15 Mart 2025 08:55
371
Mədəniyyət
A- A+
Səhnəmizin Vaqifi, kinomuzun Rüstəm kişisi

Səhnəmizin Vaqifi, kinomuzun Rüstəm kişisi


Görkəmli sənətkar Ələsgər Ələkbərovun yaradıcılığı mədəniyyət tariximizin silinməz səhifəsidir


Görkəmli teatr və kino aktyoru, Xalq artisti Ələsgər Ələkbərov Azərbaycan mədəniyyətinin və incəsənətinin tarixində bir hadisə idi desək, yəqin ki, yanılmarıq. Çünki o özündən sonra sənətdə həqiqətən bənzərsiz və silinməz bir iz qoymuşdur.

1910-cu ildə Bakıda anadan olmuşdu. Hələ yeniyetmə ikən atasını itirmişdi. 13 yaşından anası Zibeydə xanıma ailəni dolandırmağa kömək etməli olan Ələsgər fəhləlik edir. Yorulsa da, axşamlar Əbilov klubuna gəlir, burada fəaliyyət göstərən dram dərnəyinə qatılırdı. Anası "artist tayfasına camaat yaxşı baxmır" deyə oğlunu bu yoldan çəkindirməyə çalışırdı. Lakin çox gec idi, Ələsgər artıq dram dərnəyinin tamaşalarında baş rollarda oynayırdı, 17-18 yaşında tamaşaçılar tərəfindən tanınır və sevilirdi.

1927-1930-cu illərdə Ələsgər Ələkbərov Bakı Teatr Texnikumunda təhsil alır. Elə oxuduğu ilk ildən də Bakı Türk İşçi Teatrında işləməyə başlayır. Burada çalışarkən bir neçə maraqlı, yaddaqalan obrazlar, o cümlədən Hacı Baxşəli ("Ölülər") obrazını yaradır.

1933-cü ilin yanvar ayında AK(b)P MK-nın qərarı ilə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülür. Ə.Ələkbərovun tərcümeyi-halını əks etdirən məlumatlara görə, o, bir neçə il Tiflisdəki Azərbaycan Teatrında və Gəncə Teatrında çalışır. Sonra taleyini indiki Milli Dram Teatrı ilə bağlayır.

Ələsgər Ələkbərov ovaxtkı Azərbaycan Akademik Dram Teatrına gələndə burada bir-birinə rəqib olan iki nəhəng aktyor var idi. Onların hər ikisi - Abbas Mirzə Şərifzadə və Ülvi Rəcəb 1937-ci il repressiyalarının qurbanı oldu. 1938-ci ildə "Vaqif" tamaşasından sonra burada həmin səviyyəli bir aktyor qalmışdı ki, o da Ələsgər Ələkbərov idi.


Dramatik rolların əvəzsiz ifaçısı 


Teatr mütəxəssisləri yazırlar ki, o, elə bir aktyor idi ki, səhnədə görünməsi ilə tamaşanın taleyini həll edirdi. "Maqbet"dəki Maktuf, "Şahnamə"dəki şah Zeyir, "Aydın"dakı Aydın, "Fərhad və Şirin"dəki Fərhad və neçə-neçə digər obraz sənətkarın böyük potensialından və geniş diapazonundan söhbət açırdı. O, səhnədə Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının qəhrəmanlarına həyat bəxş etmişdi. C.Cabbarlının Aydın, Elxan, Aqşin, Eyvaz kimi surətlərini birinci dəfə o yaratmış və onlara əbədiyaşar möhürünü vurmuşdu.

Ələsgər Ələkbərov hər rolda fərqli ifa nümayiş etdirirdi, qəhrəmanlarını bir-birinə bənzətməkdən çox uzaq idi. Məsələn, tək bir tamaşada - C.Cabbarlının "1905-ci ildə" pyesində üç rolda oynamışdı. Bir əsərin Eyvaz, general, Salamov kimi bir-birindən fərqli üç qəhrəmanını oynamaq, özü də məharətlə ifa etmək hər aktyorun istedadı çərçivəsinə sığan iş deyildi!

