18 Mart 2025 08:55
248
Mədəniyyət
A- A+
Torpaq çərşənbəsi

Torpaq çərşənbəsi


Bu gün Novruzun sonuncu - Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə "Axır çərşənbə", "Yer çərşənbəsi", "Çərşənbə-suri" və başqa adlarla təmtəraqlı şəkildə keçirilir. Torpaq ümumtürk mənəvi-əxlaqi dəyərlər sistemində vətən, el-oba, yurd anlayışları ilə  yanaşı, həm də mifik semantik sakrallığı əks etdirir. Bu çərşənbə torpağın oyanmasını, dirilməsini şərtləndirir. Mifik  təsəvvürlərə görə, dörd   müqəddəs varlığın   sonuncusunun oyanması nəticəsində Su, Atəş, Yel bütün  Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir. 

Xalq arasında mifik düşüncəni əks etdirən belə nümunələrdən birində deyilir ki, "Adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun "Adamları fəlakətə salan özü fəlakətə düşər" deyib yerindən qalxır, Sel, Atəş, Yel və Torpaq xatun əl-ələ verib: "Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il gəldi - deyib  işıqlı dünyaya çıxırlar. Deyirlər ki,  həmin gün ilin əziz günü olan Axır çərşənbə idi".

Torpaq insanın yaradılışında bilavasitə iştirak edən dörd  ünsürdən biridir. Diqqətçəkən  məqamlardan  biri də islam dinində torpağın müqəddəsliyini göstərən təyəmmümlə bağlıdır. Təyəmmüm - su olmadıqda, su tapılmayanda torpaqla, qum və ya tozla dəstəmaz almaq deməkdir. Bu barədə "Qurani-Kərim"də "Ən Nisa" ("Qadınlar") surəsinin 43-cü ayəsində Böyük Yaradan belə buyurur: "Ey iman gətirənlər! Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün!" Deməli, torpaq insanın yaradılışında iştirakdan əlavə, həm də suyu əvəz edir, safdır, müqəddəsdir, insanı pak edə biləcək qüvvəyə malikdir. 

Yaradılış torpaqla bağlıdır. Teoloji düzümdə  insanın yaranmasında Torpaq ilkin faktor kimi göstərilir, yəni Ulu Tanrı insanı əvvəlcə torpaqdan, daha sonra istilik və sudan, ən sonda öz nəfəsini üfürməklə yaratmışdır. Novruzun yaranmasında, mərasim folklorunda isə bu düzüm bir qədər fərqlənir, yəni Su, Od, Yel birləşib Torpağı dirildir, oyadır, artıq əkin-biçinə, şumlanmağa hazır edir. Xalq rəvayətinə görə, "bir kişi hər il torpağı şumlar, əkib-biçib bol məhsul götürərmiş. Aylar, illər ötür. Zaman öz işini görür. Kişi qocalıb iş-gücdən qalır. Gözlərinin nurunu itirir. Bir gün  oğlunu yanına çağırıb deyir ki, bala, şum vaxtıdı. Öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının sözünə əməl edir. Sabahısı gün yenə ata oğula torpağı şumlamağı tapşırır. Bu dəfə də o, öküzü, xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gün də ata oğluna torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o, "yaxşı" deyir, amma torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri görmür, haradan biləcək mən torpağı üç dəfə, ya dörd dəfə şumlamışam... Oğlan torpağı əkib-becərir. Biçin vaxtı yetişir. O, kəhrəba kimi sarı buğdanı biçib dərzləyir. Bu vaxt oğluna deyir ki, bala, məni tarlaya apar. Oğlan atasının əlindən tutub dərzlərin yanına gətirir. Ata əlindəki əsasını qarşıya uzadır. Əsa dərzə dəyir, sol tərəfə uzadır, yenə də dərzə dəyir. Əsa sağda da dərzə toxunur. Kişi əsası ilə arxasını nə qədər axtarsa da, görür ki, boşdur. Deyir ki, ay oğul, nə üçün torpağı dörd yox, üç dəfə şumlamısan? Əgər bu işi dörd dəfə görsəydin, indi dərzlərin də sayı üç yox, dörd olardı" .

Torpağı əkib-becərmək, şumlamaq insana bərəkət gətirir. Torpaq bolluq, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq rəmzidir.

