31 Avqust 2024 08:40
187
Mədəniyyət
A- A+

Vətənə layiqli xidmət

 

Ulu Öndər Heydər Əliyevin dövlətçilik və vətənpərvərlik haqqında kəlamlarından birində deyilir: "Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır". Tarix bu dahi şəxsiyyətin sözlərinin nə qədər fəlsəfi olduğunu göstərmiş və dəfələrlə sübut etmişdir ki, cəmiyyətin və dövlətin inkişafı, güclənməsi və müstəqilliyinin qorunması onun hər bir vətəndaşının vətəndaşlıq mövqeyindən və məsuliyyətindən asılıdır. Çünki bunlar hər kəsin vətəninə, torpağına və dövlətinə hərtərəfli bağlılığının göstəriciləridir.
Tanınmış ziyalı, uzun illər müxtəlif vəzifələrdə, o cümlədən dövlət işlərində ləyaqətlə çalışan və müdriklik zirvəsinə ucalan, vətənini sevən, səmimiyyəti ilə fərqlənən Rövşən Xosrov oğlu Ağayev də belə vətəndaşlardandır. Bu günlərdə ömrünün 75-ci ilini geridə qoyan yubilyar şüurlu həyatı boyu aydın vətəndaşlıq mövqeyi sərgiləyərək bir insan kimi  bilik və bacarıqlarını ölkəmizin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstərməyə həsr etmişdir.
 Rövşən Ağayev əmək fəaliyyətinə çox erkən başlamış, ali təhsilini tamamladıqdan sonra, ötən əsrin 70-ci illərində neft sənayesi sahəsində fəaliyyət göstərmişdir. O, xüsusən "Leninneft" (indiki "Balaxanıneft") Neft və Qazçıxarma İdarəsində işlədiyi qısa müddət ərzində kollektivin hörmətini qazana bilmişdir. O dövrün KİV-ində 1980-ci ilin yanvar ayında Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış deputatlığa namizəd Heydər Əliyevin Lenin - hazırkı Sabunçu rayonunun bir neçə müəssisə və təşkilatında, o cümlədən "Leninneft" NQÇİ-də seciçilərlə görüşünün keçirilməsi ilə bağlı kifayət qədər geniş məlumat verilmişdir. R.Ağayev həmin idarənin partiya komitəsinin rəhbəri kimi bu əlamətdar tədbirlərin bilavasitə fəal təşkilatçılarından biri olmuşdur. Həmin dövrə aid xatirələrindən bəhs edən R.Ağayevin sözlərinə görə, onun Ulu Öndər Heydər Əliyevin neftçilərlə görüşü ilə bağlı təəssüratları o qədər zəngindir ki, danışmaqla bitməz. Lakin bir məqam Rövşən Ağayevin yaddaşına əbədi həkk olunub. Özü bu barədə deyir: "Tədbirin sonunda Heydər Əliyevin əlimi sıxaraq mənə çox isti sözlər deməsi, daha məhsuldar işləməyi, işdə daha çox inamlı və cəsarətli olmağı və yaxşı əhvali-ruhiyyə arzulaması sonrakı bütün həyat və fəaliyyətimdə bir mayak rolunu oynamışdır".
Ulu Öndər Heydər Əliyevlə həmin görüş zamanı Rövşən Ağayevin 30 yaşı var idi. Bu görüş onun yaddaşında unudulmaz izlər buraxaraq, sonrakı inkişafı üçün ciddi əsas olmuşdur. 
Təbiətcə yaradıcı insan olan Rövşən Ağayev bir müddət neft sənayesi müəssisələrində işlədikdən sonra, 1983-1992-ci illərdə özünü mətbuat sahəsində sınamışdır. Bununla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuş, idarəetmə sahəsində kadrların hazırlanması işinə töhfələr vermişdir. Yüksək əmək nailiyyətlərinə görə, 1990-cı ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
1990-cı illərin əvvəlində R.Ağayev təcrübəli mütəxəssis, aydın vətəndaşlıq mövqeyi olan kadr kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına işə dəvət edilir. Belə yüksək etimadı doğrultmaq üçün o, bütün bilik və bacarıqlarını səfərbər etmiş, ləyaqət və şərəflə dövlətinə və xalqına xidmət göstərmiş, idarəçilik sisteminin yeni dövrün və ictimai-siyasi mühitin çağırışlarına uyğun təkmilləşdirilməsi istiqamətində çalışmışdır. R.Ağayev o dövrdə yerli icra hakimiyyəti orqanlarının işinin təşkilində və səmərəsinin artırılmasında, həmçinin dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, üzləşdikləri çətinliklərin aradan qaldırılması, ehtiyacı olanlara zəruri kömək göstərilməsi sahəsində uğurlu fəaliyyət göstərmişdir. 
