Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizə möcüzə kimi yazılmış böyük Zəfəri xalqımıza bəxş edən və bununla da müstəqil dövlətçiliyimizi qorumağa qadir olduğunu bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusunun əsasının qoyulmasından 107 il keçir. Bu tarixi gündə Milli Müdafiə Universiteti, Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanovla görüşüb həmin dövrün hadisələrinə birlikdə ekskurs etdik. Tədqiqatçı alim xalqımızın olduqca ağır, lakin tariximizə qızıl hərflərlə yazılan o şanlı günlərini belə xarakterizə etdi:
- 1918-ci ildə Azərbaycan xalqı nəinki milli arzuları, istəkləri özündə əks etdirən müstəqil, demokratik dövlətin əsasını qoydu, eyni zamanda tarixi əsrlərlə ölçülən qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı və qısa zaman ərzində Cümhuriyyət ordusunu zamanın reallığına çevirdi. Ordunun yaradılması sözsüz ki, müstəqil dövlət quruculuğunun tələbləri ilə şərtlənirdi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu vaxt yurdumuzda elə bir mürəkkəb hərbi-siyasi şərait yaranmışdı ki, ölkənin müstəqilliyi kimi xalqın özünün mövcudluğu da çox ciddi təhlükə və sınaqlarla rastlaşmışdı. İfrat bolşeviklərin, daşnakların, Azərbaycan xalqının həyatına yad olan eserlərin, çar Rusiyasının sərhədlərinə sahib çıxmaq istəyən ağ qvardiyaçı qüvvələrin simasında gündən-günə genişlənməkdə olan təcavüzkarlığın qarşısının alınması qısa zaman ərzində güclü milli hərbi qüvvələrin formalaşmasını tələb edirdi. Belə hərbi qüvvələrin tez bir zamanda təşkili üçün isə ölkədə yetərincə zəruri iqtisadi baza, hərbi infrastruktur, milli kadrlar mövcud deyildi. Lakin zabit və generallarımızın qətiyyəti nəticəsində belə çətin bir vəzifənin öhdəsindən uğurla gəlmək mümkün oldu. Ümummilli Lider Heydər Əliyev cümhuriyyət dövründə ordu quruculuğu sahəsində görülən işlərin əhəmiyyətini belə qiymətləndirirdi: "1918-ci ildə Xalq Cümhuriyyəti, Azərbaycanın ilk demokratik hökuməti dövlət quruculuğu işini çox mürəkkəb və çətin bir dövrdə apardığı zaman Silahlı Qüvvələrin yaranmasına və ordu quruculuğuna xüsusi əhəmiyyət vermiş, qayğı göstərmişdir. Xalq Cümhuriyyətinin ikiillik tarixini bu gün vərəqləyərkən ordu quruculuğu sahəsində nə qədər dəyərli işlər gördüyü, doğrudan da, böyük hörmət hissi doğurur".
Milli Ordu quruculuğunun yaradılmasına rəhbərliyi öz üzərinə götürmüş tam artilleriya generalı Səməd bəy Mehmandarov 1918-ci il noyabr ayının 7-də imzaladığı 1 nömrəli əmrində yazırdı: "Vəzifəmin icrasına başlarkən mənim görməli olduğum o böyük işin bütün ciddiliyini, mürəkkəbliyini və cətinliyini yaxşı anlayıram. Ancaq bu iş görülməlidir və Hərbi Nazirliyin qarşısına çıxan bütün çətinlikləri birgə səmimi fəaliyyət və vəzifəyə təmiz münasibət bəsləndiyi halda aradan qaldırmaq mümkündür".
Cümhuriyyətin hərbi nazirinin müavini olmuş Əliağa Şıxlinskinin fikrincə isə, ölkənin ən yaxşı qüvvələrinin cəlb edilməsi ilə mövcud olan çətinlikləri aradan qaldırmaq və Azərbaycan xalqının güvənc yerinə çevrilən bir ordunu yaratmaq mümkün olardı. Hərbi nazir adından imzaladığı əmrlərdən birində yazırdı ki, ordu "Vətənin dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır".
