08 Dekabr 2024 08:00
750
SİYASƏT
A- A+
Ədalət bu dəfə də zəfər çalacaq

Ədalət bu dəfə də zəfər çalacaq


Xalqımızın doğma yurdundan zorla qovulmasına beynəlxalq hüquqi qiymət verilməlidir


Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran mühüm strateji və mənəvi xarakterli hədəfdir. XX əsrdə mərhələlərlə həyata keçirilmiş məqsədyönlü deportasiyaya beynəlxalq qiymətin verilməsi xalqımızın tələbidir. Hazırkı Ermənistan ərazisində olan və xalqımızın min illər boyu yaşadığı doğma torpaqlarımıza qayıdışın hüquqi əsasları həm beynəlxalq birlik, həm də Ermənistan tərəfindən rəsmi şəkildə qəbul edilməyincə dövlətlərarası sabit sülh və normal qonşuluq münasibətlərindən danışmaq olduqca çətindir. Bu prosesin reallaşması dünya birliyinin azərbaycanlıların tarixi dədə-baba yurdlarından zorla didərgin salınması faktını qəbul etməsindən keçir, dövlətimizin bu istiqamətdə reallaşdırdığı səylər xalqımız tərəfindən bəyənilir və dəstəklənir.


Qarşımızda duran növbəti çağırış 


Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılması ötən əsrin müxtəlif mərhələlərində xalqımızın tarixən türk yurdu olan müasir Ermənistan ərazisindən zorakı yollarla sıxışdırılması prosesinin davamı olmuşdur. XIX əsrin əvvəllərindən etibarən ermənilərin bir toplum olaraq bu torpaqlara köçürülməsi ilə tarixi Azərbaycan ərazilərinə iddiaları Rusiya imperiyası və keçmiş SSRİ dövründə daha məqsədyönlü və aqressiv xarakter almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda deyildiyi kimi, "Azərbaycan xalqı ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir". 

2020-ci ilin Vətən müharibəsində qazandığımız parlaq hərbi qələbə və ötən ilin sentyabr ayında keçirilən ildırımsürətli antiterror əməliyyatı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda on illər ərzində kök salmış etnik bölücü və aqressiv hərbi xuntanın fəaliyyətinə son qoyulmuşdur. Müstəqillik dövrümüzdə ilk dəfə olaraq sərhədlərimiz və suverenliyimiz bərpa olunmuşdur. Bu tarixi qələbə və ədalətin bərpası xalqımızın qarşısında duran növbəti çağırışın gerçəkləşdirilməsi üçün siyasi və diplomatik səylərin intensivləşdirilməsinə münbit şərait yaratmışdır. Əgər dünya birliyi Cənubi Qafqaz bölgəsində Azərbaycanla Ermənistanın sabit sülh şəraitində mövcudluğunu arzulayırsa və bu istiqamətdə cəhd göstərmək istəyirsə, azərbaycanlıların tarixi yurdlarından zorla köçürülməsi faktını diqqətdən kənarda saxlamamalıdır. 

Bunu 30 il ərzində Azərbaycan torpaqlarının işğalına, yüzminlərlə soydaşımızın dədə-baba yurdundan qovulmasına, xalqımızın başına gətirilmiş soyqırımı faktlarına göz yumub, Ermənistanın işğalçı əməllərini legitimləşdirməyə çalışan bəzi beynalxalq təşkilatlar və dövlətlərdən gözləmək çətindir. Nə üçün? Ona görə ki, Ermənistanın, erməni diasporunun və onların havadarlarının on illərdir Azərbaycana qarşı davam edən çirkin və qərəzli kampaniyası bu "məzlum" xalqın "təqib və məhv edilməsi, deportasiyası və soyqırımına məruz qalması" kimi uydurma təbliğat üzərində qurulub. Qərb dünyasının erməniləri himayə etməsinin başlıca səbəbi "əzilən ermənilərin məhvinin qarşısının alınması" əməliyyatı kimi təqdim olunub və bu proses hələ də davam edir. Burada əsas niyyət yalnız erməniləri müdafiə etmək deyil, həm də bəzi dövlətlərin və siyasi mərkəzlərin öz günahlarını ört-basdır etmək məqsədi daşımaq cəhdidir. Bu xalqın tarixən başına nə gəlibsə, başqalarının əlində siyasi alət  olduğu üçün gəlib. Osmanlı dövlətinin tərkibində əmin-amanlıq şəraitində yaşayan ermənilərin "qəflətən soyqırımı"na məruz qalması dünyanı öz xeyirlərinə bölmək istəyənlərin geosiyasi planlarından irəli gələn oyundur. 

