28 Sentyabr 2024 09:05
484
Mədəniyyət
A- A+
Unudulmayan Mir Cəlal müəllim

Unudulmayan Mir Cəlal müəllim


Mir Cəlal Paşayev haqqında bu yazını qələmə alanda istər-istəməz 1967-ci ilin 1 sentyabr gününü xatırladım. I kurs tələbələri olan əlli nəfər gənc gözlərini intizarla qapıya zilləmişdi, görəsən, ilk müəllimimiz kim olacaq? Elə bu zaman qapı açıldı və əsərlərini sevə-sevə oxuduğumuz, yalnız şəklini görüb özünü görmək səadətinə nail ola bilmədiyimiz bir insan - Mir Cəlal Paşayev içəri daxil oldu. 

Və o gündən - Mir Cəlal müəllimin auditoriyaya ilk qədəm basdığı gündən bizim beşillik tələbəlik həyatımız başladı. Həmin beş il ərzində biz Muxtar Hüseynzadə, Səlim Cəfərov, Məmməd Cəfər, Əkbər Ağayev, Ağamusa Axundov, Musa Adilov, Bəxtiyar Vahabzadə, Firidun Hüseynov, Tofiq Hacıyev, Samət Əlizadə, Fərhad Zeynalov kimi tanınmış dilçilərin və ədəbiyyatşünasların mühazirələrini dinlədik, amma o birinci gün yaddaşımıza əbədi həkk olundu. Mir Cəlal müəllim şirin bir təbəssümlə bircə-bircə hamımızın adını soruşdu. Mən öz adımı deyəndə əlini çiynimə qoyub dedi: "Sənin adın "Vaqif" pyesindən doğulub". 

İllər gəlib keçib. Mir Cəlal müəllim qırx altı ildi əbədiyyətə, haqq yoluna qovuşub. Amma onun şirin təbəssümü, bir müəllim kimi söylədiyi mühazirələr, bir alim kimi ədəbiyyatşünaslığımıza bəxş etdiyi elmi incilər, bir yazıçı kimi qoyub getdiyi qiymətli romanlar, hekayələr, bir şəxsiyyət kimi isə könüllərdə əbədiyaşarlığı unudulan deyil. 

Mir Cəlal Azərbaycan ədəbiyyatında və filoloji fikrində bir yazıçı və alim kimi öz yolu olan bir şəxsiyyət idi. Onsuz keçən bu qırx altı ildə bu yolun saflığına, həqiqət yolu olduğuna heç bir şübhə ola bilməz. Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı tarixində böyük bir ədəbi irs yaradıb. Onun əlli illik bədii yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin sənətkarlıqla qələmə alınmış canlı, müəzzəm lövhələridir. O əsərlərin ən başlıca bədii məziyyəti ondadır ki, hansı quruluşda yazılmasından asılı olmayaraq həyat həqiqətini ifadə edir.

Mir Cəlal son dərəcə realist yazıçı idi. Bu gün belə onun əsərlərini oxuduqda təsvirlərin canlı və reallığına heyrət edirsən. Elə bil ki, həyat hadisələri, insanlar, heç yazıçı müdaxiləsi olmadan birbaşa bədii əsərə köçürülüb. Amma belə deyil, Mir Cəlalın bədii nəsrindəki gerçəklik yazıçının bədii qüdrətiylə yaradılan gerçəklikdir. 


Onun bənzərsiz yazı tərzi vardı


Mir Cəlalın özünəməxsus, bənzərsiz fərdi üslubu, yazı tərzi vardı. Bu mənada onu kimsəyə bənzətmək mümkün deyil. Amma Mir Cəlalı ədəbi prinsipinə, həyatı təsvir üsulu və metodlarına görə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi XX əsr realistlərinin davamçısı saymaq olar. Davamçı olmaq heç də yaranmış ədəbi məktəbin prinsiplərini, metod və üsullarını kor-koranə təqlid etmək deyil, o yaşarı ənənəyə, onun möhkəm və davamlı prinsiplərinə müasir bədii təfəkkürün tələbincə yeni çalarlar artırmaqdır. Bax, bu mənada yazıçı Mir Cəlalla Mirzə Cəlil və Haqverdiyev arasında sələf-xələf münasibətlərindən, ədəbi varislik ələqələrindən söz açmaq olar.