Əslində, elə belə də oldu. Cümhuriyyət ordusu quruculuğuna Vətənin ən yaxşı qüvvələri cəlb edildi. Belə qüvvələrin sırasında yer alan tam artilleriya generalları Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Həbib bəy Səlimov, general-mayor Süleyman bəy Əfəndiyev, general-mayor Cavad bəy Şıxlinski, general-mayor Həmid bəy Qaytabaşı, general-mayor Teymur bəy Novruzov, polkovnik Şirin bəy Kəsəmənli, polkovnik Nuh bəy Sofiyev, polkovnik Əhməd bəy Dibirov, polkovnik İsrafil bəy İsrafilov və onlarca başqalarının adları Azərbaycanın hərb tarixinin sönməyən ulduzlarını təşkil edirlər.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Milli Ordu quruculuğu tarixini iki dövrə bölmək olar. Birincisi, Azərbaycanın müstəqilliyinin elan edildiyi gündən 1918-ci il oktyabr ayının sonlarına qədər olan dövrdür. Müstəqilliyin elan edilməsindən sonra Azərbaycanda və onun ətrafında formalaşan mürəkkəb hərbi-siyasi şəraiti, müstəqilliyinə qənim kəsilmiş bolşevik-daşnak cütlüyünün yaratdığı real təhlükənin tez bir zamanda aradan qaldırılması zərurətini nəzərə alaraq Azərbaycan hökuməti Osmanlı Türkiyəsindən hərbi kömək istədi. Qafqaz İslam Ordusu yaradıldı. Məhz bu ordunun rəhbərliyi altında müştərək hərbi qüvvələrin 1918-ci il iyun ayının ortalarında Qaraməryəm ətrafından başlanan uğurlu hərbi yürüşü həmin il sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsi ilə başa çatdı.
Lakin Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros müqaviləsinin şərtlərinə görə, Osmanlı Türkiyəsinin hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalanda Azərbaycan hökuməti özünün 23 oktyabr 1918-ci il tarixli iclasında Cümhuriyyətin Hərbi Nazirliyinin bərpa edilməsi barəsində məsələni müzakirə etdi. Nazirlər Şurasının 1918-ci il 1 noyabr tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi bərpa edildi və bununla ordu quruculuğu və ölkə ərazisinin silahlı müdafiəsi vəzifəsi bütünlüklə Hərbi Nazirliyə həvalə olundu. Həmin vaxtdan da Cümhuriyyət ordusu quruculuğunun ikinci dövrü başlayır.
Hərbi Nazirlik bərpa ediləndə mövcud olan milli hərbi hissələr Gəncə və Qarabağda yerləşmişdilər. Bu, tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirliyin rəhbərliyi ordu daxilindəki durumla tanışlıq üçün 1918-ci il noyabr ayının sonu və dekabr ayının ilk günlərində Gəncə və Ağdam ətrafında yerləşmiş hərbi hissələrdə oldu. Hərbi nazir S.Mehmandarov hərbi hissələrlə tanışlıq zamanı xidmətin təşkilində ciddi nöqsanlarla rastlaşdı və onların aradan qaldırılması ilə bağlı əmr imzaladı. Bu əmrlə hissə və bölmə komandirlərinin qarşısında konkret vəzifələr müəyyənləşdirildi. Həmin vəzifələrdən biri də bu idi ki, müstəqil Azərbaycan Ordusunda xidmət edən bütün hərbi qulluqçuların Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil edilsin.
Bu yerdə onu qeyd edim ki, həmin dövrdə Azərbaycan dili orduda dövlət dili elan olundu. Bununla bağlı hərbi nazir Cümhuriyyət ordusunda xidmət edən qeyri-azərbaycanlı zabitlər qarşısında belə bir tələb qoydu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılığını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirməyən zabitlər ordudan xaric edilməli idilər. Ardınca Azərbaycan dilinin öyrədilməsi və əsgərlər arasında savadsızlığın ləğvi üçün ordu daxilində müvafiq kurslar təşkil edildi və həmin kurslarda dərslərin aparılmasına təcrübəli mütəxəssislər cəlb olundular.
Yeni dəyərlər üzərində qurulan ordunun milli hərbçi kadrlarının hazırlanması da Hərbi Nazirliyin rəhbərliyinin qarşısında dayanan mühüm vəzifələrdən biri idi. Bu vəzifənin həllinə nail olmaq üçün hələ 1918-ci il martın 1-də əsası qoyulmuş Milli Hərbiyyə Məktəbinin (Podpraporşiklər məktəbi) fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq Praporşiklər Məktəbinə çevrildi. 1919-cu ilin sonunda Praporşiklər Məktəbinin də statusu qaldırıldı. Cümhuriyyət Ordusu tərkibində milli hərbçi kadrlar hazırlayan İstehkam Məktəbi, Hərbi Dəmiryolçular Məktəbi və Hərbi Feldşer Məktəbi də açılmışdı.
