24 Sentyabr 2024 09:10
666
Mədəniyyət
A- A+
"Nənə qızlar" Abdal-Gülablıda

"Nənə qızlar" Abdal-Gülablıda


Ağdamın məşhur folklor ansamblı 32 ildən sonra vətəninə qovuşdu


Bir zamanlar Qarabağ adlı cənnətməkan diyarın sularından gül ətri gələn Abdal-Gülablı kəndində "Nənə qızlar" adlı folklor ansamblı yaranmışdı... 

O ansamblın deyib gülən, çox şən, qıvraq, şikəstələri dağ-daş yandıran nənəsi, bir-birindən gözəl, məlahətli səsə malik gənc qızları var idi...

Onlar Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzərək rəngarəng repertuarlı konsertlər verər, möhtəşəm çıxışları ilə tamaşaçıların ürəklərini fəth edərdilər. Ancaq musiqi beşiyi Ağdamın Abdal-Gülablı kəndində təməli qoyulan ansamblın mahnılı-musiqili, çal-çağırlı günlərinə 1993-cü ildə - doğma yurdlarının işğalı ilə nöqtə qoyuldu... 

 Ansamblın qızlarının hərəsi bir tərəfə üz tutdu. "Nənə qızların" nənəsi - 50 ildən artıq mədəniyyətimizin inkişafına xidmət göstərən, səsi, ifası ilə hər kəsi heyran edən Xavər Nuriyeva isə Bakı şəhərində yataqxanaya sığınaraq bir daha mahnı oxumadı…  


Həsrət Ağdamda bitdi


"Nənə qızlar" folklor ansamblının vətən və səhnə həsrəti bir qərinədən sonra  Ağdamda başa çatdı. 2023-cü il noyabrın 8-də Ağdamın Quzanlı qəsəbəsində keçirilən Zəfər bayramında "Nənə qızlar" yenidən sevənlərinin görüşünə gəldi. 

Bu ilin payızında isə ansambl doğulub Azərbaycana səs saldığı ünvana - Abdal-Gülablıya, yenidən bəxtəvər çağlarına qovuşdu. "Nənə qızlar"ın keçmiş üzvləri ötən günlərin xoş və ağrı-acılı xatirələrini bölüşərək kövrək anlar yaşadıqları yurdlarında olmağın xoşbəxtliyini yaşadılar. Onlar vaxtilə Abdal-Gülablıda fəaliyyət göstərmiş sanatoriya ərazisindəki kəhriz ətrafında rəqs edib, mahnı oxudular. 

"Nənə qızlar" ansamblının üzvlərinin şən avazları yenə də Abdal-Gülablını, Ağdamı, bütün Qarabağı bürüdü… Bir zamanlar olduğu kimi…

"Nənə qızlar"ın "nənəsi" Sabirə Cəfərova həmin gün yaşadığı hissləri bizimlə belə bölüşdü: "Ağdamda möhtəşəm duyğular yaşadıq. 32 ildən sonra doğma kəndimizə qayıdış, "Nənə qızlar" ansamblı ilə yenidən doğma yurdda çıxış etmək mənim üçün tarixi hadisədir. Bəlkə də yuxularımızda belə görə bilməyəcəyimiz günləri yaşadıq. Vaxtilə kənddə konsert üçün yerimiz var idi. "Nənə qızlar" ansamblı hər həftə orada konsert verirdi. Bundan başqa, böyük tədbirlərdə də iştirak edirdik. Uğurlarımız çox idi. İllərdən sonra ansambl yenidən fəaliyyətə başlayıb, onun yeni üzvləri var. Ümid edir ki, Abdal-Gülablı kəndinə qayıdışdan sonra yeni-yeni layihələrlə ansamblımız Azərbaycan folklor sənətinə öz töhfəsini verəcək, bundan sonra da böyük uğurlar qazanacaq".


