16 Mart 2025 08:00
487
SİYASƏT
A- A+
Azərbaycan qlobal problemlərin həllində nüfuzlu söz sahibidir

Azərbaycan qlobal problemlərin həllində nüfuzlu söz sahibidir


Prezident İlham Əliyev: "Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman "bəli, cənab" deməyən ölkə var"


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu son illərdə qlobal idarəçilik, diplomatiya və əməkdaşlığa yeni yanaşmaların müzakirəsində mühüm rol oynayır.  Forumun qlobal gündəlikdəki vacib məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrildiyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında xüsusi vurğuladı. 

XII Qlobal Bakı Forumu Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün tarixinin ən qüdrətli çağlarını yaşayan Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun, qlobal səviyyədə söz sahibliyinin daha bir göstəricisidir. Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın aparıcı siyasətçinin, o cümlədən 50-dən artıq hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Nobel mükafatı laureatlarının, BMT təmsilçilərinin, alim və ekspertlərin iştirakı onun qlobal əhəmiyyətindən, beynəlxalq səviyyədə belə bir formatda fikir mübadiləsinə göstərilən diqqətdən xəbər verir. Mötəbər tədbirin müzakirələri geosiyasi dəyişikliklər, çoxqütblü dünyada çoxtərəfli əməkdaşlıq, münaqişədən sonrakı yenidənqurma və regional sabitliyin bərpası kimi aktual məsələləri əhatə edir.

Xüsusi vurğulanmalıdır ki, bu gün ətrafımızda baş verən geosiyasi təlatümlər, iqtisadi böhranlar, hərbi münaqişələr müasir dünyanın da qlobal əhəmiyyətli diskussiya imkanlarına nə qədər ehtiyacın duyulduğunu əyani şəkildə büruzə verir. Davam edən Rusiya-Ukrayna müharibəsi hazırda XXI əsr dünyasının bu gününü və gələcəyini müəyyən edən ən mühüm problemdir. Bu, təkcə hərbi əməliyyatlar demək deyil. Dünya bu müharibənin təsiri ilə yenidən siyasi, iqtisadi və texnoloji transformasiya prosesindən keçmək üçün olduqca məsuliyyətli yolu qət etmək reallığı ilə üz-üzə qalıb. XII Qlobal Bakı Forumu kimi tədbirlər bəşəriyyəti narahat edən və düşündürən çətinliklərin həlli üçün işıq yolunun tapılması və müəyyən edilməsi baxımından əlahiddə dərəcədə vacib müzakirə meydanıdır. Tam əminliklə demək olar ki, bu forum ötən illər ərzində üzərinə götürdüyü qlobal missiyanı uğurla davam etdirməkdədir. 


Dəyişən dünyada Azərbaycanın yeri və rolu


Prezident İlham Əliyevin tədbirdəki nitqi qlobal miqyasda artan təhdidlərin, yaranmış yeni vəziyyətlərin dəqiq və aydın təsviri, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.  

Dövlət başçısı çıxışında ilk növbədə ötən ilin sonlarında ölkəmizin uğurla evsahibliyi etdiyi COP29 və Azərbaycanın "yaşıl enerji" strategiyası məsələlərinə diqqət yönəltdi. Belə bir mötəbər tədbirin ölkəmizdə təşkilini Azərbaycana böyük etimadın göstəricisi olduğunu qeyd etdi. Prezident İlham Əliyev bərpaolunan enerjiyə ciddi sərmayə qoyulduğunu, ölkəmizin bərpaolunan enerji istehsal gücünün 2030-cu ilə qədər 6,5 giqavat artacağını, bunun da mövcud potensialı ikiqat artıracağını nəzərə çatdırdı. Bakının COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin 100 milyarddan 300 milyard dollara artırılmasına nail olduğunu xatırlatdı: "Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə Bakıdakı COP29 "Bakı sıçrayışı" adlandırıldı və bu, mühüm irsdir". 

Cənab İlham Əliyevin fikrincə, COP29-un əsas uğurlarından biri də 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensusun əldə olunmasıdır. Bu yöndə tərəflər razılığa gələ bilmirdi. Lakin Azərbaycan burada konsensus əldə edə bildi, karbon bazarını işlək hala gətirdi. Bütün bunlar prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Azərbaycan Prezidentinin bu xüsusda toxunduğu məqamlar ölkəmizin qlobal enerji siyasətində daha çox "yaşıl enerji"yə istiqamətlənəcəyini və Avropaya enerji ixracında əsas iştirakçı olmaqda davam edəcəyini göstərir. 

