Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən əlilliyi olan vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərilir
"Cəmiyyətimizdəki məhrumiyyətlərə məruz qalmış bütün insanlara, xüsusən müharibə əlillərinə kömək etmək, onların yaşaması, əmək fəaliyyəti ilə məşğul olması üçün şərait yaratmaq, onların şikəstliyini aradan götürmək başlıca vəzifəmizdir".
Bu fikirləri 1995-ci il yanvarın 17-də Ulu Öndər Heydər Əliyev Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin (indiki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi) açılışı zamanı kollektiv ilə görüşdə səsləndirmişdi. Əhalinin həssas qruplarından olan üzvlərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər həmçinin vurğulamışdı ki, insanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır.
Ümummilli Lider Heydər Əliyevin 29 il əvvəl söylədiyi və ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin hərtərəfli dövlət qayğısı ilə təmin olunmasının nə qədər vacib olmasına diqqət yönəldən bu fikirləri həm də sonrakı dövrdə əlilliyi olan vətəndaşlarımıza göstərilən hərtərəfli diqqət və qayğının istinadgahı, mayakı oldu.
Böyük hami
Ulu Öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi illərdən etibarən ölkəmizdə sosialyönümlü islahatlar həyata keçirmiş, əlillərin rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Elə yuxarıda sözügedən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin yaranma ideyasını da ötən əsrin 80-ci illərində məhz fiziki məhdudiyyətli vətəndaşlarımızın böyük hamisi Heydər Əliyev irəli sürmüşdür. 1980-ci illərin sonlarından etibarən ölkədə gedən proseslər bu mərkəzin tikintisini ləngitsə də, sonradan davam etdirilib. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Protez-Ortopedik Bərpa Mərkəzinin açılışı olub. Həmin zamandan əlilliyi olan vətəndaşlarımızın protezlərlə təminatını həyata keçirən mərkəz günümüzdə fəaliyyətini daha da təkmilləşdirilmiş formada davam etdirir.
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi Prezident İlham Əliyevin tapşırığı əsasında yenidən qurulub. Mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb, avadanlıq, reabilitasiya aparatları yenilənib. Reportaj üçün yollandığımız Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov söylədi ki, 1995-ci ildə Ulu Öndərin iştirakı ilə açılışı həyata keçirilən mərkəz həmin dövrdə həm istehsalat sahəsindən, həm də mürəkkəb protezləşmə stasionarından ibarət olub. Hazırda isə mürəkkəb protezləşmə stasionarı Bakı Reabilitasiya Mərkəzi kimi fəaliyyət göstərir və bu mərkəzin əlilliyi olan şəxslərin protezlə təmin olunması prosesində xüsusi rolu var.
A.Məcidov rəhbərlik etdiyi mərkəzin əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsi olduğunu qeyd edərək məlumat verdi ki, mərkəz müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı istiqamətində fəaliyyət göstərir. Burada əlilliyi olan şəxslər təkərli oturacaqlar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və sair ilə təmin edilirlər.
"44 günlük Vətən müharibəsindən sonra yaralı qazilərimizin yüksək texnologiyalı protezlərlə təmin olunması ölkə rəhbərliyi tərəfindən xüsusi tapşırıq kimi qarşıya qoyulub. Bu məqsədlə Nazirlər Kabinetinin 2020-ci ilin dekabrında verdiyi müvafiq qərarlara uyğun olaraq reabilitasiya vasitələrinin siyahısı və onların verilmə qaydaları təsdiq edilib" deyən direktor söylədi ki, hazırda həmin qərardan irəli gələrək, xüsusi səbəbdən əlilliyi olan, yəni əksəriyyəti Birinci və İkinci Qarabağ müharibələri iştirakçısı olan amputant vətəndaşlarımızın protezlə təmini həyata keçirilir. Eyni zamanda iki və daha çox əzasını itirən digər vətəndaşlarımız da dövlət vəsaiti hesabına yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
600 yüksəktexnologiyalı protez, 61,7 min reabilitasiya vasitəsi
2024-cü ilin son 11 ayının sosial göstəricilərinə əsasən, mərkəz tərəfindən 11,2 min nəfər əlilliyi olan şəxsə 87,7 min reabilitasiya vasitəsi verilib.