Onun Vaqifi, Fərhadı, Cavanşiri, Kral Liri, Otellosu Azərbaycan teatr sənətinə həqiqətən bir töhfədir. Ə.Ələkbərov həm də elə bir sənətkar idi ki, sələflərinin ən ümdə xüsusiyyətlərini istedadının süzgəcindən keçirmiş, onlara öz dəst-xəttini əlavə etmiş və sonrakı aktyorlar nəslinə bir nümunə, əslində, irs, xəzinə qoyub getmişdir.

Ələsgər Ələkbərov Vaqif rolunda 28 yaşından oynamağa başlamışdı. İllər ötdükcə, oyunu daha da dolğunlaşmış, mənalı və məzmunlu olmuşdu. Ə.Ələkbərovun yaratdığı Vaqif özünü, öz həyatını və mənafeyini deyil, xalqını, onun taleyini, gələcəyini düşünən bir obrazdır.

Yazılanlara görə, "Vaqif" tamaşası milli teatrda Ədil İsgəndərovun quruluşunda 1064 dəfə səhnələşdirilib. Arxiv sənədləri digər maraqlı bir faktı da qoruyub saxlayır: 1948-ci ilə qədər, yəni "Vaqif"in səhnə həyatının 10 ili ərzində Ələsgər Ələkbərov bu rolda artıq 300 dəfə çıxış etmişdi. Odur ki, "Vaqif" pyesinin və Vaqif obrazının yaşlı nəsil tamaşaçısının yadında məhz Ələsgər Ələkbərovun ifası ilə qalması təsadüfi deyil.

Ə.Ələkbərovun aktyor gücü özünü digər əsərlərdə də nümayiş etdirmişdi. Hüseyn Cavidin Şərqin böyük ədəbi abidəsi olan "Şahnamə"nin motivləri əsasında yazdığı "Səyavuş" faciəsinin qəhrəmanı gözəl bir gəncdir. Ögey anası onu xəyanətə sürükləmək istəyir. Lakin Səyavuş bu addımı atmır, "yox!" deyir. Ələsgər Ələkbərov obrazı tam mənimsəyərək "yox"u elə deyirdi ki, sanki bu səs daxilindəki üsyanın əks-sədasına çevrilir, tamaşaçını az qala diksindirir, heyrətə gətirirdi.

Aktyorun yaradıcılığının daha bir mərhələsi "Otello" ilə bağlıdır. O vaxt teatr tənqidçiləri Ə.Ələkbərovu "bütün Otellolardan daha canlı insan" adlandırmışdılar. Onun bu roldakı oyunu barədə də maraqlı fikirlər qalıb. Məsələn, Şekspir muzeyində hələ də Ələsgər Ələkbərovun "Otello" tamaşasında çəkilmiş şəkli saxlanılır. Moskvadakı Azərbaycan dekadası zamanı "Otello"ya baxan ingilislər tamaşanı lentə alıb özləri ilə aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə açılıb-bağlanıb.


O, kinonu teatr qədər sevirdi


Aktyorun böyük istedadı özünü kinoda yaratdığı obrazlarda da göstərir. Yaratdığı müxtəlif xarakterli obrazlar kinematoqrafiya tarixində layiqli yer tutur.

O, Azərbaycan kinosunun səsli dövrünün hələ ilk filmlərindən olan "Kəndlilər"də Göydəmir rolunu ifa etmişdi. Sonra gənc aktyor "Vulkan üzərində ev", "Lətif" filmlərində çəkilmişdi.

Ələsgər Ələkbərovun "Kölgələr sürünür", "Qara daşlar", "Ögey ana", "Uzaq sahillərdə", "Fətəli xan" və digər filmlərdə oynadığı rollar unudulmazdır. Onun kino qəhrəmanları da teatr obrazları kimi canlıdır, yaddaqalan və seviləndir.