Moskvada havalanan "Qarabağ" şikəstəsi 


1982-ci ildə Mədəniyyət Nazirliyindən tövsiyə olunmuşdu ki, bütün rayonların kənd klublarında folklor ansamblı yaradılsın. Gülablı kənd mədəniyyət evinin müdiri ustad Aşıq Xaspolad Mirzəliyevlə Xavər Nuriyeva kənddə  istedadı, qabiliyyəti olan on yeddi qızı yığıb məşhur "Nənə qızlar" folklor ansamblını yaratdılar. Ansambl uzun illər səhnədə xalqımızın keçmişini, məişətini, adət-ənənəsini öz ifalarında yaşatdı. Paytaxt Bakıda, respublikanın digər ərazilərində təşkil olunan tədbirlərdə iştirak etdi. Ağdamda "Natəvan qızlar bayramı", "Xarıbülbül" festivalı, Bahar bayramı və digər dövlət səviyyəli tədbirlərdə xüsusi çıxışları olan ansamblın fəaliyyəti Azərbaycan televiziyası ilə də dəfələrlə nümayiş etdirildi.  "Nənə qızlar" folklor ansamblı istedadını təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqında nümayiş etdirdi.

1987-ci ildə ansambl Moskvada M.Qorki adına Mədəniyyət Evində keçirilən "Qarabağ toyu" adlı kompozisiyaya dəvət alır. Xavər Nuriyevaya bu toyda ana rolunu ifa etmək tapşırılır. Festivalda "Qarabağ" şikəstəsini müvəffəqiyyətlə ifa edən "Nənə qızlar" ansamblının "nənəsi" Xavər Nuriyeva xüsusi medalla təltif olunur. Daha sonra o, Moskvada  keçirilən "Azərbaycan günləri" festivalında iştirak edir. Bu festivalda "nənə" ilə birgə 17 qızın hər biri ayrı-ayrılıqda II dərəcəli mükafata layiq görülür. 


Yeni nəfəs 


Çal-çağırlı günləri Ağdamın işğal olunması ilə sona çatan "Nənə qızlar" ansamblına  Zəfər sayəsində yeni nəfəs verilir. 

Bakı Dövlət Universitetinin "Dədə Qorqud" elmi tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Almara Nəbiyeva "Biz qayıtdıq, Vətən!" rubrikasında danışır ki, "Nənə qızlar" folklor ansamblının fəaliyyətini Xavər nənədən halallıq alaraq bərpa ediblər: "44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra qərara gəldik ki, "Nənə qızlar" ansamblını bərpa edək. Ansamblın veteranlarını tapdıq, kollektivə yeni istedadlı qızlar da dəvət etdik. 2023-cü il Zəfər Günündə ansambl Ağdamın Quzanlı kəndində səhnədə ilk çıxışını etdi. Həmin vaxtdan "Nənə qızlar" folklor ansamblı ölkəmizdə keçirilən tədbirlərdə iştirak edir". 

Bu ilin sentyabrında "Nənə qızlar" ansamblının üzvlərinin Qarabağı ziyarətə getməsinin böyük xoşbəxtlik olduğunu dilə gətirən Almara xanım deyir ki, yurdlarını viranə görmək onların hər birinin ürəyini ağrıtsa da, bu, doğma torpaqlarında olmağın sevinc hissini üstələyə bilmədi. 

- Onilliklər boyu həsrətində olduğumuz Xocalını, Xankəndini, Şuşanı, Ağdamı, kəndimiz Abdal-Gülablını "Nənə qızlar" ansamblı ilə birlikdə ziyarətə getdik. Əvvəlcə tarixə qızıl qanla yazılan Xocalıya üz tutduq. Ağrı-acılı illərin xatirələri ilə kövrəldik, qaysaq bağlayan yaralarımız yenidən göynədi... Sonra Xankəndiyə, mədəniyyət beşiyimiz Şuşaya getdik. Cıdır düzünə, İsa bulağına qalxdıq. Ansamblın "nənə"si Sabirə xanım burada "Qarabağ şikəstəsi"ni elə yanıqlı ifa etdi ki, ziyarətə gələnlərin hamısı duyğulandı...

 

"Evimizdən geriyə quruca torpaq qalıb"


- Sonra Ağdama yollandıq. Əvvəlcə Baharlı qəsəbəsində şəhid Müsfiq Abbasovun ailəsini ziyarət etdik. Qəhrəman şəhidimizin xatirəsini anası Luminə xanım və qardaşı Xəqaninin ailəsi ilə birgə yad etdik, onun, Vətən uğrunda canını qurban verən bütün oğul-qızlarımızın ruhlarına dualar oxuduq.  

