Azərbaycanın beynəlxalq nüfuzunun əsasını bu komponentlər təşkil edir
Hər hansı dövlətin nüfuzundan danışarkən onun beynəlxalq aləmdəki davranışı, dünya birliyinin digər aktorları ilə münasibətləri, idarəetmə sistemi olaraq bütövlüyü və sabitliyi, siyasi liderlərinin məqsədlərə çatma yolları kimi amillər nəzərə alınır. Nüfuz müxtəlif komponentlərin məcmusundan formalaşır ki, ondan bəhs edilərkən müasir dünyamızda dövlətlərarası münasibətlərdə tərəfdaşların etibarlılığına və qarşılıqlı əlaqələrdəki ardıcıllığa ciddi önəm verilir.
O dövlət beynəlxalq siyasi proseslərdə böyük hörmətə, ehtirama malik olur ki, onunla uzunmüddətli əməkdaşlıq nə hüquqi, nə də praktiki baxımından risk sayılmır.
Prezident İlham Əliyevin liderliyi ilə müasir Azərbaycan dünya birliyində və beynəlxalq proseslərdə məhz bu keyfiyyətlərə cavab verən qüdrətli bir dövlətdir. Həm ikitərəfli, həm də daha geniş formatlı siyasi əməkdaşlıqda etibarlı tərəfdaş imici ölkəmizi dünya arenasında fərqləndirən ən mühüm cəhətdir. Azərbaycan bu gün müasir dünyanın qlobal problemlərinin müzakirəsindən nəinki çəkinməyən, eyni zamanda onların çözümünə töhfələr verən dövlətdir.
Mehriban qonşuluq, daha geniş anlamda isə sülh və əməkdaşlığa əsaslanan çoxvektorlu müstəqil xarici siyasət respublikamızın beynəlxalq aləmdəki vizit kartıdır. Müstəqillik tarixi cəmi üç onilliyi əhatə edən müasir Azərbaycan çağdaş dünyanın ən aktual və taleyüklü proseslərində iştirak edir, öz sözünü deyir, mövqeyini bildirir. Bir faktı qeyd edək ki, hazırkı reallıq və çağırışlara uyğun məzmunda irimiqyaslı problemlərdə fəallıq göstərən Azərbaycan bir zamanlar təmsil olunduğu postsovet məkanının digər üzvlərindən ciddi şəkildə fərqlənməkdədir. Xüsusilə 2020-ci ilin Vətən müharibəsindəki parlaq hərbi və diplomatik qələbəsi ölkəmizin şərti olaraq "Orta güc" kimi klassifikasiya edilən dövlətlər sırasına daxil olmasına münbit zəmin yaradıb.
Hərbi-siyasi güc
Modern dövlət olaraq Azərbaycan beynəlxalq birlik tərəfindən dayanıqlı iqtisadi tərəfdaş, etibarlı siyasi vahid və beynəlxalq hüquqi müstəvidə bəşəri prinsiplərə riayət edən, effektiv xarici siyasəti olan ölkə kimi qəbul edilir. Respublikamız indi dünya miqyasında ən sürətlə inkişaf edən dövlətlər sırasındadır. Bu inkişafın əsasında reallaşdırılan müstəqil daxili və xarici siyasət kursu dayanır. Belə bir müstəqil strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına müvafiq surətdə qətiyyətlə davam etdirilməsi hazırkı milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurlu tətbiqi, sosial-siyasi, iqtisadi, humanitar yönümlü islahatların həyata keçirilməsi, sabitliyin qorunması, beynəlxalq münasibətlər sistemində artan nüfuzu qlobal məsələlərdə ölkəmizin ciddi təsir gücünə malik olduğunu göstərir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.
Dövlətimizin beynəlxalq nüfuzu ilə yanaşı, siyasi və hərbi qüdrətinin əsasını təşkil edən iqtisadi gücü onun beynəlxalq platformalarda hörmət qazanmasında əlahiddə rol oynayıb. Azərbaycan özünün karbohidrogen ehtiyatlarından istifadə edərək müxtəlif yönlü və maraqları olan siyasi qütb təmsilçiləri ilə sabit strateji tərəfdaşlıq münasibətlərini qurmağa müvəffəq olub. İqtisadi güc eyni zamanda dövlətimizin hərbi və təhlükəsizlik kimi problemlərə cəld reaksiya verə biləcək potensialının formalaşmasında xüsusi rola malikdir. Bu gün Azərbaycan dünyanın sülh və təhlükəsizlik gündəmində fəal iştirak edən ölkə olmaqla yanaşı, ona qarşı yönəlmiş hər hansı aqressiyanı neytrallaşdırmaq üçün güclü hərbi potensiala, müasir müdafiə-sənaye kompleksinə malik dövlətdir. Bu amil beynəlxalq imicin formalaşmasında xüsusi çəkiyə malikdir, çünki sadə dillə demiş olsaq, cəmiyyətdə zəiflərə hörmətin olmaması prinsipi eynilə beynəlxalq proseslərdə də aktualdır.
