Qərar № 42/213
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsi üzrə qeydə alınmış namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu 2024-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək, seçki günü adıçəkilən seçki dairəsinin bir sıra seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Ş.S.Məcidzadə müraciətində seçki günü 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsinə daxil olan 62 seçki məntəqəsindən 12-də sərbəst müşahidə aparılmasına maneələr yaradıldığını, kabinələrə eyni anda iki seçicinin daxil olduğunu, dairə seçki komissiyasının bir sıra seçki məntəqələrində seçki qutularının şəffaf olmaması ilə bağlı heç bir araşdırma aparmadığını, bir sıra seçki məntəqələrində səslərin şəffaf sayılmadığını, səslərin sayılması zamanı elan olunan nəticələrlə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində verilmiş nəticələrin uyğun gəlmədiyini, seçki qutularına birdən artıq bülletenin atıldığını, səslərin müşahidəçilərin müşahidəsi olmadan səsvermə otağından kənarda sayıldığını, səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də, onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların nüsxələrini təqdim etmədən məntəqəni tərk etdiklərini, səlahiyyəti olmayan şəxslərin seçki prosesinə müdaxiləsini, bir sıra seçki məntəqələrində baş vermiş pozuntuların dairə seçki komissiyası tərəfindən araşdırılmadığını və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin dairə seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğvini tələb etmişdir. O, müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı, 35 ədəd aktın və seçkilərin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun bir ədəd kserosurətini əlavə etmişdir.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsinin 3, 4, 7, 8, 16, 18, 19, 20, 28, 33, 42 və 45 saylı seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilmədiyindən müraciət təmin olunmamışdır.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər, o cümlədən səsvermə günü göstərilən seçki məntəqələrində tərtib olunmuş aktların əsilləri alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Dairə seçki komissiyasında aparılan araşdırma zamanı müşahidəçilərdən, eləcə də həmin seçki məntəqələrinin məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan əlavə həmin seçki dairəsi üzrə qeydə alınmış 2 namizəddən də izahatlar alınmışdır.
Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara və təqdim olunmuş aktlara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası mübahisələndirilən qərarında əsasən düzgün nəticəyə gəlsə də, göstərilən seçki məntəqələrinə münasibətdə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, sosial şəbəkələrdə yayımlanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilməsi, digər seçki materiallarının və alternativ məlumat mənbələrindən əldə edilmiş məlumatlarin təhlili, həmçinin Ş.S.Məcidzadənin dairə seçki komissiyası tərəfindən araşdırılmadığını iddia etdiyi, bir sıra seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntularının araşdırılması nəticəsində 3, 4 və 18 saylı seçki məntəqələrində səsvermə zamanı bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Buna görə də 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmədiyindən, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmamışdır.
Beləliklə, 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsindən qeydə alınmış namizəd Ş.S.Məcidzadənin müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 saylı qərarı 3, 4 və 18 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsi üzrə qeydə alınmş namizəd Məcidzadə Şəhriyar Sərdar oğlunun 10 sentyabr 2024-cü il tarixli 72 saylı müraciəti qismən təmin olunsun, seçki dairəsinin 3, 4 və 18 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/144 saylı qərarı 3, 4 və 18 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2024