Dövlət başçısının COP29-a qarşı aparılan çirkin təbliğatın nümunəsində ölkəmizin hələ də hədəfə alındığına işarə etməsi tədbir iştirakçılarının Azərbaycana qarşı sürdürülən qərəzli kampaniya barədə məlumat almaları üçün olduqca vacib və ibarətamizdir: "Əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi... Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-nin Dövlət Departamenti idi. "Vaşinqton Post", "Nyu York Tayms", "Politico", "Newsveek" və "Assoşieyted Press" kimi yalan xəbər mənbələri sadəcə ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər".

İkinci mənbənin isə Fransa Prezidentinin ofisi, cənab Makron, onların "Le Monde", "Fiqaro" və digər bu kimi saxta xəbər mətbuatının olduğunu vurğulayan Azərbaycan Prezidenti bildirdi ki, bu, COP29-un baykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi. Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradələrini yeridə bilmədilər: "Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman "bəli, cənab" deməyən ölkə var".

Hazırda daim inkişafda olan ölkəmizin logistika potensialı da getdikcə artır. Respublikamızın bu sahədə malik olduğu infrastruktur inkişaf etdirilir. Son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi xeyli dərəcədə yüksəlib.  Prezident İlham Əliyev ölkəmizin bunun üçün yaxşı hazır olduğunu, üzərimizə düşən işi artıq icra etdiyini vurğuladı. Qeyd etdi ki, indi son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilmək üçün sadəcə dəniz limanı, dəmiryolu infrastrukturunun buraxılış qabiliyyəti artırılmalıdır. Azərbaycanın təqdim etdiyi bütün bu imkanlardan, bölgəmizin müasir dünya üçün getdikcə artan geosiyasi əhəmiyyətindən dayanıqlı şəkildə faydalana bilmək üçün Cənubi Qafqazda daimi sülhün, təhlükəsizliyin təmin olunması da mühüm şərtdir və hazırda Azərbaycan həm də məhz buna çalışır. 


Ermənistana etimad səviyyəsi sıfra bərabərdir


Azərbaycan Prezidenti tədbirdə tarixi zəfərimizdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Ermənistanla münasibətlər məsələsinə dair mövqeyini bölüşdü. Düşmən ölkənin uzun illər ərzində apardığı işğalçılıq siyasəti, bunun regionumuzun inkişafına vurduğu ziyanlar, o cümlədən işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda törədilmiş dağıntılar haqqında söhbət açdı. Azərbaycanın bütün bunları, o cümlədən aralarında 60-dan çox uşağın, 100-dən artıq qadının olduğu 613 vətəndaşımzın ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını heç zaman yaddan çıxarmayacağımızı, lakin bununla belə gələcəyə baxmağın da vacibliyini bildirdi və Cənubi Qafqazda sülhə nail olmağın əhəmiyyətini vurğuladı. Bu baxımdan Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bununla yanaşı, dövlət başçısı onu da qeyd etdi ki, indi Ermənistana etimad səviyyəsi sıfra bərabərdir: "Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır". 

Prezident İlham Əliyev sülhün əldə olunması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının, ATƏT-in Minsk qrupunun buraxılmasının vacibliyini bildirdi. Ermənistanın silahlanmasının onların yeni müharibəyə hazırlaşmasının göstəricisi olduğunu diqqətə çatdırdı. Azərbaycan Prezidenti dedi: "Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək "Sezar" haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir". 


İndi məsuliyyətli olmaq vaxtı yetişib


Dövlət rəhbərimiz yada saldı ki, Azərbaycan bu məsələni dəfələrlə erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırıb. Çünki onlar indi böyük qardaşlarını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. "Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil". Azərbaycan Prezidenti bu sırada Adam Şifin, Frenk Pallonenin, xanım Nensi Pelosinin də adını çəkdi, onların onilliklər ərzində Azərbaycana hücum çəkmək, ölkəmizi gözdən salmaq üçün ABŞ-də erməni diaspor təşkilatlarından pullar aldıqlarını vurğuladı və  bildirdi ki, indiki vaxtda biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsi aparılmalıdır: "Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?!" deyən Azərbaycan Prezidenti çıxışında indi məsuliyyətli olmaq vaxtının yetişdiyini söylədi. 

