Yusif Nəsibovun 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib təyinat aldığı Abşeron rayonunun Bakı Quşçuluq Fabrikində işə başladığı gündən işgüzarlığı, işini dərindən mənimsəməsi çox keçmir ki, müəssisənin rəhbərliyinin diqqətindən yayınmır. O, işlədiyi fabrikdə şöbə rəisi vəzifəsinə irəli çəkilir.
Bu vəzifədə onun peşəkar xüsusiyyətləri ilə yanaşı, idarəetmə bacarığı da üzə çıxır. Onun müvəqqəti olaraq şöbə rəisi vəzifəsini əvəz etdiyi müddətdə quşlar arasında ölüm faizi və yem itkisi xeyli azalır. Artıq müəssisəyə gələn nümayəndələr birbaşa Yusif Nəsibovun rəhbərlik etdiyi sexə yönləndirilirdi. Bu ərəfədə Y.Nəsibov əsgəri xidmətə çağırılır. O, əsgəri xidmətdən sonra da əvvəlki iş yerinə qayıdır. Rəhbərlik onu kökəltmə sexinə rəis təyin edir. O, burada da yüksək nəticələr qazanır, quşların 45 gün müddətində yetişməsinə nail olur. Çox keçmir ki, bacarığı nəzərə alınaraq onu fabrikin yeni istehsal sahəsinə - yem hazırlanan sexinə rəis təyin edirlər. O, az bir vaxtda istehsalı artırır. Y.Nəsibov bu dəfə təsərrüfatda əsas aparıcı sahə hesab olunan ana sürüsü sexinə köçürülür. O, bu sahədə də az vaxtda yumurta istehsalının artırılmasına, cücələrin çıxım faizinin 85 faizə çatmasına nail olur.
Həmin dövrdə "Azərquşsənaye" Birliyinin rəhbərliyi tərəfindən ona böyük etimad göstərilərək Qafqaz regionunda ən böyük quşçuluq fabriki hesab olunan Yeni Bakı Broyler Quşçuluq Fabrikinin 2 nömrəli müəssisəsinə direktor təyin edilir. O, bu fabrikdə də qısa müddətdə yüksək nəticələr qazanır. Bu ərəfədə "Azərquşsənaye" Birliyinin rəhbərliyi Nazirlər Soveti və Mərkəzi Komitə qarşısında məsələ qaldıraraq fabrikin təchizat işlərinin bir əldə birləşdirilməsini məqsədəuyğun hesab edir. Nəticədə üç qurum birləşdirilərək Yeni Bakı Broyler Quşçuluq Fabriki yaradılır. Fabrikə Yusif Nəsibov baş direktor təyin edilir. Yeni kompleks yerləşdiyi ərazi bölgüsünə görə üç rayonun (Abşeron, Qaradağ və indiki Binəqədi) əhatəsində yerləşirdi. Bu səbəbdən də istehsal prosesinə lazımsız müdaxilələrin qarşısını almaq üçün fabrikin baş direktor vəzifəsi birbaşa Nazirlər Kabinetinin nomenklaturasına daxil edilir. Bu isə imkan verirdi ki, Y.Nəsibov respublika əhəmiyyətli tədbirlərdə fabrikin problemlərini qaldırsın.
Hələ o vaxtlar da quşçuluq elmtutumlu sahə olduğu üçün elmin və texnikanın son nailiyyətlərinin tətbiq edilməsi günün tələblərindən sayılırdı. Lakin bununla iş bitmirdi. Y.Nəsibov çox yaxşı dərk edirdi ki, hansı məsuliyyəti öz çiyninə götürüb. Odur ki, o, insan amilini, işçilərin sosial qayğılarını həmişə ön plana çəkirdi. Yuxarı orqanları məlumatlandırırdı ki, bu nəhəng istehsalat kompleksində kadr məsələlərini həll etmək üçün ilk növbədə onların sosial problemlərini təmin edə bilən tədbirlər görülməlidir. Bu səbəbdən Pirəkəşkül qəsəbəsində (indiki Müşfiqabad) fabrikin fəhlə və qulluqçuları üçün yaşayış binalarının tikintisi məsələsini qaldırır və buna nail olur. Nazirlər Sovetinin xüsusi sərəncamına əsasən, quşçuluq sahəsində işləyən işçilərə müstəsna hal kimi qeydiyyatla bağlı sərt tələblər şamil edilmir. Nəticədə çox keçmir ki, Pirəkəşkül qəsəbəsində bir neçə yaşayış massivi salınaraq quşçuluq sahəsində işləyən fəhlə və qulluqçuların istifadəsinə verilir.
SSRİ-nin dağılması ilə dövlət müəssisələri də fəaliyyətlərini dayandırmalı olur. Amma Y.Nəsibovun bacarığını nəzərə alıb onu yeni işə dəvət edirlər. "Azərmeşə" İstehsalat Birliyinin aparatında ona yüksək vəzifə təklif olunur. Yusif Nəsibov bu vəzifədən imtina edir və bilidirir ki, onun işi təsərrüfatla məşğul olmaqdır. Belə də edir. O, "Azərmeşə" İB-nin Xırdalan Meşə Meliorasiya Stansiyasının ərazisində meşəbitmə şəraiti olmayan 3 hektar torpaq sahəsində tikinti aparmaq üçün razılıq alır. Əsasən bank kreditləri hesabına həmin ərazidə müasir tələblərə cavab verən quşçuluq istehsal sahəsi yaradır. Özəlləşdiriləndən sonra müəssisədə əlavə sexlər açılır, quşçuluq sahəsində mövcud olan müasir texnologiya burada tətbiq edilir. İstehsal edilən quşçuluq məhsulları ilk növbədə yüksək keyfiyyət göstəriciləri ilə seçilməyə başlayır. Artıq ölkədə quşçuluqla məşğul olan hər bir kəs bilirdi ki, "gümüşü" quş cinsi Y.Nəsibovun məhsuludur. Artıq müəssisədə bu cinsin ana sürüləri də var. Yaşının 80-i haqlamasına baxmayaraq, Y.Nəsibov bu gün də işinin başındadır. Deyir ki, daxili bazarın quş ətinə olan ehtiyacını ödəmək üçün nə qədər səhhəti, təcrübəsi imkan verir, əlindən gələni əsirgəməyəcək.
Akif ƏLİYEV,
"Azərbaycan"