Mifik  mənbəyə  görə, Xızırın qardaşı, yer sahibi Zinda öküzünü itirir və onu axtarmaq üçün  meşəyə yollanır. Öküzünü tapa bilməyən Zinda meşədə qar yağdığına görə qarın altında qalır. Həmin gecə boz atlı Xızır göyün doqquzuncu qatından yerə enib qardaşını axtarmağa başlayır,  onu tapır və nəfəsilə qızdırır. Zinda  öküzünü  də axtarıb tapır, hamı Zindanın evinə gəlir. Axşam Xızır qızıldan tökülmüş kotan və boyunduruğu qardaşına verir, çərşənbələşdikdən sonra Xızır Zinda, yaxud Xızırzinda adı ilə bayram keçirib torpağı oyatmağa çalışırlar. "İnanca görə, Axır çərşənbədə Xızırzinda insanlara bərəkət paylayır, ona görə də bütün evlərdə un çuvallarının ağzını açarlar ki, paylanan bərəkətdən onlara da pay düşsün. Həmin  günün  özünəməxsus  ayinləri vardır. Ev sahibləri heç kimlə kəlmə kəsmədən əllərini una vurub evin divarlarına, həyətdəki meyvə ağaclarının kötüyünə yavaşca balta ilə toxunub  "Nə yatmısan, oyan, bərəkət payını götür" deyərdilər. Bağçadakı bar verməyən ağaca isə "kəsəcəyəm" deyib hədə-qorxu gəlirdilər, bu zaman bir başqa adam sanki Xızırzindanın dilindən belə deyirdi ki, "kəsmə, bu ağac təzə ildə bar verəcək, buna mən zamin..."

Səməni Novruzun əsas atributlarından biridir,  bolluq-bərəkət, ruzi, yaşıllıq və yazın gəlişinin rəmzidir.   Yunan filosofu Plutarx (bizim eranın təqribən 46-127-ci illəri) Midiyada - qədim Azərbaycanda taxılı müqəddəs bitki saymaq ənənəsinin olduğunu göstərmişdir. Bu, hər  yeni ilin əvvəlində, yəni, yazda icra edilərdi.  Bu,  səməni göyərtmək şəklində bizim günlərə qədər gəlib çıxmışdır. Səməni insanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil olmuşdur:


Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Sən gələndə yaz olur,

Yaz olur, avaz olur...


Novruzda  səməni cücərdib qohum-əqrəbaya, qonum-qonşuya paylamaq  ənənə halını almışdır. İnanca görə, əgər səməni sıx, düz bitərsə, təzə il bolluq-bərəkət ili olar, əksinə, bir az seyrək bitərsə, bu həmin ildə çətinliklərin olacağına işarə kimi qəbul edilirdi.

Azərbaycanın  bəzi bölgələrində Torpaq çərşənbəsində  buğdadan "səməni mayası"  adlı təam   hazırlanardı. Buna səməni həlimi, yaxud, maya səməni də deyərdilər. Bu səməni çəmənlikdə, yaxud pir və məscidlərin yanında bişirilərdi. Mənbələrə görə, Axır çərşənbə axşamı gecədən sübhə qədər insanlar  bir  yerə cəmlənər, "səməni toyu" keçirərdilər. Ağbirçək qadınlar səməni mayası bişən qablara yaxınlaşıb nəmər, yumurta və sair qoyub təzim edər, sağ əllərini üç dəfə qazanlara, sonra dodaq və alınlarına çəkərdilər ki, bu adətə "qazan ziyarəti" deyilərdi. İnanca görə, Xızırzinda gəlib səməni mayasını qəbul edəcək, ona görə də qazanların üstünə un qoyardılar ki, Xızırzindanın əlinin izi burada görünsün. Səməni mayası sübh tezdən yeyilərdi, əvvəlcə xəstə uşaqlara və övladı olmayan gəlinlərə verilərdi. İnanca görə, səməni mayası şirin, dadlı olurdusa, Xızırzinda tərəfindən qəbul edilmiş hesab edilirdi. Səməni mayasını həm də  ömrü uzadan, sağlamlığa müsbət təsir göstərən  "Xızırzinda çiçəyi" də adlandırırdılar.

Axır çərşənbə  və Novruz  süfrəsinin digər bir atributu isə yumurtadır.  Mifik düşüncədə yumurta yaradılışın, həyatın rəmzini bildirir. Şərq xalqlarının, o cümlədən türk xalqlarının mifoloji təsəvvürlərində dünyanın yaranması yumurtadan çıxmış quşla əlaqələndirilir. Bu quş Altay xalqlarında müqəddəs Qaz adlandırılır. Türkdilli xalqlar arasında qartal quşların xaqanı sayılırdı. Yakutlar isə hesab edirlər ki, şamanlar qartal yumurtasından törəyib, ona görə də qartalı Tanrı hesab edirdilər.

