etmişdir.
İddia edilən pozuntularla əlaqədar olaraq namizəd Ə.Ə.Buludun şikayəti 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 22/80 saylı Qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək huququ izah olunmuş, onun araşdırmada iştirakı təmin edilmiş, ərizəçi komissiyanın iclasında iştirakdan imtina etmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Ə.Ə.Buludun müraciətinin təkrar araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və namizəd tərəfindən təqdim olunmuş digər materialları da əhatə etmişdir.
Mərkəzi Seçki Komissiyasında şikayətçi, Müsavat Partiyasından qeydə alınmış namizəd Ə.Ə.Buludun iştirakı ilə aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndırdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Təqdim edilmiş video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.
Araşdırma prosesində müəyyən edilmişdir ki, namizəd Ə.Ə.Buludun səsvermə günü baş verdiyi iddia edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosesual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.
Qeyd edilənlər əsas götürülərək, ərizəçinin müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 22/80 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Bulud Ərzulla Əşrəf oğlunun 9 sentyabr 2024-cü il tarixli 65 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 22/80 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12.09.2024