Mir Cəlal öz elmi fəaliyyətində bu iki sənətkara dönə-dönə müraciət etmişdir. Tələbəsi Firidun Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyində hər iki sənətkar haqqında elmi oçerkin müəllifi Mir Cəlal Paşayevdir. Bundan başqa o, "Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci illər)" adlı doktorluq dissertasiyasında, həmçinin "Cəlil Məmmədquluzadə realizmi haqqında" sanballı monoqrafiyasında C.Məmmədquluzadə və Ə.Haqverdiyev yaracılığından geniş söz açmışdır. Hələ biz 1944-cü ildə çap olunan üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"ndə XX əsr ədəbi irsimizin ən əsas tədqiqlərinin də Mir Cəlal tərəfindən yazıldığını unutmuruq.

Bizim yeni nəsrimizdə realizm üslubu çox haqlı olaraq, bu iki demokratik ədibin adı ilə adlandırılır. Bu realistlərin qüvvəsi onda idi ki, onlar müasir həyatı, ictimai konfliktləri, sinfi mübarizəni öz sənətləri üçün əsas obyekt götürürdülər. Onlar ədəbiyyat tariximizdə ilk dəfə canlı insanların gündəlik adi həyat və məişətini boyasız, bəzəksiz, dürüst yazırdılar. Onlar adət və ənənələri, ağır zəhməti, güzəranı, "diş ağrısını", evlənməyi, qonaqlığı, ər-arvadı, ata-oğul, dost-düşmən əlaqələrini və s. mövzu qəbul etmişdilər. Onlar köhnə, feodal-patriarxal məişəti, fanatik təsəvvür və zehniyyəti bədii ədəbiyyatın ədalət məhkəməsinə çəkirdilər. Bu böyük sənətkarlar oxucunu heyrətə gətirirdilər: "Bu necə işdir. Ədəbiyyat hara, diş ağrısı hara?! Bəs gül, bülbül? Bəs zülf, sevda necə olsun?.."

Yeri gəlmişkən qeyd edim ki, Mir Cəlalın bu məqaləsindəki obrazlı ifadələr onun monoqrafik tədqiqatlarına və dərsliklərindəki elmi oçerklərinə də xas olan bir cəhətdir. Məsələn, o, Haqverdiyevə həsr etdiyi məqaləsinin sonunu belə tamamlayır: "Haqverdiyev, bir növ, canlı Azərbaycandır, yeriyən Azərbaycandır!" Yaxud Səməd Vurğuna həsr etdiyi məqalələrindən birini belə başlayır: "Gənc Səməd bir çoxları kimi, əlinə qələm alanda kağız korlamamışdır. O, fitrətən şair doğulmuşdur".

Mir Cəlalın hələ otuzuncu illərdə yazdığı "Həkim Cinayətov", "Anket Anketov", "Mərkəz adamı" hekayələrində məhz Mirzə Cəlil və Haqverdiyev ənənələrinin yaxşı mənada təsirini hiss edirik. "Xarakter bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, sadə söyləmə, nəqletmə üsulu hekayə sənətində əsasdır" - hekayə üçün müəyyənləşdirdiyi bu prinsipə Mir Cəlal bütün yaradıcılığı boyu sadiq qalmağa çalışırdı.

Mir Cəlal xarakter ustası idi. Onun bu ustalığı təkcə romanlarında deyil, hekayələrində də bariz nəzərə çarpırdı. O, obrazı bəzən qrotesk səviyyəsində təqdim edirdi, obraza bu cür yanaşma çox zaman əndazəni aşsa da, ümumiləşdirici mahiyyət daşıyırdı. 

Mir Cəlalın "Anket Anketov" adlı hekayəsindən söz açan bütün müəlliflər yekdilliklə qeyd edirlər ki, müəllif bu hekayədə Anket Anketov simasında konkret və ümumi xüsusiyyətləri olan qüvvətli bədii-ictimai bir tip yaratmışdır. Kimdir Anketov? O, insanlara, insan münasibətlərinə "liçni delolar"a görə qiymət verir, sənəd varsa, deməli, o, kiməsə inana bilər. Adamlar onun nəzərində şəxsi ləyaqətinə, bacarığına görə deyil, "liçni delolarına" görə qiymətlidir. Başdan-ayağa bürokratizmdən yoğrulmuş bu tip cəmiyyət üçün zərərlidir. Anketovlar onda da vardı, indi də.

Bir halda ki, Mir Cəlal yaradıcılığı barədə söhbətə onun satiralarından başladıq, bu satiranın ən kəskin formada ifadə olunmuş bir nümunəsi ilə söhbəti davam etdirək. Görkəmli tənqidçi Məmməd Cəfər Mir Cəlalın müharibə illərində yazdığı "Açıq kitab" romanını "həqiqətin üzünə dik baxan" bir əsər kimi səciyyələndirirdi.