2020-ci ilədək Azərbaycan bütün bu komponentlərə cavab verən yetkin dövlət kimi tanınıb. Ancaq bu bir reallıqdır ki, II Qarabağ savaşında qazanılmış parlaq zəfər Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub. Əgər Vətən müharibəsinə qədər Azərbaycan sabit siyasi və iqtisadi tərəfdaş idisə, 2020-ci ilin 8 noyabrından etibarən ölkəmiz dünya arenasında həm də hərbi-siyasi güc kimi tanınmaqdadır.
Strateji hədəflərə köklənmiş dövlət quruculuğu
1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesi 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu proses yetkin siyasi və hüquqi sistemin bərqərar olması ilə paralel Azərbaycanın strateji hədəflərə köklənmiş qlobal iqtisadi layihələrin müəllifi və icraçısı, bunun nəticəsində isə bölgəmizin siyasi və iqtisadi lokomotivi statusuna yiyələnməsinə yol açıb. Ölkəmiz Xəzərin enerji resurslarının dünya bazarlarına nəqlini həyata keçirən transmilli kəmərlərin, regionumuzu əhatə edən beynəlxalq əhəmiyyətli logistik layihələrin reallaşmasında ön sıralarda durub. Hazırda Avropanın 10-dan çox ölkəsinin mavi yanacaqla təminatında iştirak edən Azərbaycan eyni zamanda dünyanın yeni iqtisadi trendləri, iqlim dəyişilməsi və ekoloji mahiyyətli bərpaolunan enerji layihələrinin ən fəal təşəbbüskarlarından biridir. Bakıda böyük uğurla keçirilmiş COP29 kimi qlobal konfrans, bu beynəlxalq tədbirə olan diqqət və maraq, onun iştirakçılarının, habelə Azərbaycan paytaxtına səfər etmiş dünya liderlərinin sayı modern dövlətimizin beynəlxalq reputasiya və imicinə müsbət təsir göstərən mühüm hadisə olmuşdur. Dünya bir daha bizim imkan və bacarıqlarımızın, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidinə çevrilmişdir.
Paytaxtımızda yüksək səviyyədə reallaşdırılan COP29-u səciyyələndirən mühüm xüsusiyyətlərdən biri odur ki, Azərbaycan qlobal ekoloji problemlərin çözümü üçün təşkil edilmiş konfransa təkcə evsahibliyi edən tərəf deyildi. Ölkəmiz bu beynəlxalq müstəvinin yaratdığı imkanlardan maksimum yararlanaraq bərpaolunan, yaxud ekoloji cəhətdən təmiz enerji mənbələrinin istismarı sahəsində ciddi addımlar atmağa nail oldu. COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şirkətlərlə imzalanan müqavilə və sazişlər Azərbaycanda nəinki enerji hasilatı, habelə bütün iqtisadiyyatın tədricən və ardıcıl şəkildə "yaşıl format"a keçidini təmin edəcək. Bu, illərdir dünyaya neft və qaz ixrac edən, neft hasilatı istiqamətində əsr yarımlıq tarixi, bir sıra ilklərin vətəni olan ölkə üçün böyük göstəricidir.
İkinci Qarabağ müharibəsində qazandığımız böyük qələbədən sonra Azərbaycan təkcə regional deyil, həm də daha geniş beynəlxalq çevrədə sözükeçən xarici siyasət aktoruna çevrilib. Torpaqlarını öz gücü ilə qaytarmağa, dövlət suverenliyini və qəsb edilmiş sərhədlərini bərpa etməyə müvəffəq olmuş ölkəmiz tam əsasla geosiyasi vahid qismində qəbul edilir. Bu üstünlük respublikamıza regional çərçivələri aşan geniş formatlı əməkdaşlıq platformalarında təşəbbüsçü mövqedən çıxış etməyə perspektivlər vəd edən imkanlar yaradır. Məsələn, 2020-ci ilədək daha çox mənəvi və tarixi bağlara əsaslanan türk birliyi Azərbaycanın səmərəli səyləri hesabına daha praktiki anlam əldə etməyə müvəffəq olub. Böyük coğrafiyanı əhatə edən türk dövlətləri arasında siyasi, iqtisadi, hərbi müstəvidə əməkdaşlıq real görüntülər almağa başlayıb ki, bu da öz növbəsində xalqlarımızın iqtisadi rifahı ilə yanaşı, daha sıx əməkdaşlığına da yol açıb.