Ümumilikdə postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 490 hərbçiyə 600 yüksəktexnologiyalı protez, 2 249 müharibə əlilinə 61,7 min reabilitasiya vasitəsi verilib.
Vurğulanası məqamlardan biri isə protezlə təmin edilmiş müharibə iştirakçıları arasında futbol turniri, qaçış yarışı, paravelosiped yürüşü, stolüstü tennis yarışı keçirilməsidir.
Asif Məcidov dedi ki, əvvəlcə 57 adda reabilitasiya vasitəsinin əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulurdusa, müvafiq qanuna edilən dəyişikliyə əsasən, bu ilin iyun ayından etibarən həmin vasitələrin sayı 130-a çatdırılıb: "Bu həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həm Ümumdünya Səhiyyə Təşkilatının, həm də əlilliyi olan şəxslərin birgə təşəbbüsü nəticəsində formalaşmış siyahıdır. Mərkəz əlilliyi olan şəxsləri ehtiyac duyduqları 130 adda reabilitasiya vasitəsilə təmin edir, eləcə də əsas iki istiqamətdə istehsal həyata keçirilir: ayaqqabı, bir də protez-ortez istehsalat sahəsi. Digər vasitələr - əsa, qoltuqaltı, çəlik, arabalar, qulaq aparatlarını isə hazır şəkildə alıb əlilliyi olan şəxslərə təqdim edirik. Protez təminatında Almaniyanın nüfuzlu "Ottobock" və İslandiyanın "Össür" şirkəti ilə əməkdaşlıq edirik. Mərkəzimiz ISO sertifikatı (Protez avadanlıqlarının idarəedilməsi sistemi) əldə edib. Bu sertifikat öz unikallığı ilə seçilir. Beynəlxalq ISO standartlarının tətbiqi vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsinə, onların müraciətlərinə operativ reaksiyanın verilməsinə, idarəetmədə şəffaflığın təminatı və protez məmulatların istehsalının keyfiyyətinin artırılmasına zəmin yaradır".
İnklüziv mühitin dəstəklənməsi, o cümlədən eşitmə və nitq məhdudiyyətli şəxslərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə əməkdaşların işarət dilindən istifadə bacarıqlarına malik olmaları xüsusi əhəmiyyət kəsb edir. Öyrəndik ki, mərkəzdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları eşitmə və nitq məhdudiyyətli şəxslərlə işarət dilinin köməyi ilə ünsiyyət qururlar. Əməkdaşların işarət dilindən istifadəsi üçün onlara təlimlər keçirilib.
"Ayağıma protez taxıldıqdan sonra hətta futbol da oynaya bilirəm"
- Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həmsöhbət olduğumuz İkinci Qarabağ müharibəsi qazisi Zamir Qədimov 15 ilə yaxın hərbçi kimi fəaliyyət göstərib. Qusar rayonunun Yuxarı Zeyxur kəndindən olan Zamir 44 günlük Vətən savaşında da qəhrəman döyüşçülərimizin sırasında olub. O, Murov, Ağdərə, Suqovuşan, Talış, Tapqaraqoyunlu istiqamətlərində düşmənlə döyüşüb. Murov istiqamətində piyada əleyhinə minaya düşməsi nəticəsində Zamir Qədimovun sağ ayağının topuqdan yuxarı üçdəbir hissəsi amputasiya olunub: "2021-ci ilin iyun ayında ilk dəfə bu mərkəzə gəldim. Burada məni yüksək texnologiyalı protezlə təmin etdilər. Əvvəlcə protezə öyrəşə bilmirdim, amma buranın kollektivinin dəstəyi ilə tezliklə ona öyrəşdim. Hər 6 aydan bir mərkəzə gəlib həm protezlə, həm də digər reabilitasiya vasitələri ilə təmin olunuram".