O zaman roman çap olunanda ("Vətən uğrunda" jurnalı, 1944) ədəbi aləmdə böyük əks-səda doğurdu. Tənqidçi və ədəbiyyatşünaslardan Məmməd Cəfər, Orucəli Həsənov əsəri yüksək qiymətləndirdilər. Orucəli Həsənov Mir Cəlalı "ədəbiyyata həyat gətirən" yazıçı adlandırdı, M.Cəfər isə həyat həqiqətini cəsarətlə təsvir etdiyi üçün Mir Cəlalı alqışladı. Ancaq gizlətmək lazım deyil ki, bir sıra ədiblər romana tənqidi münasibət bəslədilər. Azərbaycan KP(b) MK-nın "Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" 1948-ci il qərarında "Açıq kitab" tənqidə məruz qalan əsərlər sırasında qeyd edildi.

Səbəb nə idi? Əsas səbəb o idi ki, Mir Cəlal sovet ədəbiyyatının başlıca metodu olan sosializm realizmi xəttindən yayınmışdı. 

Zaman keçdi, ədəbiyyatda yalnız təsdiq pafosunun, "müsbət qəhrəman"ın heç də əsas rol oynamadığı, tənqidi realizmin bütün zamanlarda vacibliyi bir daha sübut olundu və baxıb gördük ki, Mir Cəlalın Gəldiyevləri bu gün də sifətlərini dəyişmiş halda yenə meydan sulamaqdadırlar. 


Azərbaycan sovet romanının yaradıcılarından biri


Əbülhəsən, Süleyman Rəhimov, M.S.Ordubadi, Y.Vəzir, M.Hüseyn, Ə.Vəliyevlə birgə Mir Cəlal da XX əsr Azərbaycan romanının təməl daşlarını qoyanlardan olub.

Mir Cəlalın "Dirilən adam" və "Bir gəncin manifesti" romanları otuzuncu illərin Azərbaycan romanları sırasında yer tutur. Mir Cəlal "Dirilən adam"da lətifə-anektod səviyyəsində olan bir əhvalatı sosial roman səviyyəsinə qaldırmış, bir kəndin timsalında müxtəlif sinfi-siyasi qruplaşmaları, ictimai zümrələri real və təbii cizgilərlə canlandırmışdır. Məsələ onda deyil ki, öz sevimli ailəsindən dərbədər düşüb bir parça çörək dalınca şəhərə işləməyə gələn Qədir sonralar bolşeviklərə qoşulur, məsələ ondadır ki, o ayılır, mənəvi ölülük ictimai diriliyə çevrilir. Mir Cəlalın bu romanda başlıca uğurunu xarakter yaratmaq məharətində axtarmaq lazımdır. Yazıçı Qədir, Qumru, Bəbir bəy, Məşədi İslam obrazlarını elə ustalıqla təsvir etmişdir ki, oxucu onların hər bir hərəkətinin real və inandırıcı olduğuna qətiyyən şübhə eləmir.

Mir Cəlal Azərbaycan milli-mənəvi dəyərlərinin, əsrlərdən bəri yaranan və yaşanan əxlaqi keyfiyyətlərin qızğın təbliğatçısı idi. "Bir gəncin manifesti" əsərində hamının xatırladığı çox təsirli bir səhnə var. Ehtiyac ucundan Sona evindəki "Yusif-Züleyxa" xalçasını bazara satmağa gətirib. Şərq bazarına gəlmiş bir ingilis xalçanın gözəlliyinə heyran qalır, onun yanında bir yerli tacir də var. İngilis nə qədər dil tökürsə, Sona onu rədd edir. Tacir ingilisin yanında pərt olmasın deyə xalçanı özü almaq istəyir. "İngilis almır, a bacı, görürsən ki, mən alıram. Öz müsəlman qardaşın, Əli şiəsi!" Amma Sona ona da satmır, çünki bu yerli tacir bir qədər əvvəl qorxaq kölə kimi xalçanı ingilisə göstərmişdi.

"Sona xalçanı çəkib aradan yığdı və pəhləvan kimi qoltuğuna vurdu:

- Satmıram, - dedi, - vəssalam!