1963-cü ildə Ə.Ələkbərov "Böyük dayaq" filmində Rüstəm kişi roluna çəkilir. Oynadığı obrazın xarakterini bütün müsbət və mənfi cəhətləri ilə tam aça bilir. Bu, aktyorun sanki son "akkord"u olur. Film ekranlara çıxana qədər o, artıq dünyasını dəyişir. Tamaşaçılar bu filmə baxaraq belə böyük sənətkarı itirdiklərinə bir daha təəssüflənir, acıyırlar.

Görkəmli aktrisa Leyla Bədirbəyli həmkarı haqqında ürək sözlərini sonsuz məhəbbət və ehtiramla qələmə almışdır: "Bəzən həyatda bir adamı yalnız görən zaman yada salır, xatırlayırsan. Lakin elə insanlar da olur ki, onları təkcə bir dəfə görür, amma uzun illər, hətta ömrün boyu unutmursan. Ələsgər Ələkbərov belə şəxsiyyətlərdəndir. O, tam mənasında səhnə üçün, sənət üçün doğulmuşdu. Bu mahir aktyoru səhnədə bir dəfə görən heç zaman unutmurdu. Heç yadımdan çıxmır, bir dəfə onun ad gününə yığışmışdıq. Çox da böyük olmayan məclis həddən artıq şən keçirdi. Ələsgər isə hamıdan şən idi. O, pianoda çalır, oynayır, şadlanırdı. Rəqsdən xüsusi zövq alırdı. Milli azəri rəqsi onun ifasında çox gözəl təsir bağışlayırdı. Qonaqlar təkrar-təkrar Ələsgərin şərəfinə sağlıq söyləyir, yüksək sənətindən, nəcib insanlığından danışırdılar. Bu zaman mənimlə yanaşı oturan Ələsgərin gülməkdən özünü zorla saxladığını görüb təəccüblə ona baxdım. Baxışımdakı sualı hiss edib dedi: "Başa düşə bilmirəm ki, bunlar bu qədər tərif dolu sözləri haradan tapırlar? Axı məndə nə görüblər? O qədər də gözəl deyiləm, gözlərim də olduqca balacadır... Mən dedim ki, yəqin tilsim, möcüzə yolu ilə sən özünü xalqa sevdirirsən. Bu zaman o, lap ürəkdən güldü. Həqiqətən də kiçik gözləri tamamilə yumuldu. Lakin coşqun məhəbbətlə yaratdığı səhnə surətlərini - Elxan, Aydın, Otello, Vaqif, Fərhad və Cavanşirin ülvi hisslərini məhz bu gözlərdə görmüşdük. O, yüz dəfə, min dəfə Otellonun, Vaqifin faciəsini öz faciəsi kimi yaşamış və bu "ölüm"lərlə ölməzlik qazanmışdı".


Sönməyən işıq


Ələsgər Ələkbərovun böyük istedadını təkcə həmkarları deyil, bir çox görkəmli şəxsiyyətlər də, sadə tamaşaçılar da görmüş və yüksək dəyərləndirmişlər. Xalq yazıçısı Mirzə İbrahimov 1960-cı ilin noyabrında qələmə aldığı "Qartal qanadlı sənətkar" məqaləsində onu belə səciyyələndirirdi: "Azərbaycan dram teatrı ilə əlaqədar olduğum zamanlar Ələkbərovun sənətə münasibəti, surət üzərində işləməsi mənim diqqətimi cəlb etdi. Ələkbərov rol əlinə keçən gündən onunla yaşayırdı, hətta mənə elə gəlirdi ki, gündəlik həyata, rast gəldiyi adamlara da surətin gözü ilə baxır, sonra bunun psixoloji nəticələrini izləyir, hisslərin dilini tapmağa cəhd edir... Ələsgər Ələkbərov həm klassik əsərlərdə, həm də müasir əsərlərdə eyni hərarətlə oynayır. O, bizim adamların, bu gündən danışan dramlardakı qəhrəmanların surətini böyük həvəslə yaradır. Bu, çox qiymətli xüsusiyyətdir və yalnız ictimai cəhətdən deyil, estetik cəhətdən də mənalıdır".