Hökumətin və Hərbi Nazirliyin həyata keçirdiyi tədbirlər nəticəsində Cümhuriyyət ordusunun döyüş qabiliyyəti xeyli gücləndi və bu da ölkənin silahlı müdafiə imkanlarını daha da genişləndirdi. 1919-cu ilin yayında Denikin ordusunun Azərbaycana hərbi müdaxiləsi təhlükəsinin artdığı zaman Cümhuriyyət ordusunun döyüş qabiliyyətinə arxalanmaqla bütöv müdafiə sisteminin yaradılmasına nail olundu. Şimal sərhədlərinin müdafiə sistemi, Abşeronun müdafiə sistemi, Bakının müdafiə sistemi quruldu, bu müdafiə sistemlərinin möhkəmləndirilməsi üçün kifayət qədər qüvvə və vəsait ayrıldı. 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradıldı və bununla da ölkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirildi.
Artıq 1919-cu ilin avqustunda Cümhuriyyət ordusunun kifayət qədər formalaşmış olan hərbi hissələri Lənkəran bölgəsinin Azərbaycan hökumətinə tabe olmayan qiyamçı qüvvələrdən təmizlənməsi üçün planlaşdırılan Lənkəran əməliyyatını uğurla yerinə yetirdilər. Cümhuriyyət Ordusu 1920-ci ilin mart-aprel aylarında Qarabağın və Azərbaycanın digər ərazilərini işğal etmək üçün Ermənistan hərbi qüvvələrinin başladığı hərbi təcavüzün qarşısının alınması məqsədilə genişmiqyaslı hərbi əməliyyatda iştirak etdi. 1920-ci il mart ayının 22-dən 23-nə keçən gecə, Novruz bayramı günlərində erməni hərbi qüvvələri eyni vaxtda Şuşada, Xankəndidə, Əsgəranda, Xocalıda və Tərtərdə yerləşən Cümhuriyyət ordusu bölmələri üzərinə hücuma keçdilər. Ermənistan hərbi qüvvələri Qarabağ ərazisində yaradılmış separatçı qüvvələrlə birlikdə dörd istiqamətdən Azərbaycan ərazilərinin işğalına cəhd göstərdilər. Qazax-Ağstafa, Cəbrayıl, Ağdərə-Tərtər və Şuşa-Əsgəran-Ağdam istiqamətlərindən başlanan hücumlar kütləvi dağıntılarla müşayiət olunurdu. Ermənistan siyasi rəhbərliyinin və hərbi komandanlığının hazırladığı plana görə, əvvəlcə bütün Qarabağ işğal altına alınmalı, sonra isə erməni qüvvələrinin Tərtərdən və Qazax istiamətindən irəliləməsi nəticəsində Gəncə şəhəri işğal edilməli idi.
Ermənistanın bu işğalçılıq planının qarşısının alınması üçün əsasən Qarabağda və onun ətrafında aparılan müharibə Azərbaycan Ordusunun və onun rəhbərliyinin rastlaşdığı ən ciddi və taleyüklü bir sınaq oldu. Buna baxmayaraq, erməni hərbi qüvvələrinin bütün təcavüz cəhdlərinin qarşısı alındı. Hərbi nazir Səməd bəy Mehmandarovun strateji rəhbərliyi, onun müavini Əliağa Şıxlinskinin yüksək təşkilatçılığı, Qarabağdakı hərbi qüvvələrə rəhbərlik edən Həbib bəy Səlimovun, Teymur bəy Novruzovun, Cavad bəy Şıxlinskinin, digər zabitlərin və döyüşçülərin şücaəti və fədakarlığı nəticəsində Cümhuriyət ordusu tapşırılan vəzifəni qələbə ilə başa çatdırdı. Erməni silahlı qüvvələrinin bütün cəhdlərinə baxmayaraq, Qarabağın Azərbaycandan qoparılması mümkün olmadı.