Xalçanın küləyi, soyuq və kəsərli silah kimi ingilisin boz sifətinə dəydi. Mister vahiməyə düşmüş kimi geri çəkildi. Tacir onun dediyini qadına tərcümə etdi:

- Görürsən? Düzü elədir. "Hara getsə, - deyir, - onu mən alacağam".

Sona daha da acıqlandı. İti və həyəcanlı nəzərlərilə həm taciri, həm misteri süzüb əli ilə qəti rədd işarəsi verdi:

- İtə ataram, yada satmaram!

Sona arxasını misterə və tacirə çevirib elə cəld gedirdi ki, deyəsən evdə yağı daşır. Onun dalınca iki həris canavar gözü baxır, yanırdı.

Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları, o namuslu qızı və qeyrətli ananı yola salırdı:

Halal olsun!"


Qələmini süngüyə çevirən yazıçı


Mir Cəlal nəsrini publisistikasız təsəvvür etmək olmaz. Ədibin müharibə illərində yazdığı "Həzi Aslanov" adlı silsilə oçerkləri var, bu janrına görə oçerk sayılsa da, yazıçı Həzi Aslanovun keçdiyi şanlı həyat və mübarizə yolunu bədii lövhələrlə elə təqdim edir ki, yazının hekayəmi, oçerkmi olduğunun fərqinə belə varmırsan. Yaxud "Anaların divanı" hekayəsində bu tipli cümlələrə rastlaşdıqda da qətiyyən təəccüblənmirsən: "Dünyada birinci və axırıncı dəfə olaraq anaların müqəddəs qiyamı başlanırdı. Analar indi müsəlləh və qəzəbli bir ordu kimi əl-ələ, səs-səsə verirdilər. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Fəhlə qadın yumruğunu düyümlüyərək bayraq kimi qaldırırdı. Müəllim kitabını silaha dəyişir, yazıçılar qələmi süngüyə çevirirdi". 

Müharibə illərində Mir Cəlalın "Yollar", "Qardaş qanı", "Şərbət", "Odlu mahnılar", "Atlı", "Mərcan nənə", "Çupçik", "Vətən yaraları", "Ər və arvad" və s. hekayələri çap olundu. Təfərrüata varmadan deyə bilərik ki, bu hekayələrin hər birində cəbhə həyatını yaxından müşahidə edən, döyüşçülərlə təmasda olan bir vətənpərvər yazıçının dəqiq, canlı müşahidələrinin şahidi oluruq. Axı Mir Cəlal müharibə illərində bir çox yazıçı dostları ilə birgə Novorossiyskdə, Uzaq Şərqdə olmuşdu. Səməd Vurğun "Vətən müharibəsi və ədəbiyyatımız" adlı məruzəsində qeyd edirdi ki, Mir Cəlalın "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum".

Müharibədən sonra Mir Cəlal üç roman yazdı. Bunlardan biri "Yolumuz hayanadır?" böyük şairimiz Mirzə Ələkbər Sabirin keşməkeşli ömür yoluna həsr olunmuşdu. Sabir yaradıcılığını böyük məhəbbətlə öz elmi əsərlərində tədqiq hədəfinə çevirən, onu mənəvi ustadı və müəllimi sanan Mir Cəlal romanda şairin mükəmməl bədii obrazını yaratmışdı.

"Yaşıdlarım" romanı isə hərbi-vətənpərvərlik mövzusunda qələmə alınmışdı. Romanda üç dövr - müharibədən əvvəlki, müharibə dövrü və müharibədən sonrakı dövrlər təsvir olunur. 

Mir Cəlalın "İnsanlıq fəlsəfəsi" (1958) adlı gözəl bir hekayəsi var. Bu hekayədə nə kəskin süjet, nə gərginliyi ilə seçilən dramatik konflikt, nə də bir-birini əvəz edən maraqlı hadisələr nəzərə çarpır. Bəs onda nədir bu hekayənin gözəlliyi? 