Azərbaycan dünyanın ikinci ən iri beynəlxalq institutu olan Qoşulmama Hərəkatına dördillik sədrlik edərək müasir müstəmləkəçilik kimi neqativ təzahürlərə qarşı mübarizənin, əzilən və hüquqları tapdanan kiçik dövlətlərin haqlarının qorunması işinin ön cəbhəsində yer alıb. Rəsmi Bakı milli maraqlarımıza təhdid olan təzahürlərin kim tərəfindən büruzə verilməsindən asılı olmayaraq, onların neytrallaşdırılmasından çəkinməyən qərarlı diplomatiya sərgiləməkdədir. Vətən müharibəsindəki qələbəmizi həzm edə bilməyən və bizə qarşı aşkar düşmənçilik münasibətləri bəsləyən dövlətlər, məsələn, Fransa kimi güc mərkəzi hesab edilən tərəflərin adekvat cavabını verə bilmək kimi xüsusiyyət güclü və mövqeyinə sahib duran dövlət olaraq Azərbaycanı səciyyələndirən cəhətlərdən biridir.
Dünyanın böyük gücləri yaxşı anlayırlar ki, bu qətiyyətə üstün gəlmək, Azərbaycanı öz müstəqil inkişaf yolundan kənarlaşdırmaq mümkün deyil. Əgər respublikamızla əməkdaşlıqdan faydalanmaq istəyirlərsə, bu dövlətin müstəqil siyasət kursunu, irəli sürdüyü şərtləri mütləq nəzərə almalıdırlar. Yalnız bu zaman qarşılıqlı əməkdaşlıq bütün tərəflərin xeyrinə olacaq.
Prezident İlham Əliyev çıxışlarında ideoloji təhlükəsizliyin qorunmasını ön plana çəkir. İdeoloji təhlükəsizlik dövlət və cəmiyyətin əsas dəyərlərinə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, mənəvi dəyərlərin, aparıcı amillərin qorunması və gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir.
Çoxvektorlu xarici siyasət
Beynəlxalq aləmdə o dövlət gerçək mənada müstəqil sayılır ki, azad xarici siyasət yürütməyi bacarır. Müasir Azərbaycanın mühüm xüsusiyyətlərindən biri və bəlkə də ən vacibi məhz budur. Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövlət öz maraq və mənafelərinə cavab verən davamlı və sabit xarici siyasətin yürüdülməsi ilə fərqlənir. Sərgilənən çoxvektorlu diplomatiya ölkəmizin siyasi, hərbi, iqtisadi və demoqrafik resurslarına əsaslanır. Bu amillər olmadan hansısa müstəqil xarici siyasət addımlarından danışmaq əbəsdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu xəttinin də başlıca məramı, məqsədi məhz bu faktorların təmin edilməsi ilə bağlıdır.
Azərbaycan Avropanın çoxtərəfli əməkdaşlıq institutları ilə yanaşı, islam dünyasının təşkilatları, postosovet məkanı və türk dünyası ilə sıx siyasi və iqtisadi inteqrasiyadadır. Dövlətimiz Avropa İttifaqının bəzi hallarda ikitərəfli münasibətlərə xələl gətirən davranışlarına baxmayaraq, qurumun bir neçə üzvü ilə strateji münasibətlərə malikdir. Azərbaycan müasir dünyanın iqtisadi gücünə çevrilən Çinlə strateji əməkdaşlığı əks etdirən sazişin imzalanmasına müvəffəq olmaqla yanaşı, Rusiya və ABŞ kimi güclərlə qarşılıqlı etimada əsaslanan geniş məzmunlu əlaqələrə sahibdir.
Rəsmi Bakının mühüm xarici siyasət hədəflərindən biri Vətən müharibəsində qazandığı hərbi qələbənin masa üzərində siyasi və diplomatik zəfərin inikası olan sülh sazişinə transformasiya edilməsidir. Azərbaycan Ermənistanın imzaladığı kapitulyasiya aktının reallıqlarına cavab verməsi üçün tədbirlərini davam etdirir. Bu məqsəd o vaxt nail olunmuş sayılacaq ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasına müvafiq dəyişikliklər edəcək. Bu addım atılmayanadək yetkin və sabit sülhdən danışmaq mümkün deyil.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, hazırda Azərbaycanın gündəmində elə bir məsələ yoxdur ki, ona nail ola bilməsin. Bu barədə danışarkən xüsusilə nəzərə almaq lazımdır ki, biz bunu öz gücümüzə və imkanlarımıza arxalanaraq edə bilirik. İqtisadi qüdrətimizə, insani və intellektual potensialımıza, siyasi və hərbi gücümüzə istinad edərək nail ola bilirik. Sadalanan imkanlara və resurslara malik olmayan dövlət nə müstəqil xarici siyasətdən, nə də beynəlxalq nüfuzdan danışa bilməz. Azərbaycan xalqı öz qələbələri kimi, dövlətinin beynəlxalq imicini də qorumaq və inkişaf etdirmək əzmindədir.
İradə ƏLİYEVA,
"Azərbaycan"