Prezident Administrasiyasında işlədiyi 20 ildən artıq müddətdə R.Ağayev Prezident İlham Əliyevin "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır" müdrik kəlamını özünün həyat və fəaliyyətində rəhbər tutmuş və bu gün də həmin amalla yaşayır və fəaliyyət göstərir. 
R.Ağayevin həyatının 10 ili bilavasitə ölkənin təhsil sistemi ilə bağlıdır. Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı 3 metodik vəsaitin müəlliflərindən biridir. O, vəzifə funksiyalarını yerinə yetirməklə yanaşı, son illər təhsil sistemində baş verən dəyişikliklər, əldə edilən uğurlu nəticələr, eyni zamanda mövcud problemlər barədə peşəkar təşəbbüslər irəli sürür, zamanla səsləşən mühakimələr ortaya qoyaraq, onların reallaşmaşına nail olur. Təhsil sahəsində islahatların həyata keçirilməsində göstərdiyi yüksək xidmətlərə görə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
Bir faktı da qeyd etmək yerinə düşər ki, cəmiyyətin aktual problemlərinin araşdırılmasında və düzgün nəticələr çıxarılmasında, eləcə də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində R.Ağayevin atası, uzun illər məsul rəhbər vəzifələrdə işləmiş el ağsaqqalı, gözəl insan Xosrov Ağayevin vaxtilə verdiyi dəyərli məsləhətlər də onun sonrakı fəaliyyətində mühüm rol oynamışdır.
 Rövşən Ağayev qeyd etdiyimiz kimi həm də yaradıcı şəxsdir. Onun indiyədək mətbuatda 250-dən artıq elmi-publisistik məqaləsi dərc olunmuş, 3 bədii əsəri işıq üzü görmüşdür. Məqalələrin xeyli hissəsi üç kitabda toplu kimi çap edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun yaradıcılığında bir sıra istiqamətlər diqqət çəkir. Bunların arasında Qarabağla bağlı araşdırmalar xüsusi yer tutur. Onun Qarabağdan olan məşhur insanların, korifeylərin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları tariximizə və Qarabağşünaslığa böyük töhfədir. Eyni zamanda 30 il ərzində erməni faşizminin Qarabağda törətdiyi vəhşiliklər və bu bəşəri cinayətlərin ağır nəticələri barədə məqalələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün vacib əhəmiyyət daşıyır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi və hazırda bu ərazilərdə aparılan möhtəşəm bərpa və quruculuq işləri onun məqalələrinin əsas qayəsini təşkil edir.
Yubiley ilində insanın keçdiyi yola nəzər salması, onu dəyərləndirməsi, planlaşdırılanları və reallaşdırılanları müqayisə etməsi adi haldır. Bu mənada Rövşən Ağayev həyatda çox uğurlara nail olub, özünü bir çox istiqamətdə sınayıb və nailiyyət qazanıb. O, bütün bunlara yorulmaz zəhməti, xarizması, fəal həyat mövqeyi sayəsində nail olub. R.Ağayev özündə ən gözəl məziyyətləri cəmləşdirir: xarakterin möhkəmliyi ilə dünyəvi müdriklik, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olmaq istəyi, hər kəslə ünsiyyət qurmaq bacarığı, zəngin həyat təcrübəsi, xoşməramlı və hərarətli işgüzar fəallıq, yüksək tələbkarlıq və təşkilatçılıq. 
Bəzi insanlar memuar yazır. Bütün həyat yolu, gündəlik həyatı maraq doğuran, lakin qeydə alınmayan insanlarla daha çox qarşılaşırıq. Bax, buna görə biz bu məqalədəki fikirlərimizlə vətənpərvər, məsuliyyətli, xeyirxah və qayğıkeş bir insanla bağlı bu boşluğu müəyyən dərəcədə doldurmağa çalışdıq. 

Rafiq ƏLİYEV, 
professor, fəlsəfə elmləri doktoru, 
Natiq İSAYEV 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video