İsveçrənin Cenevrə şəhərində Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən konfransın yekunlarına dair yekun bəyanat qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:
“Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqh Müqaviməti və BMT” konfransının iştirakçıları müxtəlif ölkələrdə Siqh fəalları, insan haqları müdafiəçiləri və Siqh diasporunun üzvlərinə qarşı artan transmilli repressiyalar tendensiyasından ciddi narahatlıqlarını bildirirlər.
İştirakçılar gizli müşahidə, hədə-qorxu, təqib, dezinformasiya kampaniyaları və xaricdəki Siqh fərdlərinə və təşkilatlarına qarşı zorakılıq aktları da daxil olmaqla müxtəlif formalarda repressiyaların sənədləşdirilmiş nümunələrini narahatlıqla qeyd edirlər. Bu cür təcrübələr milli sərhədlər üzərindən həyata keçirildikdə, fundamental insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulması deməkdir və beynəlxalq hüquq prinsiplərini, eləcə də diaspor icmalarının yaşadığı dövlətlərin suverenliyini sarsıdır.
İştirakçılar, həmçinin Siqh fəalı Bhai Hardip Singh Nicarın qətlindən sonrakı xəbərlərin, xüsusən də Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Kanada, Avstraliya kimi ölkələrdə, eləcə də İtaliya, Belçika və Almaniya da daxil olmaqla bir sıra Avropa dövlətlərində Hindistan hökuməti tərəfindən Siqh fəallarına qarşı davam edən təzyiq, hədə-qorxu və digər təqib formalarının olduğunu ifadə etməsindən narahatlıqlarını bildirirlər. Bu pozuntular Siqh diaspor icmalarının təhlükəsizliyi və beynəlxalq hüquqa riayət olunması ilə bağlı ciddi narahatlıqlar doğurur.
Bakı Təşəbbüs Qrupu Siqh xalqının fundamental hüquqlarını, azadlıqlarını və kimliyini qorumaq üçün qanuni və haqlı mübarizəsinə dəstəyini bir daha təsdiqləyir.
Bakı Təşəbbüs Qrupu, həmçinin transmilli repressiya məsələlərinin beynəlxalq qurumların baxılması üçün irəli sürülməsinin və bu cür fəaliyyətin müvafiq beynəlxalq nəzarət və araşdırmalar çərçivəsində qalmağının təmin edilməsinin vacibliyini vurğulayır.
Bugünkü konfransın iştirakçıları Birləşmiş Millətlər Təşkilatını, onun müvafiq insan hüquqları mexanizmlərini və beynəlxalq ictimaiyyəti
- Siqh fəalları və diaspor icmalarına qarşı transmilli repressiya hallarını yaxından izləməyə və araşdırmağa;
- milli sərhədlərdən kənarda törədilən qorxutma, təhdid, təqib və ya zorakılıq hallarında hesabatlılığın və şəffaflığın təmin olunmasını təşviq etməyə;
- diaspor icmalarının, insan hüquqları müdafiəçilərinin və siyasi fəalların beynəlxalq müdafiəsini gücləndirməyə çağırıblar.
Xüsusilə Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatını və onun İnsan Hüquqları Şurası kimi qurumlarını, eləcə də qurumun insan hüquqları müdafiəçiləri, azlıqların hüquqları və digər müvafiq sahələr üzrə xüsusi məruzəçilərini zorakılığa görə təqsirkar olanları məsuliyyətə cəlb etmək üçün real addımlar atmağa çağırır. İrəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, hər iki təşkilat BMT-ni bu əməliyyatların arxasında duran komandanlıq zəncirini aydınlaşdırmaq, beynəlxalq hüququn mümkün pozuntularını qiymətləndirmək, hesabatlılıq və qarşısının alınması üçün müvafiq mexanizmləri müəyyən etmək məqsədilə Hindistanın ehtimal edilən hücumları ilə bağlı müstəqil araşdırma başlatmağa çağırır.
İştirakçılar bu məsələlərə diqqət çəkmək və Hindistandakı Siqhlərin və digər icmaların hüquqlarını təşviq etmək üçün beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti davam etdirmək sadiqliyini bir daha təsdiqləyirlər”.