25 Sentyabr 2024 08:05
588
SİYASƏT
A- A+
Tarixin ən güclü Azərbaycanı

Tarixin ən güclü Azərbaycanı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfər bu gün də davam edir. Hər birimiz müxtəlif əlamətdar hadisələrdə, unudulmaz anlarda möhtəşəm qələbəmizin yeni təzahürlərini görürük. Sentyabrın 20-də Xankəndidəki Qarabağ Universitetinin açılışı, Azərbaycan Prezidentinin mərasimdə iştirakı, tələbələr önündəki tarixi nitqi də bunun parlaq bir örnəyidir. Düz bir il əvvəl qəhrəman ordumuzun dövlət suverenliyimizi tam bərpa etməsindən sonra yaradılmış Qarabağ Universitetinin fəaliyyəti, bu ali təhsil ocağında yüzlərlə istedadlı gəncimizin ilk dəfə tələbə həyatına qədəm qoyması Azərbaycanın sabaha inamının, gələcəyə elmin-təhsilin, intellektin gücü ilə hazırlığının ifadəsidir.  


Vətənpərvərlik, inam, ədalət


Azərbaycan Prezidenti çıxışında tələbə gənclərə, onların şəxsində bütün insanlarımıza vətənpərvərlik ruhunu və daim inamlı olmağı təlqin etdi. Bunlar torpaqlarımızın işğaldan azad edilməsinə, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin tam bərpasına addım-addım hazırlaşdığımız uzun illər ərzində bizi güclü edən əsas amillərdir. 44 günlük Vətən müharibəsi, ötən ilin sentyabrında aparılmış qısamüddətli antiterror əməliyyatı da göstərdi ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə edilmiş gənc nəsil olan yerdə heç bir qüvvə qarşımızda dura bilməz. İnam isə heç zaman qırılmamalıdır, fərdlər də, toplumlar da şəraitdən asılı olmayaraq inamlarını qorumalıdırlar. Hazırda Azərbaycanın işğaldan əziyyət çəkən, hələ də Fransa kimi ölkələrin müstəmləkə boyunduruğunda yaşamaq məcburiyyətində qalan xalqlarına aşıladığı əsas həqiqət də elə budur. 

Bu gün Azərbaycan bütün dünyada ədalət uğrunda mübarizə aparır. İnsan ədalətin təmin olunduğunu görəndə özünü daha güclü, əmin, məmnun hiss edir. Çünki ədalət həyatımızda mizan yaradan ali dəyərdir. Ona görə həm ayrı-ayrı şəxslər, həm bütövlükdə xalqlar bu dəyərə çatmaq istəyir. Amma ədalət də öz-özünə təmin olunmur. Bu məqsədə nail olmaq üçün onun naminə çalışmaq lazım gəlir. "Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır"  - Azərbaycan Prezidenti qeyd etdi. Ölkə rəhbərimiz vurğuladı ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün Azərbaycan nümunəsi bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bunlar Azərbaycan dövlətinin əsas hədəfləridir. 


Birliyimizin gücü


Biz ərazi bütövlüyümüzə, suverenliyimizə birliyimizin gücü ilə nail olduq. 44 günlük Vətən müharibəsinin möhtəşəm tarixi, xalq-dövlət-ordu birliyi Azərbaycan cəmiyyətinin unikal monolitliyə malik olduğunu göstərdi. Birliyi daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrdən olmalıdır.  Bunun üçün yeni nəslin milli ruhda tərbiyə alması, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiqlik göstərməsi, kənar təsirlərə düşməməsi, müxtəlif vədlərə aldanmaması mütləqdir. Nəzərə almaq lazımdır ki, bu təsir dairələrinin, bu vədləri verənlərin Azərbaycanla bağlı niyyətləri qətiyyən xoş deyil. Təxminən 30 ilə qədər çəkən işğal dövründə buna hər birimiz şahid olduq. Demək olar ki, bütün böyük güclərin torpaqlarımızın işğalının əbədi olması üçün çalışdıqlarını, yurdumuzun düşmən tapdağından azad edilməsini, ərazi bütövlüyünə, suverenliyinə nail olaraq davamlı inkişafa yönəlməsini istəmədiklərini gördük. Bu da aydındır. Onların niyyəti Azərbaycanı daim təzyiq altında saxlamaq, işğal faktından təsir vasitəsi kimi istifadə etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq, öz maraqlarını təmin etmək idi. 