XX əsr "erməni faciəsi"nin dünya ictimai rəyinə saxtakarlıqla yeridilməsi prosesi ilə müşayiət olunub. Müxtəlif dövlətlərin parlament kürsüləri, beynəlxalq təşkilatların müzakirə masaları türklərə qarşı hədyanların yağdırılması meydanına çevrilib. Yalanla dolu kitablar dərc edilib, "elmi araşdırmalar" aparılıb və belə demək mümkündürsə, erməni təəssübkeşləri müvəqqəti də olsa, istəklərinə nail olublar. İndi isə həm zəmanə dəyişib, həm də şərtlər. İnternet və informasiya əsrində, hər kəsin məlumat mənbəyinə əlçatanlığı reallığında siyasi cəhətdən ən zəif olan şəxsi belə aldatmaq müşkül məsələyə çevrilib. İndi bir vaxtlar Rusiya imperiyası və sovet hakimiyyətinin tərkibində olan xalqımızın müstəqil dövləti - Azərbaycan var. Azərbaycan o dövlətdir ki, qarşısına qoyduğu məqsədi - tarixi ədalətin bərpası missiyasını addım-addım reallığa çevirmək əzmindədir və hədəfindən heç vaxt, heç bir halda geri dönməyəcək. Qərbi Azərbaycandakı torpaqlarımıza qovuşmaq, soydaşlarımızın ana vətənə qayıdışını təmin etmək bu dövlətin əsas tarixi və siyasi missiyalarından biridir.

Ermənilərdən fərqli olaraq, bizim əlimizdə gerçək tarixi sənədlər var. Onları himayə edənlərdən fərqli olaraq, biz yalan dolu kitablar deyil, tarixi ədalətə söykənən elmi əsərlər, araşdırmalar yazırıq. Qanlı erməni diasporundan fərqli olaraq, biz saxtalaşdırılmış mənbələr deyil, müasir reallığa əsaslanırıq: indiki Ermənistan ərazisində əsrlər boyu yaşayan soydaşlarımızın hansı zorakılığa məruz qaldıqlarına dair sənədləşdirilmiş faktlar, videogörüntülər var. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, xalqımızın əzmi və ordumuzun iradəsi ilə Qarabağ və Şərqi Zəngəzuru geri qaytarmağımız, bu torpaqlarda həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri deməyə əsas verir ki, Azərbaycan dövləti sözügedən məsələdə də tarixi ədalətin bərpa edilməsi istiqamətindəki səylərindən geri çəkilməyəcək. "Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra edilir... Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir", - deyə dövlət başçısının konfrans iştirakçılarına ünvanladığı məktubda deyilir. 


Qərbi azərbaycanlıların fundamental hüquqları bərpa edilməlidir


Ermənistan dövləti hər vəchlə bu tarixi gerçəkliyi inkar etməyə çalışır və təəssüf ki, dünya birliyi də vətənlərindən zorla qovulmuş azərbaycanlıların probleminə biganə qalmaq yolunu tutub. Necə ki, biz bunu illərboyu Qarabağ və Şərqi Zəngəzurdan olan əhalimizin acınacaqlı vəziyyətinə münasibətdə sərgilənən etinasızlıqda görmüşük. Bununla belə xalqımız yaxşı anlayır ki, tarixi ədaləti bərpa etmək üçün ikili standartların hökm sürdüyü dünya reallığında ilk növbədə öz gücümüzə və iradəmizə əsaslanmalıyıq. Prezident İlham Əliyevin tədbir iştirakçılarına göndərdiyi məktubda hazırkı Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların vətən həsrəti və doğma yurdlarına, torpaqlarına qayıda bilmək hüququnun tanınmasının "yol xəritəsi" əks olunur: "Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir". Daha sonra məktubda qeyd olunur ki, Ermənistanın icmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir: "Ermənistan icma ilə danışıqlara başlamalı və qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir".


Ermənistan azərbaycanlıların vətən hüququnu tanımalıdır


Müasir Ermənistan ərazisindəki torpaqlarımızın xalqımıza məxsusluğunu burada qalmış və təəssüf ki, əksər hallarda dağıdılmış və Yer üzündən silinmiş Azərbaycan irsi, maddi-mədəniyyət, tarixi-memarlıq abidələri təsdiqləyir. Xalqımızın öz vətəni üzərində olan hüququ, əsrlər boyu yaşadığı el-obasına qayıdış haqqının tanınması ilə yanaşı, həmin torpaqlarda Azərbaycan irsinə qarşı bilərəkdən həyata keçirilmiş Yer üzündən silinmə və unutdurulma siyasəti beynəlxalq hüquqi platformalarda öz ədalətli qiymətini almalıdır. 