33 ildən sonra Ağdam şəhərini və doğma kəndimiz Abdal-Gülablını ziyarət etdik. Kəndimiz vəhşi düşmənlər tərəfindən xarabalığa çevrilib. Ətrafda tanış iz, hansısa bir əlamət qoymayıblar. Abdal-Gülablıdan sadəcə bir-iki nişanə qalıb: yarıuçuq divarları qalmış məscid və məktəb. Amma evlərimizdən əsər-əlamət yoxdur. Göz yaşları içərisində baxdım evimizin yerinə. Uşaqlıq xatirələrim gözlərimin önündə canlandı. "Kənd məhlə"si deyilən bu yurdda doğulmuşam, iməkləmişəm, yerimişəm, böyümüşəm, məktəbə getmişəm, necə deyərlər, buradan pöhrələnib qanad açmışam... Ancaq indi evimizdən geriyə quruca torpaq qalıb. Bağımız quruyub. Heç qayınatam Şiralının ikimərtəbəli cah-cəlallı evindən, bağ-bağatından da əsər-əlamət yoxdur… 

Gəlimli-gedimli el-obamız  viran qalıb. Haradan bilərdik ki, vaxt gələcək, kəndimiz belə səssiz-səmirsiz xarabalığa çevriləcək?! 

Abdal-Gülablını belə görmək məni dəhşətə gətirdi… Düşmən nəinki buranı, ümumiyyətlə, Ağdam şəhərini, rayonun bütün kəndlərini yerlə-yeksan edib. Bəli, çox təəssüf ki, belədir...

Abdal-Gülablı kəndini Qarabağın digər yaşayış məntəqələrindən fərqləndirən əsas cəhət burada muğamla yanaşı, aşıq musiqisinin də inkişaf etməsidir. Bir çox tanınmış ustad aşıq, xanəndə və ifaçı bu kəndin yetirməsidir. "Nənə qızlar" ansamblının üzvlərinin əksəriyyəti də Abdal-Gülablıdandır.

Səfər zamanı "Nənə qızlar" ansamblının üzvləri ilə birgə Aşıq Valehlə həyat yoldaşı Zərnigarın məzarını ziyarət etdik. Vaxtilə memar Vahid Zülfüqarov Zərnigar xanımın məzarındakı büstü hazırlayanda öz həyat yoldaşı ingilis dili müəllimi Aidə Zülfüqarovanın şəklindən istifadə edərək onun obrazını yaratmışdı. Səfər zamanı Aidə xanım da bizimlə birlikdə idi. Hamımız ürək ağrısı ilə bu məzarların da vandal düşmən tərəfindən dağıdıldığına şahidlik etdik. 

Onu da deyim ki, Abdal-Gülablıya gedəndə Bakının Bilgəh kəndində uyuyan doğmalarımın torpağından da özümlə götürmüşdüm. O torpağı kəndimizin məzarlığında uyuyan əzizlərimizin torpağına qovuşdurmaq istəyirdim. Lakin onilliklər ərzində məzarlıq keçilməz tikanlığa çevrildiyi üçün bu arzumu yerinə yetirə bilmədim…

Biz illərlə vətəndə "vətənsiz" olmağın dərdi ilə yaşadıq.  İndi dədə-baba torpaqlarımıza ziyarətə gedəndə o yurdları tar-mar görmək dərdi hamımızı sarsıdır. Ancaq ürəklərimizdə böyük təsəllimiz var ki, daha Qarabağı sevinc göz yaşları ilə "yuyuruq"… Bilirik ki, dağıdılan şəhər və kəndlərimizin hamısı bərpa olunacaq və bütün keçmiş məcburi köçkünlərimiz qayıdış köçləri ilə isti od-ocaqlarına dönüb yenidən xoşbəxt yaşamağa başlayacaqlar. 


Vətəndə…


Bəli, bir zamanlar yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlərimiz indi böyük sevinclə "Biz qayıtdıq, Vətən!" deyirlər. Ömürlərinin ən gözəl xatirələrini özündə daşıyan kəndlərdə, qəsəbələrdə, şəhərlərdə yenidən yaşam qurmağa dönürlər, məcburiyyətdən nöqtə qoyduqları fəaliyyətlərini bərpa edirlər. "Nənə qızlar" ansamblı da bir qərinədən sonra doğma vətənin - Ağdamın azadlığının qüruru ilə səhnələrdə böyük şövqlə çıxışlar edir. Ansamblın üzvləri tezliklə Abdal-Gülablıdan Azərbaycana səs salacaqları günləri səbirsizliklə gözləyirlər… 

 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!