Zərdüştilərin müqəddəs hesab etdikləri "Avesta"da da "dünya yumurtası" anlayışı mövcuddur. Yumurta dörd varlığı özündə daşıyır, ilkin təsəvvürləri əks etdirir. Yumurtanın həm quruluşu, həm də qabığı torpağın, qabığın altında olan nazik pərdəsi havanın, ağı suyun, sarısı isə odun  rəmzidir. Novruz süfrəsini bəzəyən boyanmış yumurtalar  ilin fəsillərini  rəmzləndirir.  

Novruz ilkinlik, başlanğıc bayramıdır, dünyanın yaranması ilə bağlı ayin, etiqad və mərasimləri bütün dünyada tanıtmağa imkan verir. Təsadüfi deyildir ki, keçən əsrin 80-ci illərində Azərbaycana səfər edən əcnəbi  antropoloq  Tur Heyerdala  Qobustanda Novruz xonçası təqdim edilərkən  o, öz heyrətini gizlədə bilməmiş və xonçanın önündə diz çökərək  "Əcəba, bu, dünyanın bəzədilmiş simvoludur, siz nə qədim xalqsınız!"  deyə bildirmişdir.

Torpaq  çərşənbəsində  silsilə  ayin və mərasimlər yerinə yetirilərdi. İnanca görə, yerin altından  "çilləxana" adlı  dar yol açıb, səhər tezdən "ağırlığımı  yer götürsün, mətləbimi Allah versin" deyib həmin yeraltı yoldan keçəndən sonra alma yeyilməliydi. Bu inancla insanlar öz müşküllüklərini sanki torpağa tapşırıb "ölüb yenidən dirilirdilər". Bu  ritual  sonralar da böyüklər tərəfindən icra olunardı, xüsusən el arasında  yolunu azanları torpaqdan halallıq almaq və islah olunmaq məqsədilə həmin çilləxanalardan keçirərdilər.

Mifik qaynaqlara görə, Torpaq Çərşənbəsində "Cütçü şumu", yaxud "Əkin toyu", "Səpin toyu" adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı Cütçü baba, yaxud  Gilbaba, Turab baba olmuşdur. Rəvayətə görə, Cütçü baba ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrətmiş  hesab olunmuşdur. Bu mərasimdə Cütçü baba vəzifəsini icra etmək üçün elin  hörmətli  adamı  seçilərdi. Səhər-səhər "Cütçü baba" mərasimi başlanmazdan əvvəl hamı   hazırlaşardı. Ayinə  görə, iydə, yaxud ərik ağacından düzəldilən bir cütü, qarakotanı günün altında qoyub onu  qırmızı parça ilə bəzəyərdilər. Mərasimdə  şum alətinin vəsfinə həsr olunmuş   "Cüt gözəlləməsi"  də oxunardı.  Sonra bir cüt ağ öküz gətirib, ayaqlarını qırmızı parçalarla bəzəyib kotana qoşardılar. Daha sonra mərasimə Cütçü baba, yaxud Xızırzında təşrif buyurur.

Torpağın oyanmasını əks etdirən Axır çərşənbə Azərbaycanın bir çox bölgələrində Novruz bayramı ilə eyni təmtəraqla keçirilir, yəni ilaxır çərşənbə zəngin  mərasim, oyun, tamaşa sistemi daxilində keçirilir. Axır çərşənbə axşamı digər çərşənbələrdən daha çox ayin icra edilir, tonqallar qalanır, kütləvi bayram  məclisləri keçirilir. Həmin ayinlərdən biri də axır çərşənbə günü axşam bütün həyətlərdə tonqal qalamaqdan ibarətdir.  Mənbələrə görə,  tonqal üç yerdə qalanırdı. Axır çərşənbə süfrəsinin və çərşənbə xonçasının bəzədilməsi xüsusi önəm daşıyır. Məlumdur ki, Novruzun əsas şirniyyatları şəkərbura, paxlava, qoğal, şəkərçörəyi və sairdir. Novruz şirniyyatlarının hər birinin öz semantikası var, şəkərbura Ayın, qoğal Günəşin,  paxlava isə ulduzların rəmzidir. Bunlar arasında ən çox növü olan paxlavadır: Bakı paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə paxlavası, riştə paxlavası və sair. İlaxır çərşənbə və Novruz süfrəsində mütləq bayram plovu bişməlidir.

Axır çərşənbə axşamında  bir çox  rituallar icra edilərdi ki, bunların bir qismi bu gün də xalq arasında  qorunub saxlanmışdır. Qulaq falı, qapı pusmaq və sair belə ayinlərdəndir. Axır çərşənbə axşamı küsülülər barışarlar. İnama görə, Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.