Azərbaycan ötən illər ərzində və dəfələrlə beynəlxalq birliyi, konkret olaraq UNESCO kimi mötəbər təşkilatı işğal altında olan ərazilərində Ermənistan və erməni separatçı xuntanın həyata keçirdiyi və sivil bəşəriyyətə həqarət olan cinayət əməllərinə diqqət yetirməyə çağırmışdır. Təəssüf ki, humanizm ideyaları ilə pərdələnmiş bəzi dairələr işğal altında olan torpaqlarımıza belə missiyaların gerçəkləşdirilməsinə hər vəchlə əngəllər yaratmaqla Ermənistanın işğal əməllərini ört-basdır etməyə çalışmışlar. Nəticədə yüzlərlə yaşayış məntəqəmiz - şəhər və kəndlərimiz viran edilib Yer üzündən silnmiş, məzarlıqlarımız və ibadət yerlərimiz dağıdılıb təhqir edilmiş, mədəniyyat ocaqlarımız sökülmüş, Azərbaycan xalqının irsi olan maddi-mədəniyyət nümunələrimiz oğurlanıb qəsb edilmişdir.

Acınacaqlı haldır ki, on illərboyu bu vandallığa göz yummuş dünya birliyi xalqımızın ərazi bütövlüyünü bərpa etməsindən sonra da ermənilərin saxta iddialarının aləti olmaqdan qurtula bilmir. Erməni diasporunun, Azərbaycana münasibətdə qərəzli mövqedə olan bəzi dövlətlər və mərkəzlərdə fəaliyyət göstərən erməni lobbisinin təzyiqi ilə xalqımıza qarşı yürüdülən ikili standartlar siyasəti bu sahədə də davam etdirilir.  Xalqımıza məxsusluğu tarixi dəlillərlə sübut edilən, ancaq işğal dövründə saxtalaşdırma əməllərinə məruz qalan, indi isə "erməni irsi" kimi təqdim edilən tarixi abidələrə "araşdırıcı" missiyaların təşkil edilməsi məzmunlu təşəbbüslər irəli sürülür. Halbuki Azərbaycan bu tələbi on illər ərzində etsə də, Qərbin "humanist" dəhlizlərində eşidilməmiş olaraq qalmışdır.

Bu baxımdan xalqımızın indiki Ermənistan ərazisindəki doğma yurdu üzərində hüquqlarının tanınması və bərpası prosesində tarixi-memarlıq, maddi-mədəniyyət və mənəvi irsimizin təbliğinin mühüm əhəmiyyəti var. Dövlət başçısının beynəlxalq konfrans iştirakçılarına müraciətində bu amilə toxunması xüsusi əhəmiyyət kəsb edir: "Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur. Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və islam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir". 

Azərbaycan dövləti xalqımızın XX əsrdə mərhələlərlə hazırkı Ermənistan ərazisində olan vətənindən qovulmasına, məqsədli şəkildə deportasiyasına beynəlxalq hüquqi qiymətin verilməsinə nail olmaq əzmindədir. Dünya birliyi ilə yanaşı, Ermənistan da azərbaycanlıların bu hüququnu tanımalı və reallıqla barışaraq tarixi ədalətin bərqərar olmasına müqavimət göstərməməlidir. Azərbaycan xalqı onsuz da bu hüququnu bərpa edənə qədər mübarizə aparacaqdır. Necə ki, Qarabağın və Şərqi Zəngəzurun işğalı ilə barışmayaraq, minlərlə şəhid verərək ərazi bütövlüyümüzə nail olmuşuq, eləcə də dədə-baba yurdumuza qayıdışımız üçün mübarizəmizi davam etdirəcəyik.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

18:13
12 Dekabr

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

17:56
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:55
12 Dekabr

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

17:54
12 Dekabr

Sumqayıtlılar Ulu Öndərin abidəsini ziyarət ediblər

17:53
12 Dekabr

Vüqar Qurbanov: Hədəfimiz çox qısa müddətdə ölkə üzrə xəstəxanalarda onlayn növbənin tətbiq olunmasıdır  

17:51
12 Dekabr

Hava şəraiti kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək

17:47
12 Dekabr

Masallı Sənaye Məhəlləsində istehsal 15 faizə yaxın artıb

17:29
12 Dekabr

Yeni Azərbaycan Partiyasının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

17:21
12 Dekabr

Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib YENİLƏNİB

17:11
12 Dekabr

Çimərlik voleybolu üzrə “Qış kuboku” təşkil olunacaq

17:01
12 Dekabr

Yaponiyalı məşhur karate ustası Bakıda

16:59
12 Dekabr

Suriyada Hafiz Əsədin məzarı yandırılıb

16:41
12 Dekabr

Yaponiya 2024-cü ilin heroqlifini seçib

16:33
12 Dekabr

“WhatsApp” yeni funksiyasını sınayır  

16:21
12 Dekabr

Dövlət Xidmətinin hərbi qulluqçuları Ulu Öndərin xatirəsini anıblar

16:00
12 Dekabr

Hava çirkliliyi depressiya riskini artırır

15:54
12 Dekabr

Bayden 39 nəfəri əfv edib

15:53
12 Dekabr

Rumıniya və Bolqarıstan Şengenə tam üzv olurlar

15:52
12 Dekabr

Avropa İttifaqı Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmasını təsdiqləyib

15:48
12 Dekabr

Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisinin başa çatacağı tarix açıqlanıb

15:47
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!