Geniş və işıqlı otaqda qaçış trenajorunda sağ ayağında protez olan bir gəncin böyük səy və həvəslə məşq etməsi diqqətimizi çəkdi. Yaxınlaşıb söhbət etdikdə öyrəndik ki, Bəşir Məmişov da İkinci Qarabağ müharibəsi qazisidir. Beyləqan rayonundan olan 36 yaşlı gənc 16 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Vətən müharibəsində haqq savaşımız uğrunda irəli atılan və cəsur Azərbaycan oğulları ilə birgə düşməni torpaqlarımızdan qovan Bəşir Məmişov Cəbrayılın, Füzulinin, Xocavəndin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Qubadlı uğrunda gedən döyüşlərdə minaya düşərək qazi olub. Dizdən aşağı sağ ayağı amputasiya olunan qazi 2021-ci ildən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlir: "Mərkəzə gəldiyim ilk gündən təkcə özümə yox, bura üz tutan bütün əlilliyi olan vətəndaşlarımıza qarşı əməkdaşlar tərəfindən göstərilən yüksək diqqət və qayğının şahidi olmuşam. Burada bizi ehtiyacımız olan bütün reabilitasiya vasitələri ilə təmin edirlər. Eyni zamanda protezə öyrəşmə mərhələsində də əllərindən gələn dəstəyi göstərirlər. Ayağıma qoyulan protez də yüksək səviyyədədir. Onunla rahat hərəkət edirəm, hətta futbol da oynaya bilirəm".
Sumqayıt şəhərindən bu ünvana üz tutan 69 yaşlı Səxavət Cəfərovun şəkər xəstəliyi səbəbindən sağ ayağı dizdən aşağı amputasiya olunub. Bu mərkəzdə əlil vətəndaşlara böyük diqqət və qayğı göstərildiyini vurğulayan Sumqayıt sakini dedi ki, hər kəs kimi onu da burada keyfiyyətli reabilitasiya vasitələri və protezlə təmin ediblər: "Protezi geyinəndə əvvəlcə əziyyət çəkirdim deyə məni Bakı Reabilitasiya Mərkəzinə yönləndirdilər, 15 gün burada qaldım. Mərkəzdə göstərilən dəstək sayəsində protezə öyrəşdim, elə bil uşaq kimi yeriməyi yenidən öyrəndim. Ayağımın ölçüsü yenidən götürülüb və mənə təzə protez hazırlanıb qoyulacaq".
Ümid, qol-qanad ünvanı...
"Ölçügötürmə və gips otağı"na yollandıqda burada gərgin iş getdiyini gördük. Gipsi yaxmaq, yonmaq üçün adlarını bilmədiyimiz müxtəlif alətlər, protez gipslərin yonulması üçün dəzgahlar sıralanmış geniş emalatxanada texniklər dəqiqliklə pasiyentlərin ayaq, əl ölçülərini götürürlər. Bəziləri isə dəzgahların arxasında gipslə protezlərin ilkin hazırlanma işlərini görürlər.
Divarboyu sıralanmış şkafların rəflərində xeyli sayda gipsdən hazırlanmış bədən ətrafları, ayaqlar düzülüb. Az müddətdən sonra həmin cansız ətrafların hərəsi bir insanın bədəninin parçasına çevriləcək...
2018-ci ildən bu müəssisədə çalışan texnik Rəşad Cəfərov da Vətən müharibəsi iştirakçısı olub. Füzulidən Xocavəndə qədər döyüş yolu keçən Rəşad Cəfərov protezlərin hazırlanması sexində çalışır. Həyata keçirdiyi işin detalları barədə bizi məlumatlandıran texnik söylədi ki, mərkəzə müraciət edən pasiyent öncə həkim müayinəsindən keçir. Sonra isə ölçügötürmə otağına yaxınlaşır: "Burada ölçü götürülür və protez hazırlanır. Protez hazırlanandan sonra pasiyenti qəbul edirik və ona protezi geyindirib, istifadə qaydasını izah edirik".