Axır çərşənbə axşamı  dayanıb qonşunun qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt haqqında müəyyən fikirlər söyləyirlər, məsələn,  ilk eşidilən sözlər "işığı yandır", "yaxşı olacaq" və sair olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Axır çərşənbə axşamı  subay  qızlar   duzlu kökə yeyib su içmirlər. Gecə yuxuda kökə yeyənə   su verən insan yuxu görənin "qismətidir" kimi qəbul olunur. Novruzda axır çərşənbə günü "iynə süzdürüb", "çillə çıxarırlar", hamı deyib-gülür şənlənir. Hər kim yatdı, onu yatdığı yerə tikirlər, sonra da üstünə su töküb, ayıldırlar   və s.

Xalqımızın   milli təfəkküründən folkloruna həkk olunmuş  bədii mətnlərə, atalar sözlərinə, andlara, alqışlara nəzər salaq:


Torpaqdan pay olmaz.

Torpağa əyilən namərdə əyilməz.

Torpaq qızılquşdur, əldən buraxdın - uçar gedər.

Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar.

Torpaq əkinçinin zəhmətilə zinətlənər.

Torpaq deyər: - Öldür məni, dirildim səni.

Torpağa var versən, o da sənə bar verər.

Torpaq deyər: - Sən mənə tər ver, mən sənə zər verim!

Torpağa göz ağardanda üz ağardar

Torpaq kimi bərəkətli ol ki, hamının sevimlisi olasan!

Torpağa xor baxsan, o sənə kor baxar.

Torpaq ovuclayan qızıl ovuclar.

Torpaq müqəddəsdir.

Torpağın qədrini bilməyən ulaya-ulaya qalar.

Torpaqla əlləşən ac qalmaz.

Torpağı bir yerdən götürülüb.

Torpağın qarası üz ağardar.

Torpağın sirrini əli torpaqda olan bilər.

Torpaqda itki olmaz,

Kötüksüz bitki olmaz.

Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.


Torpaq haqqı!

Yer haqqı!

Torpağı sanı yaşayasan!

Torpağın həmişə gül bitirsin!

Torpağın yada qismət olmasın!

Torpağından qara yellər əsməsin!

Torpağın həmişə bar yetirsin!

Torpağın bərəkətli olsun!

Torpağına göz dikənin gözü tökülsün!

Torpağını göz bəbəyin kimi qoru!

Çərşənbə günü təzə evə köçməzlər.

Çərşənbə axşamı paltar biçmək yaxşı əlamət sayılır. O paltarı geyən dövlətli olar, - deyərlər.

Çərşənbə axşamı təzə paltar geymək uğur gətirər.

Axır çərşənbə axşamı küsülülər barışarlar.

Axır çərşənbə gecəsində nəhs danışmaq, spirtli içki içmək, nalayiq işlər tutmaq olmaz.

Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.

Axır çərşənbə gecəsində insanın da əməli, istəyi, fikri, davranışı dəyişir.

Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: - Qoy odlu-ocaqlı olsunlar!"

Od sönsə, ocaq da sönər, - deyərlər

Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi uzanmağa başlayanda deyərlər, - qışın ömrü bitir, yaz gəlir...

Mifoloji qaynaqlardan bəhrələnən xalq ədəbiyyatı nümunələrində  torpağa bağlılıq, vətən, el, yurd sevgisi bariz şəkildə əks olunmuş, arxaik  ritual və mərasimlərlə,  ayin - etiqadlar silsiləsində xalq təfəkkürünə  həkk olunmuşdur. 

      

Ülkər NƏBİYEVA, 

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru


İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

16:13
18 Mart

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

16:12
18 Mart

“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib

16:11
18 Mart

Ölkə ərazisində qəzalı binalara dair müşavirə keçirilib

15:42
18 Mart

XİN: Ermənistan Baş nazirinin ofisinin sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edirik

15:40
18 Mart

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ

15:39
18 Mart

Türkiyəli ekspert: Qlobal Bakı Forumunun nəticələri Azərbaycanın dünyadakı yeni rolunu nümayiş etdirir

15:38
18 Mart

Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir

15:37
18 Mart

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib

14:54
18 Mart

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

14:53
18 Mart

DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq

14:52
18 Mart

Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib

14:49
18 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdərədən paylaşım edib 

14:47
18 Mart

Ötən il ölkənin xalis maliyyə aktivləri artıb

14:45
18 Mart

Fransızlar əmanətlərinin hərbi məqsədlər üçün istifadə olunmasını istəmirlər

14:44
18 Mart

Azərbaycanlı gənclər Ankarada müdafiə və kommunikasiya sahələri üzrə aparıcı şirkətləri ziyarət ediblər

14:44
18 Mart

Mediator ola bilməyən şəxslərin əhatə dairəsi genişləndirilir  

14:42
18 Mart

Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunub

13:23
18 Mart

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb

13:22
18 Mart

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib

13:21
18 Mart

Türkiyədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur

13:20
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!