Təəssüf ki, gözlənildiyi kimi, Cümhuriyyətin süqutundan sonra bolşeviklər Azərbaycan üzərində qırmızı işğalı möhkəmləndirmək üçün ilk növbədə milli hərbi kadrların kütləvi terroruna başladılar. İstər Cümhuriyyət dövründə xidmət sıralarında olmuş, istər sovet hakimiyyəti illərində yeni rejimə xidmətə cəlb olunmuş çoxlu sayda milli hərbi kadrlar qırmızı bolşevik terrorunun qurbanı oldular. Hətta 1938-ci ilə qədər milli diviziya adı altında mövcud olan Azərbaycan diviziyası da bu terrordan yaxa qurtara bilmədi və həmin ildə onun ləğvinə qərar verildi. Bununla belə azərbaycanlılar arasında milli hərbi ruhu bütünlüklə məhv etmək sovet rejiminə qismət olmadı. İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə Azərbaycan xalqının göstərdiyi xidmətlər, Azərbaycan övladlarının misilsiz hünərləri bunu sübut etdi.
Lakin sovet rejimi öz siyasi hədəflərinə uyğun olaraq xalqın Cümhuriyyət dövründən yeni məzmun kəsb edən hərbi ənənələrinin canlandırılmasına, azərbaycanlıların hərb işində daha da genişlənməsinə imkan vermədi. Bu sahədə xalqın maraqlarına cavab verən dönüşə yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə nail olmaq mümkün oldu. Sovet hakimiyyəti illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı. Sovet rejiminin müqavimətinə baxmayaraq, Cəmşid Naxçıvanski adına xüsusi-internat məktəbin açılması, Bakı şəhərində yerləşən hərbi məktəblərdə azərbaycanlı kursantların sayının artırılması, ölkənin ali hərbi məktəblərinə göndərilən azərbaycanlıların sıralarının genişləndirilməsi Ulu Öndərin milli hərbi ənənələrin canlandırılması sahəsindəki tarixi fəaliyyətinin əyani təsdiqidir.
Ulu Öndərin siyasi kursuna sadiq olan dövlətimizin başçısı İlham Əliyev ordu quruculuğu sahəsində də bu ənənəni uğurla davam etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi mühitin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaratdı. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrildi. 44 günlük Vətən müharibəsinin başlanması ərəfəsində İlham Əliyev Ali Baş Komandan kimi ordunun hazırlıq səviyyəsini belə qiymətləndirmişdi: "... Bu gün biz güclü ordu yaratmışıq... Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər... Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq ... Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tapşırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib".
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən və möhkəmlənən Azərbaycan Ordusu nəyə qadir olduğunu hələ 2016-cı ilin aprelində Ermənistanın hərbi qüvvələrinin təxribatının qarşısının alındığı zaman və 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafındakı torpaqları erməni işğalından azad edərkən artıq əyani şəkildə nümayiş etdirdi. 2020-ci il iyul ayının 12-15-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində baş verən hadisələr zamanı da Azərbaycan Ordusu bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular.
44 günlük Vətən müharibəsi isə Azərbaycan Ordusunun Zəfər salnaməsinə çevrildi. Dünyanın müxtəlif ölkələrinin hərbi mütəxəssislərinin qeyd etdiyi kimi, Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini ortaya qoydu. Xüsusən pilotsuz zərbə uçuş aparatlarının dünya təcrübəsində ilk dəfə çox geniş miqyasda və davamlı şəkildə tətbiqi döyüş meydanında səmanın tamamilə Azərbaycanın nəzarəti altına keçməsinə yol açdı. Düşmən tərəfi heç bir yolla ordumuzun hava hücumlarının qarşısını ala bilmədi. Qısa zaman ərzində düşmənin həm hava hücumundan müdafiə sistemi, həm də hərbi texnikası sıradan çıxarıldı, onun atəş gücünə sarsıdıcı zərbə vuruldu. Beləliklə, məğlubedilməzliyi haqqında saxta miflər və uydurmalar yaradılmış erməni ordusu qərar tutduğu son dərəcə əlverilşi mövqelərin təbii üstünlüklərinə baxmayaraq, Azərbaycan Ordusu qarşısında diz çökdü. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin 27 sentyabrında keçirilən antiterror tədbirində isə Azərbaycanın suverenliyi təmin edildi. Azərbaycan xalqı, onun rəhbərliyi və ordusu tarixin yeni və şərəfli bir səhifəsini yazdılar.
İndi Azərbaycan Ordusu öz xidmətini işğaldan azad edilmiş ərazilərdə, Ermənistanla dövlət sərhədində davam etdirir və heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu ordu gələcəkdə də lazım gələrsə tarixinin yeni-yeni şərəfli səhifələrini yazacaq.
Söhbəti yazdı:
Elşən QƏNİYEV,
"Azərbaycan"