Hekayədə bir insan ömrü təsvir edilir. Yazıçı tikinti trestində bənna işləyən Baxışı, onun ailə sevincini, sonra ölümünü, bu ölümdən doğan kədər hissini təsvir edir. Özü də aramla, tələsmədən, amma təsvir etdiyi qəhrəmana rəğbəti hiss edilə-edilə. Baxış da, onun həyat yoldaşı Ağca da adi insanlardır, amma öz halal zəhməti və səmimi davranışları ilə başqalarından seçilirlər. Mir Cəlal o dövr üçün xarakterik olan "müsbət qəhrəman" obrazını iş prosesində, hərəkətdə təsvir eləmir, sadəcə  onun keçdiyi həyat yolunu müəllif təhkiyəsi yönündə izləyir. Ancaq müəllifin məramı heç də dövrün "müsbət qəhrəman"ını təqdim etmək olmamışdır. Məqsəd insan amiliylə bağlıdır: istər adi insan olsun, istər şöhrətli …öləndən sonra o, unudulurmu? Məlum olur ki, Baxışın həyat yoldaşının nigarançılığına dəyməz - onu unutmayıblar. "Görərsən, iki gün çəkməyəcək ki, əli qələmlilər gələcək, binalara baxacaq, dəftərləri açacaq, adamları dindirəcək, şərəf lövhələrini yoxlayacaq, tarix yazacaqlar. Bu sıralanmış uca ağ evlərin çoxunda Baxışın adını görəcək, yazacaqlar".

Bu hekayəni niyə xatırlatdıq? Mir Cəlal müəllimin həyatı və keçdiyi yazıçı-alim-pedaqoq ömrü də fikrimizcə, dünyadan köçəndən sonra unudulmayan və illər ötdükcə yeni nəsillər üçün doğulan bir ömürdür. 


Mir Cəlal Paşayev görkəmli ALİM idi


Onun haqqında yazılan bir xatirədə deyilir ki, otuzuncu illərin ortalarında gənc Mir Cəlal küçədə böyük ədib Hüseyn Cavidlə rastlaşır. Mir Cəlal kəmali-ədəblə Cavidə salam verir. Cavid Mir Cəlaldan soruşur ki, nə işlə məşğulsan. Mir Cəlal deyir ki, Azərbaycan qadın şairlərinin yaradıcılığı barədə mövzu götürmək istəyirəm, bununla bağlı xeyli material toplamışam. Cavid gülümsünür və əlini Mir Cəlalın çiyninə vurub deyir: "Sən qadınlar haqqında yox - bunu hamı yaza bilər - Füzuli sənəti barədə elmi iş yaz. Dəryada damla axtar, damlada dərya yox!" Və Mir Cəlal "Füzulinin poetikası" mövzusunda elmi işə girişir. 1940-cı ildə o, həmin mövzuda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi qazanır. Sonralar Mir Cəlal bu əsərə yenidən qayıdır, onu daha da təkmilləşdirir, 1958-ci ildə "Füzuli sənətkarlığı" monumental əsər işıq üzü görür.

"Füzuli sənətkarlığı" monoqrafiyası həm Azərbaycanda, həm də xaricdə dahi şairə həsr edilən ən sanballı əsərlərdən biridir. Əsər yazılış tərzi etibarilə təkcə sırf elmi mühakimələr üzərində qurulmamışdır, dərin elmi mühakimələrlə yanaşı, burada hissi-emosional üslub tərzinin də öz yeri var və bu cəhət monoqrafiyanın elmi üslubu ilə vəhdət təşkil edir.

 Bu kitaba qədər dahi şairin şeir mədəniyyəti, poetik ustalığı öz elmi yozumunu tapmamışdı. Bunu ilk dəfə Mir Cəlal müəllim həyata keçirdi.

Mir Cəlal müəllimin "Azərbaycanda ədəbi məktəblər" (onun doktorluq dissertasiyası) monoqrafiyası və Azərbaycan ədəbiyyatının müxtəlif probemləri və şəxsiyyətlərinə aid onlarla məqalələri var və o, bir tənqidçi-ədəbiyyatşünas kimi də USTAD idi.

Bu yazını sona çatdıranda Mir Cəlal müəllimin Səməd Vurğuna böyük məhəbbətinin ifadəsi olan "Səməd Vurğunun əziz xatirəsi" adlı məqaləni xatırladaq. Həmin məqalə belə başlayır: "Orduda belə bir qayda var: şəhid olan nadir qəhrəmanın adı hissənin siyahısında hər səhər yoxlama zamanı başda çəkilir. Ədəbiyyat ordumuzun işində də müasir şeirimizin qəhrəmanı Səməd Vurğun buna bənzər şərəfli bir yer tutmuşdur".

Mir Cəlal müəllim də öz yazıçı-alim ömrü ilə ədəbiyyatımızın bu gün də xatırlanan mötəbər ağsaqqallarından olmuşdur. O da S.Vurğun, S.Rüstəm, R.Rza, M.Hüseyn, M.İbrahimov, S.Rəhimov, İ.Əfəndiyev kimi ədəbiyyatımızın başında duran sənətkarlardan biridir.


Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!