Bu mənada Azərbaycan, əslində, azadlıq müharibəsi aparırdı və bu müharibə torpaqlarımızın düşməndən xilası ilə yanaşı, həm də ikili standartlara, riyakarlığa, islamofobiyaya və xalqımıza göstərilən düşmən münasibətə qarşı idi. 


Ailə və müəllim tərbiyəsi


Azərbaycan Prezidenti Qarabağ Universitetinin tələbələri ilə görüşdəki çıxışında tərbiyənin iki əsas mənbəyi olan ailə və müəllim tərbiyəsinin önəmini xüsusi vurğulayaraq qeyd etdi ki, xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bunu xalqımızın ənənələri diktə edir. Eyni zamanda bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formaya düşməsi göz önündədir və bu, hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. 

Dövlətimizin başçısı ailə dəyərlərinin, ailə tərbiyəsinin birinci növbədə qorunmalı olduğunu bildirərək diqqəti müəllim tərbiyəsinə də yönəltdi. Müəllimlərin uşaqların, gənclərin biliklərinin artırılması, eyni zamanda onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işlədiklərini diqqətə çatdırdı. İkinci Qarabağ müharibəsinin şanlı tarixi, heç vaxt Qarabağı görməyən gənclərin torpaqlarımız uğrunda ölümə belə getmələri, şəhidlik zirvəsinə ucalmaları bunun örnəyidir. Qarabağ Universitetindəkı çıxışında bu mövzuya geniş yer ayırması Azərbaycan Prezidentinin böyüməkdə olan nəslin tərbiyəsinə, ümumən cəmiyyətimizdə mənəvi dəyərlərin qorunmasına və inkişafına nə qədər mühüm önəm verdiyini göstərir. 

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, gələcəyə düzgün hazırlanması üçün tarixi həqiqətləri həssaslıqla öyrənmələri, bununla bağlı aydın fikrə malik olmaları da çox mühüm şərtdir. Azərbaycan torpaqlarının işğalına gətirib çıxaran, xalqımızın illərlə çəkdiyi məşəqqətlərə səbəb olan reallıqlar son əsrlərin tarixində öz əksini tapıb. Bu tarixi diqqətlə öyrənmək Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası nailiyyətinin miqyasını dəqiq təsəvvür etməyə kömək göstərəcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev böyük Zəfərimizlə təkcə Azərbaycan torpaqlarının azadlığına nail olmayıb, eyni zamanda əsrlərin problemini aradan qaldırıb. Bu qələbəmiz böyük imperiyaların regionda öz maraqlarını reallaşdırmaq üçün həyata keçirdikləri erməni layihəsini darmadağın edib. 


Tarixə baxış


Dövlət rəhbərimizin nitqində önəmli məqamlardan biri də tarixi faklara diqqət yönəltməsi idi. Azərbaycan torpaqlarının işğalı XIX əsrin əvvəlində bağlanmış üç müqavilədən - "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqavilələrindən başlanır. Bu müqavilələr faktiki olaraq sonrakı işğal üçün zəmin hazırladı. Belə ki, həmin müqavilələrin imzalandığı tarixə qədər heç vaxt Qarabağ torpağında yaşamamış ermənilər İrandan və Şərqi Anadoludan kütləvi surətdə bu əraziyə köçürüldü. Beləliklə, Azərbaycanın gələcək bəlalarının əsası qoyuldu. Ermənistan və erməni alimlərinin hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışmalarına, öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmalarına rəğmən tarix tarixdir. Onu sona qədər ört-basdır etmək mümkün deyil. 

XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımlarının atılması, 1920-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan bir neçə ay sonra Qərbi Zəngəzurun Azərbaycandan qoparılması, ardınca 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanın tərkibində "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin yaradılması, bu vilayətin tabeçiliyinin Sovet İttifaqının mərkəzinə bağlanması da yurd yerlərimizin faktiki işğalı üçün həyata keçirilən planlı işin bir hissəsi idi. 

Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrünə qədər Qarabağda kütləvi ermənləşdirmə prosesi davam etdirilmişdir. Yalnız Ulu Öndərin sayəsində bu vəziyyət dəyişdi. Qarabağda sabitlik yarandı, separatçılar baş qaldırmağa cəsarət göstərmədilər. O illərdə Azərbaycanın başqa bölgələri ilə daha sıx kommunikasiya üçün Xankəndiyə dəmir yolu xətti çəkildi, böyük infrastruktur layihələri quruldu, Sərsəng, Suqovuşan su anbarları tikildi, bir neçə müəssisə yaradıldı. Ölkənin müxtəlif bölgələrindən çalışmaq üçün buraya gələn soydaşlarımızın hesabına keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə azərbaycanlıların sayı tədricən 9 faizdən 30 faizə qədər yüksəldi. Ulu Öndər Heydər Əliyev keçmiş Sovet İttifaqı rəhbərliyindəki ali vəzifələrindən istefaya göndərildikdən cəmi iki həftə sonra Qarabağdakı erməni separatçılarının və onların havadarlarının hərəkətə keçmələri də tarixi reallıqdır. Prezident İlham Əliyevin nitqində bu fikirlərə daha geniş yer verildi.

Ümummilli Liderin istefasından az sonra başabəla sovet iqtisadçısı, erməni millətindən olan akademik A.Aqambekyanın Fransanın "Humanite" qəzetində "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Azərbaycandan çıxarılıb Ermənistana birləşdirilməsini iqtisadi cəhətdən "əsaslandıran" məqaləsi ilə separatçılar yaramaz əməllərini həyata keçirmək üçün aqressivcəsinə fəallaşdılar.  Xankəndidə və Ermənistanda Azərbaycana qarşı işğal hərəkatı başlandı. Qarşıya vəzifə qoyuldu ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın. Əfsuslar olsun ki, Azərbaycanın ozamankı rəhbərliyinin zəifliyi, bəzi hallarda isə açıq-aşkar xəyanəti, daha sonra silahlı çevriliş yolu ilə hakimiyyətə gələn Xalq Cəbhəsinin satqınlığı da ermənilərin yolunu açdı. Onlar bir çox şəhər və kəndlərimizdən, o cümlədən Xankəndidən soydaşlarımızı didərgin saldılar. 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı böyük bəşəri cinayət - Xocalı soyqırımını törətdilər. 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər düşmən tapdağı altına düşdü. Digər rayonlarımızın da işğalına, bir milyona yaxın soydaşımızın məcburi köçkün vəziyyətinə düşməsinə, illərlə ağır məhrumiyyətlər çəkməsinə zəmin yarandı. "Beləliklə, xəritəyə baxsanız görərsiniz ki, bütün böyük bir bölgə nəzarətdən çıxdı və faktiki olaraq Ermənistanla Qarabağ bölgəsi arasında coğrafi əlaqə yaradıldı. Bax bu idi bizim  tariximiz" - Azərbaycan Prezidenti nitqində bunları xüsusi vurğuladı.


Hər bir addım əvvəlki addımın məntiqi davamı idi


1993-cü ilin iyununda ölkənin o təlatümlü günlərində əgər Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtmasaydı, Azərbaycan dövlətinin hətta parçalanaraq dünya xəritəsindən silinməsi ehtimalı labüd idi. Ümummilli Liderin ölkənin gələcək taleyinə görə məsuliyyəti öz üzərinə götürməsi tarixin axarını dəyişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf proseslərini  uğurla davam etdirərək Azərbaycanı tarixdəki ən güclü çağlarına yetirən cənab İlham Əliyev xalqımızı böyük Zəfərə - ən böyük hədəfinə çatdırdı. 

"Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr Dövlət Suverenliyi Günü idi".

Artıq yaşadığımız bu günlər xəyal deyil, reallıqdır, təqvimdə öz əlamətdar yerini tutmuş qürur günümüzdür. Bu günün işığında Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir. Soydaşlarımız öz el-obalarına qayıdırlar, bu əzəli-əbədi yurdlarımızda yaradılan yeni təhsil müəssisələrində, o cümlədən Qarabağ Universitetində gənclərimiz sabaha doğru inamlı addımlarını atırlar. Onların gələcəyi daha xoşbəxt, daha əmin olacaq. Çünki bu gənclərimiz tarixin ən güclü Azərbaycanının vətəndaşlarıdırlar.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!