Prezidentin çıxışı ABŞ-də hakimiyyət dəyişikliyindən sonra Azərbaycan-ABŞ münasibətlərinin gələcək konturlarının təsəvvürü baxımından da böyük maraq doğurdu. Cənab İlham Əliyev vurğuladı ki, ABŞ-nin keçmiş Dövlət katibi Entoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il ərzində qurulmuş ABŞ-Azərbaycan münasibətlərini heçə endirib. Halbuki Azərbaycan hər zaman bu ölkənin çox etibarlı və yaxın tərəfdaşı olub.

Toplantıda həm də qeyd olundu ki, Azərbaycan ABŞ Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, iki ölkə arasındakı münasibətləri uçurumdan tam xilas edib. Ümid edirik ki, yeni administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımız yenidən qurulacaq.


Dəyişən dünyaya yeni baxış


Azərbaycan Prezidentinin diqqətə çatdırdığı məqamlar "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunun müasir qlobal dəyişikliklər fonunda nə qədər aktual olduğunu göstərir. Bunun bir neçə əsas səbəbi var. Məlumdur ki, müasir dünyamızda mühüm geosiyasi və geoiqtisadi dəyişikliklər baş verir, yeni güc balansları formalaşır. ABŞ, Çin, Rusiya və Avropa İttifaqı kimi güc mərkəzləri arasındakı rəqabət qlobal düzəni yenidən dizayn edir. Bundan başqa, regional münaqişələr, o cümlədən Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərqdəki gərginliklər və digər hərbi konfliktlər də dünya siyasətinə əhəmiyyətli şəkildə təsir göstərir. O cümlədən ticarət müharibələri və sanksiyalar günümüzün son dərəcə əhəmiyyətli reallıqlarındandır. Qlobal iqtisadiyyatın yeni qaydaları formalaşır, ölkələr iqtisadi strategiyalarını yenidən nəzərdən keçirir.

Həmçinin texnoloji və rəqəmsal inqilabın müasir dünya düzənində özünəməxsus yeri vardır. Süni intellekt və avtomatlaşdırma əmək bazarını, iqtisadiyyatı və hətta idarəçilik sistemlərini dəyişir. Bir sıra mühüm imkanlar yaratdığı qədər bəşəriyyətin bu günü və gələcəyi üçün ciddi təhdidlər də formalaşdırır. Xüsusilə kibertəhlükələr hazırda dövlətlər və şirkətlər üçün əsas çağırışlardandır. Müasir dünyamızda maliyyə sistemi də dəyişməkdədir. Rəqəmsal valyutalar və blokçeyn texnologiyaları ilə ənənəvi qlobal maliyyə sistemi özünün tarxi keçid dövrünü yaşayır. 

Eyni zamanda iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, qlobal istiləşmə və təbii fəlakətlər çağdaş dünyamızın əsas çağırışlarındandır. Bütün bunlar ölkələrin iqtisadiyyatlarına, infrastruktur sistemlərinə də ciddi şəkildə təsir göstərir. Bir çox ölkədə sürətli şəkildə enerji keçidi baş verir. 

Bütün bunlara paralel olaraq siyasi və ictimai sabitlik çağırışları da güclənir. Siyasi populizmin yüksəlişi və sosial qütbləşmənin gücləndiyi müşahidə olunur. Bir çox ölkədə daxili qeyri-sabitlik artır. İnsan hüquqları və miqrant böhranı qlobal idarəçilik mexanizmlərinə ciddi çətinliklər törədən mühüm problemlər kimi getdikcə ölkələrə, xalqlara, ümumilikdə dünya düzəninə mühüm təhdidlər yaradır. Bütün bunların müqabilində beynəlxalq təşkilatların da böhran keçirdiyi duyulur. Uzun illər ərzində dünya düzəninin formalaşmasında, nizamlanmasında mötəbər söz sahibi sayılmış BMT və digər beynəlxalq təşkilatların rolunun zəiflədiyi, nüfuzunun azaldığı göz önündədir. Bu gün qlobal problemlərin həllində ənənəvi institutların rolu sual altına düşür. 

Yeni çoxqütblü dünya düzəninin formalaşması, ABŞ və Qərbin dominantlığı zəiflədiyi üçün yeni əməkdaşlıq formatlarının yaranması da müasir dünyamızın bariz reallıqlarındandır. Beləliklə, qlobal dəyişikliklər və qeyri-müəyyənliklər fonunda çağırışları fürsətə çevirmək üçün yeni strategiyalar və yanaşmalar tələb olunur. 

XII Qlobal Bakı Forumunun bu mövzuya həsr edilməsi Azərbaycan da daxil olmaqla bir çox ölkənin gələcək qlobal trendləri düzgün analiz etmək və onlara uyğunlaşmaq istəyinin göstəricisidir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!