Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.
Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, Fərəh Əliyeva görüş zamanı qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, tezliklə başlayacaq mentorluq proqramından söz açıb.
Qaliblərin təhsil, humanitar məsələlər və ictimai fəaliyyət ilə bağlı suallarını cavablandıran Fərəh Əliyeva “Yüksəliş” müsabiqəsinin həm liderlik keyfiyyətlərinin inkişafına, həm də ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verməkdə əhəmiyyətli rol oynadığını xüsusi qeyd edib.
Qaliblər ölkənin iqtisadi inkişafına töhfə vermək istədiklərini, həmçinin müxtəlif sosial və ictimai layihələrdə fəal iştirak etmək arzusunda olduqlarını bildiriblər.
Dördüncü müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” müsabiqəsinin qalibi elan olunan 25 iştirakçı bir il müddətində müsabiqənin mentorlarının iştirakı ilə mentorluq proqramından faydalanmaq imkanı əldə ediblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.