1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyü keçirilir. Vaxtanqov adına teatrın səhnəsində Azərbaycan Dram Teatrının artistləri "Otello"nu oynayırlar. Hər pərdənin sonunda salonda alqış səsləri qopur. Ələsgər Ələkbərov öz "Otello"su ilə tələbkar Moskva tamaşaçılarını heyran qoyur.

Ongünlük sona çatanda Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Rəşid Behbudov, Qəmər Almaszadə, Leyla Vəkilova SSRİ Xalq artisti fəxri adını alırlar. Gözlənildiyinə görə, Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli idi. Ancaq nədənsə həmin ad ona verilmir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə mədəniyyət naziri Məmməd Qurbanova ərizə yazır. Nazir ərizəyə etiraz cavabı versə də, o, teatra qayıtmır. Azərbaycan Dövlət Filarmoniyasında müxtəlif konsertlərin, gecələrin aparıcısı kimi çalışır, filmlərə çəkilir.

İsgəndərov-Ələkbərov münaqişəsi Azərbaycan teatrına baha başa gəlir. Bunu sonralar onların hər ikisi etiraf edir. 1959-cu ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdır və o, sonralar "İsgəndərovsuz teatr həmin teatr deyil" deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirir.

Böyük aktyor 53 yaşında dünyasını vaxtsız dəyişəndə onu son mənzilə yola salmağa köhnə dostu - rəqibi Ədil İsgəndərov da gəlir... Bu, əslində, çox söz deyirdi.

Ələsgər Ələkbərovun şəxsi həyatı ürəkaçan olmayıb. Hələ çox gənc ikən aktrisa Hökumə Qurbanovanı böyük məhəbbətlə sevib. Bu sevgi qarşılıqlı olub və valideynləri Hökuməni ona vermək istəməsələr də, qızın inadı qarşısında aciz qalıblar.

Gənc, xoşbəxt ailənin ilkini dünyaya gəlir. Ona Nailə adını verirlər. Teatr Gəncəyə köçəndə ailə də bu şəhərə gəlir. Burada hər iki gəncin qəlbindəki qısqanclıq hissləri baş qaldırır. Bu mənasız hisslərin ikitərəfli olması ailə ocağının sönməsinə səbəb olur.

Sonra Ələsgər milliyyətcə rus olan bir qızla evlənir. İlk evlilikdən olan qızı Nailə isə gənc yaşlarında dünyasını dəyişir. Ümumiyyətlə, ömrünün son üç ilində onun həyatında mühüm hadisələr baş verir. Həmin müddətdə yalnız bir tamaşada oynayır. Bu, Mehdi Məmmədovun hazırladığı "Alov" tamaşası idi. Aktyor ənənəsinə sadiq qalaraq buradakı müstəntiq Kamalovun rolunu da böyük məharətlə yaradır.

1960-cı ildə aktyorun 50 illik yubileyi qeyd olunur. 1961-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görülür. Ömrünün sonunda ona SSRİ Ali Sovetinə deputat seçilmək də qismət olur. Bu uğurlar silsiləsində aktyorun "Böyük dayaq" filmində yaratdığı Rüstəm kişi obrazı xüsusi yer tutur. Əslində, bunlar da - həm film, həm də sənətkarın oradakı rolu Azərbaycan kinematoqrafiyasına, Azərbaycan tamaşaçılarının yeni nəsillərinə qalan əvəzsiz yadigardır.

Son tamaşanı da 1963-cü ildə oynamalı idi. Yanvarın 31-də həmkarları "Səyavuş" faciəsini məşq edir və Ələsgər Ələkbərovun yolunu gözləyirdilər. Elə həmin gündən teatrın da, həmkarlarının da, tamaşaçılarının da gözü yolda qalır. O yolda ki, Ələsgər Ələkbərov bir də heç vaxt oradan dönməyəcək...

Bu il 115 yaşı tamam olan Ələsgər Ələkbərov elə bir sənətkar idi ki, yaratdığı obrazlar həm tamaşaçıların qəlbinə, həm də yeni aktyor nəsillərinin yaradıcılıq yollarına hələ indidən sonra da sönməz işıq saçacaq.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!