Texnik Kamran Məmmədli isə dedi ki, burada protezin ilkin mərhələsi hazırlanır. Qəliblərə tökülən gips quruyandan sonra boru vasitəsilə doldurulur. Daha sonra məngənəyə taxılaraq gipslərə protez hazırlanması üçün forma verilir və ilkin mərhələ üçün hazırlanır. Daha sonra isə laminasiya mərhələsi olur".
Biz də laminasiya mərhələsinin həyata keçirildiyi protez və ortez məmulatlarının hazırlanması sexinə baş çəkirik. Burada yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin hazırlanması işləri aparılır. Sıra ilə düzülmüş stolların üzərində xeyli dəzgahlar quraşdırılıb və onların arxasındakı texniklər lazımi məmulatlar üzərində işləyirlər.
Sexin rəisi Orxan Xancanov məlumat verdi ki, protez və ortezlərin son tamamlama işləri burada görülür. Ölçülər müəyyən olunduqdan, sifariş götürüldükdən sonra bir protezin hazırlanması bir həftəyə qədər çəkir: "Bu sexdə əl və ayaq protezləri, eyni zamanda ortezlər - korsetlər, tutorlar, aparatlar və digər məmulatlar hazırlanır. Protez amputasiya olunmuş ətrafın, ortez isə mövcud ətraf hissələrin korreksiyasıdır. Məsələn, ətraf var, amma funksiyasını yerinə yetirmir. Biz ona aparatla kömək edirik ki, funksiyasını yerinə yetirsin".
"Protezlərin sınaq otağı"nda isə pasiyentə protezlə davranış qaydalarını öyrədirlər. Onu ayağa qaldırmazdan öncə təlimatlar verirlər ki, birinci hansı ayağı atmaq lazımdır, necə davranmaq lazımdır və sair. Bundan sonra isə texniklərin köməyi ilə, necə deyərlər, pasiyent ilk addımlarını atmağa başlayır...
Bəli, bu ünvanda itirdikləri sağlamlıqlarına protez vasitəsilə də olsa qovuşan, yenidən həyatda addımlamağa başlayan müxtəlif yaşlı insanlarla tanış olduq. Gözlərini qırpmadan torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarından keçən qəhrəman qazilərimizin, digər əlil vətəndaşlarımızın bu müəssisədə qayğı ilə əhatələnmələrinə şahidlik etdik...
Ulu Öndərin Anım günü ərəfəsində "Azərbaycan" qəzetindən reportaj üçün yollandığımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yaradılan yüksək şəraitlə tanış olduqda, protezlərlə, reabilitasiya vasitələri ilə təmin olunan vətəndaşlarımızla, qazilərimizlə söhbət etdikdə bir daha əmin olduq ki, vaxtilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu mərkəz qarşısına qoyduğu şərəfli missiyanı bu gün də layiqincə davam etdirir.
İllər əvvəl Ulu Öndər Heydər Əliyevin bu mərkəzin kollektivi ilə görüşü zamanı səsləndirdiyi kimi: "Həyatda insanlar adətən sağlam yaşayır, həyat sürürlər. Ancaq cürbəcür hadisələr, təbii fəlakətlər nəticəsində cəmiyyətimizin üzvlərinin bəziləri insana lazım olan ayrı-ayrı fiziki və ruhi xüsusiyyətlərdən məhrum olurlar. Qədim vaxtlardan mənəviyyatın ən yüksək ənənələrindən biri də odur ki, insanlar, cəmiyyət belə şəxslərə, insanlara həmişə qayğı göstərməlidirlər. Bu, Azərbaycan xalqına da xas olan xüsusiyyətdir. Tarixdən bu barədə çoxlu məlumatımız var. Belə ənənələr yaşayır, davam edir".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"